Allan Pon - Qara pişik hekayəsi

Allan Pon - Qara pişik hekayəsi

Danışacağım bu heyrətləndirici hekayəyə inanacağınızı sanmıram, sizi inanmağa da məcbur etmirəm.   Mənim, özümün inanmadığım bir şeyə sizləri inandırmağa qalxışmağım dəlilik olar. Bununla belə dəli deyiləm və xəyal da görmədim. Amma sabah öləcəyim üçün, bugün içimi boşaltmaq istəyirəm. Məqsədim hərkəsə açıq, qısaca, çeşidli düşüncələr, görüşlər irəli sürmədən, evimdə olub-bitənləri başa salmaqdır. Bu hadisələr, ən sonda məni dəhşətə salıb şiddətli, çox böyük sıxıntılar içində qıvrandırdı və çökməyimin səbəbi oldular. Yenə də, bunları açıqlamağa çalışmayacam. Mənə dəhşətdən başqa bir şey verməyən bu hadisələr, başqalarına qorxunc gəlmədiyi kimi, şişirdilmiş də gələ bilər. Bəlkə, irəlidə, məndən daha sakit, daha şüurlu və daha az təsir altında qalan biri, Danışacağım şeylərin bir-birlərini təbii formada izləyən hadisələrdən başqa bir şey olmadığını ortaya qoyub, gördüyüm qarabasmanı gerçəklik sadəliyinə endirəcəkdir.

Uşaqlığımdan bəri, itaətkarlığım və hər kəsə, hər şeyə mərhəmət hissim diqqət çəkirdi. Bu mərhəmət hissi məndə o qədər çox idi ki, dostlarımın ələ salmalarından yaxamı qurtara bilməzdim. Xüsusilə də heyvanlara qarşı belə idim və ailəm bir çox heyvan bəsləməyimə göz yummaq məcburiyyətində qalırdı. Vaxtımın çoxunu bu heyvanlara ayırır, ən zövqlü dəqiqələrimi onları bəsləyib əzizləyəndə duyardım. Bu əcayib xüsusiyyət yaşım artdıqca zövqlərimdən biri oldu, insana çox bağlı və düşkün bir iti sevmiş olanlara bu zövqü anlatmağım gərəksizdir. Eqoistlikdən tamamiylə uzaq və heçbir mənafe gözləməyən heyvanın sevgisi ilə, insanın heç də sağlam təməllərə dayanmayan dostluğu bir-birindən çox fərqlidir.

Gənc yaşımda evləndim və arvadımın zövqlərinin də mənimkilərə uyğun olduğunu görərək çox sevindim. Mənim ev heyvanlarına düşkünlüyümü görən arvadım rastlaşdığı əcaib heyvan çeşidlərini evə daşıdı. Quşlarımız, mərcan balığımız, gözəl bir itimiz, dovşanlarımız, kiçik bir meymunumuz və bir pişiyimiz oldu. Qeyri-adi iri və gözəl olan bu pişik qapqara və son dərəcədə hiyləgər idi. Hiyləgərliyindən söhbət açılmışkən, köhnə inanclara heç də bel bağlamayan arvadım qədim bir inanca görə bütün qara pişiklərin başqa cildə girmiş cinlər olduğunu deyirdi. Adı Pluto olan bu pişik ən çox sevdiyim, baxdığım heyvan idi. Onu sadəcə mən bəsləyərdim. Evin içində hara getsəm, arxamca gələrdi. Küçədə belə məni izləyərdi.

Dostluğumuz bu yolla illərlə davam etdi. Təəssüflər olsun ki, içki aludəçisi oldum, (söyləməyə utanıram) xasiyətim tamamiylə dəyişdi, pisliyə tərəf yönəldi. Hər keçən gün biraz daha əsəbi,cəncəl, başqalarının hisslərinə qarşı sayğısız oldum. Arvadıma da ağzıma gələni deyirdim. Zamanla daha da pisləşərək döymək həddinə qədər çatdım. Bu arada evdəki heyvanlar da xasiyətimdəki dəyişiklikdən paylarını almaqda gecikmədilər. Yalnız baxımsız qoymaqla qalmayaraq, onlarla pis davranmağa da başladım. Bununla belə Pluto'ya olan hədsiz sevgim, ona qarşı sərt davranmağımı demək olar ki, mane oldu. Amma dovşanları, meymunu və hətta iti ətrafımda görüncə təpikləmədən dayana bilmirdim. Alkoqolun təsirilə xəstəliyim getdikcə artdı. Artıq xeyli yaşlanmış Pluto da, təpiklərdən «payını» almağa başladı.

Bir gecə şəhərin meyxanalarını gəzib evə dönəndə, pişiyin məndən qaçmaq istədiyini gördüm. Heyvanı tutdum; pişik qorxudan çaş- baş qalıb əlimi dişlədi. O anda sanki şeytan qəlbimə girdi və sanki bir pislik ruhuma sahib olmuş kimiydi, hər tərəfim pislik etmək zövqüylə titrədi. Cibimdən iti çınqılı çıxardım, açdım və yazıq heyvanın boynundan tutaraq bir gözünü oydum. Bu yabanılıq anında titrəyir, utancımdan yerin dibinə girirdim. Səhər vaxtı ağlım başıma gələndə etdiklərimi qorxu və peşmanlıqla xatırladım. Amma bu duyğular çox çəkmədi, yenidən içki aləmlərinə qərq olaraq etmiş olduğum bu pisliyi yaddaşımdan sildim. Bu arada pişik yavaş-yavaş sağaldı. Oyulmuş olan gözünün çuxuru nə qədər qorxunc görünsə də, iztirab çəkməli vəziyyətdə deyildi. Həmişəki kimi evin içində gəzirdi, çox təbii olaraq məni görəndə qorxuyla qaçırdı. Əvvəllər məni çox sevən heyvanın bu hərəkətini görəndə üzüldüm, amma bu hissiyat gedərək diksinməyə çevrildi. Bundan sonra məni uçurumun sahilinə gətirən PİSLİK bütün ruhumu əhatə etdi. Bu ruhi vəziyyəti fəlsəfədə tapmaq mümkün deyil. Yaşadığıma inandığım qədər, pisliyin də insanlığın ilk və təməl instinktlərindən biri olduğuna, insan xarakterinə istiqamət verən duyğuların birini əmələ gətirdiyinə inanıram. Bütün şüurumuzda və məntiqimizdə sırf qəbul edilmiş olduqları üçün pozmağa meyilli olduğumuz adət-ənənələr, sistemlər yoxdurmu? Məhz bu pislik istəyi məni uçuruma sürükləyən son güc oldu. Sırf əziyyət etmək, xarakterimə zidd davranış göstərmək üçün məsum heyvanlara pislik edirdim. Bir gün səhər, pişiyin boynuna bir ip keçirib, onu bir ağacın budağına asdım. Bunu edərkən gözlərimdən yaşlar boşaldı və acı bir peşmanlıq duydum. Bu günahı, ruhumun heç bir şəkildə bağışlanma ehtimalına qovuşmaması üçün işləmişdim.

Eyni günün gecəsi «Yanğın var!» çığırtıları ilə oyandım. Alov hər tərəfi əhatə etmişdi və bütün ev yanırdı. Arvadım, mən və xidmətçi, özümüzü çətinliklə çölə ata bildik. Nəyisə xilas etmək mümkün olmamışdı. Əlimdə, ovcumda nə varsa yanğın hamsını silib süpürmüş, məni acınacaqlı bir vəziyyətdə salmışdı. Bu zərbə ilə, işlədiyim cinayət arasında bir əlaqə qura bilməyəcək qədər məğlub vəziyyətdəydim. Amma hər şeyi əksiksiz demək, sizə tam məlumat vermək istəyirəm. Yanğının ertəsi günü dağıntının ətrafında dolaşdım. Evin bütün divarları dağılmışdı. Dağılmayan, sadəcə evin ortasındakı yatağımın söykəndiyi divar idi. Suvaq yeni olduğundan, yanğın buranı dağıda bilməmişdi. Bu divarın ətrafına bir çox insan toplanmış, böyük bir diqqətlə gözlərini bir yerə dikib-baxırdılar. "Çox qəribədir, çox təəccüblüdür.." sözləri məndə maraq oyandırdı. Yaxınlaşdım və divara baxanda, sanki xüsusilə çəkilmiş kimi görünən, böyük bir pişik əksi gördüm. Forması qüsursuz idi. Heyvanın boynunda bir ip var idi.

Bunu görəndə çaşqınlıq və qorxu içində qaldım. Pişiyi, evə bitişik olan baxçadaki ağaca asmışdım. Yanğın çıxar-çıxmaz bir çox insan bağçaya dolmuşdu. Bunlardan biri pişiyin boynundakı ipi kəsmiş və hər halda, evdə yatanları oyandırmaq məqsədilə, heyvanı pəncərədən içəri atmışdı. Bu arada dağılan divarlar öldürdüyüm heyvanı sağlam qalan divara sıxışdırmış və alovların təsirilə fosfor gördüyüm formanı ortaya çıxarmışdı. İşi məntiqimi və düşüncəmi işlədərək həll etməyimə baxmayaraq, faciəvi mənzərə düşüncələrimi alt-üst etməkdəydi. Aylarla pişiyin qorxunc şəkli ağlımdan çıxmadı və bu arada peşmanlığa bənzər amma ondan çox uzaq bir hissiyata qapıldım və pişiyin yoxluğunu hiss etməyə başladım. Daha tez-tez baş çəkdiyim meyxanalara gedib-gələrkən eyni rəng və bənzərlikdə bir pişik axtarmağa başladım. Bir gecə, yarı ayıq vəziyyətdə pis bir meyxanada oturanda gözüm böyük bir rom çəlləyinin üstündə duran qara bir cismə sataşdı. Çəlləyə yaxınlaşdım və bu qara cismin qara bir pişik olduğunu gördüm. Bu, Pluto qədər iri və Plutoya bənzəyən bir pişik idi. Plutonun bütün tükləri qapqaraydı, bu pişiyinsə sinəsini əhatə edən ağ tükləri vardı. Heyvana toxunanda o saat yatdığı yerdən qalxdı, miyoldadı, əlimi oxşadı və bu tanışlıqdan duyduğu sevinci hiss etdirdi. Tam istədiyim, axtardığım pişik idi bu. Meyxanaçıya, heyvanı mənə satmağı təklif etdim. Pişiyin sahibi olmadığını və onu ilk dəfə gördüyünü söyləyərək, aparmağıma icazə verdi.

Heyvanı sığallamağa davam edirdim. Evə getmək üçün qalxanda baxdım ki, mənimlə gəlmək istəyir. Çıxdım, heyvan da arxamca gəlməyə başladı. Arabir dayanaraq, onu əzizləyirdim. Sonra birlikdə gəzişirdik. Evə tezliklə alışdı və arvadımın sevimlisi oldu. Mən bundan təsirləndim və heyvandan diksinməyə başladım, istədiyimin tam tərsi olmuşdu. Heyvanı görmək belə istəmirdim. Amma Pluto'ya etdiklərimi düşünəndə xeyli utanır, buna görə pişiyə pis davranmaqdan çəkinirdim. Bir müddət heyvana vurmadım, amma vaxt keçdikcə ona qarşı böyük bir kin bəsləməyə və qaçmağa başladım. Bu kinimin səbəbi, pişiyi evə gətirdiyim gün, eynən Pluto kimi, bir gözünün oyuq olduğunu görməyim oldu. Lakin bu vəziyyət arvadımın pişiyə qarşı daha həssas, qoruyucu davranmağına səbəb oldu. Çünki daha əvvəl söylədiyim kimi, arvadımın da həssaslığı hədsiz idi. Pişiyə olan nifrətim artdıqca, heyvan mənə daha çox yarınırdı. Evdə hara getsəm addım-addım arxamca gəlir, oturduğum stulun yanına uzanır ,ya da qucağıma çıxaraq yaltaqlanırdı. Ayağa qalxıb gəzişəndə ayaqlarımın arasına dolanır yada dırnaqlarını şalvarıma keçirərək üstümə dırmaşmağa çalışırdı. Belə anlarda pişiyi bir vuruşda yox etmək istəyirdim; amma tənhalıq və heyvana qorxuma görə belə bir şey etməyi bacarmırdım. Arvadım bir neçə dəfə pişiyin ağ tüklərinə işarə etmişdi.

Ağ tüklər, asdığım Pluto ilə bu pişik arasındakı yeganə fərqi göstərirdi, ilk günlər diqqətimi çəkməmişdi, amma zamanla yavaş-yavaş bu tüklər gözümdə müəyyən bir forma almağa başladı. Bu forma, qorxu və dəhşətin özünü təmsil edən ölüm və qarabasma darağacının forması idi. Artıq insanlıq hissiyatını tamamiylə itirmiş bir məxluq vəziyyətinə gəlmişdim. Mənim yerimi sanki canavar ruhlu bir məxluq almışdı. Gecə-gündüz bir dəqiqə belə rahatlıq qalmamışdı məndə. Gündüzlər bu canavar ruhlu məxluq mənim yerimi alır, gecələr isə sonu gəlməyən qorxunc qarabasmaların ağırlığı altında əzilirdim. Bu daimi qarabasmaların təsirilə, yaxşılıq anlayışının son qırıntıları da silindi getdi ruhumdan. Beynimdə sadəcə pislik düşüncələri yerləşdi. Uğursuz və qorxunc düşüncələr bir an belə yaxamı buraxmadı. Hər kəsdən, hər şeydən getdikcə daha çox iyrənib diksinməyə başladım. Nəticədə, davamlı bir böhran içində olurdum və arvadım bütün bunlara sinə gəlmək məcburiyyətində qalırdı.

Bir gün arvadımla birlikdə oturduğumuz dağılmış evin zirzəmisinə düşdük. Pişik ayaqlarımın arasında dolaşaraq məni az qalsın nərdivanlardan aşağı yıxacaqdı. Hirsimdən dəliyə dönərək orada olan bir baltannı götürdüm və qorxumu unudaraq heyvana vurmaq həddində qaldırdım. Əgər qaldırdığım kimi də endirə bilsəydim, pişiyi o anda öldürəcəkdim. Lakin arvadım qolumu tutaraq vurmağıma mane oldu. Onun araya girməsinə çok pis əsəbiləşərək qolumu çəkdim və baltanı bütün şiddətilə arvadımın beyninə yerləşdirdim, yıxıldı və öldü. Bu cinayəti işlədikdən sonra heç bir vicdan əzabı duymadan ölünü gizlətmək işinə girişdim. Nə gündüz, nə də gecə, qonşular görmədən cəsədi evdən çıxara bilməyəcəyimi bilirdim. Müxtəlif yollar düşündüm. Bir müddət, cəsədi kiçik parçalara bölərək yandırmağı planlaşdırdım. Daha sonra, zirzəminin altını qazaraq ora basdırmağı düşündüm. Bundan başqa, ölünü bağçadakı quyuya atmaq, bir sandığa yerləşdirib, sanki bir əşyamış kimi bir hambal çağıraraq daşıtmaq da ağlıma gəldi. Nəhayət, bütün bunlardan çox daha yaxşı olduğunu düşündüyüm bir yol tapdım. Cəsədi, orta əsrlərdə keşişlərin etdiyi kimi divara hörməyə qərar verdim.

Doğurdan da, bu iş üçün zirzəmi çox uyğun idi. Divarları tökülmüş və çoxlu suvaq ilə yenidən əhənglənmişdiı. Islanmış olduğuna görə suvağın sərtləşmə ehtimalı yox idi. Bundan başqa, divarlardan birində əvvəllər ocaq kimi istifadə olunmuş bir çıxıntı var idi. Bu çıxıntı sonradan doldurulmuşdu və boşluğun o biri hissələrindən ayırd edilmirdi. Bu çıxıntını örtən kərpicləri yerlərindən çıxararaq cəsədi o boşluğa yerləşdirmək, sonra kərpiclərlə divarı yenidən hörmək asan idi. Beləcə, heç kim işin fərqinə varmazdı. Hesablamalarımda aldanmadım; bir alətlə kərpicləri yerlərindən söküb, ölünü divarın içinə yerləşdirdim və çox əziyyət çəkmədən divarı yenə əvvəlki kimi hördüm. Heç kim divarın yenidən hörüldüyünü anlaya bilməzdi, iş bitəndə bacardığıma xeyli sevinmişdim. Divarın əvvəlki vəziyyəti ilə yeni vəziyyəti arasında fərq yox idi. Yerə düşmüş parçaları böyük bir həssaslıqla tək-tək yığdım, sağa-sola bir göz gəzdirdim, hər şey öz yerində idi.

Daha sonra, bütün bu işlərin səbəbi olan pişiyi axtarmağa başladım. Çünki bu pis heyvanın canını cəhənnəmə yollamaqda tam olaraq qərarlı idim.

Əgər o dəqiqə əlimə keçirə bilsəydim, işi bitmişdi. Pişiyin ortalıqda olmaması məni rahatlaşdırdı. İlk əvvəl, vicdanımda cinayətin ağır yükünü daşımadan rahat yuxuladım, ikinci və üçüncü gecə pişik yenə görünmədi. Mən də, rahat bir nəfəs aldım. Heyvan hər halda qorxmuş, evdən qaçmışdı. Artıq rahat idim, etdiyim cinayət heç vecimə deyildi. Bu arada üzdən bir araşdırma olsa da, şübhə yaradacaq heçbir şey çıxmadı. Üstəlik, evdə bir axtarış da etdilər, amma təbiî olaraq, bir şey tapmadılar. Gələcəyə güvənlə baxırdım artıq. Cinayətdən sonrakı dördüncü gün polislər yenə gəldilər və evi başdan aşağı araşdıracaqlarını bildirdilər. Gördüyüm işin vəziyyətindən əmin olduğum üçün heç təlaş keçirmədim. Polislər axtarışda məni də yanlarınca apardılar. Baxılmayan künc-bucaq qoymadılar. Ən sonda üçüncü yada dördüncü dəfə, yenidən zirzəmiyə düşdük. Tüküm belə tərpənmədi. Vicdanı rahat bir adam kimi təlaşlanmadım. Zirzəmini başdan-ayağa dolaşdım. Qollarımı sinəmdə çarpazlayaraq baş verənləri seyr etdim. Polislər bir şey tapmamışdılar, getməyə hazırlanırdılar. Sevincimdən yerimdə dayana bilmirdim. Heç olmasa bir şeylər söyləyib onların təqsirsiz olduğumla bağlı inanclarını bir qat daha artırmaq istəyirdim. Polislər zirzəminin nərdivanlarını çıxmağa başlamışdılar. Ən sonda özümü saxlaya bilməyib:

— Bəylər! dedim. Şübhələrinizi yox etdiyim üçün çox sevincliyəm. Hamınıza can sağlığı, yaxşı günlər arzu edirəm. Sizdən biraz daha mədəni olmağınızı da diləyirəm. Gülə-gülə bəylər, bu ev çox sağlam düzəldilmişdir. (Tez bir zamanda bir şeylər söyləmək istədiyimdən, nə söyləyəcəyimi bilmirdim. Bəli bəylər, çox möhkəm düzəldilmiş bir evdir bu. Bu divarlar, nə oldu, gedirsizmi bəylər? bu divarlar çok möhkəmdir.

Sonra əlimdəki əsa ilə ölünün yerləşdiyi yerə sürətlə vurdum. Tanrı məni şeytanın qəzəbindən qorusun. Divardan əvvəlcə körpə ağlamasına bənzər qopuq-qopuq iniltilər, sonra davamlı çığırtı səsi yüksəlməyə başladı. Bu səs sanki cəhənnəmin dibindən gələn və zəbanilərin toppuzları altında inləyən pis ruhların ulaşmalarına bənzəyirdi. O an düşündüklərimi izah etməyə qadir deyiləm. Bayılma həddinə gələrək qarşı divara tərəf səndələdim.

Nərdivanları çıxmaqda olan polislər bir an qorxu və çaşqınlıqdan donub qaldılar. Sonra vaxt itirmədən altı cüt qol həmin an işə başladı. Az bir müddətdə alçıları söküb kərpicləri yerlərindən çıxardılar. Çürüməyə başlamış və irinli qana bulanmış arvadımın ölüsü dimdik bir vəziyyətdə, polislərin çaşmış və qorxu dolu baxışları arasında, ortaya çıxdı. Başının üstündə, məni cinayətə sürükləyən, indi də dar ağacına göndərəcək olan uğursuz pişik, kəskin dişlərini göstərir və parıldayan tək gözü ilə mənə baxırdı!..

Top