“Dövlət diş fırcalayarkən suyu boş axıtmamaq haqqında qanun qəbul edə bilməz. Bunu ancaq əxlaq tənzimləyə bilər. Əxlaq hüquqa nisbətə daha təsirli və güçludur. Onun da əsasında din durur”.
"Dünya müharibəsinin başlamasında Stalin Hitlerdən daha çox günahkardır!" - Bu, onun baxış bucağı idi, elə ona görə də ömrünün əsas hissəsini vətəndən uzaqda, həbsdə, sürgündə keçirmək məcburiyyətində qalmışdır.
Təkcə rus ədəbiyyatında deyil, dünya ədəbiyyatında ən müxalif yazar kimi tanınan Aleksandr Soljinitsin 1918-ci il dekabrın 11-ində Rusiyanın Kislovodsk vilayətində anadan olub. 1939-cu ildən Sovet ordusunda xidmət edən Soljenitsin 1942-ci ildə kapitan rütbəsi almış və müharibəyə qoşulmuşdur. Lakin elə müharibə dövründə yazdığı məktublarda Stalini tənqid atəşinə tutmuş, Hitlerlə danışıqlar nəticəsində məsələni həll etməyin mümkünlüyünü, buna görə də müharibənin başlamasında Stalini Hitlerdən daha çox günahkar hesab etdiyini bəyan etmişdir.
Bu kimi fikirlərinə görə həbs edilmiş və ömrünün 8 ilini cəzaçəkmə düşərgəsində keçirmişdir. 8 il sonra Qazaxıstandakı Ekibastus düşərgəsinə göndərilmiş, 3 il də burada qalmışdır. Daha sonra "persona non qrata" (arzuolunmaz şəxs) elan edilərək sürgünə göndərilmişdir.
Xruşovun dövründə Sojenitsin bağışlanır, Ryazanda işləməsinə icazə verilir və bundan başqa, Sovet Yazıçılar Birliyinə qəbul edilir. 1962-ci ildə "İvan Denisoviçin həyatında bir gün" adlı ilk kitabı işıq üzü görür. Çox uğurlu olan bu kitabdan sonra Soljenitsin həyatını bütünlüklə ədəbiyyata həsr edir. Ancaq sonralar yazdığı əsərlərlə yenidən problemlə üzləşir. 1966-ci ildə yazara ölkədən çıxmağa qadağa qoyulur və 3 il sonra Yazıçılar Birliyindən də uzaqlaşdırılır.
Soljenitsin siyasi məhbusların saxlanıldığı düşərgələrdə keçirdiyi dönəmlərdən bəhs edən "QULAQ arxipelaqı" adlı əsərilə (QULAQ – rusca Qlavnoye Upravleniye Laqerey – Həbs Düşərgələri üzrə Baş İdarə) Sovet rejiminin əsl üzünü aça bilmişdi, bununla da dünyada böyük təlatüm yaratmışdır. Bu tipli bənzərsiz əsərlərinə görə 1970-ci ildə Nobel mükafatına layiq görülür. Amma bu mükafatın sırf siyası məqsədlə verildiyi qeyd edilir. 1974-cü ildə Sovet hökuməti Soljenitsinin vətəndaşlığını ləğv edir və onu ölkədən qovur. 2 il İsveçrədə, 1976-ci ildə isə ABŞ-a köçərək orada yaşamağa başlayır. 1989-cu ildə yenidən Yazıçılar Birliyinə qəbul edilir və 1994-cü ildə Rusiyaya (artıq SSRİ dağılmışdı) geri qayıdır və ömrünün son illərini vətənində keçirir.
Soljenistinin "QULAQ arxipelaqı" əsərini kommunizmi məhv edən əsər kimi tanıdırlar.
Daxili təbiəti baxımından zəngin bir şəxs olan Soljenitindən ölmək barədə soruşularkən deyirdi: “Ölənlər bizi vəzifəyə çağır, milyonlarla insan hər gün bizi vəzifəyə çağırır. Bir insan ölürsə, onun bu dünyadakı vəzifəsi bizim - yəni, dirilərin üzərinə düşür”.
Onun fikrincə, insanın ən son hədəfi nə mükəmməl bazar iqtisadiyyatı qurmaq, nə də yaşam səviyyəsini yüksəltməkdir. İnsan mənəviyyat dalınca qaçmalıdır. Soljenit qeyd edir ki, əgər mənəviyyat çökübsə, onda ən mükəmməl idarəetmə sistemləri də çökəcək.
İdeyasının əsasında “könüllü xidmət” duran “Rus patriarxı” hüquq haqqında danışarkən, onu “gücsuz və cılız” adlandırır. “Dövlət diş fırcalayarkən suyu boş axıtmamaq haqqında qanun qəbul edə bilməz. Bunu ancaq əxlaq tənzimləyə bilər. Əxlaq hüquqa nisbətə daha təsirli və güçludur. Onun da əsasında din durur. Nə edirsən et, mənəviyyatı əlindən vermə. Əks halda etdiyin iş uğursuz və keçəri olacaq” - Aleksandr İsayeviç Soljenitsin.
Hazırladı: Ənvər Talıblı və Rza Kamil,
deyerler.org saytına istinadən