Norveç yazıçısı Knut Hamsun (1859-1952) 1898-ci ildə Norveç Yazıçılar İttifaqından 1200 kron təqaüd alaraq Rusiya, Azərbaycan və Osmanlı İmperiyasını ziyarət etmişdi.
Hamsun həyat yoldaşı Berqliotla birlikdə əvvəlcə Sankt-Peterburqa, oradan Moskvaya, Moskvadan isə Qafqaza gəlmişdi.
Bu səyahətin nəticəsi kimi yazıçı 1903-cü ildə “Nağıllar ölkəsində” və “Aypara ölkəsində” adlanan oçerklərini nəşr etdirib.
Knut Hamsunun Bakı haqqında yazdığı qeydlərindən:
Səhər saat 7-nin yarısıdır. Bakı nəhəng ağ toz dumanına bürünüb. Burada hər şey ya ağ, ya da bozdur. Əhəng tozu insanların, heyvanların, evlərin, pəncərələrin, parkda bitən azsaylı ağac və kolların üzərini örtüb. Hər yer adama qəribə gəlir, çünki ağdır. Mehmanxananın tozlu stolunun üstündə hərflər yazıram, amma az müddət sonra yenə toza qərq olub, yoxa çıxır.
Nobel müxtəlif boyaqlar axtarıb tapır, ancaq bu lənətlənmiş Bakıda əhəng hər yeri o qədər ağardıb ki, adam ağlını itirər. Şəhəri 13 indiqo növü ilə boyamaq ağlagəlməz şeydir! Şəhəri al-əlvan etməyə heç Nobelin də imkanları çatmaz.
Şəhərin havasından kerosin qoxusu gəlir. Bu qoxu insanları hər yerdə, həm evlərdə, həm də küçələrdə təqib edir. Vərdiş etməyənlərdə bu qoxu öskürək yaradır. Kerosin küçədəki toza qarışır və külək əsəndə (külək isə burada həmişə əsir) kerosin hopmuş bu toz paltarlarda yağlı ləkələr qoyur.
Bütün insanlar az-çox qeyri-adi görünən paltarlar geyinirlər; şəhər o qədər iranlıdır ki, artıq Avropa şəhəri olmaqdan çıxıb, amma şəhər o dərəcədə avropalı qalıb ki, hələ iranlı olmayıb.
Bakıda 125 minə yaxın əhali var, bura Xəzər dənizinin sahilində yerləşmiş ən mühüm ticarət şəhəridir. Daima vurnuxan müasir həyat və hər anbarın qarşısında uzanmış çoxsaylı dəvələr qəribə təəssürat doğurur. Qara Şəhərə, kerosin şirkətlərinin iqamətgahına getməliydik. Bizi oraya iranlı aparır; şəhərdə əksər faytonçular iranlıdır, onlar faytonu əsl şeytan kimi sürürlər, bir kəlmə kəsməyə imkan da yoxdur, bir xristianın “atlara rəhm edin” mənasında verdiyi işarələri başa düşmək istəmirlər. Ancaq bir şey qalır: sakit oturmaq və ekipajdan çıxmaq.
Nobelin evinin yerini soruşduq — bu, ona oxşayır ki, Xristianiyada kral sarayının harada olduğunu soruşasan.
Köhnə Bakının mərkəzində yerləşən qalanın divarları fars-bizans üslubunda ucaldılıb. Divarlar xanın sarayını və iki məscidi dövrələyib. Hazırda saray hərbi anbara çevrilib və içəri daxil olmaq üçün komendantın icazəsi zəruridir. İcazə üçün isə komendanta öz vizit vərəqimi göstərməliyəm, o isə məndə yoxdur. Vladiqafqazdakı kimi, burada da dostum Ventsel Hagelstamın vərəqindən yararlanmağa cəhd edirəm. Növbətçiyə üzərində “Fru Mariya Hagelstam” yazılmış kartı uzadıram, o, başını yırğalayır və pasportumu istəyir. Ürəyimdə “Tanrı, kömək et” söyləyib pasportumu uzadıram. Növbətçi hər iki sənədə baxır, adları müqayisə edir və ona elə gəlir ki, hərflər uyğundur. Sonra qapını döyəcləyir və sənədləri komendanta aparır. Bu saxtarakarlığın baş tutacağına elə də ümid bəsləmirdim. Növbətçi qayıdır, pasportumu qaytarır və gənc poruçiki hər şeyi göstərməsi üçün mənə qoşur. Xilas oldum. Tüfəngli kazak mənimlə poruçikin ardınca gəlir.
Poruçik deyir ki, Bakının son xanı olan Hüseynqulu xanın 50 arvadı olub və ruslar 1806-cı ildə Bakını fəth edən zaman hamısını götürüb qaçıb. Xan Bakının fatehi general Sisianovu şəhər açarlarını ona təqdim edərkən xəncərlə öldürtdürüb.
Burada 2 məscid də yerləşib və gözləyirdik ki, hansısa molla minarədən əzan verəcək, ancaq saat 12-ni keçsə də, molla gəlib çıxmadı. Bu barədə poruçikdən soruşanda, o, dərhal məscidin yaxınlığında əyləşmiş əmmaməli bir neçə qocanın üstünə qışqırdı, onlar poruçiki axır ki, başa düşəndə başlarını yırğaladılar: molla xəstələnibmiş.
Qız Qalasına da getmək istəyirdik, ancaq isti o qədər boğucuydu ki, bu niyyətimizdən daşınıb parka yollandıq. Günəş bütün bitkiləri yandırmışdı, hamısı tozla örtülü idi. Mənzərə ağır təəssürat oyadırdı. Vur-tut bir neçə xırda akasiya, badam və əncir ağacına rast gəlinirdi.
Tərcümə: Xəyyam AĞA