Bağ sahibi və oğru
Bir adam başqasının bağçasındakı ağacın başına çıxmış, şiddətlə budaqları silkələyir, meyvələri yerə tökürdü. Bağın sahibi gəlib:
“ — Ay alçaq!” dedi. “Allahdan utanmırsan? Bu nə hərəkətdir?”
Oğru belə cavab verdi:
“ — Allahın bağından Allahın bəndəsi, Allahın ehsan etdiyi xurmaları yeyirsə sən niyə onu qınayırsan, zəngin olan Allahın ehsanını niyə qısqanırsan?”
Bağ sahibi xidmətçisini çağıraraq:
“ — O kəndiri bura gətir, bu sərsərinin cavabını verəcəyəm” –dedi.
Bağ sahibi xidmətçinin gətirdiyi kəndirlə oğrunu möhkəmcə ağaca bağladı. Belinə, ayaqlarına vuraraq onu yaxşıca kötəkləməyə başladı. Oğru çığır-bağır salmağa başladı:
“ — Ay insafsız, Allahdan utan, bu günahsız bəndəni döyüb-öldürürsən, ayıb deyimli?”
Bağ sahibi cavab verdi:
“ — Allahın bir bəndəsi, başqa bir bəndəsini Allahın çomağıyla yaxşıca əzişdirir. Çomaq da Allahın, bel də, yan da. Mən ancaq Onun qulu və səbəbkaram.”
Məni də eşşək sayarlarsa?
Bir nəfər qaçıb bir evə sığındı. Qorxudan rəngi sapsarı kəsilmiş, dodaqları göyərmişdi. Ev sahibi soruşdu:
— Ay əmioğlu nə oldu, niyə qaçırsan? Rəngin niyə saralıb?
Adam dedi ki:
“ — Zalım padşahı əyləndirmək üçün bu gün yollarda nə qədər eşşək varsa hamısını tutub aparırlar.”
Ev sahibi:
“ — Yaxşı, ay əmioğlu, eşşəkləri tutub aparırlar, bundan sən niyə narahatsan ki? Sən ki, eşşək deyilsən.” –dedi.
Qaçan adam belə cavab verdi:
“ — Bu işə elə möhkəm, elə canfəşanlıqla girişiblər ki, məni də eşşək bilib tutacaqlarından qorxuram. Eşşək tutmağa başları elə qarışıb ki, artıq heç bir şeyi hiss etmirlər. Heç nəyi anlamayan adamlar başımıza keçərsə, eşşək sahibini də eşşək adı ilə tutub aparmazlarmı!?”
Qoçu oğurlanan adam
Bir kişinin bir qoçu vardı. Boynuna ip bağlayıb ardınca aparırdı. Bir oğru gəlib ipi kəsdi və qoçu apardı. Kişi qoçub hara aparıldığını öyrənmək üçün sağa-sola qaçmağa başladı. Oğru izlənildiyini hiss edib, bir quyunun başında:
— Ay aman! -deyərək fəryad etməyə başladı. Qoçun sahibi soruşdu:
— Ustad niyə fəryad edirsən? Oğru cavab verdi:
— Qızıl kisən quyuya düşdü. Çıxara bilsən beşdə birini sənə verərəm. Torbadakı yüz qızılın beşdə birinə sahib olarsan.
Qoçun yiyəsi öz-özünə belə dedi:
— Bu qədər qızıl tam on qoçun qiyməti edir. Bir qapı bağlandısa, on qapı açıldı. Bir qoç getdisə, Allah bir qoçun əvəzinə bir dəvə ehsan etdi. Sonra da paltarını soyunub quyuya düşdü. Oğru da dərhal adamın patlarlarını götürüb qaçdı.
Karvan gözətçisinin fəryadı
Karvan gözətçisi yuxuya getmişdi. Oğru gəlib karvanı soydu. Aldığı mallar çox olduğu üçün hamısını bir quyu qazıb basdırdı. Səhər tezdən kavrandakılar oyanıb gördülər ki, bütün malları, gümüşləri oğurlanıb. Tez kavran gözətçisinin yanına gedib ondan soruşdular:
— Bizim mallarımız hanı? Tez ol, cavab ver!
Gözətçi belə cavab verdi:
— Gecə oğrular gəldi. Gözümün önündə hər şeyi götürüb apardılar.
Camaat söylənməyə başladı:
— Ay müqəvva, bəs sən nə etdin?
Gözətçi cavab verdi:
— Axı mən nə edə bilərdim? Mən tək, onlarsa bir ordu.
Camaat:
— Başa düşdük, gücün çatmadı. Heç olmazsa “Qalxın! Soyğun var!” deyə bağıra da bilməzdinmi?
Gözətçi bu suala da belə cavab verdi:
— Bağırmaq istədim, amma onlar mənə qılınc, xəncər göstərib “Sus, yoxsa səni öldürərik!” demək istədilər. Mən də qorxumdan ağzımı aça bilmədim. Hətta nəfəsim də kəsilmişdi. İcazə versəniz indi var gücümlə bağırmaq istəyirəm. İstəyirsinizsə bütün səsimlə fəryad edim.
Ömür bir sərmayədir. Sərmayə əldən getdikdən sonra istədiyin qədər bağırıb-fəryad etsən də, artıq gecdir. Unutmayaq ki, düşünüb təfəkkür etmək üçün bizə kifayət qədər ömür bəxş edilmişdir.