Edqar Allan Ponun portretlərilə indi Amerikanın hər yerində — kitab mağazalarının divarlarında, pivə şüşələrində… — qarşılaşmaq olar. Amma bu, həmişə belə olmayıb. Dünyanın ən müxtəlif dillərinə tərcümə edilən Amerika yazıçısı öləndə cibində siçanlar oynayırdı, özünü isə doğma vətənində adam yerinə qoymurdular. Edqar Po ədəbiyyat ikonasına çevrilməsi üçün fransızlara borcludur.
Edqar Allan Po sirli və qaranlıq ədəbiyyatın banilərindəndir, onun qorxulu hekayə və şeirləri ağır ab-hava yaradır, gələcəkdə Hovard Lavkraft, Stiven Kinq kimi yazarların meydana çıxmağına yazıçının əsərlərinin böyük təsiri olub. Həm də Edqar Po qaranlıqdan qorxurmuş. «Gecə zülmətində iblislərin hərəkətə gəlib xeyirxah ruhları yoldan çıxarmaq istədiklərinə əminəm, — bir dəfə dostuna deyib. — Yaxşı bilirsən ki, — sonra tələsik əlavə edib, — iblislərə inanmıram». Bəlkə də Allan Po taleyinin qasırğa dolu qara buludları altında ömür sürdüyünü hiss edirmiş. Buna görə onu qınaya bilmərik. Po üç yaşından yetim qalıb. Oğlanı Virciniya ştatının Piçmond şəhərindən olan Con və Frensis Allan cütlüyü tərbiyə verməyə götürüb. Bəli, məhz tərbiyə verməyə, oğulluğa yox, çünki təkəbbürlü Con Allan hansısa teatr aktyorunun yetim qalan oğluna sahib çıxmaq istəmirdi. Buna baxmayaraq, Po atalığı Con Allanın bəzi xüsusiyyətləri ilə birlikdə onun soyadını da qəbul etdi. Allan təkcə ata sevgisində deyil, elə pulda da xəsis idi.
Ponun həyatının yaddaqalan cəhəti yoxsulluq və məhrumiyyətlərdir. Universitetdə oxuyarkən kartda uduzduğu pullar durmadan artırdı — o, udub varlanmaq, hər şeyə (hər şeydən əvvəl də alkoqola, çünki o vaxtlar böyük miqdarda spirtli içki qəbul edirdi) pul çatdırmaq arzusundaydı. Po 1830-cu ildə Vest-Poyntdakı Hərbi Akademiyaya qəbul olunanda da eyni şeylər təkrarlandı. Gənc Po vaxtının çox hissəsini əlinə araq şüşəsi alıb akademiyadan qovulmaq yollarını düşünəndə, sadəcə, əynindəki hərbi geyimi təhqir edirdi. Nəhayət, 1831-ci ilin yanvarında arzusuna çatdı. «Hərbi əmrə itaət etmədiyinə və üzrsüz səbəbdən sıra sayından yayındığına görə» akademiyadan qovuldu. Edqar Po Amerika Vest-Poyntuna qəbul olunan və oradan mitili atılan ilk və son Amerika yazıçısıdır. Allan Ponun taleyi hər gün bir az da həyatın dibinə çökən klassik əyyaş taleyi olub. Kollec yoldaşlarından biri yazırdı ki, «onun tünd spirtli içkilərə meyli və həvəsi qumara olan meyli və həvəsilə eyni idi… o, içkinin tamına baxmırdı, onu az-az içmirdi, dolu stəkanı əlinə alıb başına çəkirdi». Bu bir stəkan gələcək yazıçının sərxoş olmağına bəs edir, ağlını kütləşdirirdi. Bu səbəbdən də o, həmişə zəif və xəstəhal görünürdü. Po Vest-Poynta qəbul olanda yaşıdlarından o qədər böyük görünürdü ki, kursantlar zarafatla oxumağa onun yerinə atalığının gəldiyini deyirdilər. Tərbiyə verdiyi oğlanın əlindən boğaza yığılan Con Allan onu başından edərək demişdi ki, Edqar ayağını Allanların kandarından içəri atsa, o an həbs olunacaq.
Ailədən və puldan məhrum olan Po Baltimora — bibisi Mari Klemin yanına gəldi. Təxminən o ərəfələrdən başlayaraq, müxtəlif dərgilər üçün hekayələr yazmağa başladı. 1836-cı ildə, 27 yaşı olanda bibisi Mari Klemin on üç yaşlı qızıyla evləndi. Toydan sonra Edqar Po bir müddət bu qədər gənc qızla ailə qurduğunun təəssüfünü çəkdi. Gənc cütlük dəfələrlə Nyu-Yorkdan Filadelfiyaya, Filadelfiyadan Nyu-Yorka köçdü. Po həmişə borclu olduğu adamlardan bir addım irəli idi və içəndə üç gün durmadan içirdi. Po təzə-təzə ədəbi uğurlar qazanmağa başlayanda, arvadı vərəm xəstəliyinə tutulub öldü.
Edqar Ponun həyatı əsl cəhənnəm idi və elə də başa çatdı. 1849-cu ilin sentyabrında Nyu-Yorka gedərkən, yolüstü Baltimorda qaldı. Orada beş gün gözə görünmədi. Onu irland meyxanasına gedən yolun üstündə tapdılar. Ponun huşu üstündə deyildi, eşşək qədər içmişdi, əynində özgələrdən qapazladığı cır-cındır vardı. Edqarı Vaşinqton kollecinin xəstəxanasına çatdırdılar və iyrənc şair orada müəmmalı Reynolds adlı adamı çağırdı, müalicə həkimindən həmin adamın əngini əzməyi xahiş edərək, iki gün qaldı. Nəhayət, ölüm yatağında: «Tanrım, bu bədbəxt canımı al!» — deyərək, bağırıb öldü.
Bu vaxta qədər heç kəs həmin o beş müdhiş gündə baş verənləri öyrənə bilməyib. Onun fırıldaqçılar tərəfindən Baltimordakı mer seçkilərilə əlaqədar qaçırıldığı, xirtdəyə qədər içirdilib seçki yeşiklərini doldurmağı ilə bağlı şayiələr gəzir. Aşırı dərəcədə alkoqol içmək onun hansısa xəstəliyini — məsələn, siflis, diabet, hətta quduzluq — oyada bilərdi. Nə olursa-olsun, Po çox urvatsız ölmüşdü və onun ilk bioqrafı, redaktor Rufus Qrizvold olmasaydı, unudulub gedəcəkdi. Məhz Rufus ona qeyzlənmiş, əsərlərini mətbuatda tənqid etmişdi. Qrizvold «Memuarlar»ında Ponu qatı tiryakir adlandırır, onu doğma bibisi ilə yaxınlıqda suçlayırdı. Bunlar ölümündən sonra onun haqqında yayılan yalan, ucuz ittihamlar olsa da, təsirsiz ötüşmədi. Ponun dahi Amerika yazarları sırasına daxil olmağı üçün (fransız tərəfin yardımı olmadan) bir-neçə onillik keçməliydi.
Qorxu yığını
Ponun qaranlıqdan qorxmağında təəccüblü heç nə yoxdur. Axı o, sözün əsl mənasında az qala qəbiristanlıqda oxuyub. Onu özəl məktəbə vermişdilər, dərs keçdikləri sinif otağı isə birbaşa qəbiristanlığa baxırdı. Məktəb kasıb olduğundan dərsliklər çatışmırdı və direktor riyaziyyat dərsinin açıq havada, qəbirlərin arasında keçirilməyini tələb edirdi. Şagirdlərdən hər biri başdaşı seçməli, məzar sahibinin neçə il ömür sürdüyünü hesablamalıydı. Elə bu «təmtəraqla» da idman dərsi keçirdi. Məktəbə qəbul olunarkən şagirdlərin hər birinə balaca bel vermişdilər. Dərs ili ərzində yerlilərdən kimsə ölsəydi, uşaqları qəbir qazmağa yollayardılar. Buna, idman-sağlamlıq tədbirləri deyilirdi.
Quzğunu tutdun «işin bitdi!»
Po öz «Quzğun» şeirilə fəxr edir, onu bütün dövrlərin "ən gözəl şeiri" adlandırırdı. (Görünür ciddilik bütün keyfiyyətlərilə adamdan uzaq imiş.) Amma Po bu şeirinə görə bir şey qazana bilməmişdi, bu da onun müəllif hüquqları məsələsindəki qeyri-ciddiliyindən irəli gəlirdi. Edqar Po şeirinin ən qısa zamanda mətbuatda çap olunmağı arzusuyla onu «Nyu-York İvninq Mirror» qəzetinə vermiş, bununla da şeir üzərindəki bütün hüquqlarını itirmişdi. Ondan sonra kim istəsəydi müəllifinə bir sent belə ödəmədən «Quzğun»u çap edə bilərdi. Sonunda, Po qəzəblənib «Quzğun»u ayrıca nəşr şəkilində çap edirsə də, şeir kifayət qədər çox yayıldığından kitabı alan olmadı.
Dikkensin yaratdığı
Edqar Ponun məşhur şeirinin prototipi ingilis yazıçısı Çarlz Dikkensin yaratdığı qanadlı məxluq idi. Qripp — Dikkensin danışan quşu — personajı onun tarixi-detektiv romanı olan «Barnebi Rac»da peyda olub, hansı ki, Po həmin əsəri 1841-ci ildə oxumuşdu. Po Dikkensi danışan quzğun yaratdığı üçün tərifləyir və güman edirdi ki, quş süjetdə daha böyük yerlərdən birini tutmalıdır.
Dikkenslə Po ömürlərində ilk və son dəfə — 1842-ci ildə — görüşəndə quş ölmüşdü. Quşun sahibi təsadüfən rəng qabını açıq saxlamış, quzğun rəngdən içib gəbərmişdi. Dikkens bu acı xəbəri Poya çatdırmış, Po da evə qayıdan kimi «Linor» şeirini həmin uğursuz danışan quşa həsr etmişdi. Hansı ki, həmin şeiri tamamlaya bilmədiyi üçün xeyli vaxt masa üstə qalmışdı. «Linor» ingiliscənin «nevermore», yəni «heç vaxt» sözüylə gözəl qafiyələnirdi və kimin ağlına gələrdi ki, məhz bu söz sonralar dəfələrlə təkrarlanaraq, məşhurlaşan quzğunun, daha doğrusu, «Quzğun» şeirinin özəyini yaradacaq.
Şairlər savaşanda
Dünyada şairlərin bir-birini «qırmağından» maraqlı heç nə yoxdur. Edqar Ponun yumruğuna tuş gələn isə «Hayavat haqqında nəğmə»nin müəllifi, şair Henri Lonqfello olub. Aradan iki yüz il ötməyinə baxmayaraq, hələ də bilmək olmur ki, nədən Edqar Po Lonqfellə olan münasibətini dəyişib, onun şəxsiyyəti və yaradıcılığı haqda ağzına gələni deyib, ona düşmən kəsilib? Po 1840-cı ildə Lonqfellin son poemasına görə od püskürüb, mətbuatda çıxış edərək, onu plagiatda ittiham edib, poemanı lord Alfred Tennisondan oğurlamaqda günahlandırıb. İttihamlarının cavabsız qaldığını görən Po, sonunda Lonqfelli onun özündən də şeir oğurlamaqda suçlayıb. «Lonqfellə müharibə» belə başlayıb. Bədbəxtlikdən bu, Po üçün boş yerə enerji sərf etməkdən başqa bir şey olmayıb. Nə qədər əlləşsə də Lonqfellin plagiatlığını sübut edəcək dəlil tapa bilməyib, onun məşhur rəqibi isə gənc qələm dostunun əsassız hücumlarını səmimiyyətlə qarşılayıb. Po öləndən sonra Lonqfell yazıçının ittihamlarını inkar edərək, deyib: «Onun tənqidinin kəskinliyini həmişə şəxsi keyfiyyətlərdən irəli gələn çılğınlıq kimi qəbul etmiş, buna axmaqlıqdan başqa ad qoya bilməmişəm». Yaxşı deyir!
Yuxarıya və uzağa
Cibləri boş da olsa, Edqar Po heç vaxt jurnalistliyə meyil salmayıb. 1944-cü ilin aprelində Po Nyu-Yorkdakı «San» qəzetinə ilk dəfə hava şarı ilə Antlantikanı keçmək haqqında yazı dərc etdirib. «Nəhayət, əsas problem həll olundu!» — deyən yazıçı, bunu təntənəli şəkildə qeyd edirdi. Hava, torpaq və okean elmin gücünə təslim oldu, tezliklə insan üçün onu səyahət etmək su içmək qədər asan olacaq". Təxminən beş min işarəlik məqalə pilotla (söhbət hava şarlarıyla uçan Mon Meyson adlı əsl pilotdan gedir) səyahətin özü üçün sanki aerostat rolu oynadı. Bircə əmma vardı; məqalə başdan-başa uydurma idi. Ertəsi gün qəzet təkzib verdi: «Cənubdan gələn məktublar… aerostatla İngiltərədən uçuşun həqiqiliyini təsdiq etmədiyi üçün informasiyanın yanlış olduğunu elan edirik».
Başdaşının taleyi
Başının üstündəki qara buludlar ömrü boyu, — ölümündən sonra da — onu tərk etmədi. Məzarının üstündəki başdaşını relsdən çıxan qatar əzdi. 1875-ci ilə, cəsədi eshümasiya olana qədər yazıçı məzarında «80 saylı» lövhəsi ilə uyuyurdu.
Sizin sağlığınıza...
Kimliyindən asılı olmayaraq, kim ki, Edqar Po simvolikasıyla bazara hansısa mətbəx məhsulu buraxır, həmin adam müəmmalı «Po Toster»in varlığını xatırlamadan ötüşə bilmir. 1949-cu ildən etibarən həmin sirli adam şairin doğum günündə qara plaş geyərək onun məzarı üstə gəlir. «Qəbiristanlıq aşiqi» — hər kəs Ponun hekayələrindəki istənilən qəbiristanlıq qəhrəmanına (alimlər hələ də onun müəmmalı şəxsiyyətilə bağlı mübahisə edirlər) istinadən, həmin adamın real olduğunu təsdiq edə bilər. Ayin dəyişmir; adam ölənin şərəfinə badə qaldırır, sonra da gəldiyinin sübutu üçün məzar üstə boş konyak şüşəsilə üç qızılgül saxlayıb gedir. Nədən üç? Bu, Ponun özünü simvolizə edir — ögey anası, arvadı və şair özü eyni məzarda dəfn olunub. Nədən konyak? Bilən yoxdur. Bəs bütün bunlar nəyə lazımdır? Bu vaxta qədər heç kəs həmin sirli adama yaxınlaşıb bütün bunların nəyə xidmət etdiyini soruşmağa cürət etməyib.
Hər kəs üçün tənqidçi tapılar
Ponun varlığı özü-özlüyündə ədəbi cameəni parçalamışdı. Bəziləri, lap elə fransızlar kimi, az qala ona Allah kimi baxır, bir çoxlarının isə onun özündən də, yazdıqlarından da zəhləsi gedirdi. Edqar Ponun ən tanınmış düşmənlərindən biri şair Tomas Sternz Eliot olub və onun fikrincə Ponun ağlı "ən ağıllı yeniyetmədən o tərəfə getməyib". Mark Tven söhbətlərin birində demişdi: «Mənə qalsa onun nəsrini də Ceyn Ostinin nəsri kimi oxumaq olmur» (bir pasaja eyni zamanda iki nəfərin «buraxılması» nadir hadisədir!). Elə şair Uisten Hyu Oden də öz tənqidində onun şəxsiyyətini təhqir edərək, Ponu «həyatı bütünlüklə ona-buna özünü yazıq kimi təqdim etməklə keçən, göz yaşlarını qarşısına çıxan hər kəsin üstünə axıdan nakişi» adlandırmışdı.
Doğmalıq əlaqələri
Aktyor IV Edqar Allan Po dəhşətli hekayələr müəllifinin birbaşa qohumudur və karyerasını qaldırmaqdan ötrü ulu babasının adından az istifadə etmyib. IV Po I Po obrazını «Meymun sümüyü» filmində və «Sabrina balaca ifritədir» (1999) serialındakı epizodik rolda yaradıb. IV Po bekar qalanda isə (ulu babasını yaratmaq məsələsində) «Seksual marionetkalar» və «Oliver — pozğunun biridir» kimi filmlərdəki başdanxarablarla gicbəsərləri yaradıb.
Futbol yarışına nə deyirsən?
1996-cı ildə, otuz illik fasilədən sonra Amerika futbolu yenidən Baltimora qayıtdı. Komandaya yaxşı ad seçmək üçün müsabiqə elan olundu. «Quzğun» adı (baltimorlular arasında məşhur olan ad) «Soyğunçular» və «Amerikalılar» adlarını üstələdi. Komanda iki il ərzində simvolsuz yarışdı, amma 1998-ci ilin avqustunda birdən-birə üç simvola yiyələndi. «Filadelfiyalı qartallar»la mövsüm bağlantısından əvvəlki oyunda meydançada uzun və qəribə bir mərasim keçirildi. Üç quzğun uçub meydançanın ortasına qonduqdan sonra yumurta qoydu. Bunun açması beləydi: Edqar — «ucaboy, güclü və idmançı görkəmli, uzun qanadları və kəskin baxışlı», Allan — «balaca, sür-sümüyü çıxsa da çevik» və nəhayət, Po — «dolubədən, tənbəl, amma yaraşıqlı». Di gəl, bu vaxta qədər onların heç biri yazıçının əsas məziyyətlərindən birini — içki düşkünlüyünü əks etdirmir…