Maksim Qorkiyə görə tayı-bərabəri olmayan yazıçı – Knut Hamsun

Maksim Qorkiyə görə tayı-bərabəri olmayan yazıçı – Knut Hamsun

Elə insanlar var, onlar üçün kitab yazmaq bir peşə, «dolanışıq vasitəsi»dir; amma onlar yalan danışmırlarsa, bir şeyi olduğundan pis göstərmirlərsə, — bunun özü də yaxşıdır. Daha da yaxşısı isə odur ki, onlar məhrəm hesab etdikləri insanı kobud dillə ifadə etsək, azca bəzəyib-düzəyirlərsə, bunu sadəcə oxucuya olan sevgilərindən edirlər, zənnimcə, oxucular özlərini nə qədər az sönük görsələr, o qədər faydalıdır; gözəl lələkli insan xoruz kimi bir şeydir, amma nə olsun, uçmağı unudan bu quş yerdə hələ də qürurla gəzir və dünyaya təkcə milyonlarla damazlıq yumurta ərmağan etdiyinə görə yox, həm də rəqabətin mədəni əhəmiyyətini çox yaxşı dərk etdiyinə görə hörmətəlayiqdir.

 «Sifətləri tərdən islanmış» halda işləmək «istedadı» azarına tutulan, olduqca normal və bioloji cəhətdən bəraəti olan "şöhrət" qazanmaq yolunda narahat bir canfəşanlıqla kitablar yazmağı özlərinə məcbur edən, öz şəxsiyyətlərini «sadə insanlar» xaotik kütləsindən ayırıb ortaya çıxaran, bu insanlar arasında yaradıcıya, təsəlli verənə, zarafatcıla diqqət mühiti və rəğbət yaradan yazıçılar da var. Bu yazıçılardan ötrü tənqidçilərin tərif yazıları, oxucuların hörmətlə təzim etmələri, qadınların çoxlu vədlər verən maraqları və bütün bu kimi digər məsələlər olduqca vacibdir, çünki bu onlara ləzzət verərək, zəhmətə davam etmələrini şirnikləndirir. Bu qəbildən olan yazıçılar uzun ömürlü deyillər və onlar öz adlarını "əsrlərin yaddaşı”na dərin qazıya bilməzlər, lakin sözün geniş mənasında "ədəbiyyatı" məhz onlar yaradırlar və bununla onlar Orta Əsrlərin ecazkar məbədlərini yaradan adsız-sansız bənnalara bənzəyirlər.

Ardınca isə istisnasız ruh gücünə, konsentrasiyaya və demək olar, möcüzəvi mənəvi baxışa qadir yazıçılar gəlir: onlar başqalarının görə bilmədiklərini görməyə, başa düşmədiklərini başa düşməyə, adi bir şeydə qeyri-adini aşkar etməyə qadirdirlər. Onların kitablarında məhrəmliyin nüfuzedici və əsrarəngiz izləri var və sən hər zaman hiss edirsən ki, onlar "ümumilikdə insanlar üçün" deyil, hansısa tək, sevdikləri bir şəxs üçün yazırlar, onlardan ötrü vacib olan təkcə odur, təkcə o, ona yazılan «müqəddəs mətn»in dərinliyini və əhəmiyyətini dərk edə bilər.

Təbii ki, belə bir insan fiziki olaraq mövcud deyil, yazıçı onu uydurur. Uydurma həmsöhbət olduqca müəyyəndir, ağıllıdır və yaxud da o — sən özünsən. Anatol Fransı canlı bir insanla, dostuyla açıq-açığına, aramsız, fasiləylə və çoxlu nöqtələr tələb edərək danışdığını təsəvvürümə gətirə bilmirəm.

Onlar sənətin nəhəng insanları, "əbədi kitabların" baniləri, ədəbiyyat sahəsinin despotları, məktəb, cərəyan, üslub yaradıcılarıdır.

Knut Hamsun söz rəssamlarının məhz bu qrupuna daxildir. Ancaq onların arasında da o mənimçün bir istisnadır. Müasir ədəbiyyatda yaradıcılıqdakı orijinallığa görə mən onun tayı-bərabərində başqa bir kəs tanımıram.

Zənnimcə, «məktəb», "üslub", ümumiyyətlə həqiqi sənətin kölgəsində gizlənən hər şey onun üçün vacib deyil, maraqlı deyil, necə ki, eynilə elm də məhz «ikinci təbiət» (insanın yaratdığı ətraf aləm-tərc) yaradır, bir fərqlə ki, elm insanı çöldən qayğıkeşcəsinə «ikinci təbiət»lə əhatələyir, sənət isə bu təbiəti bizim daxilimizdə yaradır.

Hamsunun yaradıcılığı həqiqətən insanlar haqda «müqəddəs mətn»dir, onun mətni hansısa bəzək-düzəkdən birmərrə uzaqdır — onun gözəlliyi əllətutulmaz və gözqamaşdırıcı sadə həqiqətpərəstliyindədir ki, yaratdığı norveçli insan fiqurlarını möcüzəvi bir şəkildə antik Yunan heykəlcikləri kimi məftunedici dərəcədə gözəl edir.

O, oxucular üçün yazmır, yeganə «sevimli» bir adam üçün də yox. Məndə belə bir təəssürat var ki, Hamsun bütün insanların başı üzərindən kiməsə və harasa üçün yazdığını bilir və hiss edir.

Nəql etdikcə, o düşünür, amma mənim gümanımca, Knut Hamsunun məhz nəyi iddia etdiyini axtarmaq faydasız bir iş olardı. Onun düşüncəsi «pedaqoji» niyyətlərdən tamamilə uzaqdır, onun fikirləri əxlaqi doqmalardan və sosial fərziyyələrdən ümumiyyətlə xalidir, mənə o bütünlüklə azadmış kimi gəlir.

«Bəli, — o deyir, — bizim hamımız Yer üzünə səpələnmiş səfillərik». O deyir, ancaq iddia etmir. O bədbin deyil. Onun «səfilləri» — Yer üzünün sahibləridir; onun yaratdığı balaca və sərt ölkənin insanlarının hamısı qəhrəmandırlar. «Torpağın bərəkəti»ndəki İsaak dastanvari qəhrəmandır. Əgər Hamsuna qədər Edda yaradılmasaydı, o, özünün təsəvvür dəzgahında Tor-undan, Baldur-undan, Freya-sından və Loki-sindən sonra onu yaradardı. Lokini də həmçinin yaradardı, çünki şəri də mütləq sistemə gətirmək, ona bir baş qoymaq lazım idi ki, sonra onu qoparda biləsən. Fikrimcə, Lokinin başını ancaq İsaaka bənzər biri qopara bilər və sonra dünyada artıq çoxdan vaxtı gəlib çatmış, insana layiq, kinsiz-küdurətsiz bir nizam qurulduqdan sonra, o, daha humanist və daha xeyirxah allahlar yerləşdirib səmaları yeniləyər. Çünki yəqin, bu gələcək yaxşı, ağıllı insan ehtiyat etdiyindən göylərdə boşluq yaranmasına imkan verməzdi ki, sonrada bu boşluq onun qəlbinə nüfuz eləməsin.

Freken Despar «yaxşı və pis şeylərdə o qədər inadkar idi ki, dünyəvi olan hər şeyi təcrübəsindən keçirdi. Biz bunu belə adlandırırıq».

Vurğulanan kəlmələrə Hamsun bir müdrikin incə və xəfif kinayəsini qatıb: dünyəvi olandan savayı nə var, bir heçlikdə, insanların ayaqları altında silkələnən, parçalanan və eynilə Lissabondakı, Martinikdəki, Messina və Yaponiyadakı kimi bircə anın içində on minlərlə insanı yox edən bir dünyada yaşamağa məhkum edilmiş əhəmiyyətsiz insan məxluqlarının əzablarından daha əhəmiyyətli nə var?

Məhz bunda, dünyəvilikdədir bizim bütün mövcudluğumuzun mənası, axı insan əlində başqa bir şey olmadığına görə günahkar deyil. Onun özünü təsəlli etməkdən ötrü yaratdığı Tanrısından başqa bir şeyi yoxdur və o, Tanrının da şəxsən mən mexanikliyi qədər mistikasının olduğunu görürəm. Məgər Tanrı hər şeyi edən, hər şeyi bilən bir güc düşüncəsini ehtiva etmək, vurğulamaq üçün yaradılmayıbmı, məgər Tanrı insanın özünü müdafiə edəcək yeganə silah olan düşüncənin məhsulu deyilmi?

Fikirləşmək olar ki, sonuncu kitablarında — «Torpağın bərəkəti», «Quyudakı qadın», «Qorahus sanatoriyası»nda Hamsun yalnız özünə tanış olan bir məxluqla danışır. Ola bilsin, bu, «Loqos» deyilən şeydir, ola bilsin, — Knut Hamsunun tanrısı özünün söhbət etmək üçün yaratdığı tanrıdır.

«Torpağın bərəkəti»ndəki İngerin timsalında insanların hekayətini böyük norveçli sənətkar dastanvari sadələdikdə yazır. O, bu gündəlik həyatın qəhrəmanını «O, insanlar arasında demək olar ki, heç kimiydi, əhəmiyyətsiz bir varlıqdı», — deyə təsvir edirdi.

Hamsuna qədər heç kəs guya şəxsiyyətsiz və əhəmiyyətsiz olan adi insanlardan belə parlaq formada yaza bilməmişdi və heç kəs də əhəmiyyətsiz insan yoxdur anlayışını belə heyratamiz formada ifadə etməmişdi.

Yer üzündə ölümə məhkum edilmiş milyonlarla günahsız qarışqa-qəhrəman yaşayır, onlar daş yığınlarından şəhərlər tikir, yaşadıqları çətin həyatı hər cəhətdən mənalandırmağa çalışaraq gözəl, hikmətli şeylər düşünür və yaradırlar, eyni zamanda isə özlərini əzablı, dözülməz sosial həyat şərtləriylə də əhatə etmiş olurlar.

Bu barədə, bu ağılsız və qorxunc həyat barədə də Hamsun danışır, çaşqın halda, sözlərin arasında qəzəbini boğmağa çalışaraq həmsöhbətindən soruşur:

«Bilirsənmi bütün bunlar nəyə görə lazımdır? Sənə aydındırmı biz hamımız — qəhrəmanlar və əzabkeşlər niyə bir-birimizin gözünə şəxsiyyətsiz və əhəmiyyətsiz kimi görünürük. Sən başa düşürsənmi niyə insanlar belə bədbəxtdirlər?»

Həmsöhbət çoxbilmişliyindən, ya da çaşqınlığından susur.

«Bəli, — möhtəşəm sənətkar Knut Hamsun israr edir — bax, belədir həyat. Bəs nəyə görə belə? Deyə bilərsənmi?»

Sualına cavab gəlmir.

Onda Hamsun daha nəfis bir sadəliklə saysız-hesabsız cəfalara məhkum günahsız insanların yeni hekayətidən danışır.

«Bəli, — o deyir, — bizim hamımız Yer üzünün səfilləriyik. Niyə səfil və nəyə görə? Biz onun üstündə çoxlu əziyyət çəkirik, onu yaxşı bəzəmişik. Həqiqətən bir-birimizi sevməyimiz və hörmət etməyimiz üçün səbəbimiz var, biz yaxşı işçilərik. Sən bilirsənmi biz bir-birimizə niyə işgəncə veririk? Dərk eləyirsənmi ki, bütün bunlar niyə lazımdır?»

Sualına cavab gəlmir.

Bu dünyada Knut Hamsunun obrazı kimi yaşamaq və bütün həyatın boyunca lal, kar və ola bilsin, düzəlməz dərəcədə səfeh, yaxud ağlasığmaz dərəcədə naqis bir insanla söhbət etmək olduqca çətin şücaətdir. Və nə yaxşı ki, o cür bədheybət mövcud deyil və Hamsun kimi insanlar həyat barədə düşünərkən, sadəcə olaraq Lokiyə bir baş qoyurlar ki, sonradan onu qoparda bilsinlər.

Tərcümə: Cavid Ramazanlı
Top