Fransız yazıçı, dramaturq və şair Fransua Şarl Moriak 1885- ci il oktyabr ayının 11-də Fransanın Bordo şəhərində çoxuşaqlı tacir ailəsində doğulub. 1887- ci ildə həyat yoldaşı vəfat etdikdən sonra, Fransuanın anası Marqarita Moriak övladları ilə birlikdə valideynlərinin evinə qayıtmalı olur. Son dərəcə utancaq bir uşaq olan Fransua təhsil aldığı Müqəddəs Məryəm məktəbində özünü olduqca bədbəxt hiss edirdi. Üç il sonra o, marionitlər məktəbinə daxil olur və sevimli yazıçıları Rasin və Paskalla da ilk dəfə burada tanış olur. Fransua kolleci bitirdikdən sonra Bordo Universitetinə daxil olur və 1905-ci ildə ədəbiyyat üzrə magistr dərəcəsinə yiyələnir.
Növbəti il Moriak tarixçi, medievist və arxivçiləri yetişdirən De Şart məktəbinə daxil olmaq məqsədilə qəbul imtahanlarına hazırlaşmağa başlayır. 1908- ci ildə o, həmin məktəbə qəbul olunsa da, altı ay sonra təhsilini yarımçıq qoyub özünü tamamilə ədəbiyyata həsr etmək qərarına gəlir. Moriakın bu addımı atmasına “Le Temps Present” nəşriyyatının onun “Birləşmiş əllər” adlı ilk şeir toplusunu nəşr etməyə razılıq verməsi təkan verir. Toplu 1909- cu ildə dərc edilir, 1910-cu ildə isə məşhur yazıçı Moris Barres kitaba müsbət rəy yazır.
1911- ci ildə Moriak ikinci poeziya toplusunun üzərində işləməyə başlayır. Onun ilk romanı – “Buxov altındakı uşaq” əvvəl “Merkür de Frans” jurnalında dərc edildi, 1913- cü ildə isə “Qrasse” nəşriyyatı tərəfindən kitab halında çap olunur. Həmin il Moriak bankir qızı Janna Lafonla ailə qurur. Bu nigahdan onun iki qızı və iki oğlu dünyaya gəlir. Moriakın böyük oğlu Klod özü də gələcəkdə yazıçı və tənqidçi kimi məşhurlaşır. 1914- cü ildə Fransa Almaniyaya müharibə elan edir. Səhhətinə görə hərbi xidmətdən azad edilməsinə baxmayaraq, Moriak Qırmızı Xaça qoşulmaq qərarına gəlir və iki il hospitalda sanitar kimi xidmət edir. 1918- ci ildə hərbi qulluqdan azad eidldikdən sonra o daha iki roman yazır. Moriaka əsl uğuru qazandıran isə 1922- ci ildə nəşr edilən “Cüzamlıya bəxş edilən öpüş” romanı olur. Moriakın həmin il nəşr edilən növbəti iki romanı “Alov çayı” və “Ana” katolik kilsəsinin sağ qanadının nümayəndələri tərəfindən mənfur, hətta pornoqrafik bir kitab kimi qiymətləndirilir.
Yazıçının 1925-ci ildə qələmə aldığı növbəti romanı “Sevgi səhrası” Fransız akademiyası mükafatına layiq görülür. 1927- ci ildə işıq üzü görən “Tereza Dekeyru” romanı isə fransız tənqidçilər tərəfindən əsrin əvvəllərində yazılan ən gözəl əsər hesab edilirdi. 1928-ci ildə yazdığı əsərlər yazıçının dini inancının sarsıldığını göstərirdi. Bu böhranda onun yaradıcılığının katoliklər tərəfindən tənqid atəşinə tutulması, dindar anasının daimi narazılığı, ailəsini dağılmaq təhlükəsi qarşısında qoyan nigahdan kənar münasibətlərin böyük rolu var idi. Lakin tezliklə işıq üzü görən “Xristianın sevinci və əzabı” adlı esse ruhani ilə söhbətlərin Moriaka inamını möhkəmləndirməyə və ruhi dincliyini tapmağa kömək etdiyini göstərirdi. 1926-cı ildə çap olunan “İtki adlı kitabda isə artıq yeni dini istiqamət nəzərə çarpırdı. Yazıçının ən gözəl romanlarından biri olan “İlan yumağı” isə tənqidçi Şarl Dübo tərəfindən “katolik romanın parlaq nümunəsi” adlandırıldı. “İlan yuvası” işıq üzü gördükdən sonra qırtlaq xərçənginə görə cərrahiyə əməliyyatı keçirən Moriak səsini, demək olar ki, tamamilə itirir. 1933-cü ildə o, fransız akademiyasına üzv seçilir.
Ruhun xilası barədə misilsiz katolik roman yaratmağa can atan Moriak əvvəlki kimi yazmağa davam eləsə də, onun yaradıcılığındakı tənəzzül əksər tənqidçilərin gözündən yayınmırdı. “Tanrı və mamona” əsəri dini traktatlardan ibarət bütöv bir silsilənin əsasını qoyur. 1936- ci ildə o, “Asmodey” adlı ilk pyesi ilə teatra müraciət edir. Jak Kopun quruluş verdiyi “Amodey” bir mövsüm ərzində yüz dəfə səhnəyə qoyulur. Artıq 1946- cı ildən Nobelə namizəd göstərilən Moriak, nəhayət altı ildən sonra “İnsan ruhunun dərinliklərinə nüfuz elədiyinə və əsərlərinin həyatın faciələrini böyük ustalıqla təsvir etməyə kömək edən bədii mahiyyətinə görə ” bu mükafata layiq görülür. “Nobel”i aldıqdan bir müddət sonra o, özünün sonuncu əsərlərindən birini “Quzu” romanını yazır. Yazıçı əllinci illərinin ortalarından yetmişinci ilə qədər elə ilk nömrədəcə böyük şöhrət qazanan “bloknot” adlı həftəlik qəzet rubrikasında yazmağa başlayır. Moriak qəzetə təqdim elədiyi məqalələrində müasir siyasi və ədəbi hadisələri sərt bir dilə tənqid edirdi. Altmışıncı illərdə bu rubrika yazıçıya romanlarından daha çox oxucu qazandırırdı. “Keçmişin övladları” adlı sonuncu romanı 1969- cu ildə işıq üzü görən Fransua Moriak 1970- ci il sentyabrın 1-də Parisdə vəfat edir.
Mənbə: «Xəzər» jurnalı