Yazıçı və ilahə: Remarkla Marlen Ditrixin eşq macərası

Yazıçı və ilahə: Remarkla Marlen Ditrixin eşq macərası

Venesiya: sevgi hekayəti başlanır...Remark və Marlen Ditrix
1928-ci il, Venesiyiada kino festival keçirilir. Restoran, masa arxasında ekran ulduzu Marlen Ditrix və tanınmış rejissor Cosef Şternberq əyləşib. Masaya zövqlə geyinmiş, zərif üz cizgilərinə və iti baxışlara malik tanış olmayan kişi yaxınlaşır və özünü Erix Mariya Remark kimi təqdim edir. İncə, ehtiraslı səsi var — aktyor səsi kimi. 
Marlen onun çox cavan olduğunu düşündü. Belə mükəmməl bir kitabın müəllifi (“Qərb cəbhəsində dəyişiklik yoxdur”) daha yaşlı olmalıdır — deyə aktrisa fikirləşirdi. Onların söhbəti qarşılıqlı komplimentlərlə başladı. 
Marlenin keçmiş məşuqu Cozef Şternberq dərhal özünün burada artıq olduğunu anlayır və sakitcə masanı tərk edir. Dahi rejissor, operator olan bir insan — Cozef indi baş verənləri, bunun gözəlliyini anlamaya və görməyə bilməzdi... 

“Qərb cəbhəsində dəyişiklik yoxdur” böyük uğur qazanır, bir çox xarici dillərə tərcümə olunur və bununla yazıçıya məşhurluqla yanaşı, pullar da qazandırır. Lakin Birinci Dünya Müharibəsinin dəhşətlərini təsvir edən yazıçı qarşıdakı xaosun qarşısını almaq iqtidarında deyildi. Almaniyada Remarkın kitabları tonqalda yandırılır. Yazıçı artıq altıncı ildir ki, xaricdə yaşamaq məcburiyyətindədir. 

Marlen və Erix bütün gecəni söhbət edirlər. Söhbətin axırında Remark özü barədə bir çox kədərli etiraflar edir, aktrisa isə tam əksinə, xoşbəxt idi. Aktrisa ona kinoda və həyatda calanan “seks simvol” rolundan təngə gəlmişdi. Birgə gəzintilər, xoş söhbətlər böyük sevginin başlanğıcı idi... 

Tezliklə aşiqlər Parisə yollanırlar. “Lankaster” oteli, Parisin ən gözəl və bahalı mehmanxanası. Marlenin buduarı yasamənlə doludur – Remark sevdiyi xanımı xoşbəxt etmək üçün hər şey edirdi. 
Ditrixin işləri isə bu ara tərs gətirir, Hollivudda onun filmləri uğursuzluğa düçar olur. Ona Jorj Sand rolunu təklif edən “Kolambiya” studiyası bu təklifi geri götürür. Marlen depressiyadadır, yalnız Remarkla olan münasibətlər onu ayaqda saxlayır. 

“Antib”: hisslərin nifaqı
Marlen yay istirahəti üçün dəbdə olan fransız kurortu Antibi seçir və bütün ailəsi ilə ora köçür. Marlenin “ailə”si özü, əri Rudolf Ziber, on üç yaşlı qızı Mariya, ərinin məşuqəsi Tamara Matul (rus truppasından olan balerina) və rejissor Fon Şternberqdən ibarət idi. İndi bu ailəyə Remark da daxil olur. Marlen və Rudolfun evliliyi artıq çoxdandır yalnız kağız üzərində idi. Ancaq onlar əvvəlki kimi dost və həmkardırlar, ta ölənə qədər də Rudolf Ditrixin rəsmi həyat yoldaşı olaraq qalır. Marlen öz sevgi macəralarını da ərindən gizlətmirdi. Rudolf da borclu qalmırdı, Tamara Matul onun sədaqətli məşuqəsi idi. Marlen Ditrix bu münasibətlərə göz yumurdu, ancaq bir şərtlə: Tami Rudolfdan uşaq dünyaya gətirməyəcəkdi. 

Tezliklə Ditrix və Remarkın eşq macərası haqqında bütün dünya bilir. Üzlü fotoqraflar və jurnalistlər öz işlərini yaxşı bilirlər. 
Remarkın “Zəfər tağı” əsəri işıq üzü görür. Marlen Ditrix əsərin baş qəhrəmanının prototipi olur. 
Remark otaqda bir neçə saat durmadan yazırdı. Marlen isə bu vaxt Amerikanın Böyük Britaniyadakı səfiri Cosef Kennedi ilə tanış olur və dostlaşır. Qadınları yoldan çıxarmağın mahir ustası olan Cosef Ditrixi də yoldan çıxarmağa nail olur. Çox çox sonralar Marlenin qızı Mariya xatirələrində yazırdı ki, anası və mister Kennedi soyunma otağında həddindən artıq çox yuvanırlar...

Remark Marlenin Kennedi ilə münasibətlərini ağır keçirir və olanlar onun romanının səhifələrində öz əksini tapır. Remark Marlenə ünvanlanan bir çox məktublarını Ravik imzası ilə yazır. Kədər dolu məktublarda o, Marlendən üzr istəyir və onun yanına qayıtmasını xahiş edir.

Fransa: Hisslərin imtahanı
Yay bitir, Ditrix ailəsi ilə Parisə qayıdır. Ditrix yenidən Hollivudu fəth etmək üçün ora yollanır və Amerika vətəndaşlığını almağa tələsir...
Amerikada o, vaxtını boş itirmir: tanınmış aktyor və rejissor Orson Uells aktrisanın növbəti məşuqu olur. 
Remark həmin zaman onun ehtiras və qürur mənbəyi olan iki əşyası ilə fəxr edirdi. Birinci – gözəl maşın, ikinci isə gözəl incəsənət nümunələri – Van Qoqun, El Qreko və Modilyaninin rəsm əsərləri və s...

1939-cu ilin yayında yazıçı və kino aktrisa yenidən Antibdə görüşürlər. Remarkın maşını Marlenin çox xoşuna gəlir. Lakin elə həmin yay aktrisanın yeni ehtirası peyda olur. Marlenin həyatı boyu saysız-hesabsız məşuqları olur, kişi məşuqları ilə yanaşı, qadın məşuqələri həmçinin. Bu dəfə Marlen “Co” adlı xanımla eşq yaşayır. 

Məşhur ədəbi tənqidçi, həmçinin, Marlenin keçmiş sevgililərindən olan Kennet Taynen Marlen Ditrixin intim həyatını təsvir edərkən deyir: “Marlendə seks var, cins isə yox” 

Remark bu zaman əsərini yazmağa davam edirdi. Əvvəlki novellalarını redaktə edir, spirtli içki ilə daha çox təmasda olurdu. 
Hollivud yenidən aktrisa ilə maraqlanmağa başlayır. Olmadığı müddətdə o, Remarkdan qızı Mariyanın qayğısını çəkməyi xahiş edir. 
Dünyada baş verən siyasi proseslər onların həyatına da təsir edir. Antibdə qalmaq artıq təhlükəli idi. Ditrix bütün əlaqələrini işə salır və 1939-cu ilin 2 sentyabrında ailəsi ilə birgə Birləşmiş Ştatlara gedir.
Remark və Marlen
Amerika: son hissələr
Avropada müharibə tüğyan etdiyi bir vaxtda, ABŞ-da hələ ki, sakitlikdir. Marlenin çəkildiyi film böyük uğur qazanır. Onu siması jurnalların üz qabığını bəzəyir. Lakin aktrisa haqqında şayiələr səngimirdi. Ditrix Remarka ədəbi istedad üçün ideal məkan olan Nyu-Yorka getməyi təklif edir. Marlen Beverli Hillzdə gözəl ev tutur, Remark isə qarşı evə köçür. 

Remark tərki-dünya həyatı keçirir, bütün günü yazır, axşamlar isə gün ərzində yazdıqlarını cırır. O, qısqanclığın bütün əzablarını dadır, rədd edilmiş sevgili olmaq alçaldıcı bir şeydir. Marleni qəlbindən çıxara bilmədiyinə görə özünə nifrət edir, hətta azla qane olmağa razıdır: onun səsini eşitmək və arada bir yanında olmaq... 
Marlen ziyafət gecələrində parlayır, Remark isə ürəyini romanında boşaldır. Sonda yazıçı anlayır ki, Marlendən uzaq olmalıdır, Brentvuda köçür. Ancaq yenə də sakit olmur, Ditrixə uzun məktublar yazır. 

Marlen onu yanına dəvət edir və Remarkı yeganə sevgilisi adlandırır. Lakin Remark daha onun sözlərinə inanmır. Rahatlaşmayan aktrisa özünə yeni məşuq tapır – bu dəfə bu Jan Qaben olur. 
Remark hər şeyə rəğmən Nyu-Yorka qayıdır, burada romanını bitirir, 1945-ci ildə kitab artıq satışda olur. Yazıçının bütün iç dünyası, hirsi bu əsərində idi. Kitabın sonunda Remark Ravikin adından Marlen Ditrixi yalançı, rəzil əclaf adlandırır, onu qəddarlıqda və eqoizmdə təqsirləndirir. 

Aktrisa özünü təhqir olunmuş hesab edirdi. Əri Rudolfa məktubunda Marlen yazır: “Remark özünü maraqlı təqdim etmək üçün məni olduğumdan da pis təsvir edir. İstıdiyinə də nail olur. Mən onun qəhrəmanından daha maraqlıyam” 
Ancaq reallıqda Remark hələ də Marleni unutmamışdı. 

1953-cü ildə Remark Marlenə Polett Qoddarla evlənəcəyinə eyham vurur. Ditrix Remarka bu fikirdən daşınmağı tövsiyə edir. Onun fikrincə, Qoddar işini bilən xanımdır, onu Remarkın məşhurluğu və ən əsası, zəngin kolleksiyası maraqlandırır. Bu dəfə Remark Marlenə evlənməyi təklif edir, əks halda Qoddarla evlənəcəyini bildirir. Marlen imtina edir, Remark isə sözünün üstündə durur. Bəlkə bu addımı ilə Remark Marleni təhqir etmək istəyirdi, kim bilir, bəlkə də, yazıçını ancaq tamahkar qadınlar cəlb edirdi? Marlen Ditrix daim insanlar üzərində hökmranlıq etməyə səy göstərirdi, Qoddar isə brilyant dəlisi idi. Çoxlu məşulardan aldığı brilyant kolleksiyası vardı… Lakin bütün bunlar artıq başqa bir tarixin səhifələridir... 

Tərcümə: Aytən Cavanşir
Top