Corc Bayron

Corc Bayron

Corc Noel Qordon (Corc Bayron) 1788-ci il yanvarın 22- də Londonda yoxsullaşmış zadəgan ailəsində anadan olmuşdur. O, 1801-ci ildə London yaxınlığındakı Harrou qapalı zadəgan məktəbinə daxil olmuş, ilk şeirini də burada yazmışdır. 1805-1808-ci illərdə Kembric Universitetində oxumuşdur. 1807-ci ildə “Asudə saatlar” adlı ilk şeir məcmuəsini, 1809- cu ildə isə mürtəce romantiklər əleyhinə yazılmış “Ingilis bardları və şotland icmalçıları” satirik poemasını nəşr etdirmişdir.
Bayron 1809-cu ildən lordlar palatasının üzvü olmuşdur. 1809-1811-ci illərdə o, Cənubi Avropa və Yaxın Şərq ölkələrinə səyahətə çıxmış, Portuqaliya, Ispaniya, Albaniya, Yunanıstan və Türkiyədə olmuş və səfər təəssüratı ilə əlaqədar mütərəqqi romantizmin ilk nümunəsi olan “Çayld Haroldun ziyarəti” poemasını çap etdirmişdir. 1812-1816-cı illərdə yazdığı lirik şeirləri, məşhur “Şərq poemaları” (“Gavur”, “Abidos gəlini”, “Korsar”, “Korinfin mühasirəsi”) və başqa əsərlərində azadlıq ideyaları tərənnüm olunurdu.
Hakim siniflər əleyhinə kəskin siyasi xarakterli, ədəbi və ictimai çıxışlarına görə təqib olunan Bayron 1816-cı ildə Ingiltərəni həmişəlik tərk etməli olmuşdur. 1817-1823-cü illərdə Bayron Italiyada yaşamış, karbonarilər hərəkatının fəal iştirakçısı olmuş, “Beppo”, “Venesiyaya oda”, “Dan-tenin peyğəmbərliyi” və s. əsərlərini yazmışdır. Yazıçının son əsəri olan “Don Juan” (1819-1823) mənzum romanı tamamlanmamışdır. Corc Bayron ömrünün son günlərini Yunanıstanda yaşamış, yunan xalqının milli azadlıq mübarizəsində iştirak etmiş və 1824-cü il aprel ayının 19-da orada vəfat etmişdir.

ƏSƏRLƏRI Şərq poemaları. Gavur. Abidos gəlini. Korinfin mühasirəsi.- B.: Uşaqgəncnəşr, 1959.- 200 s.
Müəllif: ADİLƏ ABDULLAYEVA
Top