Bu, Nigar, Həcər, Tomris, Xədicə, Vəfa, Esmira söhbəti deyil. Heç «Leyli və Məcnun» söhbəti də deyil. Bu, Raya söhbətidir. Ağır söhbətdir. Şeirə, təbiətə, yaradıcılığa tam laqeyd qalanlar, müdriklər, ən böyük arzusu prokuror arvadı olmaq istəyənlər üçün Raya söhbəti tam başadüşülməz bir söhbətdir. Axmaqlıqdır, dəlilikdir onların nəzərində Rayanın fədakarlığı.
Ostrovski Rayayla görüşəndə döyüşlərdə, cəbhədə sağlamlığını itirmiş yüz minlərlə əsgərdən biri idi. «Polad necə bərkidi» romanı gələcəkdə yazılacaqdı. Minlərlə oxucu məktubu Ostrovskinin üstünə yağış kimi hələ sonra yağacaqdı. Leninqrad əhalisi blokadanın ağır günlərində yaşamağı Ostrovskinin romanından öyrənəcəkdilər. Sovet əsgərləri ciblərində «Polad necə bərkidi» romanın gəzdirəcəkdilər. Neçə-neçə güllə bu kitabları deşəcəkdi. Hələ hər şey qarşıda idi.
Raya Ostrovskinin məşhur olacağını bilməzdi. O, sadəcə əsl qadın kimi öz vəzifəsini yerinə yetirirdi. Tiraj, məşhurluq sonra gəldi. Və Rayanın bu qələbənin qazanılmasında rolu çox böyükdür. Bax, əsl qələbə budur. Artıq tanınmış istedada sahib çıxmağı çəyirtgə belə bacarar. Raya isə döyüşlərdə sağlamlığını itirmiş sıradan bir əsgərə sahib çıxmışdı. Bu, ağır söhbətdir. Ostrovski məşhurlaşmasaydı, biz Rayanın fədakarlığından xəbər tutmayacaqdıq. Necə ki, yüz minlərlə rayaların fədakarlığından xəbərimiz yoxdur. Bu, bir məktəbdir. Bu məktəb hələ dekabristlər üsyanında özünü təsdiq edib. Bu Nigar, Həcər, Vəfa, Xədicə söhbəti deyil. Bu, ağır söhbətdir. Elə bu anda bütün tanınan və tanınmayan rayaların fədakarlığı qarşısında baş əyirəm…
Görüş
1926-cı ildə Ostrovskinin anası öz köhnə rəfiqəsinə qəribə məktub yazır: «Oğlum Kolya Krım sanatoriyalarının birində müalicə olunur və müalicədən sonra həkimlər məsləhət görüblər ki, müalicənin nəticələrini möhkəmləndirmək üçün bir neçə ay cənubda yaşamalıdır». O vaxt Rayanın iyirmi yaşı vardı. Ostrovskinin anası məktubu Rayanın anasına yazmışdı. Onların anaları rəfiqə idilər. Çox keçmir ki, Rayagilin ailəsi ikinci məktubu Kolyanın özündən alır. O, hətta zərfə öz şəklini də qoymuşdu. Beləcə, Ostrovski cənuba gələrək anasının köhnə rəfiqəsinin ailəsində, yəni Rayanın yaşadığı evdə yaşamağa başlayır. Raya evdə qəfil peyda olmuş bu yad adamdan utanır. Görüşdən qaçır. Ona yovuşa bilmir. Ostrovski haqqında xatirələrində yazır: «Hamı süfrə başında əyləşmişdi. Mən gözə görünmədən öz otağıma keçməyə çalışdım. Lakin bacım məni dəhlizdə qarşılayıb zorla mətbəxə itələdi. Anam samovara baxırdı. Sifətinin ifadəsindən anlayırdım ki, hərəkətimdən son dərəcə narazıdır. Özümə yer tapa bilməyərək ayağa durdum və bilmədən sarı pişiyin quyruğunu tapdaladım. Pişik bərkdən çığırdı. Hamı qəh-qəhə çəkdi, gərginlik sovuşdu».
Ostrovski həmin günlər evə başqa hava gətirmişdi. O, sanatoriya yoldaşları haqqında əhvalatları, döyüş xatirələrini süfrə arxasında ailənin üzvlərinə danışır: «Köhnə əsgərlər arasında belə bir əhvalat var. Əgər cəbhədə üç adam papirosunu bir kibrit çöpündən yandırarsa, papirosunu üçüncü yandıranı mütləq öldürəcəklər. Cəbhədə isə biz kibrit sarıdan korluq çəkirdik. Mən əsgərlərə düşər-düşməzin boş şey olduğunu sübut etmək üçün döyüşdən lap azca qabaq bir neçə dəfə papirosumu üçüncü yandırmışdım».
Ostrovski bütün günü oxuyur. Komsomolun iclaslarında iştirak edir. Rayaya öz cəbhə xatirələrini danışır. Ağrıları isə yavaş-yavaş şiddətlənməyə başlayır. Gecələrin birində Ostrovski Rayanın əllərindən tutaraq «kim bilir, bəlkə mən fiziki cəhətdən tamamilə bərbad hala düşəcəyəm»,- deyərək, ona dostluğunu, məhəbbətini təklif edir. Bu səhnə «Polad necə bərkidi» əsərində yazılıb. Ostrovski Pavel Korçagin obrazı ilə onun həyatını eyniləşdirənlərə etiraz edirdi. O, hətta romanın Pavel Korçagin adlanmasını istəyən redaktorlara da müqavimət göstərmişdi: «Bu, tək mənim yox, yüz minlərlə komsomolçunun həyatıdır. Biz komsomol bileti ilə bir yerdə tüfəng və iki yüz patron alırdıq. Əlbəttə, mən Pavel Korçagin obrazına bir az da öz həyatımdan əlavə etmişəm».
Ostrovskinin ağrıları get-gedə şiddətlənirdi. Oktyabr inqilabının doqquzuncu ildönümü münasibətilə şəhərdə parad təşkil olunur. Çətinliklə yeriyən Ostrovskini parada Raya faytonda gətirir. Komsomolçular oxuya-oxuya meydandan keçəndə Ostrovski Rayaya deyir: «Oxuyan həyatın özüdür. Hələ başı kəsilməmiş, nə qədər burjuy var».
Həyatın dibi
Əlbəttə, bir qələm adamının «baş kəsmək» söhbəti oxuculara qəribə gələ bilər. Ədəbiyyat bütün hallarda sevgini, mərhəməti, humanizmi təbliq etməlidir. İnsanların hər zaman təsəlliyə ehtiyacı var. Amma baxır təsəllini kimin dilindən eşidirsən. Oxucuların xahişi ilə Milan Kunderanın gözəl bir sözünü təkrar yazıram: «Kantın dilindən hətta „sabahınız xeyir“ sözləri belə fəlsəfi səslənir». Əgər biz Ostrovskinin uşaqlıq illərinə səyahət etsək, onun «hələ başı kəsilməmiş nə qədər burjuy var»,- sözlərinə haqqa qazandıra bilərik.
Raya Ostrovskinin uşaqlığını onun anası Olqa Osipovnanın xatirələri əsasında yazıb: «Olqa Osipovna keçmişləri xatırlayaraq, keçmişlərdən heç də yüngül olmayan bu gününü bir müddət unudurdu. Bu xatirələr məni naməlum keçmişə apararaq, sevdiyim bir insanın həyat səhifələrini mənimçün açırdı».
Ostrovski uşaqlıqda dəmiryol stansiyasında yerləşən bufetdə işləyib. Balaca bir uşaq həm odun doğramalı, həm bufeti təmizləməli, həm qazanları yumalı, həm də böyük samovarı daima qaynanmış vəziyyətdə saxlamalı idi. Üstəlik, bufetin sahibi ürəyi istədiyi zaman tutub onu istənilən bəhanəylə döyə bilərdi: «Zirzəmi pəncərəsindən görünən çirkli ayaqlar kimi, həyatı həmişə dibindən görmüşəm. Gözlərim qabağında ölən adamların sayı-hesabı yoxdur. Bu bufet uşağı insanı alçaldan çox dəhşətli mənzərələr görüb». Ostrovski uşaqlıq çağında stansiya bufetində gündə 12-15 saat işləyirdi. Buna baxmayaraq, yenə də kitab oxuyurdu. Stansiyadan keçən qatarların sərnişinlərindən, əsgərlərdən kitablar, jurnallar istəyərdi. Beləliklə, Ostrovski anasının dediyinə görə, evin çardağında özünə təxminən iki yüz kitabdan və jurnaldan ibarət kitabxana düzəltmişdi…
Bir daha baş kəsmək söhbətinə qayıdaq. Əlbəttə, iki böyük quruluşu müdrikcəsinə tarixin arxivinə göndərmiş bir toplum üçün «hələ başı kəsilməmiş nə qədər burjuy var»,- sözləri qəribə görünə bilər. Orda isə qardaş qardaşın, ata oğulun başın kəsirdi. Ostrovski Şoloxova yazdığı məktubda «Sakit Don» əsərinin müəllifindən kazak romantikasına son qoymağı, əsərdə bütün ağvardiyaçıları, burjua tör-töküntülərini qırmağı xahiş edirdi. Təsəvvür edin. Lütfən, diqqətlə oxuyun. Bir yazıçı digər yazıçıya məktub yazaraq ondan romantikaya son qoymağı və əsərdə bütün ağvardiyaçıları qırmağı xahiş edir. Bu söhbətləri başa düşmək iki qruluşu müdrikcəsinə tarixin arxivinə göndərməyi bacarmış toplum üçün çətindir. Biz hələ ideya səviyyəsinə çatmamışıq. Ona görə sovet dövründə elmi ateizmdən dərs deyənlər müstəqillik dövründə hacı, məşədi oldular. Orxan Eypin təbirincə desəm, bizdə ideya davası olmayıb. Biz hələ də xeyir və şər səviyyəsində qalmışıq. Bu mənada Ostrovski «hələ başı kəsilməmiş nə qədər burjuy var»,- deyəndə tam haqlı idi. Ostrovskinin sözləri Azərbaycan dilinə təxminən belə tərcümə oluna bilər: «Hələ nə qədər toyumuz var, qocalmışam demə ana».
Ana demişkən, Ostrovski əsgərlərdən, sərnişənlərdən aldığı kitablardan anasına hekayələr oxuyurmuş. Hekayətlərin birində avara bir qraf öz nökərinin burnuna çırtma vururmuş, bekarçılıqdan nökəri döyüb, onunla məzələnirmiş. Nökər isə yaltaqcasına gülümsəyərmiş. Ostrovski hekayənin sonunu olduğu kimi oxumur. Özündən sonluq quraşdırır. Guya bir gün hər şeydən bezən nökər qrafı möhkəm əzişdirir. Anası şübhələnir. Kitabı alıb baxanda görür ki, hekayənin sonu tam başqa cür yazılıb. Ostrovski sonralar bu hadisəni xatırlayanda deyir: «Mən hələ uşaqlıqdan qrafa cavab verən nökər arzulayırdım».
Ağrılar
Ostrovski «Polad necə bərkidi» romanında qəhrəmanı Pavel Korçaginin dilindən yazır: «Pavel qış fəslini məcburən sevməməyə başlamışdı. Çünki soyuqlar düşəndə ağrıları şiddətlənirdi». Özünün dediyi kimi, satqın bədənin xəyanətləri başlamışdı. Sonralar o tez-tez deyəcəkdi: "Ürəyimdən və beynimdən başqa bütün orqanlarım mənə xəyanət etdi". Ostrovski yataq xəstəsinə çevrilir. Və əsl Raya əfsanəsi başlayır. Raya xatirlərində yazır: «Axşamlar ona ağır olurdu. Uzun müddət bir vəziyyətdə uzanmaqdan bədənində ağrılar artırdı. Özü çevrilə bilmirdi. İş günündən sonra mən bərk yatdığıma və məni oyatmaq çətin olduğuna görə, Nikolayın təklifilə qoluma ip bağlayıb, o biri ucunu onun yanına qoydum. Ona lazım olanda ipi dartıb məni oyadırdı».
Ağrılara baxmayaraq, Ostrovski yenə də kitab oxuyur. O, xüsusən Qorkini çox sevirdi. Mübarizə aparmağı, yaşamağı isə Ostrovski «Ovod» əsərindən öyrənmişdi. «Ovod» əsəri bütün ömrü boyu Ostrovskinin dözüm, yaşamaq, mübarizə aparmaq məktəbi və mənbəyi olur. Ostrovski Mayakovskini də çox sevirdi. Lakin Mayakovskinin intiharı Ostrovskiyə həddindən artıq pis təsir edir. Uzun müddət Mayakovskini bağışlaya bilmir. Hər halda onu müayinə edən həkimə bu sözləri deyən adam Mayakovskinin intiharını çətin anlaya bilərdi: «Siz elə bilirsiniz biz günəşin istisini hiss eləmirdik, ya həyat bizə gözəl görünmürdü, yaxud cəbhədə başımız ora-bura qaçmağa qarışdığı və tufanlı döyüşlərdə həyacan keçirdiyimiz zaman gözəl qızlara məhəl qoymurduq? Həyat bizi səsləyirdi. Biz həyatın gözəlliyini bəlkə də hamıdan çox hiss edirdik, lakin qəti bilirdik ki, indi əsas məsələ sinfi düşməni məhv etmək və inqilabı qorumaq, onun keşiyində durmaqdır».
Ostrovski bütün günü beli üstə uzanmış vəziyyətdə kitab oxuyur. Bu zaman satqın bədənin daha bir orqanı Ostrovskiyə xəyanət edir. 1920-ci ildə döyüşdə yaralandığı sağ gözü şişməyə başlayır. İltihab sol gözünə də keçir. O, daha kitab da oxuya bilmir. Raya öz xatirələrində yazır: «Ostrovski çarpayısının yanındakı stolun üstünə yığılmış kitablara qəmli-qəmli baxırdı. Gözlərinin ağrısı bircə dəqiqə olsa da kəsmirdi. Bütün gününü pəncərələri bağlı otaqda keçirirdi. Çünki işıqda gözləri daha bərk ağrıyırdı. Həyat Ostrovskini yenə də sınaq qarşısında qoymuşdu. Elə bu vaxt gənclər ona köməyə gəldilər. Komsomolçular ona ucadan kitab, qəzet oxuyurdular».
Günlər keçdikcə ağrıları daha da şiddətlənən Ostrovski dostlarına yazdığı əksər məktublarda «satqın bədənin xəyanətləri» sözlərini işlədir. Raya əfsanəsi isə davam edir: «Baharda Nikolayın vəziyyəti daha da korlandı. Səhərlər onun şiş, didim-didim olmuş dodaqlarından bilərdik ki, bu, ağrıların izləridir. İndi biz nə edək? Onu hara müalicəyə göndərək? Maddi imkanlarımız son dərəcə məhdud idi. Nikolayın 35 manat 50 qəpik pensiyası və mənim maaşımdan ibarətdir. Bu da bizi çox qənaətlə dolanmağa məcbur edərdi».
Buna baxmayaraq, dostların köməkliyi ilə Krasnodar yaxınlığında yerləşən sanatoriyalardan birinə putyovka tapılır. Raya işlədiyi üçün Ostrovskiylə sanatoriyaya gedə bilmir. Ostrovski sanatoriyaya anası və Rayanın bacısı Lölyayla gedir. Sanatoriya Krasnodardan 50 kilometr arasında yerləşir. Krasnodara qədər qatarla gedirlər. Orda Ostrovskini maşına uzadırlar. Rayanın bacısı Ostrovskinin başını, Olqa Osilovna isə ayaqlarını tutur. Ki, maşın atılıb-düşəndə xəstə əziyyət çəkməsin. Yolda Ostrovskinin vəziyyəti ağırlaşır. O, bir neçə dəfə huşunu itirir. Burda daha bir faktı qeyd etməliyəm.
O zaman Rayanın bacısı Lölyanın iki yaşında oğlu vardı. Bunu sadəcə «ruslar xəstələnəndə adama baxmırlar» nağılı danışan tükəzbanların menyusunu zənginləşdirmək (dırnaqsız) üçün yazdım. Sanatoriyadan geri qayıdanda eyni hadisələr baş verir. Amma Raya müalicənin son günlərində sanatoriyaya gəlmişdi. O, Ostrovskiylə bir yerdə geri qayıdırdı: "Əzablarını heç olmasa bir qədər azaldımı deyə, bütün yolu Nikolayın başını əllərimlə tutdum. O, ağrıdan bir neçə dəfə huşunu itirdi. Arada özünə gələndə astadan dedi: — Məndən muğayat ol Rayacan, mən hələ çox iş görə bilərəm, məni tərk eləmə… Mən göz yaşlarımı saxlaya bilmədim".
Bir qədər günəş
Məşəqqətli günlər davam edir. Əlbəttə, bu yazıda Rayanın bütün xatirələrinə yer vermək çətindir. Həm də bir yazıda bütün xatirələri əlaqələndirmək mümkünsüzdür. Siz kitabı oxusanız daha yaxşı olardı. Hər şeydən əvvəl bu bir təqdimat yazısıdır. Ötən yazıda qeyd etmişdim. Bu Həcər, Nigar, Vəfa, Xədicə, Esmira söhbəti deyil. Bu, Raya söhbətidir. Ağır söhbətdir… Məşəqqətli günlər davam edir. Ostrovskiyə cəbhə yoldaşları, komsomolçular yardım edirlər. Raya onlara yardım etmiş, cüzi yaxşılıq etmiş hər bir kəsin adını xatrilərində çəkir, onlara minnətdarlığını bildirir.
Xatirələrə qayıdaq: «Otağımıza heç bir vaxt günəş düşmürdü. Otağın pəncərəsi yoxdu, qapı isə tənəklərə bürünmüş eyvana açılırdı. Buna görə otaq qaranlıq, nəm və soyuq idi. Günəşli günlərin birində günəşi görmək istədik. Nikolayın təklifiylə onun çarpayısını qapıya tərəf çəkib, tənəkləri o yan — bu yana itələdim. Yatağa günəş düşdü. Nikolay sevinir, məni də ruhlandırırdı:
— Bir az da o tərəfə itələ, bir az da!
Bütün gücümü topladım, lakin ha əlləşib-vuruşdumsa tənəkləri bundan artıq kənara itələyə bilmədim. Gücüm çatmadı. Mən düşünürdüm ki, bu əhvalat yaddan çıxıb. Bir neçə il keçəndən sonra „Fırtınadan doğulmuşlar“ romanında oxudum: „- Dədə, bir bura bax, günəş qonaq gəlib. Moşye çirkli döşəmədə əlləriylə oynaq, qızılı şüaları tuturdu.
— Dədə, sənə bir qədər günəş gətircəyəm“
Soyuq və yağışlı havalar başlayırdı. Otağı birtəhər qızdırmaq üçün mən çör-çöp, talaşa yığırdım. Lakin bunların istisi az olurdu. Nikolaya soyuq dəydi. O, sətəlcəm oldu.
Vəziyyəti ağırlaşan Ostrovskinin dadına yenə dostları çatır. Onu yenidən müalicəyə göndərirlər… Deyirlər, memuar nəyi yazmaq yox, nəyi yazmamaqdır. Başqası haqda xatirələr yazmaq isə daha çətindir. Raya bu çətin işi həqiqətən bacarıb. Çox gözəl təsvirlər var. Bu qadın Ostrovskinin özü qədər yazıçıdır. Cığallıq etmək istəmirəm… Nəsə. Lənət şeytana! Mövzudan kənara çıxmayaq:
— Bilirsən, Rayacan, çox istərdim ki, sanatoriyaya üstüaçıq minik maşınında gedim. Bəlkə dağları, dənizi görə bildim. Deyirlər, oraya gedən yol son dərəcə gözəldir...
Ostrovskinin xahişi yerinə yetirildi. Çox əziyyətlə Nikolaya yarıuzanmış vəziyyətdə yer düzəltdik. Özümü onun yanına verib daima göz qoyurdum ki, oturacaqdan sürüşməsin və ətrafı görə bilsin. Başıaçıqdı, külək qəşəng, dalğalı saçlarını yellədirdi. İndi lap pis görürdü, ətraf dumana bürünmüşdü. Axırki nəsə görə bilmişdi. Bu onun hələ nəsə görə bildiyi sonuncu səfəri idi.
Putyovka birnəfərlik idi. Raya sanatoriyada qalıb Ostrovskilə qulluq etmək üçün otaqları təmizləyib, digər xəstələrə baxmağa razı olur. Eyni vəziyyət Ostrovski klinikada yatanda da təkrarlanır. Bəzən klinikada gecələməyə icazə vermirdilər. Raya vağzalda gecələyirdi.
Pavel Korçaginə doğru
Roman yazmaq ideyası Ostrovskinin beynində qəfil yaranır. Cəbhə xatirlərini danışmağı sevən Ostrovski roman yazmaq fikrinə düşür. Raya həmin günü belə xatırlayır: „Aprel ayı idi, işdən qayıdarkən o, məni bu sözlərlə qarşıladı:
— Yır-yığışı tez qurtar! Yazdığım bir neçə səhifənin üzünü göçürəcəksən.
Düşündüm ki, söhbət dostlarına yazdığı məktublardan gedir. Bəhanə gətirdim, dedim vaxtım yoxdur. Həqiqətən də işim həddən artıqdır. 12 saat əvvəl evdən çıxmışdım.
— Yox, məktub deyil. Nə barədə yazacağımızı soruşma. Bircə xahişim var, bacardıqca sürətlə yaz.
Həmin gündən başlayaraq hər gün axşamlar işdən qayıdandan sonra, onun yazdıqlarının üzünü köçürərdim. Kağızımız yox idi. Fabrikdən gətirdiyim vərəqlərin arxa tərəfinə yazırdı. Hər gün işə getməzdən əvvəl Nikolaya karandaş hazırlayırdım. Stolu çarpayının yanına çəkirdim. Çarpayısının sağ tərəfinə kağız qoyardım. Ostrovski o vaxtlar hələ azca görürdü. Yoldaşları ona tərəf əyildikləri zaman üzlərini sezə bilirdi. Arxası üstə, hərəkətsiz uzanırdı. Qarasına necə gəldi yazırdı. Hər axşam yazılmış bir neçə vərəq görürdüm. Hər səhər yanına təmiz vərəqlər qoyurdum. Necə gəldi yazırdı. Sətir sətirin, hərf hərfin, söz sözün üstünə düşürdü. Yazdıqlarını başa düşmək çətindir. Bir müddət belə işlədik. Sonra qolu ağrımağa başladı və yaza bilmədi. Axşamlar işdən qayıtdığım zaman o diqtə edir, mən yazırdım. Kağız tapmağa çətinlik çəkirdik. Dostlarımızdan xahiş edirdik ki, bizə kağız göndərsinlər. İşlədiyim fabrikdə 14X25 santimetr ölçüsündə kağız kəsikləri qalırdı. Mən həmin kağızları götürməyə icazə aldım. Direktor yəqin ömrü boyu bilmədi ki, təzə yazmağa başlayan Ostrovskiyə onun nə kimi xidmətləri olmuşdur. Həmin kağız kəsiklərindən biz bloknotlar düzəldirdik. O, fədakarcasına işləyirdi. Bəzən bu və ya digər dialoqu daha yaxşı hiss eləmək üçün səsini, ahəngini dəyişərək sürətlərdən hər birinin əvəzinə danışırdı“.
Ostrovski həmin günləri qəhrəmanı Pavel Korçaginin dilindən belə yazır: „Əgər mən kədər, romantika, sentimentallıq kimi insan haqqı olan hisslərdən birini lap azacıq yaxına buraxsaydım hər şey faciəylə bitəcəkdi“. Yalnız dəhşətli dərəcədə mübarizə hissi, sona qədər vuruşmaq prinsipi Ostrovskini yazmağa məcbur edirdi. Ostrovski „Polad necə bərkidi“ romanında yazır: „Hər şeyi gözəl xatırladığım halda yazdıqlarım niyə belə solğun alınır? Bəlkə də ona görə ki, mən başqa yazıçılar kimi öz yazdıqlarımı görə bilmirəm“.
Balaca Nikolay
Ostrovski sürtlə diqtə edir, işdən yorğun gələn Raya onun dediklərini fabrikdən gətirdiyi kağızlara yazırdı. Rayanın qardaşı Volodya da yaradıcılıq prosesinə qoşulur. Raya çox yorğun olduğu günlərdə Ostrovskinin dediklərini Volodya kağıza köçürür. Daha bir köməkçi tapılır. Qonşuluqda yaşayan Qalya adlı qız Ostrovskiyə kömək edir. Romanın dörd fəslini Qalya yazır. Qonşuluqda yaşayan balaca uşaq, Nikolay Ostrovskiyə konfet gətirir. Raya həmin anları belə xatırlayır: „Ostrovski balaca dostuna maraqlı əhvalatlar danışardı, Nikolka isə həyətdə, küçədə baş verən hadisələri nəql edərdi. Balaca ovcunda bir-birinə yapışmış konfetləri gətirib, Kolya dayısını qonaq edərdi.
— Bunu özüm sənə almışam! Anam mənə beş qəpik vermişdi, gedib sənə aldım.
Ostrovski balaca dostuna çox öyrəşir. Hər axşam onun gəlişini gözləyir. Balaca Nikolay bir gün xəstələnir və ölür. Onun ölümü Ostrovskiyə çox ağır təsir edir. Raya yazır: “Axşam saat beş idi. Ostrovski diqtə eləməyə başladı. Çox sürətlə və dəqiq diqtə edirdi. Sürətlə yazmağıma baxmayaraq, söz selinin ardınca zorla çatırdım. Yorulmuşdum. Barmaqlarım qıc olmuşdu. Nəhayət Nikolay dilləndi:
— Hə bəsdir, Rayacan. Əhsən, bizə. Bu gün zor işlədik. Saat neçədir?
— Dörd
— Neçə səhifə oldu?
— Qırx yeddi.
— Bu rekorddur. Su ver, içim, sonra get uzan.
Nəticə
Raya Ostrovskinin vəziyyətini belə təsvir edir: „Ostrovskinin otağına ilk dəfə gələn adamlar onu görüb məəttəl qalırdılar. Bu adam doqquz ildi arxası üstə uzanırdı. O arıq və sapsarıydı, əzablı xəstəliklərdən qupquru olmuşdu. Səhərlər öskürəndə sinəsindən qan gəlirdi“.
Ostrovski özü isə zarafatla özünə „sıfır dərəcəli əlil“ adı vermişdi. Qələbə isə yaxında idi. Mübarizənin hər zaman nəticəsi var. Elə bu anda Trotskinin gözəl bir sözünü tirajlamağın yeri var: „Biz mütləq qələbə çalacayıq və biz qələbə sevincini yaşadığımız anlarda, bədbinlər bir vaxtlar bədbin olduqları üçün xəcalət çəkəcəklər“.
Raya yazır: „Əlbəttə, bizim heç birimiz təsəvvür etməzdik “Polad necə bərkidi» romanının taleyi necə olacaq, düşünməzdik ki, kitab milyon-milyon tirajla nəşr olunacaq. O vaxt biz buna heç inanmazdıq. Kitablar əlüstü satılırdı. Kitabxanalarda aylarla növbə gözləyirdilər. Məktublar Ostrovskinin üstünə sel kimi gəlirdi, kitab göndərməyi xahiş edirdilər".
Ağır söhbət
1936-cı il dekabrın 22-də axşam saat 19:50 dəqiqədə «adamsız yaşaya bilməyən, həmişə yanında adam olmasını istəyən» Ostrovski vəfat etdi. Düşünürəm, görəsən, Rayanın yerinə Rəna, Rübabə, Rüxsarə, Ramilə, Vəfa, Esmira, Nigar, Xədicə, Bahar, Həcər olsaydı Ostrovskinin taleyi necə olardı? «Polad necə bərkidi» romanın yaza bilərdimi? Yəqin ki, Rayanın yerinə Esmira, Nigar, Vəfa, Rəna, Rübabə və digər «R»lər olsaydı Ostrovskini dərhal «Mərhəmət sorağında» verilişinə çıxarıb, dilləndirərdilər...