Yazarların əvvəlki peşələri

Yazarların əvvəlki peşələri

Dünya ədəbiyyatında şöhrət qazanan yazarların böyük əksəriyyətinin vaxtilə müxtəlif peşə-sənət sahibi olduqları tarixə yaxşı bəllidir. 

Robert Frost (1874-1963) qəzetpaylayan, müəllim köməkçisi (assistenti), zavodda yanmış elektrik lampalarını yeniləməkdən cavabdeh texniki işçi, müəllim və fermer işləyib.

Uilyam Berrouz (1914-1997) – dezinsektor (zərərli həşəratları kimyəvi preparatların köməyi ilə məhv edən mütəxəssis – A.Y.) işləyib. Bu peşəyə necə vurulubsa, sonralar hekayə toplularından birini “Dezinsektor” adlandırıb.

Ceyms CoysCeyms Coys (1882-1941) – məşhur “Dublinlilər” adlı hekayələr kitabı üzərində işləyərkən fortepianoda çalıb-oxumaqla çörəkpulu qazanırmış. Həmən vaxt düz 22 dəfə işə düzəlmək üçün cəhd eləsə də, bunlar nəticəsiz qaldığından onun tək ümid yeri — fortepianoda ifa qabiliyyəti imiş.

Vladimir Nabokov (1899-1977) – entomoloq (kəpənəklər üzrə mütəxəssis) imiş. Bu incə varlıqların təkamül prosesi barədə Nabokovun irəli sürdüyü nəzəriyyənin doğruluğu çox sonralar, yəni 2011-ci ildə həşəratların DNT analizləri əsnasında sübuta yetirilibdir.

Marqaret Etvud (1939) – Toronto (Kanada) qəhvəxanalarından birində kassir və ofisiant işləyib. Bu işdə çalışarkən aldığı dərin bir psixoloji travmanı o, ömrü boyu unutmayıb.

Duqlas Adams (1952-2001) – xəstəxanada sanitar, kənd təsərrüfatı işçisi, toyuq hinlərinin təmizlikçisi, oteldə mühafizəçi və əslən Qatardan olan bir neft maqnatının ailəsinin cangüdəni olub.

Ken Kizi (1935-2001) – Mərkəzi Kəşfiyyat İdarəsinin (ABŞ) LSD narkotik maddəsinin insan psixikasına təsirinin araşdırılmasıyla bağlı apardığı testlərə könüllü kimi qatılıbmış.

Cerom Devid Selincer (1919-2010) – İsveçə məxsus beşulduzlu dəniz kruizi laynerində animator işləyib.

Don Delillo (1936) – avtomobil parkinqində nəzarətçi işləyib. Boş vaxtı çox olduğu üçün o ara xeyli bədii kitab oxuması onun yazar olması ilə nəticələnib.

Haruki Murakami (1949) – musiqi disklərinin satışı üzrə ixtisaslaşan mağazada satıcı imiş. Evlənəndən sonra o, xanımıyla birlikdə Tokio şəhərində “Peter Cat” adlı qəhvəxana və caz barı açıb.

Con Qrişem (1955) – xəstə baxıcısı, bitki sulayıcısı (saatbaşına haqqı 1 dollar olmaqla) işləyib. Sonradan o, bağ çəpərləri çəkməyə başlayıb və əvvəlki maaşı yarım dollar artırılıb. Bu işdə sən deyən irəliləyə bilməyəcəyini anlayandan sonra su təsisatı üzrə texnik işləyib.

Corc OruellCorc Oruell (1903-1950) – Britaniya imperiyasının Birmadakı polis kontingentində zabitlik edib və 20.000 nəfərin can güvənliyinə cavabdehlik daşıyıb.

Stiven Kinq (1947) – oteldə şveysar (qapıçı) olub.

Herman Melvill (1819-1891) – gənc ikən bir kruiz laynerində matros olub. Həmin dövrdə yeganə səfəri Liverpuldan Nyu-Yorka olub. Sonralar isə müəllim işləyib.

Kurt Vonnequt (1922-2007) – “SAAB” (İsveç) avtomobil şirkətinin Massaçusetsdəki diler mərkəzinin meneceri işləyib. Daha sonralar “General Electric” şirkətinin ictimaiyyətlə əlaqələr (PR) şöbəsinin əməkdaşı və Alplausdakı yanğınsöndürmə briqadasının üzvü olub.

Cek London (1876-1916) – Klondaykda külçə qızıl axtarmaqla məşğul imiş. Ondan əvvəl isə o, konserv zavodunda və qanunsuz istridyə (ləziz dəniz ilbizi) ovu ilə məşğul olub. Həmin vaxtlar dənizdə ova çıxdığı balıqçı qayığının adını isə “Razzle-Dazzle” qoyubmuş.

Con Steynbek (1902-1968) – balıqyetişdirmə zavodunda ekskursiyaçı (gid) işləyirmiş. Həmin dövrdə o, gələcək həyat yoldaşıyla tanış olur. Sonralar uzun müddət həmin zavodda anbardar işləyib.

Cek Keruak (1922-1969) – benzindoldurma stansiyasında texniki işçi, sonralar pambıqyığan, qarovulçu, elektrik qatarında konduktor, qabyuyan, inşaat fəhləsi və gəmidə matros işləyib.

Cozef Heller (1923-1999) – dəmirçi şagirdi, kuryer (qasid) və klerk olub.

Cozef Konrad (1857-1924) – qanunsuz silah satışı ilə uğraşması azmış kimi, qanunla yasaqlanan siyasi fəaliyyətlə də məşğul olub.

Harper Li (1926) – “Eastern Airlines” və “BOAC” hava yolları şirkətlərində təyyarə biletlərinin satışı üzrə menecer işləyib.

Tanınmış çağdaş rus yazarları arasında da ədəbiyyata başqa fəaliyyət sahələrindən gələnlər az deyildir:

Viktor Pelevin (1962) – çağdaş rus nəsrinin ən məşhur siması sayılan yazar 1984-cü ildə Moskva Energetika İnstitutunu bitirib, aldığı texniki ixtisas üzrə bir müddət işləyib, daha sonra isə aspiranturada oxuyub.

Vladimir SorokinVladimir Sorokin (1955) – Moskvadakı Neft və Qaz İnstitutunu bitirsə də, aldığı mexanika mühəndisi ixtisası üzrə heç vaxt işləməyib. Bir müddət 50-yə qədər texniki kitaba bədii tərtibat verməklə çörəkpulu qazanıb.

Eduard Limonov (1943) – peşəkar dərzidir. Sovetlər dönəmində (1964) əvvəlcə Xarkov, sonradan isə Moskva ziyalıları üçün o vaxt dəbdə olan cins şalvarlar tikirmiş. Gənclik illərində isə yükçü, yüksək qurğularda quraşdırmaçı, poladəridən, kitab satıcısı və şalban doğrayan fəhlə kimi işləyib.

Zaxar Prilepin (1975) – vaxtilə qara fəhlə, qarovulçu və OMON-da bölmə komandiri olub, 1996-1999-cu illərdə Çeçenistanda vuruşub. Sonralar təkcə yazıçı kimi yox, həm də jurnalist, siyasətçi, biznesmen, aktyor və musiqiçi kimi də tanınıb.

Olesya Nikolayeva (1955) – Novodeviçye monastırı iqumeni Serafimanın sürücüsü olub.

Yuriy Mamleyev (1931) – axşam məktəblərində fizika-riyaziyyatdan dərs deyib.

Andrey Rubanov (1969) — əvvəllər qəzetdə müxbir, inşaatda fəhlə, şirkətdə cangüdən və bankir işləyib.

Aleksandr Proxanov (1938) – Moskva Aviasiya İnstitutunu bitirib və mühəndis işləyib. Sonralar Kareliyada meşəqıran və turist gidi işləyib.

Dmitriy Bakin (1964) – cavanlığında ağır tonnajlı yük maşınının sürücüsü imiş.

Hazırladı: Azad Yaşar 

Top