— Səni sevirəm.
— Ancaq sən məni heç tanımırsan ki?
— Bunun sevgiyə nə dəxli var?!
— Çox dəxli var. Sevmək – birisiylə baş-başa qocalmaq istəyidir.
— Bundan mən heç nə anlamasam da, başqa birisi olmadan insanın niyə yaşaya bilmədiyi mənə yaxşı bəllidir.
(Erix Mariya Remark «Zəfər tağı» romanından)
Erix Paul Remark 22 iyun 1898-ci ildə Almaniyanın əyalət şəhəri sayılan Osnabryukda kitab cildçisinin ailəsində dünyaya göz açıb. 1915-ci ildə orta məktəbi bitirəndən sonra o, pedaqoji təhsil almaqdan ötrü katolik kurslarına yazılsa da, 1916-cı ildə orduya çağırılır və əsasən Qərb cəbhəsində vuruşur. Müharibənin bitmə xəbəri gələndə o, qumbara qəlpəsinin sol ayağında, sağ qolunda və boynunda açdığı yaraların müalicəsindən ötrü lazaretdə yatırmış. 1919-cu ildə doğma şəhəri Osnabryuka dönən Remark təhsilini başa vurur, ucqar kəndlərdə xəstələnən və ya işə çıxmayan pedaqoqları əvəz edir, başqa sözlə, «yardımçı (stajçı) müəllimlik» fəaliyyəti ilə məşğul olur.
Bu işi candərdi görən Remarkı o illərdə hər şeydən çox ədəbi yaradıcılıq maraqlandırır. Dünyalar qədər sevdiyi anasının vəfatından sonra, 1921-ci ildə o, ad-soyadındakı ikinci adı anasının xatirəsinə dərin ehtiram əlaməti kimi «Mariya» yazdırır. Onun ədəbi zövqünün formalaşmasında sevərək oxuduğu yazarların – F.Dostoyevskinin, S.Sveyqin, T.Mannın, M.Prustun və İ.Götenin təsiri danılmazdır.
1920-ci ildə çap etdirdiyi ilk romanında o dövr üçün xarakterik sayılan dekadent əhval-ruhiyyə və həyat fəlsəfəsi üstünlük təşkil edirdi. Öz yaradıcılığı və davranışları ilə o, həmişə sıravi burjuaları cırnatmağa çalışırdı. Osnabryuk əhlinin ona nifrətinin bir səbəbi də saxladığı itə «Noske» adı verməsiydi, çünki sosial-demokratlardan olan siyasətçi Qustav Noske 1919-20-ci illərdə hərbi nazir postunda çalışmışdı. Şəhər camaatının bu tarixi şəxsiyyətə dərin rəğbətini görməzlikdən gələn Remark öz itini parkda, küçədə gəzdirərkən ona: «Noske, niyə sözə baxmırsan? Əcəb zay itsən!» deyə təpinər və çevrədəkiləri bilərəkdən qıcıqlandırardı.
1920-ci ildə kənd məktəblərindəki şagirdlərini pedaqoqluğa daha çox maraq duyan məsləkdaşlarının öhdəsinə buraxan Remark xırda-para işlər görməklə özünə çörəkpulu qazanmağa başladı. Gah dükanda eşikağası (lakey) işlədi, gah mühasib, gah başdaşı ticarətiylə uğraşdı, gah musiqi dərsi verdi, gah orqan çaldı, gah da teatr tənqidçiliyi elədi. Həmin dövrdəki yaşantılarını sonradan o, özünün «Qara abidə» romanında qələmə alır.
1921-ci ildə Hannover şəhərinə köçən Remarka rezin məmulatlar istehsal edən «Kontinental» zavodunun «Echo Continental» jurnalında redaktor vəzifəsi həvalə olunur. Eyni zamanda o, qısa və çarpıcı reklam mətnləri yazmaqda qələmini sınayır. Maşın həvəskarı olan Remark avtomobil təkərlərinin uğurlu satışı üçün bütün istedadını səfərbər edir və özünün də dediyi kimi, «rezin məmulatlar istehsalında nüfuzlu birisinə, avtoritetə çevrilir».
Həmin illərdə o, qəzet və jurnallarda məqalələr, açıqlamalar və məzəli məsləhətlər (məsələn, «Dekadans üzrə bələdçi», yaxud «Ləzzətli» şnapsları necə qarışdırmalı" mövzularında) çap etdirir. Nəhayət, bir gün uğur onun da qapısını döyür və Remark paytaxtda işləmək barədə təklif alır. 1925-ci ildən etibarən Berlində çıxan idman qəzetlərindən birində çalışan yazar qısa müddətdə avtomobil modelləri barədə yazan aparıcı mütəxəssisə çevrilir.
İyirminci illər Berlində «qızıl onillik» sayıldığından Remark da hər şeydə son dəblə ayaqlaşmağa üstünlük verir, bir növ dendi həyatı yaşayır: daim gözlük taxır, müharibədə aldığı ordenləri yaxasına taxaraq, məclislərdə şellənir, özünə pulla zadəganlıq titulu alır, silindirsiz küçəyə çıxmır, daim əlində çətirlə dolaşır. Hər mənada xaricdən gəlmiş modabaz cavan təsiri bağışladığı üçün gənc kübar xanımlar arasında böyük rəğbət qazanır.
Günlərin bir günü içində «yazmaq mərəzi» baş qaldırır və o, işlədiyi «Sport im Bild» adlı jurnalda 1927-28-ci illərdə "Üfüqdəki stansiya" adlı romanını çap etdirməyə başlayır. Bayağı mövzulardan bəhs edən bu əsərin başlıca məziyyəti – dəbdəbəli maşınların və şux cuvanəzənlərin bolluğu idi.
Məhz belə qadınlardan biri, keçmiş rəqqasə İlza Zambona ilə Remark 1925-ci ildə nikaha girir. Uzun illər vərəm xəstəliyindən əziyyət çəkən bu qadınla o, 1931-ci ildə boşanır. 1933-cü ildə faşistlər Remarkın müharibəyə nifrət hissi aşılayan əsərlərini tonqallarda yandırandan sonra yazar İsveçrəyə köçməyə məcbur olur. 1938-ci ildə həmin xanımla təkrar, bu dəfə fiktiv nikah bağlayan Remark İ.Zambonanın Almaniyadan İsveçrəyə, oradan isə ABŞ-a getməsinə sırf imkan yaratmaq üçün bu addımı atır. İ.Zambona onun bir sıra romanlarının, o cümlədən «Üç yoldaş» romanındakı Pat surətinin prototipinə çevrilir. 1957-ci ildə o, İlza Zambona ilə rəsmən boşansa da, ömrünün sonuna qədər bu qadınla sıcaq münasibətlərini qoruyur, maddi baxımdan həmişə ona əl tutur. Hətta bu xanıma 50 min dollar verilməsi barədə vəsiyyətnaməsinə xüsusi bənd də salır.
Yaxın dostlarının dediyinə görə, hələ Berlində ikən Remark tez-tez ziyafət və qonaqlıqları təcili qaydada tərk edərkən: «Mən gedirəm, yarımçıq əlyazmam üzərində işləməliyəm. Arvadımı isə sizə əmanət edirəm, bax, darıxmağa qoymayın ha!» deyirmiş.
Onun «yarımçıq əlyazma» dediyi mətn Birinci Dünya Müharibəsindən bəhs edən «Qərb cəbhəsində dəyişiklik yoxdur» romanı imiş. 1931-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına nominant göstərilsə də, bu əsər seçim turlarından keçə bilmir və həmin il üçün ödül İsveç şairi Erik Karlfeldtə verilir. Buna rəğmən, ədəbiyyat tarixində görünməmiş oxucu rəğbəti qazanan bu əsərin dünya ölkələrində ümumi tirajı 25 milyon ədədə yüksəlir.
Romanın əlyazmasını Səmüel Fişerin nəşrlər evinə təqdim eləyən Remark oradan imtina cavabı alır. Az sonra Fişer buna görə it kimi peşman olur. Deyilənlərə görə, məşhur alman yazarı Tomas Manna o vaxtlar naşir belə bir etirafda bulunubmuş: «Hansı naşir bu cür əsərə arxa çevribsə, bu o deməkdir ki, onun öz kitabı artıq bağlanıb».
1928-ci ilin avqustunda «Propileen» nəşriyyatı əlyazmanı çapa hazırlayır və nəşrin uğuru üçün görünməmiş reklam kampaniyasına start verir. İlk altı ay ərzində romanın tirajı 500 min ədədə çıxır. «Propileen» nəşriyyatının sahibi romanı ekranlaşdırmaq hüququnu «Universal pictures» kinokompaniyasına satır və 1930-cu ilin aprelində rejissor Lüis Maylstounun çəkdiyi «Qərb cəbhəsində dəyişiklik yoxdur» filmi ekranlara çıxır. Bütün bunlardan sonra Remarkın müəllif qonorarının məbləği o dönəm üçün astronomik sayılacaq 100.000 dollara qədər yüksəlir.
1932-ci ildə İsveçrəyə səfər edən E.M.Remark orada özünə gözəl bir villa alır. Askonada, Laqo-Macor gölünün sahilində, Porto Ronko adlanan yerdəki bu villada Remark öz köhnə ehtiraslarının əsirinə çevrilir. Yəni qadınlarla eyş-işrətə və içkiyə qurşanır, məşhur rəssamlardan P.Sezannın, V.Van Qoqun, P.Qogenin və O.Renuarın tablolarından və antikvar əşyalardan ibarət kolleksiya toplamağa başlayır.
Eyni zamanda yaradıcılıqla da məşğul olan yazar 1931-ci ildə «Qayıdış», 1938-ci ildə isə "Üç yoldaş" romanlarını çap etdirir. Aralarında aşkar bağlantılar sezilən bu əsərlərin heç birisi «Qərb cəbhəsində dəyişiklik yoxdur» romanı qədər rəğbət qazanmır və onun tiraj rekordunu təkrarlaya bilmir.
İyirminci yüzilin otuzuncu illərinin ortalarında Venesiyada olan Remark kinoaktrisa Marlen Ditrixlə tanış olur və bir könüldən min könülə ona vurulur. Talesizlikdən onun bu sevgisi cavabsız qalır. Sonralar Marlen Ditrix qızına deyibmiş: «Remarkla ta səhər açılana qədər söhbət elədik! Bu, ağlasığmazdır! Sonda o, düz gözlərimin içinə baxaraq, mənə dedi: „Sənə etiraf eləməyə məcburam ki, mən – impotentəm (cinsi cəhətdən iqtidarsızam – A.Y)“. Mən də onu süzüb: „Bundan yaxşı nə olar?!“ — dedim. Həm də o an bunu elə şuxluqla söylədim ki! Sənə də yaxşı bəllidir ki, mənim „o iş“lə məşğul olmağa bir elə həvəsim yoxdur və buna görə özümü hədsiz xoşbəxt sayıram! Məhz bu sayədə biz sadəcə söhbətləşərək yuxuya getdik, bir-birimizə olan sevgini bu şəkildə paylaşdıq. Bu, elə xoş, elə nəcib duyğu idi ki!»
Bir çox araşdırmaçılar bu xanımın «Zəfər tağı» romanındakı Joan Madu obrazının prototipi olduğu qənaətindədirlər.
Marlen Ditrixin qızı Mariya Riva xatirələrində yazır ki, anası həmişə impotent kişilərlə xoş davranırmıış, onlardan nəvazişlərini əsirgəməyən bu xanım onlarla dərdləşməkdən mənəvi həzz alırmış.
Remark 1938-ci ildə Almaniya vətəndaşlığından məhrum edilir. Faşizm ideoloqları iddia edirdilər ki, yazarın Fransa yəhudisi olan babası hələ 17-ci əsrdə Almaniyaya köçübmüş və geniş yayılmış yəhudi soyadı sayılan «Kramer» soyadını ayna simmetriyası ilə, yəni addakı hərfləri arxadan önə doğru yazdırmaqla özləri üçün «Remark» soyadı uydurublar.
Digər irad isə onların bu soyadı alman qrammatikasına uyğun şəkildə «Remark» kimi deyil, fransız dilinin qaydalarına əsasən «Remarque» şəklində yazdırmaları ilə bağlıdır. Faşistlər hesab edirdilər ki, bu məqam Remarklar nəslini safqanlı alman olmamaqda suçlamaq üçün aşkar dəlildir.
Sevgilisi Marlen Ditrixin ardınca 1939-cu ildə E.M.Remark ABŞ-da özünə sığınacaq tapır, 1947-ci ildə isə ABŞ vətəndaşlığı alır. Los-Ancelesdə məskunlaşandan sonra o, Hollivud aləminin ən populyar şəxslərindən birinə çevrilir.
O dövrdə Tomas Mannın və Bertolt Brextin ətrafında cəmləşən alman ədəbi elitası Remarkı əsla sevmirdi: onun uğura hesablanmış ədəbi əsərlərini nüfuzlu yazarlar «çeynənmiş mövzulu» və «sırf qalmaqala hesablanmış nümunələr» sayırdılar.
Həmyerlilərindən təkcə Lion Feyxtvangerlə Remarkın nisbətən ilıq münasibətləri var idi. Siyasi görüşlərindəki dərin uçuruma rəğmən, onların hər ikisi dünyanın istənilən guşəsindəki oxucunun qəlbini riqqətə gətirən və ekranlaşmaya yatqın romanlar yazmağın tərəfdarıydı.
1943-cü ildə Marlen Ditrixdən ayrılandan sonra Remarkın bir neçə məşuqəsi olur. Ən nəhayət, o, 1958-ci ildə dünya şöhrətli komik Çarli Çaplinin keçmiş xanımı, aktrisa Polett Qodarla nikahlanır. Həmin vaxt yazar təkrar İsveçrəyə dönür. O vaxtdan ta ömrünün sonuna, yəni 1970-ci ilə qədər Remark gah Porto Ronkodakı villasında, gah Nyu-Yorkda, gah da Romada yaşayır.
1970-ci il sentyabrın 25-də Erix Mariya Remark İsveçrənin Lokarno şəhərindəki Sent-Aqnes klinikasında canını tapşırır və aylar uzunu çəkən anevrizma (Aorta və vena damarlarının incəlmiş divarlarında meydana gələn və görünüşcə üfürmə şarı xatırladan şişkinlikdir. Daha çox beyinə yaxın qisimlərdə rastlanan bu şarlar partladığı zaman beyinə sızan qan qəfil ölümə yol açır – A.Y.) ağrılarından ən nəhayət qurtulur.
Alman ədəbiyyatşünaslar uzun müddət Remarkın şəxsiyyətinə və yaradıcılığına aşkar soyuqqanlılıqla yanaşıblar. Hətta Remarkın dul xanımı Polett Qodar ərinin ədəbi irsini Marbax şəhərindəki Alman Ədəbiyyat Arxivinə təhvil vermək istəyəndə arxiv rəhbərliyi buna hər hansı maraq göstərmir. Elə ona görə də yazarın şəxsi arxivindəki saysız-hesabsız sənədlər bu günə qədər Nyu-York Universitetində saxlanılmaqdadır. Onun yaradıcılıq irsinin toplandığı qovluqlarda maraqlı və əsl sensasiya doğuracaq sənədlər (siyasi publisistika nümunələri, oçerklər, məşhur aktrisa Marlen Ditrixin yazara ünvanladığı məktublar, Remarkın öz xanımı Polett Qodar ilə yazışması və sair) vardır. Yəqin ki, yaxın gələcəkdə bütün bunlar geniş oxucu kütləsi üçün əlyetən mənbələrə çevriləcəkdir.
Yazarın doğulub-böyüdüyü Osnabryuk şəhər arxivinin rəhbərliyi Remarka olan bu ögey münasibətin nə vaxtsa dəyişəcəyinə dərin ümidlər bəsləyir. 1998-ci ildə Erix Mariya Remarkın anadan olmasının 100 illiyi münasibəti ilə Osnabryuk şəhər arxivinin təşəbbüsü ilə yazarın 16 cildlik «Seçilmiş əsərləri» də vətənində işıq üzü görüb.
Sonda onu da vurğulayaq ki, XX əsr dünya ədəbiyyatının tanınmış simaları Riçard Oldinqton, Ernest Heminquey və Con Dos Passos ilə yanaşı, Erix Mariya Remark da «İtirilmiş nəslin» nümayəndəsi sayılır. Belə bir adın onlara verilməsinin başlıca səbəbi isə Birinci Dünya Savaşının odundan, alovundan keçən bu yazarların əsərlərindəki qəhrəmanların səngərlərdə vuruşarkən, ölümün gözünün içinə baxarkən davadan sonrakı həyatla bağlı içlərində bəslədikləri ümidlərin sülh dövründə özünü əsla doğrultmaması, yerlə-yeksan olmasıdır.
Əslinə qalanda bu, bütün müharibələr üçün keçərlidir və dünyanın istənilən guşəsindəki bütün döyüşçüləri eyni dərəcədə «itirilmiş nəslin» təmsilçisi saymaq olar.
Mənbə: kulis.az