Müəmmalı ölüm gölləri

Müəmmalı ölüm gölləri

Planetimizdə hələ də ara-sıra gündəmə gələn və insanı heyrətdə qoyan müəmmalı və sirli məkanlar var. Bu baxımdan Yer kürəsində sirli və anormal hadisələrin baş verdiyi və insanlara ölüm və fəlakət gətirən yüzlərlə göllər var. Bu göllərin adları da insanlara gətirdiyi fəlakət və ölümlərlə bağlı, “Ölüm”, “Dəhşət”, “Qorxu”, “ Təhlükə” və digər adlarla tanınır.

İnsanlar üçün təhlükəli və qorxulu hesab edilən və bu günə kimi sirrini açmaq mümkün olmayan göllərdən biri də Pereslavl-Zalessk (Rusiya) yaxınlığındakı göldür. Bu göldə yerli sakinlər çimməyə ehtiyat edirlər. Çünki göldə çimmək insana ölüm gətirir. Ona görə də yerli hakimiyyət orqanları göldə çimməyi qadağan edib. Buna baxmayaraq, balıq həvəskarları burada balıq tutmaqda davam edirlər. Onların tutduqları balıqlar da qeyri-adi olur. Belə ki, göldə müntəzəm olaraq dünyanın digər yerlərində çox nadir hallarda rast gəlinən və ya heç təsadüf edilməyən birgözlü, üçgözlü, üzgüçü qəlsəmələri əvəzinə pəncələri olan, tüklü, alimlərə bu günə kimi nəsli məlum olmayan balıqlara rast gəlinir.
Yerli sanitar stansiyasının həkimləri bunun səbəbini öyrənmək məqsədi ilə dəfələrlə göldən nümunələr götürərək onu yoxlatmışlar. Amma göldən götürülən su nümunələrində balıqların mutant olmasına səbəb ola biləcək radiasiya aşkar edilməyib. Gölün suyu adi içməli sulardan heç nə ilə fərqlənmir. Üstəlik, göldən mənbəyini götürən kiçik çay şəhəri su ilə təchiz edən Pleşevo gölünə tökülür. Amma bu gölün digər bir qəribəlikləri də var. Belə ki, qadağlara baxmayaraq, bura gələn turistlər arasında göldə çimmək həvəsinə düşənlər var və hər il bu göldə çimən turistlər arasında bataraq səssiz-səmirsiz yoxa çıxanlar olur. Lakin göldə batanların meyitlərini tapmaq mümkün olmur.

Tədqiqatçıların səylərinə baxmayaraq göldə batanların meyitlərinin haraya yoxa çıxdığını heç cür müəyyən etmək mümkün olmur. Şahidlərin dediklərinə görə, qadağalara məhəl qoymadan göldə çimən turistlərdən biri gölün yarısına kimi üzüb və gözlənilmədən fəryad edərək suyun altına gedib. Bir andan sonra turistin batdığı yerin üzərində neft ləkəsinə bənzər qara ləkələr peyda olub. Bu ləkələr tədricən bütün gölün səthinə yayılıb. Axşam isə turistin batdığı yerdə diametri 5 metr olan işıqsaçan ləkə müşahidə edilib. Bunu görən yerli sakinlərdən iki nəfər qayıqla hadisə yerinə gedib. Qayıq hadisə yerinə çatar-çatmaz turistin batdığı yerdən yayılan yaşıl işıq qayıqdakıların gözünü qamaşdırıb. Bunun ardınca göldə turist batan yerdən 4 metr hündürlüyündə fontan vurmağa başlayıb. Bundan sonra qayıqdakılar tələm-tələsik hadisə yerini tərk etməyə məcbur olublar.

Bundan əlavə, göldə çimməyə cəsarət etməyən, ancaq onun suyu ilə dərisini isladan sakinlərin əksəriyyətində naməlum dəri xəstəliyi müşahidə olunur. Onların saçları tökülür, dəriləri pulcuq- pulcuq olur, ara vermədən qaşınır, alınlarında buynuza bənzər şişlər əmələ gəlir. Yalnız 6-8 aydan sonra xəstəlik tədricən keçib gedir. Şəhər rəhbərliyi baş verən müəmmalı hadisələrə aydınlıq gətirmək üçün təcrübəli dalğıcları dəvət ediblər. Gölün dibinə enməyə cəsarət edən dalğıclar ehiyatla və qorxu içində onun dibini yoxlayıblar. Məlum olub ki, gölün dibində qəribə yarıqlar var və su sürətlə həmin yarıqlara dolur. Gölün ortasında turistlər batan yerdə isə dərinliyini müəyyən etmək mümkün olmayan quyu var. Bu quyu nə üçündür — məlum deyil. Belə ehtimal edilir ki, batanlar məhz həmin quyuda yoxa çıxırlar.

Bu gölün sirrini öyrənmək üçün SSRİ dövründə tanınmış alimlər ora ezamiyyətə göndərilmişdilər. Göl haqqında söylənilən dəhşətli hadisələri az qala mistika və psixoloji cəhətdən özünü qorxutma kimi qəbul edən tədqiqatçıların bir neçəsi göldə çimməyə başlamış və onlar da müəmmalı şəkildə yoxa çıxmışdılar. Onların meyitlərinin tapılması üçün ən tanınmış təcrübəli dalğıclar dəvət edilmişdilər. Lakin onlar göldə batan insanın qalıqlarını aşkar edə bilmədilər. Hətta onlardan biri möcüzə nəticəsində son anda göldə batmaqdan xilas ola bildi və uzun müddət psixoloji gərginlik içində yaşadı. Bundan sonra göldə tədqiqat işləri aparmağa heç kim cəsarət etmədi.

 

Smerdyaçye — ölüm mənbəyi

İnsanlara ölüm gətirən digər bir göl isə Moskvanın Şatursk rayonunda yerləşir. Göl torflu olduğundan onun suyu qırmızıyabənzər şabalıdı rəngə çalır. Bəzi yerlərdə isə suyun rəngi ümumiyyətlə qapqaradır. Bu göldə balığa rast gəlmək mümkün deyil. Yerli əhali arasında isə gölə ölüm gölü deyirlər. Belə ki, gölə yaxınlaşan istənilən adamın əhvalı pozulur və o, özünü pis hiss etməyə başlayır, həyacanlanır, narahat olur. Smerdyaçye gölündə hər il bir neçə adam batır. Ona görə də yerli əhali imkan dairəsində gölə yaxınlaşmır. Təyyarədən baxanda göl dairəvi təsir bağışlayır. Hələ ötən əsrin 80-ci illərində gölü tədqiq etmək istəyən alimlər onun kosmik mənşəli olduğu ehtimalını irəli sürüblər. Ancaq bunu sübut etmək mümkün olmayıb. “Kosmikkimya” laboratoriyasının mütəxəssisləri sirli gölü tədqiq edərək, bu qərara gəliblər ki, göl keçmiş dövrlərdə bura düşən meteorit nəticəsində əmələ gəlib.

Lakin gölün ətrafında insanın özünü pis hiss etməsi, həyəcan keçirməsi, narahat olmasının səbəbini müəyyən etməkdə tədqiqatçılar çətinlik çəkməkdədirlər. Ona görə də gölün ətrafında xəbərdarlıq işarələri qoyulub və ona yaxınlaşmaq məsləhət görülmür.

 

Qədim məbədin dəhşətləri

Sankt-Peterburqdan 80 kilometr uzaqlıqda yerləşən Sosnovı Bor şəhərinin kənarında ölüm saçan Kalişensk gölü var. Bu gölün adı qədim rus mənbələrində xüsusi dini rituallar keçirilən Kapişenin (bütxana və ya məbəd) adından götürülmüşdür. Gölün ətrafında çoxlu sayda heyvanlar, quşlar yaşayır. Amma onların heç biri gölə yaxınlaşmır və ondan kənar dolanırlar. Göldə balıq da daxil olmaqla bir canlı belə yaşamır. Alimlər isə bu sirli fenomeni heç cür izah edə bilmirlər. Yerli sakinlərin dediklərinə görə, gölün kənarında adamı dəhşətli bir qorxu bürüyür. Ona görə də, gölün sirrini açmaq istəyən Leninqrad Dövlət Universitetinin bir qrup alimi oraya 10-15 nəfərlik xüsusi qrupla getmişlər. Ancaq gölə yaxınlaşan kimi onların hamısını qorxu və həyəcan bürümüş, özlərindən asılı olmadan oradan qaçaraq uzaqlaşmağa çalışmışlar.

Ona görə də gölü alçaq məsafədən uçan vertolyot vasitəsilə tədqiq etmək fikrinə düşdülər. Bu məqsədlə ən müasir texnoloji imkanlardan belə istifadə etmək qərarına gəlindi. Lakin 5 nəfərlik qrup vertolyotla gölün üzərindən uçarkən həm pilot, həm də ekspedisiya üzvləri yenidən yerdə yaşadıqları analoji qorxu içinə düşdülər. Vertolyotun pilotu az qala qəza törətmişdi və son anda o çətinliklə də olsa, özünü ələ alaraq göldən bir neçə kilometr uzaqlıqdakı çəmənlikdə vertolyotu yerə endirə bildi. Bundan sonra daha heç bir tədqiqatçı gölə yaxınlaşmağa cəsarət etmədi.

Onu da deyək ki, bu gölün digər bir qəribəlikləri də var. Çox vaxt uzaqdan baxanda gölün sahilində diametri 5-10 metrə çatan kvadrat şəkilli xəndək görünür. Bu xəndək gah gözdən itir, havada sanki buxarlanır, gah da yenidən peyda olur. Əvvəlcə alimlər bunu gözün aldanması ilə izah etdilər. Ancaq sonra bunu yoxlamaq üçün xüsusi optik görmə cihazı ilə birdən peyda olan və sonra qəfildən yoxa çıxan bu qəribə obyekti müşahidə etdilər.

Məlum oldu ki, insan gözü heç də aldanmır. Həqiqətən də, kvadratşəkilli obyekt qəfildən peyda olduğu kimi, qəfildən də yoxa çıxır, sanki havada buxarlanırdı. Alimlər isə bu günə kimi ən müasir elmi cihazlarla belə bu qəribə müəmmalı gölün sirrini aça bilməyiblər.
Bu gölün digər bir qəribəliyi isə gecələr onun səthindən bir neçə metr hündürlükdə işığın peyda olmasıdır. Sanki hansısa əl gölün üzərini böyük gücə malik lampalarla işıqlandırır. Bu işığın haradan və necə peyda olmasının da sirrini tapmaq hələlik mümkün olmayıb. Düzdür, bəzi alimlər bu sirli fenomeni gölün dibində toplanan qazla izah edirlər. Ancaq işığın gölün səthindən bir neçə metr hündürlükdə peyda olması onların dediklərinin doğru olmadığını göstərir. Gölün kosmosdan çəkilən şəkilləri də olduqca parlaq və işıqlı çıxıb. Sanki gölün üzərində minlərlə lampa quraşdırılıb. Ona görə də, kosmos vasitəsilə çəkilən şəkillər vasitəsilə də gölün sirrinə açar tapmaq mümkün olmayıb.

Rusiyada insanları öz qurbanına çevirən daha bir göl Kaluqa vilayətindədir. SSRİ dövründə vilayətdəki Yaçensk gölündə su anbarı inşa etmişdilər. Hələ tikinti getdiyi dövrdə burada işləyən onlarla insan gözlənilməz və müəmmalı ölümün qurbanlarına çevrilmişdilər. SSRİ alimləri gölü tədqiq edərək onda insan ölümünə səbəb ola biləcək heç nə tapa bilmədilər və baş verən ölüm hallarını təsadüf və ya ölənlərin özlərinin məsuliyyətsizliyi ilə izah etdilər. Amma su anbarının inşası zamanı görülən bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, orada hər gün 5-10 adam ölürdü. Buna baxmayaraq, Yaçmen gölündə su anbarının inşası başa çatdırıldı. Amma su anbarının istifadəyə verilməsindən sonra göldə ölən adamların sayı daha sürətlə artmağa başladı. Qısa müddətdə su anbarına tamaşa etmək, balıq tutmaq və dincəlmək üçün gələn 15 adam müəmmalı şəkildə öldü. İş o yerə gəlib çatdı ki, su anbarına nəzarət edən işçilər və mühafizə xidməti oraya yaxınlaşmağa cəsarət etmədilər. Nəticədə onlarla işçi işdən çıxmağa məcbur oldu. Yenə də Moskvadan vəziyyəti yerindəcə öyrənmək üçün Yaçmenskə xüsusi elmi-tədqiqat qrupu göndərdilər. Lakin su anbarındakı anormal hadisələri tədqiq edərkən onların arasından da müəmmalı şəkildə ölənlər oldu. Ölənlərin əksəriyyətini göldə-su anbarında sanki elektrik cərəyanı vururdu. Amma adi halda göldə elektrik cərəyanı aşkar edilmirdi. Sanki kimsə bir anlığa haradansa gölə elektrik cəraynı buraxır, sonra isə cərəyanı kəsirdi. Bu sirli müəmmanı aça bilməyən Moskvadan gələn tədqiqatçılar Yaçmensk su anbarında elmi axtarış işlərini yarımçıq dayandıraraq geri dönməyə məcbur oldular. Lakin sonrakı illərdə də göldə müəmmalı ölümlər davam etdi.

Onu da deyək ki, yerli sakinlər dəfələrlə göl-su anbarı üzərində zorla görünən parlaq dairələr müşahidə etmiş, hətta onu videolentə belə almışdılar. Yerli sakinlərin sözlərinə görə, göldə ölüm hadisələrinə səbəb də bu parlaq dairələrdir. Ölüm halları da ən çox məhz bu parlaq dairələrin gölün üzərində peyda olduğu vaxt baş verir. Sonuncu dəfə Yaçmensk su anbarı ətrafında ölüm ötən ilin yayında baş verib. Əslən Kaluqa şəhərindən olan ailələrdən biri yerli əhalinin xəbərdarlıqlarına məhəl qoymadan su anbarı ətrafında dincəlməyi qərara almışdı. Ailə su anbarının ətrafına yaxınlaşaraq onu seyr etməyə başladı. Ətrafda qəribə, bir gözəl mənzərə vardı. ailə başçısı əvvəlcə fotoaparatla, sonra isə kamera ilə bu görüntünü aparatın yaddaşına köçürdü. Sonra o, heç nəyə fikir vermədən əlini suya salaraq üzünü yumaq istədi. Amma gözlənilmədən onu sanki elektrik cərəyanı vurdu. Kaluqalı qışqıraraq əlini sudançəkməyi bacardısa da, paltarı od tutub yanmağa başladı. Onun qışqırtısını gölün yaxınlığındakı idman bazasının əməkdaşları da eşitdilər və dərhal hadisə yerinə gəldilər. Onlar çətinliklə də olsa, od tutub yanan kaluqalını alovun caynağından ala bildilər. Kaluqalını ağır halda xəstəxanaya çatdırdılar. Məlum oldu ki, onun bədəninin 60 faizi yanaraq eybəcər hala düşüb. Uzun müalicəyə və həkimlərin bütün səylərinə baxmayaraq, faciə qurbanının həyatını xilas etmək mümkün olmadı.
Bəzi tədqiqatçıların fikrincə, su anbarında baş verənlərə səbəb texnogen hadisələrdir. Belə ki, su anbarının üzərindən yüksək gərginlikli elektrik xətləri keçir. Vaxtaşırı bu xətlər su anbarının səthində elektrik cərəyanının əmələ gəlməsinə səbəb olurlar. Amma su anbarı inşa edilməzdən əvvəl də orada analoji hadisələrin mütəmadi olaraq baş verməsi bu ehtimalın doğru olmasını şübhə altına alır. Ona görə də, su anbarı ilə bağlı baş verən ölümlərin arxasında elmə məlum olmayan hansısa anormal hadisələrin dayandığı ehtimal edilir. Bütün hallarda yerli əhali artıq su anbarına yaxınlaşmır. Turistləri, macəra və səyahət həvəskarlarını gözləyə biləcək təhlükədən qorumaq üçün su anbarından 100 metr aralıda xüsusi xəbərdarlıq işarələri qoyulub.

 

Permdəhşəti

Rusiyada insanlara ölüm gətirən digər bir göl Perm vilayətindəki Çerdın adlı yerdədir. Amma bu göl digər müəmmalı ölüm gölləri ilə müqayisədə yeraltı nüvə sınaqları nəticəsində əmələ gəlib. Ötən əsrin 50-60-cı illərində Çerdın ətrafında, cəmisi 270 metr dərinlikdə SSRİ müdafiə nazirliyi tərəfindən 3 nüvə sınağı keçirilib. Sınaqların gücü Xirosimaya atılan atom bombaının gücündən 4-5 dəfə çox olub. Nəticədə ətrafda diametri 100 metr, dərinliyi isə 350-500 metrdən çox olan göl əmələ gəlib. Bu göldə radiasiya olduqca yüksək səviyyədədir və oraya yaxınlaşmaq labüd olaraq özünü ölümə məhkum etmək anlamına gəlir. Ona görə də, bəzi istisnalar nəzərə alınmazsa, yerli sakinlər, hətta bir canlı belə gölə yaxınlaşmağa cəsarət etməyərək ondan uzaq gəzir.

Nə qədər qəribə olsa da, göl ətrafında radiasiyanın yüksək səviyyədə olmasına baxmayaraq, hələ də onun ətrafında xəbərdarlıq işarələri qoyulmayıb. Halbuki gölə yaxın ərazilərdəki yaşayış məntəqələri oradan ən azı 100-150 kilometr məsafəyə köçürülməli idi. Amma nüvə sınaqları əksər hallarda gizli keçirildiyindən SSRİ rəhbərliyi ətrafdakı əhalinin güclü radiasiyaya məruz qalmasına göz yumub. Ona görə də, yerli sakinlər arasında müxtəlif xəstəliklərdən, o cümlədən xərçəngdən ölənlərin sayı kifayət qədər yüksəkdir.

Günümüzdə belə gölə yaxın yaşayış məntəqələrinin sakinləri taleyin ümidinə buraxılıblar.

 

Syurzi faciəsi

İnsanlara ölüm gətirən digər bir ölüm gölü Kareliyadakı Syurzi gölüdür. Amma bu göl yaxın illərə kimi ən sakit göllərdən biri hesab edilirdi. Burada hər il minlərlə insan, o cümlədən yerli sakinlər və turistlər istirahət edirdilər. Ancaq ötən əsrin 90-cı illərinin sonlarından başlayaraq Syurzi gölündə qəribə hadisələr baş verməyə başladı. Belə ki, əvvəlcə göldə balıqlar məhv oldu. Bunu yerli sakinlər və müvafiq qurumlar adi hal kimi qəbul edərək hadisənin səbəbləri ilə maraqlanmadılar. Amma sonra növbə göldə balıq tutan yerli həvəskar balıqçılara da çatdı. Onlardan ikisi göldə balıq tutarkən müəmmalı şəkildə dünyasını dəyişdi. 15 balıqçını isə ağır zəhərlənmə əlaməti ilə yerli xəstəxanaya apardılar. Onların həyatını güclə xilas etmək mümkün oldu. Yenə də baş verən müəmmalı ölüm hadisələri müvafiq qurumlar tərəfindən araşdırılmadı. Baş verən faciədən bir neçə ay sonra Syurzi gölündə yeni bir faciə hamını dəhşətə saldı. Belə ki, balıqçılar gölün ortasındakı kiçik adada oturaraq yenicə balıq tutmağa başlamışdılar ki, onlardan ikisi özlərindən getdi. Onların köməyinə gələrək çətinliklə huşunu itirənləri yerli xəstəxanaya çatdırdılar. Lakin balıqçılardan birinin həyatını xilas etmək mümkün olmadı. Faciə şahidlərindən olan və son anda ölümün pəncəsindən xilas edilən Leşukunov rayon sakini Aleksey Şitikov sonralar baş verənləri belə xatırlayırdı: “Mən hələ də nə baş verdiyini aydınlaşdıra və başa düşə bilmirəm. Balıq tutmaq istəyərkən gözlənilmədən özümü pis hiss etdim. Mənə bir anlığa elə gəldi ki, göydən üzərimə hansısa bir qara güc endi. Bir andaca əlim-ayağım ağırlaşdı, yer ayaqlarım altından qaçmağa başladı. Huşumu itrdim və bir də gözlərimi xəstəxanada açdım. Hələ də mənə elə gəlir ki, kimsə məni düşünülmüş şəkildə öldürmək istəyirdi. “

 

Top