O, qeyri-ciddi bir gündə, 1929-cu ilin 1 aprelində Çexiyanın Brno şəhərində doğulub. Atası universitet rektoru olub, gələcək yazıçının dünyagörüşünün formalaşmasında atasının həlledici rolu olub.
İkinci Dünya müharibəsindən sonra Kundera Praqa Universitetinə daxil olub. Qayğısız tələbəlik həyatı yaşayıb.
Onun mənsub olduğu nəsil atalarının dəyərlərindən üz çevirir, Kommunist Partiyasına daxil olurdular və onlardan bir çoxu üçün xəyallarla gerçəklik arasındakı yüngül sərhəd getdikcə daha çox silinirdi. 50-ci illərin əvvəllərində Çexiyanın siyasi həyatında bir sıra dəyişikliklər baş verdi.
Zaman birmənalı şəkildə bəyan etdi ki, Çexoslovakiyada böyük sosializm quruculuğu işi heç bir zarafatı qəbul edən deyil və onda Kundera kimi minlərlə “zarafatcıl” vətəndaş kompartiyadan, tutduğu vəzifədən, təhsil aldığı ali məktəbdən çıxarıldı.
Kunderanın özünü isə individualist olduğuna görə partiyadan çıxardılar. Onun siyasi bəsirətsizlikdə günahlandırılan qəhrəmanlarının da başına oxşar hadisələr gəlir.
Kundera özü hesab edir ki, onun romanları müəllifin məzhəbinin ifadəçisi deyil, sadəcə, tələdə olan insan həyatının araşdırılmasından ibarətdir. Qəhrəmanları isə onun özünün gerçəkləşməsi mümkün olmayan şəxsi arzularıdır.
Partiyadan qovulan Kundera öz ixtisası üzrə işləməyə davam edir. Dünya ədəbiyyatından dərs deyir, ədəbi jurnallarda icmalçı, mütərcim, esseist və dramaturq kimi əsərlərini nəşr etdirir.
1968-ci ildə sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsinə bir il qalmış onun “Zarafat” adlı ilk romanı, sonra isə daha iki romanı nəşr olundu.
Sonrakı romanları isə artıq Fransada çap olunmuşdu. Bretandakı universitet onu mühazirələr oxumağa dəvət etmişdi.
Bu hadisələr arasında isə “Praqa baharı” var idi. Tanklar küçələrə çıxmışdı, yazıçının müəllimlik fəaliyyəti qadağan olunmuşdu, kitabları kitabxanalardan yığışdırılmışdı, əsərlərinə qadağa qoyulmuşdu.
1979-cu ildə o, Çexoslovakiya vətəndaşlığından məhrum edildi. 80-ci illərin əvvəllərində Fransa vətəndaşlığını qəbul etdi.
Onun romanlarını oxuyarkən hiss olunur ki, bütün bunlar yeganə bir personajdan ibarət, sadəcə, müxtəlif adları olan tək, böyük bir romandır. Əvvəldə qəhrəman sadəcə, şən, cavan bir oğlandır ki, bir qayda olaraq qızlarla əylənməyə üz tutur. Qızılgül və zanbaqlara qərq olmuş həyatın mənası da bəlkə elə bundadır.
Amma qəfildən nəsə elə bir hadisə baş verir ki, qəhrəmanı pişik balası kimi, isti yerindən tullayır. Bu “nəsə”nin nədən ibarət olduğu o qədər də əhəmiyyətli deyil. Nə qəhrəmanın trotskisizm ideyalarının ardıcılı olduğu səciyyələnən zarafat (“Zarafat”), nə hansı andasa məhbuslar aləmində batan qıza verilmək üçün məhbəs cəhənnəmindən keçirilən (“Ayrılıq öncəsi vals”) və nə də qadına ötəri deyilən və bundan sonra əvvəlki münasibətləri qeyri-mümkün edən bir kəlmə söz (“Həqiqilik”).
Adamlar divanəlik girdabına salınırlar. Bu halda belə bir sual doğur: bu girdabda ölümdən necə qurtulmalı?
Bu zaman Kundera xarakterlərin və hadisələrin realist təsvirindən sürreal məcraya keçir. Qəhrəmanlar hansısa fantastik rəqslərdə impovizəyə başlayırlar.
“Astagəllik” romanında məhəbbəti əxlaq tiraniyasının buxovlarından azad etmək üçün çex aliminin manevrlərini xatırlayın.
Hadisələr heç də qraf Monte-Kristoda olduğu kimi cərəyan eləmir. Onun “şər dahisi” yüngül yerişlə cavan bir oynaşa qoşularaq çıxıb gedir. Sonda isə intihar etməyə çalışan qadın yuxu dərmanı əvəzinə bir neçə ədəd qarın açan həb qəbul edir.
Nəhayət, bütün ömrü boyu fərdi azadlıqlar uğrunda mübarizə aparan həmin zəhərli personaj özündən sonra həyatda elə təzəcə bir şey anlamağa başlayan və özünü ilk dəfə xoşbəxt hiss edən qızın meyitindən başqa heç nə qoymadan xaricə gedir. Əksinə də ola bilərdi.
Əsas qəhrəmanlar kabus kimi səhnədən çəkilir, ortada isə itləri ovlamaqla doğma şəhərin təmizliyi üçün əlləşən qocaların komandası qalır. Əyriqıç iti əlindən alınan balaca uşağın qışqırığı uzun müddət qulaqlardan çəkilmir.
Bu zaman yalnız içində öz nütfəsi olan sınaq şüşəsi vasitəsilə insanlığın sayını artırıb keyfiyyətini yaxşılaşdırmağa cəhd edən ginekoloq, doktor Şireta həyat eşqiylə dopdolu görünür. Onun bütün pasiyentləri doktorun möcüzəli iynələrini tərifləyə-tərifləyə “maraqlı vəziyyətdə” kurortdan qayıdırlar.
Şireta bu sərsəm dünyada sağ-salamat qalmağın özünəməxsus sərsəm üsulunu axır ki, tapır. Biz isə romanın qəhrəmanı kimi hərəkət edərək, uzunburun, eynəkli körpələrin hər birində Şiretanın övladlarının əlamətlərini görürük.
Kundera özü hesab edir ki, onun romanları müəllifin məzhəbinin ifadəçisi deyil, sadəcə, tələdə olan insan həyatının araşdırılmasından ibarətdir. Qəhrəmanları isə onun özünün gerçəkləşməsi mümkün olmayan şəxsi arzularıdır. Buna görə də özünü çox yaxşı anlamalı, dərk etməlisən ki, sözdən öz dünyanı yarada biləsən. Və bu dünya doğurdan da sözdən, baxışdan, susmaqdan və jestlərdən zühur edir.
Vida jesti kimi göylərə tuşlanan və qəhrəmanı öz yüngüllüyü ilə heyrətləndirən qadın əli xəyali romanın (“Ölməzlik”) yeganə möhkəm təməli rolunu oynayır. Belə gözəl bir tərzdə əlini yelləyən qadın görəsən, necə yaşayır, sevgi onun həyatında necə izlər buraxıb, onun arzuları nədən ibarətdir?
Jestdən uydurulmuş qadından daha xəyali, daha fantastik nə ola bilər?! Lakin özü bunu hiss etmədən Anes elə dolğun və parlaq ömür yaşayır ki, öz orbitinə nəinki uydurulmuş personajları, həm də dostu ilə birgə təhkiyəçinin özünü də çəkib gətirir.
Kundera roman içində roman yaratmağın ustasıdır. Onun bütün qəhrəmanları özünüdərk yollarıyla addımlayır.
Anes nəhayət, nə istədiyini gec də olsa, anlayır və özündən sonra yalnız yüngül bir jest qoyub yeni həyatın astanasında məhv olur. Tomaş (“Varoluşun dözülməz xəfifliyi”) həyatda demək olar ki, hər şeyi itirsə də, özünün heç bir məramı, məqsədi olmadığına görə hədsiz yüngüllük duyur. Arvadı Tereza nəhayət ki, ömrü boyu xəyanətlərilə öz məhəbbətini sübut etməyə çalışan ərinə inanmağa qadir görünür.
Bu əsərlərdə öz həyatının dözülməz yüngüllüyünü qəhrəmanların özləri hiss etməlidirlər. Kimsə bu dünyanı olduğu kimi qəbul edərək öz kefi üçün yaşayır, bir başqası isə dünyanı qəbul etmir və məhv olub gedir. Əslində, məğlub olur. Dünyayla barışmaq istəməyənlərin məğlubiyyətini Kundera dahiyanə şəkildə təsvir edir.
İndi aydın olur ki, bu romanlar nə üçün böyüklər üçündür. Yeniyetmə və gənc yaşlarında insanın həyat önündəki bu qarşısıalınmaz məğlubiyyətini seyr etməkdən ağır nə ola bilər?! Gənclərin bu əsərləri oxumasını istəməzdim. Mən “Arxayınçılıq”ı otuz beş yaşımda oxudum və indi də otuz yeddinin astanasındayam və “Varoluşun dözülməz xəfifliyi”ni hələ də həzm etməkdə çətinlik çəkirəm.
Kunderanın əsərlərində adi bir zarafat bəzən faciəyə gətirib çıxarır.
“Avtodayanacaq oyunu”nda həyatla çəlpəşik düşən oyunu xatırlayırsınız? Onun bütün əsərlərində həyatla oyun çəlpəşik düşür. Onları bir-birindən ayırmaq da müşkül bir işdir.
Müəllif: Kənan Hacı
Mənbə: Kulis.az