1861-ci ilin yazında “Atalar və oğullar” əsərini yazıb bitirən İvan Turgenev əsərinin ilk əlyazmasını oxuyub fikrini bildirmək üçün yaxın dostu Lev Tolstoya aparır. Tolstoyun yaşadığı malikanəyə gedən Turgenev əlyazmaları onun masasının üzərinə qoyub çıxır. Aradan bir müddət keçdikdən sonra otağa qayıdan yazıçı Tolstoyun yatdığını görür. O, bu məqamdan incik düşsə də, üzə vurmayıb evdən gedir.
Ertəsi gün Tolstoy və Turgenev şair Afanasi Fetin evində hazırlanan qonaqlığa gedirlər. Çay süfrəsi arxasında əyləşib söhbət etdikləri zaman Turgenev qızının ingilis dili müəlliməsini tərifləməyə başlayır. Müəllimənin onun qızına xeyirxahlıq təlqin etdiyini, ondan bəlli miqdarda pul ilə kasıblara yardım etmək istəməsini deyir. Daha sonra o, hətta müəllimənin Turgenevin qızından yoxsul insanların cırıq, köhnə paltarlarını tikməsini, yamamasını da xahiş etdiyini açıqlayır.
Turgenevin fəxrlə dediyi bu sözlər Tolstoyun xoşuna gəlmir. O, üzünü ona tərəf çevirib deyir:
– Sən də bütün bu dediklərini doğru hesab edirsən?
– Əlbəttə. Belə vəziyyətdə insan yoxsulluğun nə olduğunu daha yaxşı anlayar.
– Mən isə belə düşünmürəm. Yoxsulların murdar, mikroblu cındırlarını nəzakətli və tərbiyə görmüş bir qız niyə əlinə almalıdır? Mənə belə gəlir ki, bu səmimiyyəti olmayan fars teatrına bənzəyir.
Dostunun bu sözlərindən hiddətlənən Turgenev deyir:
– Lev Nikolayeviç, xahiş edirəm belə danışmayın. Siz indi demək istəyirsiniz ki, mən qızıma yaxşı tərbiyə verə bilmirəm?
Tolstoy isə cavabında deyir:
– Nə düşünürəmsə, onu da deyirəm. Məncə, sizin tərbiyə üsulunuzda çatışmamazlıqlar var.
Bu sözlərdən sonra Turgenev qəzəblə ayağa qalxıb deyir:
– Bu dəqiqə sizin sifətinizi yumruğumla əzişdirərəm.
O, Tolstoyun üstünə yerisə də heç nə etməyib otaqdan çıxır. Bir neçə dəqiqədən sonra isə otağa qayıdıb Fetin arvadından üzr istəyib gedir.
Hər iki yazıçının hikkəli olduğunu yaxşı bilən Fet Tolstoyu hirsinin yatması üçün qaynının qonşu kənddə yerləşən malikanəsinə göndərir. Tolstoy mənzil başına çatan kimi Turgenevə belə bir məktub yazır. “Fet və arvadının yanında mənə qarşı təhqiramiz hərəkət etdiyini çox güman ki, vicdanın sənə söyləyib. Elə isə səndən tələb edirəm ki, mənim üçün bir üzrxahlıq məktubu yaz və göndər. Əgər mənim bu tələbimi haqsız hesab edirsənsə, o zaman səni Bogoslov yaxınlığında gözləyəcəm”.
Turgenevdən heç bir cavab almayan Tolstoy elə həmin günü silah sifariş edərək Turgenevi duelə çağırır.
Əslində Turgenev Tolstoyun ilk məktubuna üzrxahlıq cavabı yazır. Lakin necə olursa, məktubu səhv ünvana yollayır. O, Tolstoydan duelə çağırış məktubu alanda isə ikinci məktubu yazır. “Möhtərəm Lev Tolstoy, hal-hazırda səbəblərini qeyd etmək istəmədiyim anlaşılmazlıq ucbatından sizinlə mübahisə etdim. Bu mübahisənin olmaması üçün sizin atdığınız silahın qəlpələrinə öz sinəmi sevinərək sipər edərdim. Bunun üçün sizə yazdığım birinci məktubda üzr istəmişəm.
Əgər lazım gəlirsə, sizdən bir daha üzr istəyirəm. Çox güman ki, həmin hadisədən və məktubdan sonra bizim dostluq münasibətlərimiz sona çatacaq. Çünki, belə hadisələrin tamamilə silinməsi və bərpası mümkün deyildir. Bunun üçün də məktubumun sizi razı salmasını ürəkdən arzu edirəm. Məktubdan istədiyiniz nəticəni çıxarıb məni xəbərdar edəcəyinizə də əminəm. Hörmətli qulunuz İvan Turgenev”.
Tolstoy məktubu oxuduqdan sonra Turgenevə belə bir cavab yazır “Məndən qorxduğun gün işığı kimi aydındır. Amma mən sənin kimi bir adamla heç bir əlaqəmin olmasını istəmirəm”.
Lakin iki aydan sonra Tolstoy öz gündəliyinə bu sözləri yazırdı. “Turgenevlə dəhşətli davamız oldu. O əsl alçaqdı. Ancaq hesab edirəm ki, bir müddət sonra onu bağışlamamağım mümkünsüz olacaq. Onun haqqında ədalətli olmalı və ona bir əhv məktubu da mən yazmalıyam”.
Ertəsi gün o, Turgenevə belə bir məktub yazır “Səni çətin vəziyyətə saldımsa, məni bağışla. Səninlə düşmən olmaq məni dəhşətli dərəcədə məyus edir”. Həmin ərəfədə Turgenev Parisdə olduğundan Tolstoyun məktubu ona üç aydan sonra çatır. Bu müddət ərzində Tolstoyun Turgenevin ona yazdığı barışıq məktubunu bütün şəhərə yayması haqqında dedi-qodular gəzib dolaşır. Turgenev bu məsələdən xəbərdar olanda çox kədərlənib, Tolstoya yazda Rusiyaya qayıdıb şərəfini təmizləyəcəyi barədə hiddətli cümlələrlə bol məktub yazır. Lakin onun bu hiddətinə qarşılıq olaraq Tolstoy yenə ondan bağışlanmasını tələb edir.
Aradan bir müddət keçir. Turgenev isə Tolstoya təhdid dolu məktublar yazmağa davam edir. Tolstoy isə öz növbəsində onu inandırmağa çalışır ki, onun özü haqqında eşitdikləri şaiyədən başqa bir şey deyil. Lakin bütün bu söz-söhbətlər səngimir. Hətta Afanasi Fetin barışıq cəhdləri də baş tutmur. Tolstoy onu Turgenevin tərəfini tutmaqda ittiham edir. Bu söz-söhbətin üstündən düz 17 il vaxt keçir. İki dost bir də 1878-ci ildə barışırlar. Həmin vaxt Tolstoy artıq “Hərb və sülh”, “Anna Karenina” əsərlərini yazıb bitirmiş böyük yazıçı idi. İlk olaraq o, Turgenevə barış və sevgi dolu bir məktub yazıb onunla görüşmək istədiyini bildirir. Turgenev isə ona qısa və yumşaq ifadələrlə cavab yazıb onun barışıq üçün uzanan əlini sıxdığını bildirir.
İki nəhəng yazıçının məktublaşmaları 1882-ci ilə qədər davam edir. Sonuncu məktub isə ölüm yatağında olan Turgenevdən gəlir.
“Əziz dost xeyli vaxdır ki, sənə heç nə yaza bilmirəm. Bu məktubu yazmağıma səbəb isə artq ölüm döşəyində olmağımdır. Vəziyyətim günü-gündən pisləşir. Yaxşı olacağımı düşünməyin özü belə çox yorucu və mənasızdı. Dostum, ölüm artıq yaxınlığımdadı. Həkimlər belə xəstəliyimə bir ad tapıb qoya bilmirlər. Yeriyə bilmirəm, yemək yemirəm, yuxum da artıq pozulub. Ey rus torpağının yetişdirdiyi böyük yazıçı, ricamı eşit. Bu məktub sənə çatan kimi yanıma gəl və icazə ver səni, uşaqlarını, xanımını qucaqlayıb bağrıma basım. Artıq yaza bilmirəm. Tükəndim”.
Tolstoy məkubu əldə edən kimi dostunu ziyarət etmək üçün Parisə yola düşməyə hazırlaşsa da aldığı xəbər onu dərindən sarsıdır. Avqust ayının 22-də Turgenev artıq dünyasını dəyişir.
Sonralar Turgenevin xatirəsi üçün hazırlanacaq tədbirdə Tolstoydan da çıxış etməsini istəmişdilər. Həmin tədbirdə çıxış etmək üçün Tolstoy Turgenevin bütün əsərlərini yenidən oxuyub hazırlaşır. Lakin həmin ərəfədə onun cəmiyyət və din haqqındakı fikirlərindən qorxan çar quruluşu tədbirdə Tolstoyun çıxışının qarşısını almaq üçün xatirə gecəsini ləğv edir.
Tərcümə: Samirə Əşrəf