Kafkanın sevgiləri

Kafkanın sevgiləri

KafkaO qəribə, adamayovuşmaz, patoloji olaraq özünə inamsız biri idi. Özü üçün, ətraf alamə məlum olmayan qanunlarla yaşayırdı. Tanışlarından biri onun haqqında deyir: “O utancaq, narahat, eyni zamanda, mehriban və xoşxasiyyət biri idi. O dünyaya günahsız insanları parçalamağa hazır gözəgörünməz iblislərin məkanı kimi baxırdı”.

29 yaşlı Frans Kafka Felitsa Baueri ilk dəfə 1912-ci ildə dostu Maks Brodun evində görmüşdü. O gündəliyində bununla bağlı qeydlər də aparmışdı. Bu qeydlərə əsasən deyə bilərik ki, ilk baxışdan qız onda elə də böyük təəssürat oyatmayıb. “25 yaşında ifadəsiz, sümüklü sifəti olan bir yəhudi qızıdır” – təəssüratı yəqin ki, gənc bir xanım üçün kompliment sayılmaz.

Amma maraqlı olan odur ki, bir neçə həftə sonra bu gənclər arasında qızğın və uzun yazışmalar başlayır. İlk məktublarında Kafka özünə oxşamırdı. Onun intonasiyası açıq, qətiyyətli və özünəinamlı idi. Frans həvəslə zarafat edir, bir çox məsələlərlə bağlı həmişə qeyri-adiliyi ilə seçilən mövqeyini bölüşürdü.

Təsəvvür edin ki, neçə-neçə orijinal əsərin müəllifi – son dərəcə özünəinamsız, yöndəmsizliyi və utancaqlığını özünə böyük dərd etmiş, milyonlarla kompleks və fobiyanın içində itib-batmış biri idi. Felitsa isə ədəbiyyat, fəlsəfə və incəsənətə tamamilə laqeyddi. Amma bununla belə onunla Kafka arasında yazışmalar kifayət qədər dolğun idi. Niyə? Bir-birinə o qədər də uyğun olmayan bu insanlar nədən danışırdılar?

Yazıçının bioqrafiyasını araşdıranlar ehtimal edirlər ki, gənc adamın diqqəti qızın xoşuna gəlib. İçindəki iblislərə baxmayaraq Kafka kifayət qədər yaraşıqlı, cazibədar və son dərəcə ağıllı biri idi. Bəs qadında Fransın özünü cəlb edən nə idi? Kafkaya ilk növbədə onun uzun-uzadı söhbətlərinə qulaq asacaq biri lazımdı. Özünə çox qapalı olan Kafkanın ciddi ünsiyyət problemi vardı. Epistolyar janr isə ona canlı görüşdən daha “təhlükəsiz” görünürdü.

Yarım illik yazışmalardan sonra onların ikinci görüşü baş tutur. Görüşdən az sonra Kafka Felitsaya bu məzmunda məktub göndərir: “Mən səni o qədər çox sevirəm ki, imkanım olsa bütün ömrümü sənin yanında keçirmək istərdim”. Ehtimal olunur ki, gənc qız bu mesajı evlənmə təklifi kimi qəbul edib və dərhal razılıq verib. Ancaq onun nikaha girməyə razılıq verməsi Kafka üçün tam gözlənilməzlik olur və o, birdən başa düşür ki, qızı ümumiyyətlə sevmir, sadəcə ani vurğunluğa aldanıb. Və o dərhal hərəkətə keçir.

Frans Felitsaya məktublar yağdırmaqda davam edir. Amma bu məktubların tonu inanılmaz dərəcədə dəyişmişdi:

“Sən təsəvvür et ki, zəif, xəstə, son dərəcə adamayovuşmaz, susqun, kədərli, tərs, bir sözlə, demək olar ki, islaholunmaz bir insana sahib olursan. Hansı ki, bu insanın yeganə məziyyəti səni sevməsidir”. O hər məktubunda oxşar mesajlara geniş yer ayırmaqla sanki, mən sənin həyat yoldaşın olmaq üçün elə də uğurlu namizəd deyiləm, deyirdi. Lakin Felitsa ya həqiqətən bu qədər açıq mesajları anlamır, ya da özünü bilməməzliyə vururdu. Belə olduqda Kafka münasibətlərə son verdiyini açıq şəkildə elan edir: “Qorxu mənim xoşbəxtlik imkanlarımı əngəlləyir… Biz ayrılmalıyıq”. Düşünmək olardı ki, bununla da “epistolyar roman” başa çatır. Ancaq üstündən bir ay keçməmiş Kafka yenidən məktub yazaraq Felitsaya evlənmək təklif edir.

Kafkanın münasibətindəki bu dəyişiklikdən çaşan Felitsa nələrin baş verdiyini öyrənmək üçün yaxın rəfiqəsi Qreta Bloxu Fransın yanına göndərir. Qretanın missiyası demək olar ki, uğurlu alınır – onunla Kafka arasında romanın əsası qoyulur. Sonralar qızğın sevgi məktubları ilə müşayiət olunan bu roman 1914-cü ildə Felitsanın Kafkayla nişanlanmasından sonra da davam etmişdi.
Kafkanın sevgililəri 

Bəli, nişan baş tutur, amma Kafka əvvəlki kimi evliliyə hazır deyildi. O hər vəcdlə nikahdan imtina etmək üçün bəhanə axtarırdı və bu dəfə də ona Felitsanın “sadiq rəfiqəsi” Qreta Blox kömək edir. O Kafkayla bir ildən artıq davam edən yazışmalarını əks etdirən məktubları Felitsaya göstərir. Rəfiqəsi və nişanlısının xəyanətindən qəzəblənən Felitsa isə nişanı pozur. 

3 il sonra isə Kafka növbəti dəfə ona evlənmə təklif edir. Özünə bu qəribə adamla hər hansı əlaqə saxlamamaq sözü verən Felitsa isə təklifi bu dəfə də qəbul edir. Lakin onların ikinci nişanından bir ay sonra Kafkada ağciyər qanaxması baş verir. Bunu gözəgörünməz tərəfindən Felitsayla evlənməsinin arzuolunmazlığına bir işarə kimi qəbul edən Kafka “əbədi nişanlısından” bu dəfə həmişəlik ayrılır.

1920-ci ildə Kafkanın həyatına Milena Esenskaya daxil olur. Daha sonra isə onun yerini daha gənc Dora Dimant tutur. Kafka 1924 –cü ildə məhz bu qadının qollarında gözünü əbədi yumur. Felitsa Bauer isə ərə gedərək iki uşaq anası kimi xoşbəxt ailə sahibi olur.

mənbə: kulis.az 

Top