Bir neçə il öncə uşaqlara azərbaycan dilinin incəliklərini öyrətmək məqəsədilə Bakıdan bir neçə kitab gətirdik. “Vətən dili, “Riyaziyyat” və digər milli nağıllardan ibarət büroşuralarla bərabər “Azərbycan xalq nağılları” kitabı da Frayberqə gəlib çıxmışdı.
Həmin dövrdə uşağa axşamlar, yatmamışdan öncə kiçik nağıllar oxuyardıq. Düşündüm ki, arada bir bizim nağıllardan da oxumaq yerinə düşərdi, həm uşaq valideynlərinin uşaqlıqda oxuduqları nağıllarla tanış olar, həm də dilləri zənginləşər. Görünür illər ötdükcə elə mənim özüm uşaqlıqda oxuduğum milli nağılların fəlsəfəsini tam unutmuş imişəm. Artıq ikinci nağılda uşaq darıxmağa başladı, nağılın mənasını anlamağa çalışsa da kiçik qafası buna imkan vermədi.
Mən ona divin nə üçün qızı oğurlayıb yerin altındakı mağarasında saçından asdığını, Məlikməmmədin qardaşlarının onu nuyə quyuda qoyub aradan çıxmalarını izah edə bilmədim. Keçəlin isə niyə saçlarının töküldüyünü uşaq dili ilə aydınlatmaq elə də asan olmadı.
Sonradan mənə agah oldu ki, gecələr uşağa oxuduğumuz Astrid Lindqrenin hekayə-nağılları öz təsrini göstərib. Astrid Lindqren nağıllar dünyası elə füsunkardır ki, istər uşaq, istərsə də böyük oraya girdikdə çıxa bilmirlər. Bu hekayələrə qulaq asmış, onu oxumuş uşağı qədim dövrlərə aid “Yaxşı padşahın nağıl”ları ilə maraqlandırmaq çox çətindir.
Astrid Lindqrenin kitabları əbəs yerə bir çox dillərə tərcümə olunmayıb. XX əsrin ortalarından yazıb-yaratmağa başalayan xanımın öz uşaqlıq aləmi olub. Astrid Lindqrenin əsərlərində aşıladığı fəlsəfənin əsasında tez böyümək, özlərini böyüklər kimi aparmaq istəyən uşaqlıq arzuları dururdu. Mühafizəkar cəmiyyətdə böyümüş və yaşayan yazıçı öz hekayələrində uşaq dəcəlliklərini ön plana çəkməsi ilkin vaxtlarda cəmiyyətdə heç də müsbət qarşılanmamışdır.
Amma ilkin kitab olan “Uzuncorablı Pippi” çap olunandan sonra, qısa bir zamanda o uşaqlar tərəfindən rəğbətlə qarşılanmış və bu kitab yazıçının yaradıcılığında əsas sütun təşkil etmidir. Normal qaydalara tabe olamayan, məktəbin altını-üsütünə çevirən, qayda qanunu, hörməti ələ salan və reallıqdan qaçan Pippiyə xass olan əlamətlər sonrakı kitalarda da Astrid Lindqrenin yaradtığı uşaq qəhrəmanlarını qədim nağıllarda olanlardan fərqli etmiş və onu dəyişməkdə olan cəmiyyətin üzvləri arasında sevdirmişdi.
Məsələn “Quldur qızı Ronya” əsərində yazıçı qadınların problemlərinə toxunur, onların bərabərliyindən, mübarizəsindən söhbət salır. O dövrdə ailədə qızın anadan olması arzu olunmadığından, bu əsərində Lindqren Ronyanın da çox güclü və qoçaq olmasını önə çıxarır və bununla onun heç də oğuldan pis varis olmamasını göstərir.
Uşaq xəyallarını öz əsərlərində mahirliklə qələmə alan Astrid Lindqren onları öz nağıllar aləminə aparır, orada əyləndirdikən sonra reallığa qaytarır. Onun yazı üslubunun üstün cəhəti ondan ibarətdir ki, hadisələr uşaqlar ətrafında cərəyan edir və onlar əsas qəhrəman kimi hadisələrin gedişini müəyyən edirlər.
Neçə illər sonra, ahıl vaxtımda Astrid Lindqrenin əsərlərini oxuyub təsirlənəcəyimi və uşaqlıqda böyük-kiçiyə hörmət, ədalətli şah, xeyir və şər, yaxşlıq və pislik kimi cəfəngiyyatlarla dolu oxuğum kitabların mənim uşaqlığımın və gəncliyimin formalaşmasında oynadığı rolunu anlayacığımı və bu dəyərlərin aşıladığı keyfiyyətlərin məni uzun müddət “ağsaqqlar” qarşında borclu, ikiqat etməsini dərk etməyim heç ağlıma gəlməzdi.
Astrid Linqren öz kitablarında təsvir etdiyi problemlər bəlkə də İsveç cəmiyyəti üçün artıq keçmişdə qalıb. Amma o yolu keçmək istəyən Azərbaycan cəmiyyəti üçün bu problemlər hələ göz qabağındadır.
Astrid Lindqren haqqında mühəndis təfəkkürü ilə yazdığım bu mətnlə bildirmək istədiyim arzum azərbaycanlı uşaqlarının da onun yaratdığı sehirli aləmdən dad almalarıdır. Dahi uşaq yazarının hansı əsərlərinin Azərbaycan dilində mövcud olmasından asılı olmayaraq istərdim ki, Astrid Lindqrenin bütün əsərləri və onlar əsasında çəkilmiş filmlər azərbaycan dilinə tərcümə olunsun. Yoxsa uşaqların başını “Məlikməmməd”lə, “Keçəl”lə qatmaqla cəmiyyətdə etmək istədiyiniz dəyişikləri reallaşdırabiləcək sərbəst düşünən gənc nəsildən əlinizi üzmək lazımdır.
P.S. Ümumiyyətlə azərbaycan dilində uşaqlar üçün yazılmış hekayələri, romanları çox pis xatırlayıram. İnternetdə bu dahi İsveç yazıçı haqqında azərbaycan dilində apardığım axtarış heç bir nəticə vermədi. Görünür Lindqren fəlsəfəsi milli dəyərlərə zid olduğundan tərcümə olunmayıb.
Diqqətimi başqa bir şey də çəkdi. Yeni yaradılmış milli uşaq portallarında yerləşdirilmiş, yeni yazılmış nağıl-hekayələr də padşahla başlayır, padşahla qurtarır.
Fotoda Astrid Lindgren və «Pippi»
Dr. Rezo Əliyev (Almaniya)