Kurt Vonnequt

Kurt Vonnequt

Amerikalı yazıçı Kurt Vonnequt:Kurt Vonnegut
Vyetnamdakı müharibə milyonçuları milyarder etdi, İraqdakı müharibə isə milyarderləri trilyonçu edəcək. Mən bunu inkişaf adlandırıram...

Hamı pis kitab yazır, mən niyə yaza bilmərəm ki?...
Atam və babam memar olub. İndianapolisdənik. Ancaq atam memarlıqdan başqa istənilən sənəti seçməyimi tapşırmışdı.
Evin kiçik övladları həmişə zarafatcıl olurlar. Süfrə arxasında özünə cəlb etməyin ən yaxşı yolu zarafat etməkdir.

Bacımın özünəməxsus yumor hissi var idi – kimsə yıxılanda sevincinin həddi-hüdudu olmurdu. Bir dəfə o, maşından çıxan qadının ayağı dolaşaraq yerə çırpıldığını görmüşdü. Bu hadisədən sonra bacım hələ bir neçə həftə güldü.

Böyük depressiyadan sonra ailəmiz bütün var-yoxunu itirdi, anam dəbli jurnallar üçün yazmağa başladı. Ədəbiyyat kurslarına getdi. O, təkcə oxumaqla kifayətlənmirdi, o, bütün jurnalları öyrənməyə başladı – oyunçular at yarışlarının nəticələrini izlədikləri tək.

Oğullar, adətən, analarının həyata keçmədiyi arzuları reallaşdırmağa çalışırlar.
Mənim ədəbi təhsilim yoxdur. Universitetdə kimyanı, daha sonra antropologiyanı oxumuşam. Bleykə aşiq olduğum vaxt otuz beş yaşım vardı, qırx yaşımda “Madam Bovari”ni oxudum. Tam təsadüf nəticəsində, mən Tomas Vulfun “Öz evinə nəzər yetir, mələyim” kitabını oxudum. Əslində, bu kitabı on səkkiz yaşımda oxumalı idim.

Mən uşaq kimi yazıram. Uzun cümlələrdən istifadə etmirəm. İroniyadan qaçıram – insanların bir şey söyləyib, başqa şey düşünmələrini sevmirəm. Ona görə, məni məktəblilər oxuyur.

İncəsənət nümunəsinə əsəbləşmək şokolad souslu dondurmaya incimək kimi bir şeydir.
Bir dəfə oğlum Markdan həyatın mənasının nə olduğunu soruşdum. O cavab verdi: “Biz bir-birimizə yardım etmək üçün doğulmuşuq”. O, haqlıdır.

Bir çoxları düşünür ki, Drezdenin məhvi düşərgələrdə həlak olan insanların qisası idi. Ola bilər. Ancaq ölüm hökmü həmin vaxt şəhərdə olan hər kəsə oxunmuşdu — uşaqlara, qocalara, heyvanlara, nasistlərə, mən və dostum Bernarda. Daha çox cəsəd – daha düzgün qisas...

Dünyada yalnız bir insan Drezdendəki qırğından xeyir götürdü. Həmin adam mənəm. Mən Drezdendə həlak olan hər nəfərə görə üç dollar qazandım.

Mən dərd çəkirəm, təsəvvür edin, mən kitab yazıram. Prezidentlər və generallar isə onu oxumur.
Bütün ömrüm boyu rəsm çəkmişəm, ancaq heç kimə onları göstərmirəm. Bu çox xoş, gözəl məşğuliyyətdir. Hamıya məsləhət görürəm. Oxuyun, rəqs edin, rəsm çəkin, musiqi alətində çalın. Vacib deyil, bu sizdə yaxşı alınacaq, yoxsa yox. Bununla, siz ruhunuzu qidalandırmış olacaqsınız.
İnsanların yaxşı yalana ehtiyacı var, çünki ətrafdakı pisin sayı çoxdur.

Televiziya — ən canlı incəsənət növüdür. Bir çoxları üçün televiziya həyatın özüdür.

Vacib deyil, sən harada yaşayırsan, ailən kimdir. Televiziyanı yandırırsan və orada sənin öz ailən var.
Qohumlarım mənim varlanmağıma şad olduqlarını söyləyirlər. Ancaq əvvəlki tək kitablarımı oxuya bilmədiklərini etiraf edirlər.

Hamı pis kitab yazır, mən niyə yaza bilmərəm ki?
Mən dülgər, çilingər və avtomexaniklərlə söhbət etməyi sevirəm.

İstənilən işdə istedad gərəkdir. Mən Keyp-Kodda mexanikliyi oxuyurdum, lakin istedadım olmadığına görə məni xaric etdilər.
Yazıçılar ən yaxşı kitablarını qırx beş yaşına qədər yazırlar.
Pall Mall-un istehsalçısını məhkəməyə verəcəm: 83 yaşım var, on iki yaşımdan Pall Mall çəkirəm və bu utanmaz yalançılar o vaxtdan bəri məni öldürməyi söz verirlər, özü də bunu düz siqaretin üzünə yazırlar. Amma mən hələ də sağam.

Siqaret çəkmək – özünə qəsdin yeganə kübar yoludur.
Əgər nə vaxtsa Allah eləməsin, ölsəm, mənim qəbrimdə yazmaq lazımdır: “Musiqi ona Allahın mövcud olduğunu sübut edən yeganə şey idi”.

Vyetnamdakı müharibə milyonçuları milyarder etdi, İraqdakı müharibə isə milyarderləri trilyonçu edəcək. Mən bunu inkişaf adlandırıram.

 Buşla Hitler arasında yeganə fərq ondadır ki, Hitleri, həqiqətən, seçmişdilər.
Ölkəm xarabalığa çevrilib. Mən isə zəhərlənmiş akvariumdakı balığam. Biz böyük ölkə olmalı idik, ancaq bütün dünya bizə nifrət edir.

Mən əminəm ki, QİÇS xəstəliyi planetimizin immun sisteminin bizdən azad olması cəhdidir. İki dünya müharibəsindən sonra planetin bizdən azad olmaqdan başqa yolu yoxdur. Biz dəhşətli heyvanlarıq.
Mənə elə gəlir ki, təkamül prosesini Tanrının mühəndislərindən biri həyata keçirir. Ona görə, zürafələr, begemotlar və qonoreya mövcuddur.
Bu dünya çox ciddidir.

İnsanlar, rica edirəm, xoşbəxtliyinizi anlayın..

Təəsüf ki, mən musiqiçi deyiləm.
Bax belə işlər...

Tərcümə: Aytən Cavanşir
Top