— Markes təyyarə ilə səyahət etməyi xoşlamırdı.
— 1985-ci ildə Markes yazmağı dayandırmışdı. 20 illik fasilədən sonra “Hüznlü fahişələrim” əsərini yazdı. Həmin əsər əsasında çəkilmiş “Hüznlü fahişələrim” filmində baş rollardan birini Çarli Çaplinin qızı Ceraldina Çaplin oynayır.
— Markes 50 yaşına qədər günə 60 siqaret çəkirmiş. İki dəfə xərçəng xəstəliyinə qalib gəlib.
— Oğlanlarından biri qrafik dizaynerdir. Los-Ancelesdə yaşayır və müxtəlif məşhur filmlərdə, TV şoularda işləyib. İkinci oğlu isə ssenaristdir.
— Əsərlərinin böyük bir qisminə film çəkilib, amma dahi yazıçı “Yüz ilin tənhalığı” əsərinin ekranlaşdırılmasına qadağa qoyub.
— 2006-cı ildə Markesin doğulduğu Arakataka şəhərində referendum keçirilmişdi. Şəhərin meri təklif edirdi ki, şəhərin adını dəyişib Makondo qoysunlar. 90 faiz “hə” desə də, dəyişiklik qəbul edilmədi. Çünki yetərsay yox idi.
— Meksika hökuməti 2009-cu ildə etiraf etdi ki, 1967-1985-ci illərdə təhlükəsizlik orqanları Markesi izləyib. Xüsusilə onun kommunist liderləri ilə olan münasibətləri nəzarət altında saxlanılıb.
— İlk yazmağa başladığı dövrlərdə pulsuzluqdan əziyyət çəkən Markesin qalmağa yeri olmadığına görə fahişəxanalarda yaşayırmış.
— Hər gün onun yazı masasının üstündə sarı qızılgül və ya zanbaq olardı. Markes heç vaxt qızıl aksesuarlar taxmazmış.
— Markesin ölümündən sonra Azərbaycanda da bəzi saytların “bəh-bəhlə” dərc etdiyi, əslində isə bir neçə il bundan öncə yayılan “Vida məktubu” adlı mətni əslində Qabo yazmayıb. Məktub haqda eşidərkən böyük yazıçı özü də təəccüblənmiş və təəssüf etmişdi ki, çoxları buna inanıb. Belə bir versiya var ki, həmin saxta məktubun əlyazmasını Perunun məşhur qəzetlərindən birinə Argentinanın səfiri təqdim edib. Həmin səfirin özü də arada cızma-qaralar edirmiş və bu dəfə görünür Markesin adından istifadə edərək oxunmaq arzusunu reallaşdırıb. Etiraf edək ki, bu saxta məktubu yazan adam istəyinə çatıb. Çünki həqiqətən məktub çox məşhurdur.