2007-ci ildə Devid Lassman adında bir ingilis yazıçı qələmə aldıqlarını nəşriyyatlara göndərir, ancaq dərc olunmurmuş. Devidin fikrincə, əslində naşirlər kitabları oxumur və bu məsələyə məsuliyyətsiz yanaşırlar. Bunu sübut etmək üçün plan qurur, dünya ədəbiyyatının nəhənglərindən sayılan Ceyn Ostenin 3 böyük romanının orasını-burasını azacıq dəyişdirib öz imzasını qoyaraq 18 nəşriyyata göndərir. Onlardan cəmi biri yazıçını plagiatlıqda günahlandırır, digər 17 nəşriyyat isə romanları zəif olduğuna görə çap etmirlər.
Don Kixot bu gün nəşr olunardı?
Amerikan redaktorlardan biri Don Kixotu “bu gün nəşr edilməsi şübhəli görünən əsər” kimi dəyərləndirərək bir çox nəşriyyatlara “Bu gün sizə “Don Kixot” əsəri gəlsəydi, çap edərdiniz?” sualı ilə müraciət edib, bəziləri tam səmimiyyətlə “Xeyr” cavabını veriblər.
Prustun romanını da geri qaytarıblar
Marsel Prust “İtmiş zamanın axtarışında” romanını nəşriyyata göndərdikdən sonra naşir belə reaksiya verib: “Bu əsəri çox ciddi şəkildə ixtisar etmək lazımdır. Yalnız bundan sonra karton cildlərlə çap etmək mümkündür. Əgər müəllif buna razı olmasa, tullayın getsin”.
Məşhur yazar Bernard Şou da eyni problemlərlə üzləşib. Məşhur olmamışdan qabaq yazdığı 5 romanı 60 nəşriyyatdan rədd cavabı alıb.
Tomas Eliot Oruelli necə geri qaytarıb?
Əvvəllər bəyənilməyib, sonradan çox böyük uğur qazanan əsərlər müəlliflərinin baş tacı olduğu qədər, bu əsərləri geri qaytaran redaktorları lağ obyektinə də çevirib.
1944-ci ildə Corc Oruell məşhur “Heyvanıstan” əsərini də götürüb “Faber&Faber” nəşriyyatına rəhbərlik edən Tomas Eliotun yanına gedir. Əsərlə tanış olduqdan sonra Eliotun müəllifə cavabı belə olur: “Bu əsərin məni qane etməməyinin səbəbi onun mənfi aurasıdır. Müəllifin istədiklərinə, etirazlarına simpatiyam var, amma kitabın əsas ideyası olan trotskzim oxucunu inandıra bilmir”.
Alfred Humboldt adlı naşir isə Prustun “İtmiş zamanın axtarışında” əsərini ona göndərən dostuna yazırdı: “Əziz dostum, oxudum gic oldum. A kişi, bir insanın yatmamışdan qabaq yatağın içində o tərəf bu tərəf fırlanmasına otuz səhifə həsr etməyin mənası nədir?” Hətta başqa bir naşir əsəri açmadan paketin içindəcə geri göndərmişdi. Prust axırda məcbur qalıb öz imkanları hesabına romanını dərc etdirir.
14 yaşındakı Viktor Hüqo
Viktor Hüqo 14 yaşında olarkən Parisdə bir naşirin yanına gedir ki, şeirlərini çap etdirsin. Ancaq naşir “yox” cavabını verir. Hüqo isə özünə deyil, naşirin halına acıyır: “Səhv etdiniz. İlk şeirlərimi çap etsəydiniz, sonrakı bütün əsərlərimin çap hüququnu sizə verəcəkdim”.
Balzakın əsərləri isə nəinki çap olunmaq problemi, hətta nəşriyyatın qapısına qədər gedib çıxmaqda da çətinliklərlə üzləşib. Kitabın rədd olunma “şərəfi” məxsusi olaraq Balzakın ailəsinə nəsib olub. İlk əsərini yazmaq üçün oğullarına maddi yardım edən valideynlər əsərlə tanış olduqdan sonra onu kəskin tənqid edirlər. Hətta Balzakın özünü də inandırırlar ki, əsər pisdir. Balzak tənqidləri qəbul edir və romanı şkafa qoyub qapısını bağlayır.
Rəna Nevzat