Balzak və Tolstoyun uşaqlığı

Balzak və Tolstoyun uşaqlığı

Onore de Balzak
Onore de BalzakBioqraflarının yazdığına və məşhur yazarın öz xatirələrinə əsaslanaraq əminliklə demək olar ki, Balzak uşaq ikən ana məhəbbətinə möhtac qalıb. Əslən parisli olan anası sırf mənfəət xətrinə az qala atası yerində bir kişiyə ərə gedibmiş. İlk övladı dünyaya gələndə bu qadın onu dayələrə tapşırmağı uyğun görmədi və nəticədə Balzaklar ailəsinin ilkbeşiyi heç qırxı çıxmadan dünyasını dəyişdi. Onore adı verilən ikinci uşağı isə elə ilk gündən dayəyə tapşırdılar və buna görə də gələcəyin dahi yazarı ana nəvazişinə həsrət böyüdü. Sonradan ailədə daha iki uşaq doğuldu. Madam Balzak böyük oğlu Onore ilə müqayisədə onlara hədsiz bağlılıq və sevgi sərgilədi. Şayiələrə görə, bunun bir səbəbi də həmin övladların yasaq eşqdən doğulması idi.

Kənddə dayənin yanında böyüyən Onore məktəb yaşına çatanda Vandom internat-kollecinə verildi. Keşişlər dərs dediyindən orada oxuyan şagirdlər həmin təhsil ocağını türmə ilə monastır arasında bir şey kimi dəyərləndirirdilər. Hətta yay və bayram tətillərində də valideynlər öz övladlarını, müvəqqəti də olsa, doğma evlərinə aparmadıqlarından məktəbdə durum çox gərgin olurdu.

Çevrəsindəki amansız həyatdan cana yığılan Onore tək çarəni öz daxili aləminə qapılmaqda görürdü. Dərslərdə sinif otağında olsa da, fikri-xəyalı kənarda dolaşır, müəllimlər ayağa durğuzub, nə isə soruşanda isə dodağının altında nələrsə mızıldamaqla kifayətlənirdi. Bununla müəllimlərini cin atına mindirdiyi üçün vaxtaşırı cəzalanırdı: onu pilləkənin altındakı soyuq anbara salıb, qapını qıfıllayırmışlar. Özü üçün sakit yer tapan Balzak tələm-tələsik qoltuğunun altında gizlətdiyi sevimli kitabını çıxarıb, yarıqaranlıq anbarda qiraətə başlayırmış.

İş elə gətirir ki, həmin o soyuq, səssiz və alaqaranlıq anbara salınmaq dərsdə oturmaqdan daha çox onun könlünə yatmağa başlayır. Aradan yeddi il ötür və öz üzərində sərbəst çalışan Balzakın «iki»ləri "üç«lərlə əvəz olunur. Dərslərini yaxşı oxumadığı üçün atasının ona ünvanlanan, təhdid dolu məktublarını da Balzak həmin anbarda oxuyurmuş. Ancaq soyuq və nəm yerdə uzun-uzadı qalması onun səhhətinə təsirsiz ötmür: son dərəcə arıqlayan Onoredə halsızlıq yaranır və o, bir dəfə koma vəziyyətinə düşür. Monaxlar (rahiblər) övladlarının səhhəti barədə Balzaklar ailəsinə məktub göndərəndən sonra atası onu məktəbdən çıxartmalı olur. Sonradan onu daha iki təhsil ocağına versələr də, gənc Onore bunların heç birində çox davam gətirmir, təhsildə sən deyən uğurlar qazanmır.

Oğlunu taleyin gərdişinə hazırlamaq üçün dəridən-qabıqdan çıxan atası axırda bu işdən əl üzür və Onoreyə öz taleyini istədiyi kimi qurmaq şansı tanıyır.

Görünür, vaxtilə o, belə etməsəydi, Fransa və dünya ədəbiyyatı ən nadir istedadlardan birini itirəcəkdi.

Lev Tolstoy
Lev TolstoyRus fikir tarixinin nəhənglərindən sayılan Lev Tolstoyun tərcümeyi-halının ilk mərhələsi adama qarmaqarışıq və düzənsiz təsir bağışlayır. 2 yaşında anasını, 9 yaşında atasını itirdiyi üçün başsız qaldığından o, bacı-qardaşlarıyla birlikdə gah o, gah bu qohumun qanadı altına sığınmağa məcbur olur. Hər hansı  nadincliyə görə bəzən qohumlar bu yetim uşaqlara elə divan tuturlar ki, heç yad adamlar da bu tifillərə belə davranmağı özlərinə rəva görməzdilər. 16 yaşına qədər Lev və bacı-qardaşları ev şəraitində təhsil alırlar. Dünya şöhrətli yazarın „Yeniyetməlik“ adlanan avtobioqrafik povestində həmin dövr kifayət qədər ətraflı işıqlandırılıb. 

Gənc qraf evdə aldığı təhsili ciddiyə almadığından dərslərə könülsüz hazırlaşırdı. Uşaqlara hamilik edən qohumları Kazan şəhərində yaşadığından ailə ora köçməli olur. Orada Lev və qardaşları bir-birinin ardınca Kazan İmperator Universitetinə daxil olurlar. Gəncləri öz himayəsinə alan xalaları, qrafinya P.İ.Yuşkova ağıldan dayaz və çılğın olduğundan, gənc qrafı bir an öncə evləndirməyə çalışırdı. Hətta bu işi bir az da tezləşdirməkdən ötrü kübarlar üçün evində əyləncə salonu da açmışdı. Lakin Tolstoy xalasının tövsiyəsini mənasız cəhd hesab etdiyindən bu salona yığışanlara zərrə qədər də maraq göstərmirdi.

Müəyyən mənada xalası Lev Tolstoyun oxuyub bir sənət sahibi olmasında çox da maraqlı deyildi. Bu mənada gənc qraf xalasının ümidlərini tamamilə  doğruldurdu: alman dili və Rusiya  tarixindən  qeyri-kafi qiymətlər aldığı üçün o, kursda qalır. İkinci kursda  oxuyarkən Zaqoskinin Nəcib Qızlar İnstitutunda  qoyduğu vodevil tamaşaları sayəsində bütün şəhərdə  ad-san qazansa da, yaradıcı həyatındakı bu uğurlar onu təhsildən get-gedə soyudurdu.

Yay tətili zamanı doğma malikanəsində dincələn L.Tolstoy fransız mütəfəkkirlərindən Monteskyönün və Russonun əsərlərini oxumağa başlayır, onların təsiri altında sərbəst həyat sürmək niyyətinə düşür, universitet təhsilini yarıda qoyur. Gənc qraf ucsuz-bucaqsız kitab dünyasına qədəm basır və imtahanları ekstern yoluyla vermək fikrinə düşür. O arada L.Tolstoy vaxtaşırı yaşıdları ilə ova gedir, dostlarıyla yeyib-içib, şənlənir. Bütün bunların qaçılmaz sonluğu kimi L.Tolstoy, formal da olsa, hər hansı universitet diplomu ala bilmir. Həmin illərdə xirtdəyə qədər girdiyi borcları isə o, ahıl çağında, həm də yazıçı kimi kifayət qədər məşhurlaşandan sonra qaytara bilir.

Top