“Soba istidir”.

“Soba istidir”.

Mirzə Cəlil həmişə deyərdi ki, uşaqları yaxşı yedizdirmək lazımdır, yoxsa xəstələnib ölərlər. Amma buna maddi imkan çatmırdı. Ona görə də, həyəcanlanır, əsəb keçirirdi. Gedib kömək istəməyə də razı deyildi. Düşünürdü ki, onu lazımınca qiymətləndirmirlər. Biz heç odun da ala bilmirdik. Bir dekabr axşamı qar qarışıq güclü xəzri əsirdi. Mirzə Cəlil oğlanlarının otağına girdi və oradan çıxarkən: “Çox soyuqdur, bu soyuqda başlarına bir şey girməz, gərək sobanı qalayaq” – dedi. Öz otağına gedib şkafı açdı, əlyazmalarını çıxartdı. Onları bir-bir gözdən keçirib yerə atırdı.
Mən narahat oldum, soruşdum ki, nə etmək istəyirsən? Dedi sobanı qalamaq istəyirəm. Xahiş etdim ki, əlyazmalarını yandırmasın, gərək ola bilərlər. Ondansa taxta bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə mümkünsə hamısını yandırmışıq. Mən ürək ağrısı ilə onun əli ilə yazdığı səhifələri qalaq-qalaq yığıb sobaya qoymasına və kibrit çəkməsinə baxırdım. Hiss edirdim ki, bu, çox böyük itkidir. Amma mane ola bilmirdim, o, çox əsəbi idi. Nəhayət, sobanın ağzını bağladı, yenidən oğlanlarının otağına getdi və qayıdıb: “Soba istidir” — dedi. O, məmnun idi və arxayın yıxılıb yatdı”.


Həmidə Məmmədquluzadə

 

Top