Hekayə- "Bir gözəlliyin qürubu"

Hekayə- "Bir gözəlliyin qürubu"

Alberto Moravia, italyan yazıçı, novella ustası, journalist 
 
Doğum tarixi və yeri: 28 noyabr 1907-ciildə İtaliya, Roma

Vəfatı:  26 sentyabr 1990-cı İtaliya, Roma

Bir gözəlliyin qürubu

Mən onunla bir zamanlar çox məşhur olmuş və sonralar şöhrətini xeyli itirmiş A. sanatoriyasında, daha dəqiq desəm, müalicə korpusunun ikinci mərtəbəsində, masaj otağının qarşısında tanış oldum. Növbə gözləyən…lərdən bəziləri taxta stullarda oturmuşdular, sakitcə söhbət edirdilər. Bəziləri isə koridorda gəzişirdi. Sanatoriyaya ötən gəlişimdə dostlaşdığım tibb bacısı əlində dəftər masaj otağından çıxdı, üzünü mənə tutaraq dedi: «Alberto, hazırlaş, sənin növbəndir».

Bu tibb bacısına hər gün qara şokolad hədiyyə edirdim. Mehriban münasibətimiz vardı. Xətrimi çox istəyirdi, hər dəfə qarşılaşanda, gülümsəyib hal-əhval tutur, qayğıma qalmağa, mənə yaxşılıq etməyə çalışırdı. Yanımda əyləşən qara şlyapalı, uzun paltar geymiş, qara əlcək taxmış yaşlı qadın adımı eşidəcək başını mənə tərəf çevirdi, gülümsəyərək soruşdu:
— Sizin adınız Albertodur? — Bəli, mənim adım Albertodur.                        
Qadın başını yavaşca yırğalayıb elə qəşəng və mənalı gülümsəməyə başladı ki, adətən insanlar xoş xatirələrin təsiri ilə belə gülümsəyirlər.
— Bu ad mənim üçün çox əzizdir.
Etiraf edim ki, bu sözləri eşidəndə ürəkdən sevindim. Adımı çox sevirəm və mənə belə diləyatımlı, enerjili, hər yerdə rəğbət doğuran ad qoyduğu üçün anama hər zaman hədsiz təşəkkürümü bildirmişəm. Çox sevdiyim adım başına qara şlyapa qoymuş, əllərinə qara əlcəklər taxmış qadınla tanışlığıma səbəb oldu. Bizim aramızda çox rahat şəkildə ünsiyyət yarandı. Deyəsən, qara şlyapalı qadın sanatoriyada bərk darıxırdı. Hətta mənə belə gəldi ki, o özünə uyğun həmsöhbət axtarırmış bu günlərdə. Bəlkə də onun mənlə asanlıqla ünsiyyət qurmasının səbəbi doğrudan da, onun üçün əziz olan adım, Alberto adı idi. Beləliklə, biz hamının xəstəliklərdən danışdığı, ürəksıxan sanatoriyanın kədərli həyətində, qoca ağacların arasında hər axşam gəzişməyə başladıq. Qısa müddətdə qadın mənə həyatından çox şeylər danışdı. Mən onu dinləməyi sevirdim. Çox ürəkdən danışırdı. Tibb universitetini bitirdikdən sonra, bu qadını işləmək üçün təyinatla ərazi poliklikasına göndərmişdilər. Poliklikanın baş həkimi Alberto adında orta yaşlı, yaraşıqlı bir kişi imiş. Hər şey bu poliklinikada başlayıb. Təyinatla poliklinikaya göndərilən gənc qadın həkimlə poliklinikanın baş həkimi arasında şiddətli bir məhəbbət yaşanıb. Qara şlyapalı qadın Doktor Alberto haqqında o qədər iştahla danışırdı ki, mən bir qadının ömrünün payız çağında bir kişi haqqında bu qədər ürəkdən danışmasına mat qalmışdım. Hər kişiyə bu xoşbəxtlik nəsib olmur. O, gəncliyində çox gözəl qadın olub. Ancaq özünün dediyinə görə, öz gözəlliyindən xəbəri olmayıb. Bu gözəlliyi doktor Alberto kəşf edib. Doktor Albert qadının geyimini dəyişib. Qadına həmişə oxuması üçün kitablar verirmiş. Qoca ağacların arasında gəzərkən qadın deyirdi: «O, mənə geyinməyi, düşünməyi, həyatdan zövq almağı öyrətdi. Mən bu mənalı həyat üçün ona çox borcluyam. Doktor Albertoya qədər mən ağacın, günəşin, buludun, sevginin, piyada gəzməyin nə olduğunu bilmirdim. Doktor Alberto mənə düşünməyi, hiss etməyi öyrətdi. O, əsl kişi idi. Yerişi, oturuşu, danışığı, əsəbləşməyi, su içməyi o qədər gözəl idi ki, Doktor Albertoya vurulmamaq mümkün deyildi. Hər bir işi həvəslə, diqqətlə görürdü. Ciddiliklə mehribanlığı özündə birləşdirə bilmişdi. Hər kişi belə olmur. Doktor Alberto tamam başqa kişi idi, eləsini bir də görmədim...»

   Qadın Doktor Alberto haqqında yorulmadan danışırdı. Onların sevgisinin yaxşı sonluqla bitmədiyini hiss etmişdim. Bu haqda qoca qadın heç nə demirdi. Qadın Albertonu yalnız xoş sözlərlə yad edirdi. Açıq danışmırdı, lakin mən onların arasında bütün baş verənləri hiss edirdim. Onlar düz bir ay hamıdan uzaqlaşaraq dağ kəndində, balaca bir evdə yaşamışdılar. Qara şlyapalı qadın həmin günləri xatırlayanda gözləri parıldasa da, səsi azca titrəyirdi.
Adımın hesabına tanış olduğum və dostlaşdığım qadın çox zövqlə geyinirdi. Sanatoriyada konsert verilən, teatr göstərilən günlərdə qadın özünü unudaraq gənclik dövrünə məxsus bir şövqlə yaşına uyğun olmayaraq, hədsiz bəzənirdi və həm də  çalışırdı ki, bu bəzəklə onun yaşı arasında olan ziddiyət o qədər də açıq görünməsin. Onun geyimi zövqü yaxşı olan adamlarda rəğbət, zövqü normal olan adamlarda maraq, zövqü pis olan adamlarda gülüş doğurardı. Başında daima müxtəlif rənglərdə şlyapa olurdu. Amma mən onu nədənsə həmişə qara şlyapada xatırlayıram. Əllərinə əlcək geyinirdi. Barmaqlarında müxtəlif qaşlı üzüklər, biləklərində gümüş bilərziklər olurdu. Kosmetikadan az istifadə etməyə çalışsa da, özüylə bacarmırdı. Üzündəki qırışları gizlətmək üçün kosmetikadan çox istifadə etməyə məcbur idi. Nə qədər zövqlə geyinsə də, nə qədər ustalıqla bəzənsə də, zaman və yaş öz işini görmüşdü. Bir zamanlar kişiləri heyran edən gözəllik indi yoxa çıxmışdı. Ən pisi odur ki, bunu qadının özü də başa düşürdü. Mən onun sifətinə baxanda illərin soldurduğu gözəlliyə görə kədərlənirdim. Hər şey beləcə məhv olub gedir. Bütün gözəl qadın sifətlərini illər soldurub, qırış-qırış edir. Bu gün tanıdığım gözəl üzlər də, bir gün belə solub, öz təravətlərini birdəfəlik itirəcəklər. Onun sifətinə baxanda tanıdığım gözəl qızların qocalanda necə görünəcəklərini təsəvvür etməyə çalışırdım. Onun solğun sifəti məni kədərləndirsə də, qara şlayapalı qadına hər zaman təriflər deyərək, onun gözəlliyini, alicənablığını yüksək qiymətləndirirdim, hər zaman belə bir cümlə işlədirdim: "İndi dünyada daha sizin kimi alicənab, zövqlü, mədəni qadınlar az qalıb".

Bir gün axşam biz yenə də köhnə sanatoriyanın həyətində qoca ağacların arasında gəzirdik. Qara şlyapalı qadının heç kefi yox idi. Mən onu birinci dəfə idi belə kefsiz görürdüm. Səbəbini soruşmadım. Təxminən on dəqiqə səssiz gəzişdikdən sonra o özü danışmağa başladı. Məlum oldu ki, bu gün günorta qara şlyapalı qadının sanatoriyadakı həkimi onunla çox həvəssiz danışıb. Sanatoriyada müalicə olunan hər adamın öz həkimi vardı. Qara şlyapalı qadının həkimini tanıyırdım. Sanatoriyaya ötən gəlişimdə mən onun nəzarətində müalicə olunmuşdum. Savadına söz ola bilməzdi, amma nə etməli, bütün yaxşı həkimlər kimi, o da avaranın biri idi. Bərk içirdi. Zövqlə geyinirdi. İşinə məsuliyyətsiz yanaşırdı. Daima işə gecikirdi. Onu otağında çətinliklə tapmaq olurdu. Nəsə sual verirdin, məsləhət istəyirdin, elə hey deyirdi ki, sekslə məşğul olmaq lazımdı. Qocalı-cavanlı bütün xəstələrinə davamlı olaraq, sekslə məşğul olmağı tövsiyyə edirdi. Bəzən otaqlara girir, gülümsəyərək, üzünü tibb bacılarına tutub deyirdi: «Kim mənlə yatmaq istəyir? Baxın aa, beş ildən sonra olmayacaq...»

Onun zarafatlarına sanatoriyanın bütün işçiləri öyrəşmişdilər. Belə zarafatcıl həkimin qara şlyapalı qadınla həvəssiz danışması, görünür qadına çox pis təsir etmişdi.
— Alberto, o, heç mənimlə danışmaq istəmirdi. O, heç məni dinləmirdi. Əgər çox yox, iyirmi il əvvəl olsaydı o, saatlarla mənlə danışardı. Həyat belədi. Nə qədər ağır olsa da, bu acı həbi udmalıyıq. İyirmi il əvvəl kişilər mənimlə söhbət edəndə həzz alırdılar, bu gün həkimim heç mənlə danışmaq istəmədi...
Birdən onun səsi titrədi və yavaş-yavaş ağlamağa başladı. O, öz solub gedən gözəlliyinə ağlayırdı. Mən bunu başa düşərək vəziyyəti yumşaltmaq üçün ona komplimentlər yağdırmağa başladım: «Siz, bu yaşda da çox gözəl görünürsünüz. Bu sanatoriyada sizin kimi zövqlə geyinən, sizin kimi mədəni, sizin kimi ədəbli qadın yoxdu. Mən dəqiq fikir vermişəm, burda bütün qadınlar sizə heyrandılar. Hamı sizin necə zövqlü olmağınızdan danışır. Hər yaşın öz gözəlliyi var».
Mən ona çox təriflər dedim. Lakin dediklərim qara şlyapalı qadına heç bir yaxşı təsir göstərmədi. O, yavaş-yavaş ağlamağa davam edərək, yenə də titrəyən  səslə dedi: «Qocalanda hamı özünə görə eybəcərləşir, bunu gizlətməyə dəyməz. Alberto, heç bir ətir, heç bir krem, heç bir geyim, heç bir masaj daha kömək etmir. Daha qırışları gizlətmək olmur. Heç nə kömək etmir, Alberto, heç nə...»

Bu sözləri deyərək, qara şlyapalı qadın bərkdən hönkürdü. Elə adamlar var ki, istəsən belə onlara heç cür kömək edə bilməzsən. Mən başa düşdüm ki, burda hər hansı təsəllinin, xoş söz söyləməyin, dəstək verməyin mənası yoxdur. Bu elə bir mənzərə idi ki, dayanıb sadəcə kədərlə baxmağa məcbur idin...

Rus dilindən tərcümə etdi: Seymur Baycan

Top