Nüvədi kəndinin lətifələri

Nüvədi kəndinin lətifələri

  • Oqtay Cəfərov kəndin tamahsız, əliaçıq, düzlüyü sevən cavan bir bağbandır. Oqtay bir gün Kəhriz dəhnəsinə piyada gəlir. Bu zaman Bahadırın üç ənik iti ona hücum edir. Elə bu an maşında adamlar da gəlib bulağa çatırlar. Oqtay daş götürüb özünü qoruyarkən arxadan gələn iri it heç nəyə baxmadan irəliləyib onun üst-başını yalayır, qalan üç it də sakitləşir. Oktayın yadına düşür ki, bu itə on il bundan qabaq çobana köməyə gedərkən ona bollu-bollu çörək atıb. Mehribanlıq göstərən iti Oqtay bir təhər sakitləşdirir. Maşındakılar hər dəfə olduğu kimi. Yenə də ”Oqtay al bu bidonu doldur. Oqtay al bu kanistiri dolrur” deyirlər.
    — Hamınız bir dəqiqə sakit olun, bir söz demək istəyirəm,--deyə Oqtay sözünə davan edir:--Ay işçilər, on il bundan qabaq bu itə çörək atdığımdan indi mənim əl-ayağımı yalayır. Ancaq sizə on ildir ki, su doldururam, yaxşılıq edirəm. Bu itdə olan qeyrəti sizdə görmədim. (kənd söhbəti).
  • Kolxoz sədri Mayıl ilə məktəb direktoru Calalın araları dəyir. Bir-birinin işiniə mane olmaq üçün müxtəlif əngəllər törətmək istəyirlər. Mayılın da adamları Calalın işi pozulsun deyə 10-cu sinfin qızlarını öyrədirlər məktəbə getməsinlər; desinlər ki, müəllimlər qızlara sataşırlar. Calalın qohumu ola-ola Mayıla tərəf saxlayan Günəş xala da oğlu Fərhadı məktəbdən saxlayır.
    Bir gün Əhmədəli müəllim küçədə Fərhadla qarşı-qarşıya gəlir və yaxınlaşıb deyir: — Fərhad bacı, Fərhad bacı, bəs sənin məmələrini hansı müəllim əlləyib?
    (Söylədi Fatma Əlizadə).

  • Dəmirçi sənətkar, Sabirin şerlərini əzbər bilən Kəlbəli dayı qış sərt keçdiyindən heyvanları ölməsin deyə, bir ev ot, meşoq-meşoq kəpək, təhnə-təhnə çörək yedirdir. Yaz ağzı heyvanlar kişinin zəhmətini yerə vururlar. Arıq düşən keçisinin öldüyünü görən Kəlbəli dayı yerə uzanıb can verən keçisinin saqqalından tutub deyir:--Köpen keçisi, hara ölürsən? Bir ev otumu, kəpəyimi yemisən e… Borcumu ver, sonra öl. (kəndin söhbəti).
  • Çar vaxtı kəndə tez-tez pristav gələr, kəndxuda Namaz onları qəbul edib evlərə paylardı. Bir gün kəndə gələn strajnik Namaza deyir ki, mən gecəni yaxşı keçirmək üçün gözəl qızı olan bir evə qonaq ver. Heç bir söz deməyib ondan ayrılan Namaz Xanəli adlı birisinin yanına gəlib deyir ki, tabağa bir az arpa, yanına da kül qoy. Kəndin meydanınında strajnik adamlarla söhbət edərkən tabağı üstü örtülü gətirib qoyarsan onun qabağına və tez də əkilərsən. Xanəli də Namazın dediyi kimi edir. Bir azdan sonra strajnik tabağın örtüyünü götürür. Nə görsə yaxşı; arpa və kül. Bir şey başa düşməyən strajnik bu nədir,--deyə soruşanda; Namaz bu naxələfin məqsədini camaata açıqlayır və üzünü ona tutub deyir:-- Tabaqda arpa və kül o deməkdir ki, sən eşşəksən, arpadan ye, get küllükdə ağna.
    Beləliklə el içində biabır olan strajnik həmin an kəndi tərk edir və bir daha kəndə gəlmir. (kənd söhbəti).

  • Nüvədinin suyu qışda bol, yayda qıt olardı. Bir il quraqlıq olduğundan aşağı məhəllələrə su çatmadığından çoxları kimi Kəlbə Qurbanın da bağı sususluqdan yanır. Həmin vaxtlarda bir neçə nüvədili İrana gedərkən Əli bulağı deyilən yerdən keçəndə adamlar buz kimi sərin sudan əyilib içirlər. Kəlbə Qurbanın içmədiyini görən yoldaşları ona:--Gəl iç, tərpənək gedək… Qurban içməyəcəyini bildirir. Yoldaşları “Daha yollarda su yoxdur, susayacaqsan, gəl iç” desələr də, Qurban onlara cavab verir:--Lap susuzdan ölsəm də içməyəcəyəm.
    Yoldaşları səbəbini soruşanda, Kəlba Qurban deyir:--Bağım susuzluqdan yanıb kül olsun, mən də burda arsız-arsız su içim. (Söylədi Əli Həziyev).
  • Ələsgər bəy Ordubada gedəndə tay-tuşları yiğilib, söhbət, zarafat edərmişlər. Sözdə onunla bacarmadıqlarını görən tanışlardan biri Ələsgər bəyi susdurmaq üçün soruşur: --Ələsgər, de görum kəndçilər çölə oturanda niyə tez-tez nəcislərinə baxırlar?.. Ələsgər bəy halını pozmadan:-- Baxırlar ki. görsünlər neçə şəhərlini doyurar. (Söyləyən Zaman Quliyev).

  • Keçmişdə Kəlba Yaradanqulu adlı bir qoca varmış. Kişinin tay-tuşlarından biri uşağın birini öyrədir ki, yaxınlaş Yaradanquludan soruş “ Sənin saqqalın yaxşıdır, ya itin quyruğu?”
    Uşaq yaxınlaşıb ağsaqqalların içində qoca kişidən soruşur:--Kəlba Yaradanqulu dayı, sənin saqqalın yaxşıdır, ya itin quyruğu?
    80-85 yaşlı qoca görür ki, bu söz uşağın sözü deyil, arqaşlıq tay-tuşlarından keçib. Halını pozmadan deyir:--Oğul, əgər o dünyada “Qıl Körpüdən” o taya keçdim; saqqalım yaxşıdır, Yox, keçə bilmədim, itin quyruğu.
    (Söylədi Əhmədəli Əliyev).
  • Bir gün Usta Vəli dükançı Əlməmməd dayı ilə söhbət edirdi. Bir neçə nəfər onların söhbətinə qulaq asırdı. Bu heyni birisi içəri girib Əlməmməd dayıya dedi:-- Əlməmməd dayı, arvada bir tursik almaq istəyirəm, sən bilərsən neçə razmer gedər?
    Əlməmməd dayı bu sözdən pərt olduqda, Usta Vəli üzünü bu adama tutub dedi:--Yanasan gədəə, hər gecə arvadıı dalın qucaqlayan sən bilmirsən, Əlməmməd hardan bilsin. (Söylədi həkim Fikrət Qəhrəmanov).
Mənbə: Nüvədi kəndinin folkloru
Müəllif: Əli Vəlioğlu, [email protected]
Top