Pulun yaxşı yazmağa təsiri varmı? | Tim Parks

Pulun yaxşı yazmağa təsiri varmı? | Tim Parks

Puldan danışaq. E.H.Qombriç dünya sənət tarixindən bəhs edən kitabında bir-birinə uyğun gəlməyən rəsmlər çəkən müəmmalı bir İntibah rəssamını yad edir; sənət tarixçiləri axırda həmin rəssamın gəlir-çıxarla bağlı hesablamalarını tapırlar və buna əsasən rəssamın əsərləri ilə qazancı arasında qarşılaşdırma aparanda müəmma çözülür: Rəssam aşağı əmək haqqı alanda həvəssiz işləyib, yaxşı pul alanda özünü də aşıb keçib. Son illərdə yazıçıların gəlirindəki düşüşü nəzərə alsaq (bir az kitab bazarının durğunluğundan, bir az da internetin dinamizmi ilə piratçılıqla bağlı olan müstəqil jurnalistlərin əmək haqqının və əksər romançıya verilən avanslardakı düşüş yada düşür), oxuduqlarımızın keyfiyyətində buna adekvat düşüş varmı? Aradakı bağlantı, əlaqə doğurdan bu qədər bəsitdirmi? Digər tərəfdən, hər hansı sənətkarlıq işinin iqtisadi məsələlərdən təsirlənməməsi mümkündürmü?

Mənə oxucu kütləsi daha geniş olan müxtəlif saytlara bloq yazmaq təklifi gələndə “Nyu-York Revyuda” qalmağı seçdim, bir az əski zamanlara söykənən sədaqət hissiylə, bir az da daha çox pul ödədikləri üçün. Daha az pul müqabilində daha populyar bir sayta yazmağa başlasam, daha pismi yazacaqdım? Yoxsa saytın geniş oxucu kütləsi məni izlədiyi üçün həyəcanlanıb daha yaxşı yazacaqdım? Və bu geniş oxucu kütləsi daha sonra başqa cəhətdən, tutalım, amerikalı bir naşirə kitabımı satanda mənə daha çox pul kimi geri dönəcəkmi? Fərz edək ki, populyar saytdakı bloqdan müştəri çəkmək üçün istifadə edərək kitabdan yaxşı pul qazandım, bu o deməkdir ki, növbəti kitabım daha yaxşı olacaq? Yoxsa qazancdan asılı olmadan həmişə eyni şəkildə yazıram; yəni bu maddi əməliyyatlar və bundan irəli gələn qərarlar bank hesabıma, narahatlıq səviyyəmə təsir edir, amma gördüyüm işin keyfiyyətinə təsir etmir?

Bu işi anlamağa çalışaq. Nadir olur ki, yazıçılar yazmağa başlayanda normal pul qazanırlar. Mənim kitabımı çap etməyi bir nəşriyyat qəbul edəndə altı il idi yazırdım, yeddi romanım vardı. Təxminən iyirmi nəşriyyat tərəfindən rədd edilən yeddinci romanım axırda dünyadakı müəllif haqları standartı ilə mənə 1000 sterlin avans qazandırmışdı. Aydındır ki, o ərəfədə pul müqabilində işləmirdim. Bəs nə üçün işləyirdim? Zövq üçün? Məncə, yox, yadıma gəlir ki, o kitabım çapa qəbul ediləndə vaz keçmək üzrəydim. Bezmişdim. Dünyanı sözlərə yerləşdirməyə çalışmaq mənə nə qədər zövq versə də, rədd edilmək adamı həvəsdən salır; yazmaq vərdişi məni başqa bir sahədə “normal” bir iş tapmaqdan da təcrid edirdi.

İyirmili yaşlarımda deyəsən yaza biləcəyimi, yazıçılar cameəsinin bir hissəsi ola biləcəyimi özümə isbat etmək üçün yazırdım; mənə elə gəlirdi ki, son qərarı özüm verə bilmərəm. Yaza bildiyimi, təcrübəmi maraqlı bir baxış bucağından sözlərlə ifadə edə bildiyimi isbat etmək üçün naşir təsdiqinə, yəni onun mənə investisiya qoymaq istəyinə, ciddi olacağını ümid etdiyim oxuculara və tənqidçilərə ehtiyacım vardı. Yəni mənim gözümdə yazıçı təkcə yazan adam deyildi, yazdıqları çap olunan və oxunan, üstəlik, bəli, təriflənən adam idi. Niyə belə bir adam olmağı seçdiyim isə bəlli deyil.

Təbii ki, bu gün yazıçılığa namizəd olanlar yaradıcı yazı atelyelərinə getdiyi üçün onsuz da peşakarlardan rəy alırlar. Əksəriyyəti hekayələrini internetdə özlərini yayımlayıb veb vasitəsilə kim olduğunu bilinməyən oxuculardan şərhlər alırlar. Amma tədris etdiyim azsaylı yaradıcı yazı dərsində gördüm ki, dəstək peşakarlardan oldu-olmadı, heç vaxt yetərli olmur. Tələbələr mənim “yaza bilirsən” sözümü eşidəndə sevinirlər, amma bir vaxtlar mənim də hiss etdiyim təsdiqə, naşirlə müqavilə bağlamağa ehtiyac hiss edirlər, yəni işin içinə pul girir. Düzdür, “filan qədər pul” hesabı aparmırlar, amma hələlik belədir. Hələlik təqdir olunmaqla bağlı bir işarə gözləyirlər; yazıçı sifəti ilə mövcud olmaq istəyirlər.

Bununla yanaşı, start xəttini keçən kimi, pul əhəmiyyətli olur. Əlbəttə, işin bir hissəsi dolanışıqdı, amma ilk romanları çap olunan kimi, sırf yazdıqları ilə dolanacaqlarını zənn edən romançıların sayı yəqin ki, çox azdır. Xeyr, pul təkcə ehtiyac məsələsi deyil, çünki naşirlərin sizə nə qədər investisiya qoymaq niyyətində olması, nə qədər populyarlıq qazanacağınız, kitabınızı satmağa nə qədər çalışacağı – bütün bunlar hamısı ehtiyac hiss etdiyiniz diqqəti görəcəyinizi göstərir; təbii ki, avansın miqdarı da digər yazıçılara nisbətdə çəkinizi. “Yazıçı olmağın” gətirdiyi özünəinam ancaq bir naşirin investisiya qoymağa könüllü olması ilə bağlıdırsa, belə nəticəyə gəlmək olar ki, naşirlər nə qədər çox pul qoysalar, o qədər özünəinamınız artacaq. Bu vəziyyət normaldırmı? Aydındır ki, gələcək əsrlərdəki obrazını və şöhrətini vecinə almadan soyuqqanlılıqla işini əmək haqqına görə tutan ikinci dərəcəli İntibah rəssamından çox uzağıq. Robert Valzerin şah əsəri “Yakob von Gunten”də yazıçının cavan alter-eqosu özünə böyük qardaş saydığı sənətçi ilə ağrısını bölüşür, anlamağa çalışır ki, əqli vəziyyəti başqalarının tənqidi hökmlərinə bağlıdırsa, bir insanın rahatlığa qovuşması mümkündürmü?

Bu vəziyyətə paradoksal şəkildə bir yazıçının (ən azından yazdıqlarının keyfiyyəti baxımından) başına gələ biləcək ən pis şey istədiyi pulun və şöhrətin dərhal əldə edilməsidir. Bu məqamda bütün digər işlərdən, cəmiyyətlə bütün sağlam və məqbul iqtisadi əlaqələrdən sürətlə vaz keçilir; sözü gedən yazıçı artıq yüzdəyüz dünyanın kitablarına verəcəyi reaksiyadan asılıdır, eyni zamanda, böyük ehtimalla o yazıçı artıq kariyerasını uğurlar, zəfərlər şəklində inkişaf etdirən, onun böyüklüyünü dəstəkləməyə həvəsli insanlarla əhatələnib. Dünyanın sənətə verdiyi reaksiyanın son dərəcə dəyişkən olmasına çoxdan bələd olan xeyli təcrübəli bir adam bu həsəd aparılası vəziyyətə soyuqqanlılıqla yanaşa bilər. Əksəriyyətimiz üçün ədəbsizləşmək, özünəvurğun bir adama çevrilmək, ya da (bəlkə də eyni zamanda) altı rəqəmli məbləğlərdən gözlənənləri yerinə yetirmək məsələsində narahat olmamaq çox çətindir. Tənqidlərə sinə gərməyə gücü çatacaq bir alim olsaydı, 1980-1990-cı illərdə astronomik avanslar almış cavan ədəbiyyatçıların əsərlərinin keyfiyyəti ilə bağlı bir layihə edərdi və bu, maraqlı olardı; nə qədər ölçmək mümkündürsə o qədər ölçüb yoxlamaq olardı ki, onların üslubları və istedadları nağd puldan sonra azalıbmı? Tənqid dünyası yeni favoritlərinin istənilən məhsulu yarada bilmədiyini inkar etməyi nə qədər davam etdirdi? Şöhrət, az qala, həmişə performansdan daha uzun ömürlüdür.

Hədsiz çox pul zərərli ola bilər, amma tula payı ödələmələr də yazıçının yaxşı yazması üçün yetərli olmayacaq. Yazıçının gördüyü işin hansısa formada pulla bağlı praktik detallara bağlı olmaması ilə bağlı uyduruğumuz inadçı arzumuz bədii əsərlərin müəlliflərin həyatından ayrı şəkildə analiz edilməyində israr edən fanatizmlə birləşib, nəticədə yazıçının əsərləri ilə gəliri arasındakı əlaqə ilə bağlı çox az araşdırma aparılıb. 1940-cı ildə yazılan Kristina Stedin (Christina Stead) şedevri “Uşaqları sevən adam” kitabına Randol Carrelin yazdığı önsöz istisnadır; Stedin əsərini yeni nəslə qazandırmağa çalışan Carrel avstraliyalı yazıçının (bir az bu cür möhtəşəm formada bir-birindən fərqli romanlar yazmasına, bir az siyasi duruşuna, bir az da ölkədən ölkəyə gedib-gəlməsinə istinad etdiyi) daimi naşir tapmamasının yazdıqlarına mənfi təsir etdiyini irəli sürüb. Sted hamısı təriflənən xeyli roman yazsa da, ortada bir referans mühiti, bir əsərdən digərinə olan inkişafı izləmək məcburiyyəti hiss edən tənqidçilər yox idi; nəticədə kitablarının satışı aşağı idi, o qədər aşağı ki, dolanmaq üçün öz makinası ilə mətn yığıcılığı edirdi.

Xeyli əngəl və xəyal qırıqlığı yazdıqlarının tonunu müəyyənləşdirməyə başladı, daha hay-küyçü, nəfsinə düşgün oldu; Carrelin fikrincə, yazıçının nəşr imkanları başqa cür olsaydı, bunlar baş verməyəcəkdi.

Mənə elə gəlir ki, burada vacib olan məqam referans mühitidir. Yazıçılar əsərlərinin fərqində olan və naşiri məmnun edəcək qədər kitab satın alan oxucu kütləsi üçün yazdıqlarını hiss edəndə mütəvazi bir gəlirlə kifayətlənə bilərlər. Amma çağdaş qloballaşma ədəbiyyat bazarlarını birləşdirmək meyli ilə yerli ədəbi mühitləri zəiflətməyə başlayır, digər tərəfdən dünya çapında hədsiz çox kitab satanlarla, az sayıda, əsasən də öz ölkəsində kitab satanlar arasındakı uçurum get-gedə dərinləşir.

Bu kontekstdə ana dili olan Kannada dilində yazmağa davam edən, bədii əsərlərinin tərcüməsini tapa bilsəniz həqiqi ekzotizmin bütün mürəkkəbliyini də, mükafatını də dadacağınız hindistanlı U.R. Anantamurti kimi yazıçıların gəlirləri ilə əsərləri və ingiliscə yazan, enerjisini, fantaziyasını ekzotizmi həm qabardıb, həm də ələgələn edərək Hindistanı Qərbə təqdim etməyə xərcləmiş, (Salman Rüşdü, Vikram Set və başqaları kimi) daha məşhur hind yazıçılar arasında bir qarşılaşdırma aparmaq maraqlı olardı. Səksən yaşlarında olan Anantamurti çox güman ki, uzun illərdi mütəvazi bir gəlirlə, stabil və inandırıcı şəkildə işləyir; astronomik avansların dəbdəbəsi içində çalışan, müəyyən bir mühit üçün yox, bütün dünya üçün yazan məşhur imzalar özlərini daim qlobal şöhrətlərini haqlı çıxaracaq şəkildə çox yüksəyi hədəfləyən romanlarla tükənmək təhlükəsini gözə almaq məcburiyyəti qarşısında tapırlar.

Ancaq hər Anantamurti ilə müqayisədə yazmağa davam edə biləcək gəliri olmayan onlarca yazıçı olacaq; hər Rüşdü ilə müqayisədə şöhrəti konkret janrdakı ədəbiyyatın konkret oxucu mühitinin dəstəyi olmadan varlığını davam etdirə biləcəyi başgicəlləndirici orbitə çata bilməmiş yüzlərcə yazıçı olacaq.

Tərcümə etdi: Qismət
Top