Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən narazıdırsa, ayağa dursun. Hamı qalxdı, ayağa durdular, məgər şəxsi ki, qalxmadı.
Xan dedi: - Ey şəxs, məgər sən övrətindən razısan ki, ayağa qalxmadın? O cavab verdi ki, yox sənə fəda olum, bu gün övrətim qıçıma belə vurubdur ki, qıçım şikəst olubdur. O səbəbdən qalxmadım. |
Bir gün Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkəmədən soruşdu ki, ey şəxs, allah neçədir?
Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş barmağın yuxarı tutdu, yəni deginən ki, allah beşdir. Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, neçə allah beşdir? Tərəkəmə ərz elədi ki, allah sənin nazirüvə bəla versin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu. Onunçün mən beş dedim. Xan, allah ondur. |
Bir gün Mustafa xan mərhum, bir şəxsdən soruşdu ki, ey şəxs, toyuğun harası yeməlidir və çox ləzzətlidir?
Ol şəxs cavab verdi ki, dərisi hər yerindən ləzzətlidir. Xan ona xələt verdi. Bir gün Mustafa xan mərhum, bir şəxsi-digərdən soruşdu ki, camış ətinin harası ləzzətlidir və yeməlidir? Çün bu şəxs görmüşdü bir nəfər toyuğun dərisini ləzzətli dedi, xan ona xələt verdi, bu da təqlidən dedi ki, camış ətinin hər yerindən ləzzətli gönüdür. Xan ona qəzab edib, məclisdən ixrac elədi. |
Bir gün Şamaxıda bir nəfər şəxs bəd əzzöhr vəfat eləmişdi. Qəbiristana adam göndərdilər ki, qəbir qazsın. Görkən qəbri qazdı. Meyit sahibləri məsləhət görmədilər ki, dar ikindi vaxtı xalqa zəhmət versinlər. O gecə meyiti evdə saxladılar ki, səhər dəfn eləsinlər. |
Qarabağlı Talıb xan, nağıl edirlər ki, bir gün şikara getmişdi. Bir qırqovul tutmuşdu. Axşam mülazimlərinə dedi ki, siz bu qırqovulu buxarıda şişə çəkib bişirin, mən yorulmuşam, bir qədər yatım, durub yeyəcəyəm.
Talıb xan yatdı. Nökərlər qırqovulu bişirdilər, özləri yedilər. Şişi boş buxarının yanına söykədilər. Iki-üç saatdan sonra Talıb xan xabi-qəflətdən bidar oldu, dedi ki, gətirin qırqovulu. Nökərlər hamı şəhadət verdilər ki, ağa, sən qırqovulu yedin, yatdın. Talıb xan dedi ki, doğrudur: çünkü ciyərim çox yanır, məlum ki, yemişəm, yatmışam. Bəs bir qədər su verin. Suyu içdi, yenə yatdı. |