1906-cı ildə Belluno kommunasının San-Pelleqrino məhəlləsində dünyaya gəlmiş Dino Bussati Milanda təhsil alaraq hüquq diplomuna yiyələnir, 22 yaşında Milanın ən nüfuzlu «Corriere della Sera” qəzetində işə qəbul olur. 30-cu illərin əvvəllərində Bussatinin „kafkasayağı” tərzdə qələmə aldığı ilk romanları dərc olunur. İkinci Dünya Müharibəsi illərində İtaliya Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində Afrikada jurnalist kimi fəaliyyət göstərir. 1943-cü ilin sentyabrında Milana qayıdır və qəzetdə redaktor işləyir.
Dino Bussatinin “Sevgi” romanı 1963-cü ildə işıq üzü görür. Daha çox romançı və dramaturq kimi nüfuz qazanır. Bussatinin nəsri fantastikaya meyl edir, bu mənada onu çox zaman Edqar Po və Kafka ilə müqayisə edirlər. Onun yaradıcılığına nəzər salsaq, fövqəltəbii məqamlar görmək mümkündür.
Dino Bussati „Altmış hekayə” kitabına görə Streqa mükafatçısıdır (1958). Bir çox əsərləri ekranlaşdırılmışdır. “Maraqlı olay” dramını (1953) Alber Kamyu 1956-cı ildə fransız dilinə tərcümə etmişdir. „Tatar çölü” romanını Borxes öz şəxsi kitabxanasında saxlamışdır.
Dino Bussati 1972-ci ildə Milanda mədəaltı vəzin xərçəngindən dünyasını dəyişmişdir.
İnsanın böyüklüyü
Keşikçilər zülmətə bürünmüş zindan qapısını açıb, bəstəboy, saqqallı bir qocanı içəri itələyərkən, artıq hava qaraldığından göz-gözü görmürdü.
Qocanın ağappaq saqqalı elə bil, özündən də böyük idi. Ondan bu usandırıcı, yarıqaranlıq karserə zəif işıq süzülür, bu isə içəridəki dustaqlarda müəyyən təəssüratlar oyadırdı.
Ancaq qaranlıq olduğundan, qoca bu mağaraya bənzər zindan çalasında ondan başqa da kimlərinsə olduğunu görə bilmirdi, buna görə də soruşdu:
— Burada kimsə var?
Cavab əvəzinə gülüş və amiranə donqultular eşitdi. Sonra hamı tərəfindən qəbul olunmuş qayda-qanuna əsasən, hər kəs özünü təqdim etməyə başladı.
— Rikkardon Marçello, ağırlaşdırıcı hallarla qarət, — kimsə xırıltılı səslə dilləndi.
— Besseda Karmelo, dələduz-residivist, — deyə bir başqası sanki quyudan gələn boğuq səslə özünü təqdim etdi.
Sonra:
— Marfi Luçano, zorlama.
— Lavataro Maks, taqsırsız.
Lavataronun sözlərinə hamı qəhqəhə çəkərək güldü. Onun zarafatı dələduzların xoşuna gəlmişdi, insan qanına susamış islaholunmaz quldur Lavataronu kim tanımırdı ki?
Sonra yenə:
— Espozito Enea, qətl. — Danışanın səsində açıq-aydın qürur hissi duyulurdu.
— Muttironi Vinçenso, ata qatili. Bu etiraf isə lap qalibiyyət nidası kimi səslənirdi… Yaxşı, bəs sən, qoca birə, sən kimsən?
— Mən… — deyə təzə gəlmiş məhbus cavab verdi, — düzünə qalsa, heç özüm də bilmirəm. Məni saxlayıb sənəd tələb etdilər, məndə isə heç zaman sənəd-filan olmayıb.
— Yox bir… denən tüfeyli, avara! — kimsə nifrətlə deyindi. Bəs adın nədi?
— Adım… Adım Morrodur, hm, hm… ləqəbim də… Böyük!
— Deməli, Böyük Morro. Neynək, pis fikirləşməmisən! — deyə, kimsə qaranlıqdan istehza ilə söz atdı. — Ancaq adın sənin üçün bir qədər böyükdür. Sənin kimisinin onuna bəs edər.
— Tamamilə doğrudur, — deyə qoca mülayim tərzdə hay verdi. Ancaq bu, mənim günahım deyil. Mənə rişxənd etmək üçün bu ləqəbi veriblər, indi isə artıq gecdir. Özü də bu ləqəb yalnız başağrısı gətirir. Bax, məsələn… yoox, bu, çox uzun əhvalatdır…
— Bura bax, döşə gəlsin… — deyə məhbuslardan biri qocanın üstünə ədalı tərzdə çəmkirdi, — burada kefin istəyən qədər vaxtımız var.
O biri məhbuslar da onu dəstəklədilər. Usandırıcı zindan günlərində hər bir əyləncə bayrama çevrilirdi.
— Nə deyirəm ki… — qoca razılaşdı. — Bir gün mən adını çəkmək istəmədiyim bir şəhərdə gəzib dolaşırkən, möhtəşəm bir saray, onun da qarşısında müxtəlif Tanrı təamları ilə ora-bura vurnuxan nökərləri gördüm. Yəqin burada hansısa bayrama hazırlıq gedir, — deyə düşündüm və dilənmək üçün bir qədər yaxınlaşdım. Ancaq heç ağzımı açmağa macal tapmamışdım ki, boyu, yalan olmasın, iki metrlik köntöyün birisi yapış yaxamdan və başla bağırmağa: — Bu, oğrudur, oğru budur! Dünən ağamızın çulunu oğurlayan bu idi! Hələ cürətinə bir bax, yenə qayıdıb gəlib! Neynək, indi biz sənin payını verərik!
— Mənim payımı?.. — deyə təəccüblə soruşdum. Mən ki dünən buralardan ən azı otuz mil uzaqda olmuşam. Necə oğurlaya bilərdim axı?
— Mən səni bax, bu gözlərimlə görmüşəm! Çulu dalına atıb aradan çıxarkən, — deyə o, bağıraraq məni sarayın həyətinə tərəf sürüklədi.
Mən diz çöküb, yalvarmağa başladım:
— Dünən mən buralardan ən azı otuz mil uzaqda olmuşam. Sizin bu şəhərdə birinci dəfə oluram. Böyük Morro adıma and olsun!
— Necə-necə? — deyə həmin o qudurmuş, gözlərini bərəldərək bağırdı.
— Böyük Morro adıma and olsun! — deyə mən təkrar etdim.
Bu pəzəvəng isə birdən necə qəhqəhə çəkməyə başlasa yaxşıdır:
— Böyük Morro? Ay camaat, tez bura gəlin, siz bir buna, bu həşərata baxın, sən demə, bunun adı Böyük Morro imiş!
Sonra o, üzünü mənə tutub dedi: — Sən heç bilirsən, Böyük Morro kimdir?
— Morro mən özüməm, başqa birisini də tanıyıb eləmirəm.
— Böyük Morro, — deyə bu yaramaz məni qandırmağa başladı, — başqa birisi yox, bizim möhtərəm ağamızdır. Sən, murdar dilənçi isə cürət edib onun adına sahib çıxırsan. Ancaq bu dəfə ilişdin. Budur, ağamız özü də gəlir.
Həqiqətən də. Səs-küyü eşidən saray sahibi özü də həyətə çıxmışdı. Bu, çox varlı tacir, bütün şəhərdə, bəlkə də bütün yer üzündə ən zəngin adam idi. O, mənə yaxınlaşdı, məni sorğu-suala tutdu, baxdı və gülməkdən uğunub getdi. Təkcə mənim kimi bir dilənçinin onun kimi bir ağanın adını daşıya bilməsi fikri onu əməlli-başlı əyləndirdi. Sonra o, nökərinə əmr etdi ki, məni buraxsınlar, məni evinə dəvət etdi, var-dövlətlə dolu zallarını göstərdi, hətta bax, belə-belə qızıl topaları və qiymətli daş-qaşlar saxladığı, zirehli divarları olan bir otağına da apardı, məni yaxşıca yedirtməyi əmr etdi və dedi:
— Ey mənim adaşım olan dilənçi qoca! Bu əhvalat ələxsus ona görə qəribədir ki, Hindistana səfərim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mən mallarımı satmaq məqsədi ilə oradakı bazara yollanmışdım. Adamlar apardığım bahalı şeyləri gördükdə, məni dövrəyə alaraq, sorğu-suala tutmağa başladılar ki, kiməm və haradan gəlirəm. — Mənim adım Böyük Morrodur, — deyə mən cavab vermişdim. Onlar isə üz-gözlərini turşudaraq söyləmişdilər: — Böyük Morro? Səndə nə böyüklük ola bilər, miskin alverçi? İnsanın böyüklüyü onun idrakındadır! Yer üzündə tək bircə Böyük Morro var, o da bizim şəhərdə yaşayır. O, bizim məmləkətin fəxridir və sən, fırıldaqçı, öz lovğalığına görə indi onun qarşısında cavab verməli olacaqsan!
Elə oradaca məni qamarlayırlar, əlimi-qolumu bağlayıb, varlığından xəbərim olmayan həmin o Morronun yanına aparırlar. Sən demə, bu adam hamının az qala, Tanrı kimi sitayiş etdiyi adlı-sanlı alim, filosof, riyaziyyatçı, astronom və münəccim imiş. Xoşbəxtlikdən, o, anlaşılmazlığın baş verdiyini dərhal anladı, güldü, əl-qolumu açmağı əmr etdi, məni öz iş otağına, rəsədxanasına, öz əlləri ilə hazırladığı qəribə cihazlarına baxmağa dəvət etdi. Nəhayət, dedi:
— Ey möhtərəm yadelli tacir! Bu əhvalat ələxsus ona görə qəribədir ki, Levant adalarına səyahətim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mən tədqiq etmək istədiyim bir yanar dağın zirvəsinə payi-piyada qalxarkən, o yerlər üçün qeyri-adi olan üst-başımdan şübhələnən bir dəstə döyüşçü kimliyimi yoxlamaq məqsədi ilə məni saxladı. Adımı söyləməyə macal tapmamışdım ki, qollarımı qandallayıb məni şəhərə doğru sürükləməyə başladılar. — Böyük Morro? — deyə onlar hiddətlənirdi. Səndə nə böyüklük ola bilər, miskin müəllimciyəz? İnsanın böyüklüyü onun qəhrəman əməllərindədir! Yer üzündə tək bircə Böyük Morro var. O da bu adanın ağası, qılıncı bircə dəfə də olsa günəşin altında bərq vurmuş bütün döyüşçülərin ən cəsurudur! İndi o, sənin başını bədənindən ayırmağı əmr edər!
Döyüşçülər məni, həqiqətən də, qorxunc görkəmi olan hökmdarlarının hüzuruna gətirdilər. Xoşbəxtlikdən, mən ona hər şeyi anlada bildim və bu zəhmli döyüşçü bu cür qəribə təsadüfə gülərək qandallarımın açılmasını əmr etdi, mənə bahalı libaslar bağışladı, onun yaxın və uzaq adalarda yaşayan bütün xalqlar üzərində çaldığı zəfərlərinin şanlı şəhadətlərini seyr etməyim üçün məni öz sarayına dəvət etdi. Axırda isə dedi:
— Ey mənim adaşım olan möhtərəm alim! Bu əhvalat ələxsus ona görə qəribədir ki, Avropa deyilən o uzaq diyarda döyüşərkən mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mən öz döyüşçülərimin önündə bir meşədən keçib gedərkən, kobud dağlılar qabağımı kəsib soruşdular: — Sən kimsən ki, silahının cingiltisi ilə bizim meşələrin sükutunu pozursan? — Mən Böyük Morroyam, — deyə özümü təqdim etdim və düşündüm ki, təkcə adımı çəkməklə onların canına lərzə salacağam. Onlar isə mərhəmətlə gülümsəyərək təəccübləndilər: — Böyük Morro? Sən, yəqin, zarafat edirsən. Səndə nə böyüklük ola bilər, avara döyüşçü? İnsanın böyüklüyü ehtiraslarını ram edə bilməsində və ruhunun ucalığındadır! Yer üzündə yalnız bircə Böyük Morro var və indi biz səni onun yanına aparacağıq ki, insanın əsil böyüklüyünün nə olduğunu öz gözlərinlə görə biləsən. Və onlar məni, həqiqətən də, öz kasıb daxmasında cır-cındır içində ömür sürən, onların dediyinə görə, bütün ömrünü təbiəti dərk etməkdə və Tanrıya ibadətdə keçirən, qar kimi bəyaz saqqallı bir qocanın yaşadığı tənha dərəyə gətirdilər və mən tam səmimiyyətlə boynuma almalıyam ki, həmin o vaxta qədər hələ heç vaxt bu dərəcədə təmkinli, həyatından razı və olsun ki, xoşbəxt bir insan övladı görməmişdim; ancaq, doğrusu, həyat yolumu dəyişmək mənimçün artıq çox gec idi.
Adanın qüdrətli hökmdarı müdrik alimə, alim varlı tacirə, tacir isə onun qapısına sədəqə üçün gəlmiş kasıb qocaya bunları söylədi. Onların hamısının adı Morro idi, hamısı da bu və ya digər səbəbdən “Böyük” ləqəbini almışdılar.
Qoca hekayətini danışıb qurtaranda, qaranlıq zindan otağındakı dələduzlardan biri soruşdu:
— Deməli, belə… — əgər mənim bu kəlləmin içindəkilər zir-zibil deyilsə, onda belə çıxır ki, daxmadakı həmin o lənətə gəlmiş qoca, — yəni o, hamıdan böyük, — elə sən özünsən?
— Eh, əziz balalar, — deyə qoca nə „hə”, nə də “yox” cavabı vermədən, donquldandı: — Bu həyat çox qəribədir!
Bu yerdə qocanı dinləyən məhkumların hamısı bir anlığa susdu, çünki bəzi hadisələr, hətta ən alçaq yaramazları belə, düşünməyə vadar edir.