Brodskidən gənclərə məsləhətlər

Brodskidən gənclərə məsləhətlər

Lüğətinizi genişləndirməyə və onunla bank hesabınız kimi rəftar etməyə çalışın. Ona daha çox diqqət ayırın və qazancınızı böyütməyə istiqamətlənin. Burada məqsəd sizin öz bəlağətinizi evdə və ya professional uğurlarınız yönündə inkişaf etdirmək (amma əlbəttə ki, bu da mümkündür), ya da kübar ağıllıya çevrilmək deyil. Məqsəd sizə özünüzü daha geniş səpkidə və dəqiq ifadə etmək imkanı yaratmaqdır; bir sözlə məqsəd sizin tarazlığınızdır.

Hər gün insan ruhunda bir çox şeylər dəyişir, amma özünüifadə tərzi eyni qalır. Özünü təqdimetmə istedadı təcrübədən qaynaqlanır. Heç bir ad verilməyən, adsız hisslər, rənglər, düşüncələr, mənimsəmə fərd daxilinə hopur, psixoloji partlayış və sınmaya aparıb çıxara bilər.

Bundan qaçmaq üçün «kitab qurdu»na çevrilmək vacib deyil. Sadəcə, lüğət yaratmaq və onu hər gün oxumaq, bəzən isə şeir kitablarını mütaliə etmək lazımdır. Bu kitablar olduqca ucuzdur, amma aralarında hətta ən bahalıları da psixiatrı ziyarət etməkdən qat-qat ucuzdur.

Çalışın, siyasətçilərə ümid etməyəsiz — təkcə ona görə yox ki, onlar ağılsızdı və ya yalan danışır — bu əsasən onların fəaliyyətinin hər biri üçün olduqca geniş hesab edilən miqyasdan asılı olaraq baş verir. Onlar ən yaxşı halda sosial qəzəbi müəyyən qədər azalda bilər, amma onun kökünü kəsə bilməz. Təkmilləşdirmə nə qədər zəruri olsa belə, etik nöqteyi-nəzərdən o həmişə cüzi ölçüdə qalacaq, çünki hər zaman heç olmasa bir nəfər tapılacaq ki, bu təkmilləşmədən xeyir əldə etməyə müvəffəq olacaq.

Dünya mükəmməl deyil. Qızıl dövr heç zaman olmayıb və olmayacaq. Dünyanı gözləyən yeganə hadisə onun genişlənməsi, əhali sayının artması amma ölçüsünün dəyişməməsidir. Sizin seçdiyiniz insan «piroqu bölən zaman » nə qədər ədalətli olsa belə, ölçülər böyüməyəcək: paylar mütləq kiçik olacaq. Bu dünyada və ya qaranlıqda siz öz ev «xörəklərinizə» güvənməli, daha doğrusu, dünyanı müstəqil idarə etməyi mənimsəməlisiz. Hər halda onun əliniz çatan və imkanlarınız daxilində olan hissəsini…

Sadə olmağa çalışın. Bizim sayımız hazırda olduqca çoxdur, yaxın zamanda isə daha çox olacaq. Bu cür günəş altındakı əraziyə üz tutma mütləq bunu etməyən başqalarının hesabına baş verəcək. Başqalarının ayağını tapdalamaq məcburiyyətində qalmağınız onların çiyinlərində dayanmağınız demək deyil. Bundan başqa siz bu nöqtədən — insan dənizi üstəgəl sizə iqtidar mövqeli olanları — zəngin və məşhur adlandırılanları görə biləcəksiz.

Əgər zəngin və ya məşhur olmaq istəyirsizsə (və ya hər ikisi), özünüzü bütünlüklə buna həsr etməyin. Kiminsə malik olduğu nələrəsə meyl salmaq şəxsi unikallığınızı boş yerə xərcləməkdi. Digər tərəfdən bu əlbəttə ki, kütləvi istehsalı stimullaşdırır.

Necə olur-olsun özünüzü qurban kimi təqdim etməkdən qaçmağa çalışın. Sizin vəziyyətiniz nə qədər iyrənc olsa belə, bunda mütləq qüvvələri günahlandırmayın: tarixi, dövləti, müdiriyyəti, əhalini, valideynləri, ay fazasını, uşaqlığı və sair. Nəyisə günahlandırdığınız an siz nəyi isə dəyişmək haqqında şəxsi qərarınızı ləğv edirsiniz.

Ümumiyyətlə, çalışın həyata təkcə onun gözəlliklərinə görə deyil, çətinliklərinə görə də hörmət edin. Onlar oyunun bir hissəsidir və onların ən yaxşı tərəfi yalanla bağlı olmamasıdır. Hər dəfə pis hadisə baş verdikdə və ya çətinlikləriniz zamanı ümidsizlik və ya ümidsizliyin bir addımlığında olduqda yada salın ki, həyat sizinlə yalnız özünə məlum olan dildə danışır.

Qədəm basmağa hazırlaşdığınız dünya heç də yaxşı nüfuza malik deyil. Tezliklə buranın heç də yaxşı yer olmadığını görəcəksiz və mən şübhə etmirəm ki, o sizin onu tərk edəcəyiniz zaman heç də indikindən fərəhli olmayacaq. Amma bura yaşayış olan yeganə dünyadır: alternativləri yoxdur. Lakin hətta başqa — bu cür dünya olsa belə, onun bu dünyadan daha yaxşı yer olacağına zəmanət verilə bilməz.

Sizi bədbəxt etməyə çalışanlara fikir verməməyə çalışın. Bu cür şəxslər çox olacaq — istər rəsmi, istər şəxsi münasibətlərdə. Əgər onlardan qaçmaq mümkün olmazsa, dözümlü olun, amma əllərindən yaxanızı qurtaran kimi dərhal onları unudun.

Bədxahlarınızın etdiklərinin məna və mühümlüyə malik olması sizin reaksiyanızdan asılıdır. Bu səbəbdən onların yanından elə keçin ki, onların sarı və ya qırmızı rəngdə olmasının fərqində olmayasız. Bununla da siz beyninizi mənasız həyəcanlardan uzaq tutacaqsız. Beləliklə də siz həmin axmaqları hətta özlərindən də xilas etmiş olacaqsız, çünki «unudulmuş olmaq» «bağışlanmaq» perspektivindən daha uğurludur. Kanalı dəyişin, siz bu şəbəkədə baş verənləri sonlandıra bilməzsiz, amma onun reytinqini azaltmaq sizin gücünüz daxilindədir. Bu qərar çətin ki, mələklərin xoşuna gəlsin, amma iblislərə mütləq zərbə vuracaqdır, hazırkı zamanda isə bu ən vacib məsələdir.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı İosif Brodskinin 1988-ci ildə Miçiqan Universitetinin məzunları önündəki məşhur nitqindən.

Tərcümə: Xatirə NURGÜL

Ədəbiyyat qəzeti
Top