Ziyalının mövqeyi | Jean-Paul Sartre

Ziyalının mövqeyi | Jean-Paul Sartre

Ziyalını ziyalı edən xüsusiyyət, yaşadığı dövrün gərçəklərinə və ziddiyyətlərinə qarşı ortaya qoyduğu mövqedir.

Ziyalı tənhadır, çünki o, heç kimin göstərişi ilə işləmir.

Onun ziddiyətlərindən biri də budur — başqaları azad olmadıqca azad olmayacaqdır.

Sistemin hər insandan oğurladığı xüsusi məqsədləri var və özgələşmə hakim sinfə qədər yayıldığından, bu sinfin üzvləri belə, qeyri-insani məqsədlər üçün, əsasən mənfəət üçün işləyirlər.

Elə isə ziyalı özü və başqaları naminə bu ziddiyətlərə qarşı savaşan hər kəsin yanındadır.

Ziyalının işinin sadəcə beyninə həkk olunmuş ideologiya olduğu düşünülə bilməz. Əslində bu, həm onun ideologiyasıdır, həm orta sinfin bir üzvü olaraq, onun həyat tərzidir, həm də burnunun üstünə qoyduğu və arxasından dünyaya baxdığı bir cüt filtrli şüşədir.

Onu narahat edən ziddiyyəti əvvəlcə bir əzab olaraq yaşayar. Onu görmək üçün onunla öz arasına bir məsafə qoymalıdır. Bunu köməksiz edə bilməz.

Hakim sinfin ideologiyasını mühakimə etmək üçün, ideal olaraq, özünü cəmiyyətin xaricində bir yerə qoymağa çalışsaydı, ən yaxşı halda ziddiyətini də özü ilə aparmış olardı; ən pis halda isə orta siniflərin üstündə (iqtisadi baxımdan) yer alan və onlara yuxarıdan baxan böyük burjuaziya ilə eyniləşər və heç bir mühakiməsiz, onun ideologiyasını qəbul edərdi.

Elə isə, içində yaşadığı cəmiyyəti başa düşə bilməsi üçün ziyalının qarşısında bir yol var — o da cəmiyyəti əzilənlərin prizmasından təhlil etməkdir.

Yuxarıdan qərar verilmiş ideologiyaya tam və uzaqdan baxmağın tək yolu, mövcudluqları belə, bu ideologiyaları çürüdənlərin tərəfində olmaqdır...

Üç milyard əhalidən iki milyardının zəif qidalanması müasir cəmiyyətlərin bir başqa vacib həqiqətidir, həqiqət budur, saxta ziyalıların uydurduğu axmaq fikir (həddən artıq əhali artımı) deyildir.

İstismar edilən siniflər, maariflənməsi hər nə qədər çətin olsa da və burjuaziya ideologiyası onlara nüfuz etmiş olsa da, obyektiv şüurlarıyla seçilməkdədirlər.

Bu şüur Tanrı vergisi deyildir, onların cəmiyyətə yanaşma prizmasından ortaya çıxır, elə yeganə köklü baxış prizması da budur.

Cəmiyyətə ən aşağıdan, ən əlverişli nöqtədən baxan, aşağıdan yuxarıya baxdıqda hakim siniflər və onun tərəfində olanları mədəni seçilmişlər kimi deyil, istehsalçı sinifləri əzən böyük heykəl qrupları kimi görən xalq düşüncəsinin məhsulu olan bir baxış prizmasıdır bu.

Ziyalı bu radikal və sadə düşüncəni mənimsəyə bilsə, özünə aşağıdan yuxarı baxa biləcək, özünü həqiqi yerində görəcək, içindən çıxdığı, psixo-sosial arxafonunu təşkil edən sinfin yaratdığı izafi dəyərdən maaş alacaq və yuxarıların bütün ağırlıqları ilə xalq təbəqələrini əzdiyini görəcəkdir.

Kütlələrin özlərini əzən bütləri qırmaqdan başqa çarələri olmadığını anlayaraq radikallığı mənimsəyib, bir inqilabçıya çevriləcəkdir.

Məhz bu vaxt, onu iflic edən ideologiyaların xalqın içində heç bitməyən kükrəyişi ilə mübarizə onun yeni vəzifəsi olacaqdır.
Top