Belə nağıl eləyirlər ki, Əbu Nüvas bir dəfə Həbəşistana həbəş padşahının yanına gəlib ondan qulluq istədi.Həbəş padşahı Əbu Nuvasa baxıb Dedi:
-Görürəm sağlam gəncsən, səni özümə gözətçi götürürəm.
O gündən sarayı qorumağı padşah Əbü Nüvasa tapşırdı Bir müddət keçəndən sonra padşah Əbü Nüvası yanına çağırıb dedi.
-Mən səfərə gedirəm. Sən qapıdan muğayat ol.
Əbü Nüvas isə:
-Xatircəm ol, şahım, baxaram. heç ondan gözümü də ayırmaram,—dedi. Padşah adamları ilə getdi.
Əbü Nüvas da qapı ağzında bardaş qurub qapının keşiyini çəkməyə başladı. Bir azdan tək oturmaq onu darıxdırdı. Bir tərəfdən də şəhərdə çal-çağır səsi eşitdi. Odur ki, Əbü Nüvas öz-özünə: «Mənə ki, padşah oynamağı qadağan etməmişdi» — dedi. Keşiyini çəkdiyi qapını yerindən çıxarıb özü ilə çal-çağır yerinə apardı Orada bütün gecəni kef elədi. Oğrular da gəlib sarayı çapıb-taladılar. Əbü Nüvas səhər açılan kimi saraya döndü, qapını da gətirib yerinə saldı.
Padşah gəlib vəziyyəti belə gördükdə qəzəbləndi! Əbü Nüvası yanına çağırtdırıb xəbər aldı:
-Sarayı qorumağı sənə tapşırmamışdım?
-Xeyr, şah sağ olsun,— deyə Əbü Nüvas cavab ver di.—Siz mənə qapıya baxmağı tapşırmışdınız. Mən də qapını gözdən qoymamışam.
Qəzəblənmiş padşah Əbü Nüvasa:
-Görürəm, səninlə dil-cavab olmaq faydasızdır Eybi yoxdur, sabah cəzanı məndən alarsan—dedi.
Padşah nökərləri çağırıb əmr elədi:
-Bu adamı darvazanın o tayına aparın və səhərə kimi nəzarət altında saxlayın.
Nökərlər də Əbü Nüvası aparıb saraydan bir qədər aralı xəndək qazıb boğazınadək torpağa quyladılar. Özləri isə çıxıb getdilər. Əbü Nüvas bütün gecəni xəndəkdə qaldı. Obaşdan bir tacir dəvə karvanı ilə buradan keçirdi. Əbü Nüvası görüb dayandı Tacir ona dedi:
-Salam olsun, burada nə edirsən?
-Salam olsun,—deyə Əbü Nüvas cavab verdi-Məni burda düzəldirlər.
Tacir Əbü Nüvasdan xəbər aldı:
-Necə yəni düzəldirlər?!
-Gördüyün kimi,—deyə Əbü Nüvas cavab verdi- Mən qozbeləm. Padşahın həkimləri basdırmışlar ki, belim düzəlsin.
Tacir dedi:
-Padşahın həkimləri ilə sən tanışsan, neçə də xoşbəxtsən! Bax, mən də qozbeləm. Ancaq bilmirəm necə müalicə etdirim.
Əbü Nüvas dedi:
-Onun müalicəsi elə bax budur. Mən indi hiss edirəm ki, ox kimi dümdüz olmuşam.
Tacir dedi:
-Sənin yerində olsaydım, hər nəyim varsa verərdim. Əbü Nüvas soruşdu:
-Dəvələrini də verərdin? Tacir:
-Hamısını olmasa da, yarısını verərdim.
-Elə isə razıyam. Məni torpaqdan çıxart.
Tacir Əbü Nüvası xəndəkdən çıxarıb yerinə özü girdi. Əbü Nüvas taciri torpağa quyladı. Təkcə başını eşikdə qoydu. Tacir Əbü Nüvasa dedi:
-Sənin bu xeyirxahlığını ömrüm boyu unutmayacağam.
Əbü Nüvas tacirə:
-Çox sağ ol, ömrün uzun olsun,—dedi.
Əbü Nüvas taciri basdırdıqdan sonra dəvələri də götürüb getdi. Bir azdan padşahın nökərləri gəldilər. Taciri Əbü Nüvas zənn edib xəndəkdən çıxardılar. Yerə uzadıb çubuqla o ki var döydülər. Tacir hər çubuq dəydikcə çığırdı:
-Bəsdirin! Mən artıq dümdüzəm! Sizə demirəm, bəsdirin! Mən artıq dümdüzəm!
Nökərlər «Bəsdirin, mən artıq dümdüzəm» sözünə təəccüb edib taciri padşahın hüzuruna gətirdilər. Padşah:.
-Bu adam kimdir?—deyə xəbər aldı. Nökərlər:
-Şah sağ olsun, Əbü Nüvasdır da — deyə cavab verdilər.
-Mən Əbü Nüvas deyiləm—deyə tacir etiraz. etdi. Sonra da başına gələn əhvalatı padşaha danışdı- Padşah fikrə getdi və öz-özünə «hə… Əbü Nüvas Deyəsən o qədər də axmaq adam deyil. Görəsən, doğrudanmı o ağıllıdır? Bunu yoxlamaq lazımdır», dedi. Sonra qasidlərini çağırıb onlara belə bir əmr verdi ki, ölkəni başdan-ayağa gəzib Əbü Nüvası hardan olsa axtarıb taparsınız. Elə ki, tapdınız, bu sözləri də çatdır arsınız. Deyərsiniz ki, padşah əmr elədi, durmasın, tez hüzuruma gəlsin. Özü də elə gəlsin ki, nə piyada olsun, nə atlı, nə lüt olsun, nə də xalatlı.
Qasidlər padşah deyən kimi də etdilər. Əbü Nüvası tapıb şahın əmrini ona dedilər. Özləri isə saraya döndülər.
Əbü Nüvasın saraya gəlmək xəbəri tezliklə şəhərə yayıldı. Camaat Əbü Nüvasın şahın kələyinə necə düşdüyünə tamaşa etmək üçün sarayın qarşısındakı meydana toplandı. Bir azdan Əbü Nüvas göründü. Camaat onu görüb gülməyə başladı. Bu gülüş bütün meydana yayıldı. Əbü Nüvasın əynində paltar yox idi. Lakin lüt də deyildi. Bədənini balıq toruna bürümüşdü. Ata minməmişdi. Lakin ayağının birini atın üzəngisinə keçirmişdi, o biriylə yerdə hoppana-hoppana atın yanı ilə padşaha sarı gəlirdi.
Padşah bu mənzərəni görüb pərt oldu. Lakin özünü o yerə qoymadı. Əbü Nüvası hüzuruna çağırıb dedi:
-Əbü Nüvas, mənə elə gəlir ki, bu, sənin sonuncu kələyindir. Görürəm sən ağıllısan. Lakin sənin ədəbsiz hərəkətlərin daha məni təngə gətirmişdir. Əgər cəzalanmaq istəmirsənsə elə et ki sifətini bir daha görmüyüm.
Əbü Nüvas da çıxıb getdi. Bu əhvalatdan bir neçə gün keçəndən sonra padşah şəhərə çıxır, bazar meydanının yanından keçərkən camaat ona tərəf dönüb təzim edir. Lakin bir nəfər padşaha arxa çevirib durur. Bunu görən padşah hirslənib nökərlərinə:
-Tez. olun gedin, arxasını mənə tərəf döndərən o adamı tutub hüzuruma gətirib—deyə əmr edir.
Nökərlər gedib həmin adamı tutub padşahın hüzuruna gətirirlər. Demə, bu adam Əbü Nüvas imiş.
-Aha, bu sənsən?!—deyə padşah hirsləndi.—Cən nə cəsarətlə padşaha arxa çevirirsən?
Əbü Nüvas dedi:
-Padşah sağ olsun, mən onun buyruğuna əməl edirəm. Adil-padşah sifətimi görmək istəmədiyindən ona arxamı çevirdim.
Padşah dedi:
-Yenə acıdilliyindən, ədəbsizliyindən əl çəkməmisən! Sənə sonuncu əmrim budur: Təxirə salmadan Həbəşistanı tərk etməlisən. Eşidirsənmi, hara gedirsən get, ancaq ayaqların Həbəşistan torpağına dəyməsin. Bu torpaqda bir də görünsən səni asdıracağam!
Əbu Nüvas çıxıb getdi. Camaat isə onun padşaha necə gələk gəldiyinə xeyli güldü. Ancaq buna görə Əbü Nüvasın necə cəzalandığını xatırlayanda başlarını kədərlə yırğaladılar.
Bir dəfə şəhərdə bayram idi. Küçələr də kəndlərdən gəlmiş camaatla dolmuşdu. həmin gün padşah atda küçə ilə gedirdi. Birdən o bazar meydanında Əbü Nüvası gördü. Padşah yaxına gəlib əlini yuxarı qaldırdı, camaat o saat sakitləşdi.
-Həbəşistan camaatı — deyə padşah dilləndi.— Indi mən sizin şənliyinizi pozmağa məcburam. Çünki bir nəfəri indi asdırmalıyam!—deyə Əbü Nüvasa üz tutdu.
-Deyəsən mənim son sözümü unutmuşsan?!
-Xeyr,—deyə Əbü Nüvas padşaha cavab verdi.— Mən onları yaxşı xatırlayıram. Padşah Həbəşistan torpağına ayaq basmağı mənə qadağan etmişdi.
-Bəs onda nə üçün buradasan?
Əbü Nüvas dedi:
-Padşahın əmrinə düzgün riayət etmişəm. Həbəşistan torpağını tərk edib Misirə getmişəm. Orada başmağımın içinə Misir torpağı tökmüşəm. O vaxtdan mənim ayaqlarım Misir torpağının üzərində dayanıb.