H.Hesse «Məhkəmə» romanı haqqında
"…Burada söhbət, müttəhimin məhkəmədə dindirildiyi hansısa günahdan, yaxud günaha batmaqdan getmir, burada söhbət ümumən həyatda insanın daşıdığı əbədi günah hissindən gedir, bunu yumaq qeyri-mümkündür.
Müttəhimlərin əksəriyyəti bu bitib tükənməyən məhkəmə prosesinə cəlb ediliblər, bəzi bəxti gətirənlər tam bəraət alırlar, yerdə qalanalrıa şərti iş kəsirlər, yəni istənilən məqamda onlara qarşı yeni iddia qaldırıla bilər, yeni həbslər dalğası başlana bilər. Sözün qısası, bu “proses” həyatın özünün içindəki günahlardan biridir, ittiham isə təqsiri olmayanları istisna etməklə, adi insanların bu günah içində itib-batan həyata ani baxşıla baxdıqları zaman ürəklərinin üzülməsinə uyğun bir şeydir, bax, indicə tutub aparacaqlar. Ancaq onlar xilas yolunu bula bilərlər, boyun əyib yaşaya bilərlər, qısası, qaçılmaz olan şeyin qabağında özlərini qurban verə bilərlər “.
Martin Buber
“Qapı” metafizikasına Kafkanın payı məlumdur: həyatını mənalar dünyasına aparan açıq qapılar önündə keçirən insan haqqında pritça; o, bu qapılardan içəri girməyi əbəs yerə istəyir, bu barədə ölənə qədər ona heç nə deyilmir, deyilmir ki,bu qapılar yalnız onun üçün açılıbmış, indisə bağlanır. Beləliklə, qapı hələ açıqdır. Hər kəsin yalnız ona məxsus qapısı var və bu hələ ki bağlanmayıb. Ancaq o bunu bilmir, bilmək yazılmayıb ona. Kafkanın bu iki əsas əsərində (“Məhkəmə” və “Qəsr”) belə bir pritça motivi var; “Məhkəmə” də zaman ölçüsündə, “Qəsr”də məkan. Birinci əsərdə çıxılmazlıq ovqatı insanla qəlbi arasında, ikincidə onunla dünyaya arasında qaldırılıb…”
Alən Rob Qriyye – Bəzi köhnəlmiş anlayışlar barədə
Ənənəvi tənqidin öz lüğəti var. O, tam qətiyyətlə ədəbiyyat haqqında sistemli mühakimələr yürütməkdən yaxasını kənara çəksə də (əksinə, o, həmişə yalnız «sağlam niyyət», qəlb… və s. kimi «təbii» kriteriyalara əsaslanmaqla belə bir fon yaradır ki, guya əsərlər barədə tam sərbəst şəkildə fikirlər yürüdür…), təqdim olunan tənqidi məqalələrə kifayət qədər diqqətlə nəzər yetirdikdə dərhal aydın olur ki, oradakı açar rolu oynayan söz və anlayışların məcmusu müəyyən bir sistemin varlığından xəbər verir.
Ancaq biz indiyədək «personaj», «atmosfer», «forma», «məzmun», «müəllif xitabı» olan əsər, «təhkiyəçi istedadı», «həqiqi romançılar»… və s. qəbildən olan anlayışlar barədə söhbətləri o qədər eşitmişik ki, bütün bu hörümçək torundan, anlayış cəngəlliyindən çıxa bilmək üçün görünür, güc sərf etməliyik. Yalnız bu halda anlaya bilərik ki, həmən sözlər vasitəsi ilə roman haqqında məlum təsəvvürlər ifadə olunub (hər kəsin mübahisəsiz qəbul etdiyi və buna görə də «ölü» sözünə tamamilə layiq olan təsəvvür…) burada daha, deyildiyi kimi, roman janrının «təbiətindən» bəhs edilməyib.
Bu şərti qaydaların çərçivəsinə sığışmayan kitablar haqqında işlədilən ifadələr daha qorxuludur. Məsələn, görünüşü və səslənməsi etibarilə «qərəzsiz» olan «avanqard» sözünə daha çox halda və onun üçün müraciət edilir ki, guya sadəcə çiyin çəkməklə kütləvi istehlak üçün nəzərdə tutulan ədəbiyyatın natəmiz vicdanını faş etməyə qadir olan istənilən əsərdən can qurtarmaq mümkün olacaq. Yazıçı köhnəlib əski parçasına dönmüş formullardan imtina edib özünün məxsusi yazı manerasını müəyyənləşdirmək istəyən kimi onun kürəyinə dərhal «avanqard» etiketini yapışdırırlar.
Əsl həqiqətdə bu, yalnız o deməkdir ki, o, bir azca öz dövrünü qabaqlayıb və sabah belə bir yazı tərzini əksəriyyət istismar edəcək. Ancaq real praktikada artıq xəbərdarlıq işarəsi almış oxucu gözlərinin önünə dərhal səfeh vərdişlərə qurşanmış, sırtıqcasına gülümsəyərək, yalnız hay-küy qaldırıb burjua sinfini pis vəziyyətdə qoymaq məqsədilə Akademiya üzvlərinin kürsülərinin altına fişəng diyirlədən beş-altı gənci gətirir. «Onlar bizim oturduğumuz budağı kəsmək istəyirlər» – zarafat etməyə canında heyi belə qalmayan Anri Kluar belə yazır.Ancaq əslində haqqında söhbət açılan budaq öz-özünə, sadəcə dövranın, acı rüzgarın küləklərinə dözməyərək, quruyub və bu da bizim günahımıza deyil ki, artıq o, çürüməyə başlayıb. Həyəcan və şaşqınlıq içində gözünü bu budağa dikənlər bircə dəfə gözlərini qaldırıb ağacın başına baxsaydılar, əmin olardılar ki, orada artıq çoxdan yaşıl, möhkəm, həyat qüvvəsi ilə dolu təzə budaqlar boy atıb. «Uliss» və «Qəsr» romanlarının yazıldığı tarixdən artıq 30 il keçib. «Küy və qəzəb» 20 ildir ki, fransız dilinə çevrilib. Qəsdən onları görməmək üçün bizim şanlı tənqidçilərimiz hər dəfə hansısa sehrli bir sözü işlədir: «avanqard», «laboratoriya təcrübələri», «antiroman»… başqa sözlə: «gözlərimizi yumuruq və fransız ənənəsinin qızıl dövrünə düşürük».
Personaj
Personaj haqqında qulağımıza nə qədər söz üfürüblər. Və görünür, bunun sonu da olmayacaq. Xəstəlik 50 ildir ki, acı bağırsaq kimi uzanır, artıq bir neçə dəfə ölüm aktı ciddi publisistlər tərəfindən təsdiq edilib, ancaq indiyə qədər bu əziz-xələf personajı pyedestalından aşırmaq mümkün olmamışdır. Onu o kürsüdə XIX əsr əyləşdirib. İndi o, ənənəvi tənqidin sitayiş etdiyi mumiyaya dönsə də, yenə dəyərlər arasında köhnə, yalançı ucalıqla hökmranlıq edir. Ən əsası onu deməliyik ki, bu tənqid «əsl» roman ustasını məhz belə bir əlamətə görə etiraf edir: «o, personaj yaratmağı bacarır»…Belə bir nöqteyi-nəzəri əsaslandırmaq üçün aşağıdakı mühakiməyə üz tutmaq yazılmamış qanuna çevrilib. Balzakdan bizə Qorio Ata yadigar qalıb; Dostoyevski Karamazov qardaşlarına həyat verib, roman yazmağın mənası yalnız bir şeydədir: bir neçə yeni ədəbi fiquru bizim ədəbiyyat tarixini təşkil edən portretlər qalereyasına əlavə etmək.
Personaj. Bu sözün mənası hamıya tanışdır. Bu heç də şəxssiz, adsız və şəffaf olmayan elə bir şeydir ki, «o» şəxs əvəzliyinin köməkliyi ilə fellə ifadə olunan hərəkətin sadə subyektini bildirir. Personajın adı, imkan daxilində adı və familiyası olmalıdır. Onun qohumları və nəsli də olmalıdır. Personaj müəyyən bir peşəyə də malik olmalıdır. Əgər onun şəxsi mülkiyyəti də varsa – daha yaxşı. Və nəhayət, onun «xarakteri» olmalıdır, bəli, xarakteri, bu xarakteri əks etdirən sifəti, bu xarakter və sifəti formalaşdıran keçmişi olmalıdır. Personajın xarakteri onu bu və ya digər hərəkətə məcbur edir, tam müəyyən şəkildə onu hər hansı hadisəyə reaksiya verməyə sövq edir. Personajı sevdirən də, ona nifrət duyğuları oyadan da xarakteridir. Məhz xarakterin sayəsində personajın adı günlərin bir günündə konkret insan tipinin simvoluna çevrilir. Axı məsəlinin bütün məğzi burasındadır ki, hər bir personaj müəyyən bir fərdi aləmə malik olmalıdır və eyni zamanda bu kateqoriya səviyyəsinə yüksələ bilməlidir. O, o dərəcədə özünəməxsus olmalıdır ki, təkrarolunmaz təsiri bağışlaya bilsin və bununla bərabər ona universallıq aşılayan müəyyən ümumiləşdirici cizgilərə də malik olmalıdır.
Məlum rəngarəngliyi yarada bilmək üçün, azadlıq illüziyasını canlandıra bilmək üçün çox asanlıqla pozulmaz qanunları poza bilən qəhrəman yaratmaq olar, məsələn, qəhrəman kimi seçilən tapılmış uşaq, avara gənc, səfeh, yaxud özünün dəlisovluğu gücünə həmişə bizə müəyyyən sürpriz verməyə hazır olan bir insan tipi… Bununla bərabər bu üsulla çox da uzağa getmək olmaz, çünki bu, fəlakət və ölüm yoludur ki, birbaşa çağdaş roman dünyasına aparır. Əsl həqiqətdə, müasir ədəbiyyatın heç bir əhəmiyyətli nümunəsi göstərilən münasibətlər kontekstində tənqidin diqtə etdiyi normalara uyğun gəlmir. Görəsən, çoxmu oxucu «Ölümə», yaxud «Yabançı»dakı təhkiyəçinin adını xatırlayır? O əsərlərdə, ümumən insan tipləri mövcuddurmu? Bu məşhur kitablarda xarakterlərin təhlil üsulunun nəzərdə tutulmasını təsdiq etmək müəyyən mənada absurd deyilmi?
Görəsən, «Zülmətin dibinə səfər» romanında hansısa personajdanmı bəhs edilir? Belə bir şeyi sırf təsadüf hesab etmək olarmı ki, bu romanların hər üçü birinci şəxsin dilindən yazılıb? Bekket qəhrəmanının adını və onun çevrəsini eyni bir təhkiyə hüdudlarında dəyişir. Folkner tamamilə qəsdən iki müxtəlif şəxsə eyni ad verir. «Qəsr»dəki K-ya gəlincə, o, yalnız təkcə baş hərflə kifayətlənir, onun heç bir şəxsi «mülkiyyəti» yoxdur – nə ailəsi, nə də fərdi sifəti var; bəlkə də o, doğrudan heç yerölçən də deyildir.Misalların sayını artırmaq da olardı. Həqiqət belədir ki, ənənəvi mənada personajların yaradıcıları bizə, onların özlərinin də çoxdan inanmadıqları marionetlərdən başqa heç nə təklif etməyə qadir deyillər. Personajlar romanı, sözsüz ki, keçmişə mənsubdur, o, konkret bir dövrün səciyyəvi əlamətidir – fərdiyyətin zirvədə qərar tutduğu bir dövrün. Mümkündür ki, nəzərdən keçirilən halda proqresdən danışmaq da yersizdir, ancaq şübhəsiz, müasir dövr – daha çox matrikulyar ölçülərin hökmranlığı dövrüdür. Bizim gözümüzdə dünyanın taleyi artıq neçə-neçə insanın və ya biri neçə ailənin ucalması, yaxud o ucalıqdan dibsizliyə gömülməsi prosesi ilə eyniləşmir. Artıq dünyanın özü də irsən ötürülən və müəyyən bir əskinas ekvivalenti olan kiminsə şəxsi mülkiyyəti deyildir: bu gündən etibarən o, bir qənimət də deyildir ki, onu dadmaqdan çox qamarlayasan.
Doğrudan da, Prust və Folknerin kitabları bilavasitə ən müxtəlif hadisələrlə, əhvalatlarla doldurulmuşdur; Ancaq Prustun romanında onlar sanki pərən-pərən düşüb, sonra təhkiyəçinin şüurunda mövcud olan zaman arxitektonikasına tabe olaraq, yenidən birləşirlər; Folknerdə isə müxtəlif mövzuların inkişafı və onların arasındakı çoxsaylı assosiativ keçidlər, ümumiyyətlə, hər cür xronologiyanı dağıdıb, məhv edir; hərdən adama elə gəlir ki, təhkiyə prosesində peyda olan hadisələr sanki elə oradaca qeybə çəkilir, silinib gedir. Hətta Bekketin özündə də hadisə baxımından qüsur yoxdur. Ancaq bu hadisələr arasıkəsilmədən bir-birlərini dəf edir, bir-birlərini şübhə altına alır, bir-birlərini o dərəcədə dağıdıb məhv edirlər ki, eyni bir cümlə özündə həm təsdiq, həm də inkarı ehtiva edə bilir. Mahiyyət etibarı ilə bu romanlarda süjet yox, onun həqiqətə uyğunluğu və sadəlövhlüyü mövcud deyildir.
A.Kamü – Kafka yaradıcılığında ümid və absurd
"…Ədəbiyyatda ümumi məqam fundamental absurdu və insan taleyinin kəmfürsət dərəcədə qəlizliyini təsdiqləməkdir. Bir-birini inkar edən cəhətlər üst-üstə düşür və hər ikisi elə bir gülünc ziddiyyət üstündə zühur edir ki, qəlbimizin böyüklüyünü bədənin fani sevinclərindən ayırır. Absurd olan odur ki, qəlb bu bədənə məxsusdur, ondan sonsuz dərəcədə böyük olan bir nəsnə. Bu absurdu ifadə etmək istəyən şəxs bir-birini dəf edən cəhətlərin oyunu vasitəsi ilə ona həyat bəxş etməlidir. Kafka gündəlik hadisələrin primasından faciəni, məntiq vasitəsiylə absurdu məhz belə ifadə edirdi."
Tərcümə: Cavanşir YUSİFLİ
sim-sim.az