“Volkswagen” şirkəti 1988-ci ildə “Time” jurnalında yayımlayacağı reklam seriyası üçün bir çox məşhurdan 100 il sonraya məktub yazmağı xahiş edib. Layihəyə qatılanlar arasında yazıçı Kurt Vonnequt da vardı.
Yazıçı məktubunu Şekspirin “Hamlet” əsərindəki Poloniyi xatırladaraq başlayır:
“Poloniyin ”Hər şeydən əvvəl özünə qarşı düzgün ol” deməyi yadınızdadır? Ya Müqəddəs İohann kilsəsində yazılan “Tanrıdan qorxun. Onu yüksəldin. Çünki onun mühakimə vaxtı gəldi!” əmrini xatırlayırsınız?
Bu əsrdən sizə, ya da əslində istənilən birinə verə biləcəyim ən yaxşı məsləhət içkiyə tövbə edən əyyaşın etdiyi dua olacaq: “Tanrım, mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün dinclik, dəyişdirə biləcəyim üçün cəsarət və aradakı fərqi anlamaq üçün ağıl ver”.
Vonnequt gələcəyə ötən əsrin təbiətindən də danışmağı unutmayıb: “Məni ən çox təəccübləndirən Təbiətin heç də təbiətsevər olmamağı idi. Planetimizi yerlə bir edəndə də, fərqli də olsa hər şeyi yenidən yerinə qaytaranda da bizim köməyimizə ehtiyacı yox idi və biz canlılar onun bunları edəndə heç nəyi inkişaf etdirmədiyini, ancaq dəyişdiyini görürdük.
İldırımla çəmənlərə od vururdu, əkinə yararlı torpaqlara lavalar yağdırırdı. Hələ buz parçalarını Cənub Qütbündən qoparıb Asiyaya, Avropaya, Cənubi Amerikaya sürükləyir arada. Təbiətin bir gün bunlardan əl çəkəcəyini düşünmək üçün heç bir səbəb yoxdur.
İndi də Afrikadakı təsərrüfatları biyabana çevirir. Nəhəng sunamilərin baş verməsini, meteroidlərin başımıza yağmasını gözləyə-gözləyə qalmışıq. Əgər insanlar həqiqətən Təbiətin onlara dost olduğunu düşünürlərsə, başqa düşmənə ehtiyacları yoxdur demək”.
Təbiətin necə amansız olduğunu vurğulayan Vonnequt siyasi məsləhətlərini də əsirgəməyib:
“Ümid edirəm kor, axmaq optimistləri lider seçməkdən əl çəkmisiniz. Mənim dövrümdəkilər böyük şirkətlərin başına keçib böyük fəlakətlərə yol açmaqdadır. İndi ehtiyacımız olan liderlər inadla həyatdan yapışıb, Təbiəti məğlub edəcəklərini iddia edənlər deyil, Təbiətin çılğınlığını və atəşkəs qaydalarını dünyaya göstərəcək qədər cəsur və ağıllı olanlardır. Atəşkəs qaydaları isə bunlardır:
1. Əhali sayını azaldıb sabitləşdirin.
2. Havanı, suyu və torpağı çirkləndirməkdən əl çəkin.
3. Müharibəyə hazırlaşmaqdansa real problemlərinizlə maraqlanın.
4. Uşaqlarınıza və əlbəttə ki özünüzə ətrafdakıları öldürmədən balaca bir planetdə necə yaşaya biləcəyinizi öyrədin.
5. Bir trilyon dollar xərcləsəniz, elmin hər şeyi həll edəcəyinə inanmaqdan əl çəkin.
6. Siz nə qədər israfçı olursunuz olun, nəvələrinizin nə vaxtsa başqa planetə köçüb daha yaxşı həyat quracağına inanmağı buraxın. Bu, həm qəddarlıqdır, həm də axmaqlıq.Və bunlara oxşar digər şeylər. “
7. Və bunlara oxşar digər şeylər. “
Məktubun son abzasında yazıçı niyə öz dövründə bu qədər bədbin olduğunu açıqlayır:
“Yüz il sonrakı həyatı niyə belə bədbin görürəm? Bunun səbəbi bəlkə də alimlərlə çox, siyasətçilərin çıxışlarını yazanlarla az vaxt keçirməyimdəndir. Kim bilir, bəlkə 2088-ci ildə həyatlarını bir çantaya qoyan evsizlərin də cibində raketlər və ya vertolyotlar olacaq”.