Kəskin süjetli janrın ustaları çoxdır, amma Aqata Kristi, bu sadə ingilis qadın detektivin yeganə kraliçası sayılır. Aqata Kristinin romanlarını tanıyanlar Britaniya muzeyinin qarşısında 1920-ci ilin tünd göy rəngli vaqonunu görsələr təəcüblənməzlər. Bu yazıçının ən məşhur romanlarında təsvir edilmiş «Mavi ekspress»dən biridir. Bu vaqona daxil olub romanın qəhrəmanları 12 nəfərin yaşadığı şəraiti görmək olar. Bu Aqata Kristinin ölümünün 25 illiyinə hazırlanmış xüsusi ekspozisiyadır. Sərgi yazıçının arxeoloji fəaliyyətinə həsr edilib. Əlbəttə, Kristinin arxeoloqluğu romanlarının uğuruylu bərabər tutula bilməz. Yəqin arxeoloq və detektiv peşələri arasında əlaqə çox böyükdür. Danışmağı bacarmayan qız
Ailədə Aqata Kristini o qədər də dərrakəli uşaq saymırdılar. Qardaşı Monti və bacısı Mec zirək, dilboğaza qoymayan uşaqlardı, amma Aqata utanmaq və çaşqınlıqdan kəkələməkdən başqa bir şey bilmirdi. Oxumağı da fərli deyildi. Amma o vaxtlar qız uşağının oxuması nəsə bir abstrakt anlayış idi, hətta qızlar məktəbə getməyə də bilərdi. Kiçik xanımları ərə getməyə hazırlayırdılar və onlar naxış vurma, musiqi və rəqsdən ibarət «elmləri» bilsəydi bəs olurdu. Amma yazıya xüsusi fikir verilirdi, çünki gələcək kavalerin məktublarına layıiqli cavab yazmağı hər bir ingilis ledisi yaxşı bacarmalıydı. Tərslikdən Aqatanın yazısı da çox pisiydi. Ömrünün sonuna kimi o, artıq tanınmış yazıçı olan vaxtlarda belə ciddi qrammatik səhvlər buraxırdı.
Bir dəfə dayə müşahidə elədi ki, Aqata tək qalanda öz-özüylə danışır. Daha doğrusu özüylə yox, başqalarının görmədiyi müsahiblə. Aqatanın anası hesab eləyirdi ki, qızlara 8 yaşından tez oxumağı öyrənmək olmaz. Bir gün dayə üzündə faciəvi ifadəylə 4 yaşlı qızın anasına xəbər verir ki, «Qorxuram ki, mem, miss Aqata artıq oxumağı bilir». Bu ana üçün fəlakət idi! «Alisa, möcüzələr ölkəsində» onun stolüstü kitabı idi. Artur Konan Doylun «Mavi karbunkul» eşitdiyi ilk detektiv roman oldu. Məhz o vaxt beyninin hansısa bir güşəsində özünə söz verdi: «Nə vaxtsa mən də detektiv roman yazacam!».
Qəribəsi odur ki, uşaqlıqdan lap ahıl yaşlarınacan Aqata yuxuda eyni adamı görürdü. Özlüyündə onu Qatil İnsan, ya da Pistoletli Adam adlandırırdı. Olurdu ki, ailə yığışıb çay içərkən həmin İnsan sevimli adamının «içinə girir» və Aqatanı qorxudurdu. Bəzən Aqata nahara gecikəndə dayə ciddi sifətlə «Bu gün miss Aqatanın yuxusuna yenə də pistoletli Adam girib» deyə elan edərdi. Ailənin sonsuz sevgi dairəsinə dayənin monumental fiqurunu və kiçik iti də əlavə eləsək tam idillik səhnə alınırdı. Bu iti qıza bağışlayanda o özünü səadətdən itirib qaçıb gizlənmişdi. Aqata ayaqyolunda əllərini düyünləyib Tanrıya dua eləyirdi. Axı 5 yaşı olsa da o, anlayırdı ki, ingilis xanımı öz emosiyalarını gizləməlidir. Amma hələ ki, onları hara gizləməyin yerini dəqiq bilmirdi.
Onun qorxularından dayə Nennidən başqa heç kim xəbər tutmurdu. Bir dəfə təsadüfən onlar gəzərək başqasının bağına girirlər. Kimin gəldiyinin fərqinə varmadan qonşu çıxırmağa başladı: «Bu saat sizi diri-diri yeyəcəm! Qaynar suda bişirəcəm!». 4 yaşlı uşağa qonşu adamyeyən simasında görünmüşdü deyən o, ağzını necə açdığını, əvəvl onu, sonra yekəpər dayəni ağzına atdığını təsəvvür eləmişdi. Sonrakı 3 gün Aqata heç kimlə danışa bilmirdi. Dayə Nenni ondan aralanmalı olanda həmsöhbət kimi Aqata yekəpər, sakit təbiətli aşbaz Ceyni seçmişdi. Axı o, təkrarsız pudinqlər bişirirdi. O vaxtdan bəri yemək Aqatanın köməyi və təsəllisinə çevrildi. Əlbəttə, onun nənələri də vardı. Aqata Marqarit nənənin yanına İvlinqə getməyi lap çox sevirdi. Onun qədim mebellə bəzənmiş, içi müxtəlif əşyalarla dolu kamodları olan böyük evi vardı. Sonralar jurnalistlər Aqata Kristidən qəhrəmanlarının prtotipləri barədə soruşanda belə demişdi: «Mən nənəmin köhnə əşyalarıyla oynayırdım. Onun qədim teatr çantasını tapdım. İçini silkələdim, ordan şirin çörək qırıntıları və bir neçə qırıq krujeva səpələndi. Bu da sizin mis Marpl».
Aqata 10 yaşı olanda sinfin ən yaxşı pianoçusu kimi fortepianoda çalmalıydı. Həyəcandan titrəyən Aqata səhnəyə çıxan kimi donub qaldı. Sonra onu qucağa alıb səhnədən çıxarmaq lazım gəldi. Evə gedib bir sutka qızdırma içində yatandan sonra dəqiq qərara gəldi ki, səhnə onun yeri deyil. Atası vəfat eləyən kimi Aqatanın da uşaqlığı bitdi. Anası Aqatanı pianoçu karyerasına hazırlaşdırmağa başladı. Amma hamı anlayırdı ki, gözəl qabliyəti olsa da Aqata adam arasında çala bilməyəcək. Onda Aqatanı müğənni eləməyi qərarlaşdırdılar və Parisə oxumağa göndərdilər. Amma Aqatanın çox məlahətli və o qədər də zəif səsi vardı. Artıq 60 yaşında olanda yazıçı etiraf eləyir ki, opera müğənnisi olmağı həmişə arzulayıb. Opera müğənnisi olmağa səsi olsa da cəsarət və temperamenti çatmadı.
İndi onların maddi problemləri də vardı. Həm də ki, Aqatanın kuğar cəmiyyətə çıxarmağın da vaxtı çatmışdı. Onlar Misirə səfər eləyirlər, çünki burda həyat dəfələrlə ucuz idi. İlk «sezonunu» Kairdə keçirən cavan, savadlı, üzügülər və dəhşətli dərəcədə utancaq Aqatanı zabitlər, arxeoloqlar, elm işçiləri görməyə bilməzdi. Qolf oyunları, pikniklər, klublarda söhbətlər… və əlbəttə ki, ballar! Belə balların birində Aqata cavan zabitlə tanış olur. Qızı anasının yanına ötürəndən sonra zabit dedi: «Qızınızı sizə qaytarıram. O, artıq rəqs eləməyi çox yaxşı bacarır. Ona bir az danışmağı da öyrətsəydiz pis olmazdı». Aqata öz hisslərini sözlə ifadə eləməyi heç vaxt bacarmırdı.
Aqata Kristinin həyatı haqqında video
«Mən qolfun dul qalmış arvadıyam»
Kristinin bioqrafları deyir ki, gəncliyində Aqata baletlə məşğul olur, gözəl çalır və oxuyurdu. Gələcək əriylə Aqata rəqs meydanında tanış olub. Hündür sarışın və bir qədər ədəbsiz hərbçi Arçibald Kristi diqqətini cəlb elədi. Əsrin əvvəllərində pilot çox cəlbedici sənət sayılırdı. Tanışlığının üçüncü günündə Aqata evə gəlib elan elədi ki, nişanı qaytarıb cibində bir qəpiyi də olmayan Arçiyə ərə gedir.
Artıq 1914-cü il idi, Birinci Dünya Savaşı başlamışdı. Arçi cəbhəyə getdi, Aqata isə qospitalda işləyirdi deyən onlar nadir hallarda görüşürdülər. Aqata əməliyyata kömək edir, xəstələrin yatağının qarşısında oturur, dərmanlar hazırlayırdı. Başqa qadınlar kimi qan görəndə Aqatanın ürəyi getmirdi. O özünü ələ alaraq çətin əməliyyatlarda da iştirak eləyirdi.
Arçi isə qəhrəmanlıqlar göstərir, adlar və mükafatlar alır və təkcə məzuniyyət barədə düşünürdü. Amma ilk 3 günlük məzuniyyət zamanı onlar azı 3 dəfə həmişəlik küsüb barışdılar. Milad bayramı ərəfəsində isə onlar evləndi. Ağ paltar və fata əvəzinə Aqata plaş və qırmızı şlyapa geymişdi, Arçi isə həmişəki kimi mundirdəydi. Arçi bir gön sonra arvadını qoyub cəbhəyə qayıtmalı oldu. Onlar sonrakı 6 ayda görüşə bilmədilər.
Müharibə bitən kimi onlar da hamı kimi normal yaşadı. Kristi artıq tanınmış yazıçı, xoşbəxt ana idi. Arçibald isə Sitidə bizneslə məşğul olurdu. Qızlarının iki həftəsi heç bitməmişdi ki, Arçiyə kaloniyalarda iş təklif eləyirlər. Aqata heç tərəddüd eləmədən qızını anasına verib ərinin dalıyca «dünyanın axırı»na yollandı. Gəmi səyahətlərini sevməsə də uzun səfərlərdə rahat kupelərdə baş verən hadisələr artıq romanlarda peyda olmağa başladı. İlk kitabın qonorarı o qədr idi ki, onlar ev ala bildilər. Arçi heç gizlətmirdi ki, arvadının cızma-qaralarına qarşı etinasızdır. O, qolfla maraqlanırdı. Aqata həmişə deyərdi: «Mən qolyun dul qalmış arvadıyam». Qızı isə anasından daha artıq ataya bağlı idi. İkinci uşaqdan söhbət düşəndə Arçi deyərdi ki, ikinci avtomobil almaq daha məqsədəuyğundur. İlk evlərini Aqatanın romanına uyğun «Staylz» adlandırdılar.
«Qadının sürüşkən kişini abra salacağına inam dünyanın ən qədim qadın ilüzayalarından biridir»
Aqata 1926-cı ili «Ömrümün ən çətin ili» adlandırır. Həmin il onun anası rəhmətə getdi. Borcları olduğuna görə valideynlərinin evini satmalı oldular. Ərini köməyə çağıranda o, «Yol uzundu və mən bazar günü qolf oyununu buraxmaq istəmirəm» demişdi. Aqatada amneziya əlamətləri peyda oldu. Çekdə harda imza atacağını, bəzən adını da unudurdu. Qızlarının ad günündə Arçi elan eləyir ki, müdürünün katibəsi Nensi Nilə vurulub və boşanma tələb elədi. Ərini itirməkdən daha artıq qızını düşünərək bir il boşanma ərizəsinə qol çəkmirdi. Bu bir il ərzində bir sətir də yaza bilmədi.
Məşhur romanların müəllifi birdən özü yoxa çıxdı. İki həftədən artıq London polisi onun axtarışıyla məşğul idi. Onun avtomobilini yol qırağından tapmışdılar. Günahkarların siyahısında əri birinci dayanmışdı. Əri Arçi məşuqəsiylə istirahətə getməsini hamıya danışmaq istəmirdi. Heç kimin ağlına da gəlməzdi ki, bütün bunları Aqata özü quraşdırıb. Bu iki həftəni o, ərinin məşuqəsinin adı altında mehmanxanada yaşayıb. Maşını bilərəkdən Arçinin məşuqəsiylə əyləndiyi yerin yaxınlığında buraxıb və bilərəkdən içindən paltarlarını və şubanı götürməyib. Aqata istəyirdi ki, ərini onun ölmündə günahkar bilsinlər. O, mehmanxanada yaşayaraq ərinin əzab çəkməsi barədə yazılan məqalələri oxuyub ləzzət alırdı. Mətbuata elan olundu ki, Aqata yaddaşını itirdiyindən kimliyini unutmuşdu. Aqatanı sağ və salamat tapanda qəzetlər «Rocer Ekroydun qətli» romanını reklam kampaniyası olduğunu aləmə car çəkirdi. Aqata o qədər məşhurlaşır və jurnalistlər onun zəhləsini o qədər tökürlər ki, sonralar Kristi bir daha müsahibə vermədi.
«Arxeoloqlar keçmişin detektivləridir»
Tək qalandan sonra Kristi həmişə arzuladığı səyahətlərə başlayır. İlk səfəri «Şərq ekspresi»ndən başlayır. (Bu adda romanı ən məşhur kitablarındandır). Şumer sivilizasiyasının qazıntılarına Aqata dostlarının məsləhətiylə gəlir. Tarixi abidələrlə tanış olmaq istəyəndə ona Maksı ən yaxşı mütəxəssis kimi bələdçiliyə məsləhət bilmişdilər. Maks 39 yaşlı ömür boyu səyahət arzulamış yazıçı üçün yeni, qədim şəhərlər, məqbərələr dünyasını kəşf elədi. 25 yaşlı arxeoloq Aqataya evlənmək təklifini edəndə onu düz iki ay yola gətirmək lazım gəldi. 14 yaş fərqiylə uğursuz nigahdan az keçmiş evlənmək Aqataya dəlilik kimi gəlirdi. Nigah mərasimində Maksın əynində təzə aldığı ağ kostyum, Aqatanın əlində isə doğum tarixini dəyişdirdiyi yeni pasport vardı. Onların toyunda qohumlardan yalnız Aqatanın qızı Rozalinda iştirak edirdi. Çünki çoxları ondan üz döndərmişdi. Aqata bunu zarafata çevirərək xəyanətkarları «Qorxaq Siçan Ordeni»nə, atmayanları isə «Vəfalı İtlər Ordleni»nə bölüşdürürdü.
Aqatanın bu nigahı görünməz dərəcədə uğurlu, uzun və xoşbəxt oldu. Yaş fərqinə gələndə isə Aqata hər şeyi zarafata çevirirdi: «Maks arxeoloqdu. Arxeoloqlarsə qədimliyi sevərlər. Ona görə də yaşım artdıqca mən ona daha maraqlı görünürəm». Onlar birlikdə bütün dünyanı gəzdilər. Tezliklə Aqata frofessonal fotoqraflar kimi çəkməyi də öyrəndi və bütün ekspedisiyalarda əriylə birgə oldu. Çadırda plitə üstündə yemək bişirərkən «qətl» hadisələrinin süjetlərini uydurmağı da yadından çıxarmırdı. Amma Qatil Adam arabir yuxularına girirdi. Amma o da olmasaydı Aqata Kristi bütün dünyanı ustalıqla qorxuda bilərdimi? «Mən danışdığımdan bir qədər yaxşı yazıram»
Aqata Kristinin yazı yazmaq vərdişi qəribə idi. Detektiv yazmaqçün ona isti vanna və alma lazım olurdu. Saatlarla vannada oturub alma xartıldadaraq o beynində ölüm hadisələrinin labirintini quraşdırırdı. Ondan soruşanda ki, «Niyə zəhərlərdən çox istifadə edirsiz?» Aqata demişdi ki, «Qan içində uzanmış ölülərdən xoşum gəlmir. Odlu silahdan isə qaçıram, çünki bundan tamamilə başım çıxmır. Zəhərləmək isə o qədər asandır ki». Aqata Kristi yazıçılığına xobbi kimi yanaşır. Arxeoloq Maks Mellounla nigahda olarkən «məşğuliyyətiniz» soruşulan bölmədə «evli xanım» yazardı. Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirmədi.
Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanında ortaya çıxır. Bu qəhrəman son romanların birində vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölmü olan kitabı çap eləməkdən boyun qaçırırdılar. Onun kolleqası Miss Marpl da ilk romanlardan birində peyda olmuşdu. Kristi 60 detektiv roman və 19 hekayə məcmuəsi çap eləyib. Başqa dillərə tərcüməyə görə Şekspirdən sonra o, birinci ingilis yazıçısıdır. Aqata Kristinin 16 pyesi Londonda səhnələşdirilib və onların əsasında filmlər çəkilib. Bu yaxınlarda Aqata Kristinin nəvəsi evlərinin çardağından nənəsinin 27 kasetə yazdığı audiomüsahibəsini tapıb. Aqata Kristi burda bütün həyatını kiçik detallara qədər danışıb. Burda bəzi intim məqamlar olduğuna görə kassetlərin hamısı ictimaiyyətə aşkarlanmayıb. Kasset kolleksiyası çardaqda 40 il gizli qalıbmış.
Məşhur qəhrəmanı Erkül puaronun «ölüm»ündən sonra müəllifin də bu dünyada işi qalmamışdı. Son kitabının nəşrindən sonra o, dedi: «Mən indi artıq borca yaşayıram. Elə bil ki, dəhlizdə oturub çağırış siqnalını gözləyirəm. Mən ölümlə görüşə hazıram. Həmişə eskimo dondurmasını çox sevmişəm. Bir gün əziz qoca nənə üçün xüsusi təam hazırlanacaq və o, buzlu yola düşüb gedəcək. Və bir daha qayıtmayacaq…»