Fransız yazıçı Jül Vern ədəbiyyatda yeni bir janrın – elmi fantastikanın yaradıcısı hesab edilir. Onun kitabları oxuculara dünya ətrafında dövr etmək, yeni adalara səfər etmək və okeanların dərinliklərinə enmək imkanı yaradır. O öz əsərləri ilə elmdə yeni kəşf və açılışlara səbəb olmuşdur. Onun bəşəriyyət qarşısındakı əsas xidmətlərindən biri də həvəsli insanlara Yer kürəsini araşdırmalarına təkan verməsidir.
Jül uşaqlıq dövründə dünya səyahətinə çıxmağı arzulayırdı. Onun doğulduğu qədim Nant şəhəri Luar çayının sahilində yerləşirdi və Nant limanında müxtəlif ölkələrdən olan çox yelkənli gəmiləri görmək mümkün idi. Hər şeylə maraqlanan kiçik Jülün 11 yaşı olduqda valideynlərinin xəbəri olmadan limana gəlir və bir gəmi kapitanından onu gəmidə işə götürməsini xahiş edir. Kapitan razılaşır, Jül göyərtəyə qalxır və gəmi yola düşür. Şəhərdə məşhur olan vəkil, yəni Jül Vernin atası güc-bəla ilə kiçik paraxodla oğlunun olduğu gəmiyə çata bilir. O oğlunu geri qaytarsa da, səyahət fikrindən daşındıra bilmir. Bu zaman o atasına demişdi: “Bundan sonra mən xəyallarımda səyahət etməyə məcburam”.
O Nant kral litseyini bitirir və atasının yolu ilə getməyə hazırlaşır. Ona belə təlqin etmişdilər ki, hüquqşünas peşəsi ən hörmətli və gəlirli peşədir. 1847-ci ildə o Parisə gedir və burada hüquq məktəbini bitirir. Lakin diplom alsa da, yazıçılıqla məşğul olur. O öz fantaziyalarını adi kağız üzərində qələmə alırdı. Onun ilk qələmə aldığı “Sınmış qamışlar” komediyası teatrda səhnələşdirilir və uğur qazanır.
Bununla o komediya, dram, qəzet və jurnallar üçün məqalə yazmağa başlayır. Artıq oğlunun heç vaxt vəkil olmayacağını anlayan ata oğlunu maddi cəhətdən dəstəkləmirdi.
Jül Vern özünün ilk macəra romanını – “Hava şarında 5 həftə” 1862-ci ildə yazır və naşir Pier Jül Etselə aparır. Naşir romanı oxuyur və bu yazıçının parlaq gələcəyə sahib olacağını anlayır. Bu zaman o yazıçı ilə 20 illik müqavilə bağlayır. Müqavilələr ona nəinki uğur, həmçinin yaxşı pul gətirir.
Jül Vern öz uşaqlıq arzusunu yerinə yetirə bilir. O özünə “Saint-Michel” adlı yaxta alır və uzun dəniz səyahətinə yollanır. 1862-ci illərdə o Norveç, İsveç və Danimarka sahillərindən keçmişdi. 1867-ci ildə isə Atlantik okeanından keçərək Şimali Amerikaya çatmışdır.
Yazıçı özünün ən məşhur “Yerin mərkəzinə səyahət” romanını 1864-cü ildə yazmışdı. Təəssüflər olsun ki, dahi yazıçının həyatının son illəri onun üçün elə də xoşbəxt keçməyib. O zamanla korlaşmağa başlayır, lakin öz əsərlərini şifahi olaraq diktə etməyə davam edir.