Jül Vern

Jül Vern

Jül Qabriel Vern — fransız yazıçısı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri.
Jül Vernə (fr. Jules Gabriel Verne, 8 fevral 1828 - 24 mart 1905) dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular dənizinin yanında yerləşir.

Jül vern (Jules verne)O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır.

Əsərləri

Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü - "Keşiş 1839-cu ildə" (1991), "Robinzon dayı" (1991) və əfsanəvi "Paris XX əsrdə" (1994) ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifidir.
Jül Vern özünün "Sen-Mişel I", "Sen-Mişel II" və "Sen-Mişel III" yaxtalarında səyahətlərə çıxmış, 1859-cu ildə İngiltərə və Şotlandiyaya, 1861-ci ildə Skandinaviyaya səfər etmişdir.

1867-ci ildə "Greyt İstern" paroxodunda ABŞ-a səyahət etmiş, Nyu-Yorkda və Niaqara şəlaləsində olmuşdur.
1878-ci ildə "Sen-Mişel III" yaxtasında Aralıq dənizi boyunca böyük səyahətə çıxmış, Lissabon, Tanjer, Cəbəllütariq və Əlcəzairdə olmuşdur. 1879-cu ildə həmin yaxtası ilə yenidən İngiltərə və Şotlandiyada olmuşdur. 1881-ci ildə Niderland, Almaniya və Danimarkaya səfər etmişdir.

1884-cü ildə son böyük səyahətinə çıxmış, "Sen-Mişel III" yaxtasında Əlcəzairdə, Malta, İtaliya və digər Aralıq dənizi ölkələrində olmuşdur. Bu səfərlərin bir çoxu sonradan onun bir sıra məşhur əsərlərinin süjet xəttini təşkil etmişdir - "Üzən şəhər" (1870), "Qara Hindistan" (1877), "Yaşıl şüa" (1882), Lotereya bileti (1886) və s. Onun "Klodius Bombarnak" əsərində Azərbaycan, Bakı və Xəzər dənizi təsvir olunmuşdur.
Jül Vernin bir neçə tarixi romanı da var. "Arxipelaq alovlanır" əsəri onun tarixi romanlarının zirvəsi hesab olunur.

* "Yerin mərkəzinə səyahət" (1864)
* "Kapitan Haterasın səyahət və macəraları" (1865)
* "Yerdən Aya" (1865)
* "Kapitan Qrantın uşaqları" (1867)
* "Ay ətrafında" (1869)
* "20 000 lye su altında" (1870)
* "80 gün dünya ətrafında" (1872)
* "Sehrli ada" (1874)
* "Mixail Stroqov" (1876)
* "On beş yaşlı kapitan" (1878)
* "İstilaçı Robur" (1886) və başqaları

Top