Molla Nəsrəddin lətifələri (tacik)

Molla Nəsrəddin lətifələri (tacik)

Padşaha Allah əlbir imiş
Bir dəfə təsadüfən Efendi padşahın xoşuna gəlir. O:
-Xətrin hər nə tələb edir, buyur məndən istə!—deyir. hökmdarın görünməyən mərhəmətini azacıq götür-qoy edəndən sonra Efendi deyir:
-Siz madam ki, mənə bəxşiş vermək istəyirsiniz, onda, bir kisə qızıl bağışlayın ki, heç olmasa ömrümün qalan günlərini arvad-uşağımla qayğısız yaşaya bilim!
Padşah burda ayılır və işarə ilə xəzinədarına əmr edir ki, Efendiyə ağzı möhürlü sikkə kisəsi versin. Xəzinədar: «Itaət etmək borcumdur, hökmdar!» deyib çıxır. Ağır kisəni alcaq Efendi, sevincək götürüb evinə gətirir və deyir:
-Arvad, keyfimizdir. Daha bizim də qazanımız və qaşığımız yağlıdır. Istəyirsən hər gün on dəfə cürbəcür don key. Özünə on növ sürmə, qırmızı boyaq və kirşan al. Lap gündə on dəfə hamama get. hamısının pulunu verərəm. Indi hələlik bura gəl qızılları sayaq. Yoxsa tək öhdəsindən gələmmərəm.
Efendi kisənin möhürünü bıçaqla kəsir. Onu yerə boşaldır. Kisədən qızıl əvəzinə xırda daşlar tökülür. heyrətlənmiş Efendi əvvəl göyə, sonra yerə baxır. Başını aşağı dikib dərin fikrə dalır.
-Bütün bunlar nə deməkdir?—deyə arvadı təşvişlə ondan xəbər alır,—Bu daşcığazları sənə kim vermişdir? Onları nə üçün gətirmisən?
Efendi narazılıqla deyir:
-Bu o deməkdir ki, padşah mənim xahişimi yerinə yetirib. Bir kisə qızıl bağışlayıb. Mən də gətirmişəm. Yoxsa səfeh deyiləm ki, bir kisə daşı evə gətirim gəlim!
Arvad məzəmmətlə deyir:
-Padşah da səfeh deyildir sənə bir kisə qızıl versin. Qızılı sən padşahdan yox, allahdan istə!
-Arvad, bunu sən doğru deyirsən!
Dəstəmazdan sonra Efendi dizləri üstə əyləşərək üzünü Məkkəyə tutub əllərini açır:
-Ey hər şeyə qadir allah! Özünün gizli xəzinəsindən mənə bir kisə qızıl göndər!
Axşam olur. Axırıncı axşam namazı da qurtarır. Gecə düşür. Ancaq Efendi ibadətindən ayrılmır. Lakin istədiyi qızıllar da gizli xəzinədən gəlmir. Nəsrəddin öz-özünə: «Bəlkə mən astadan ibadət edirəm, allah səsimi eşitmir? Bəlkə ucadan ibadət etmək gərəkdir?»—deyir.
Efendi bunu deyib bir də ucadan duasını təkrar etməyə başlayır. Dərin yuxuya dalmış mömin qonşu Efendinin vəhşi bağırtısından oyanır. Mırtdanaraq: «Görən bu nə olan şeydir?» deyə maraqlanıb evinin damına qalxır. Ucadan allahdan qızıl istəyən Efendini görür. Qonşu bir qədər dayanıb Efendiyə tamaşa edir. Ancaq özünü saxlaya bilməyib divardan yarıpalçıq kərpic qoparıb ona tullayır. Özündən bir qədər aralı, harasa, nəyinsə düşdüyünü eşidən Efendi tez sevincək qışqırır:
-Arvad! Tez ol çırağı gətir, allah gizli xəzinəsindən bizə qızıl yollayıb!
Arvad çırağı gətirir, Efendi həndəvərində kəsək qırıntılarını görüb deyir:
-Arvad, məsələ məlum oldu. Demə padşahla allah bir imiş!
 
O biri dünyada
Efendi bilmək istəyir ki, o dünyada nə edirlər. Bundan ötrü o qəbristanlığa gəlib köhnə bir qəbir seçir, içini və yan-yörəsini təmizləyir, çatdaq və deşiklərini tutur. Sonra qonşu qəbirlərdən birinin başdaşını dartıb gətirir, qəbrə enir, uzanıb özünü ölülüyə vurur. Gecə qəbiristana iki kəfənsoyan oğru gəlir. Təzə qəbir görüb dərhal daş salı qaldırıb içəri girirlər. Efendi elə bilir ki, bunlar Inkirlə Minkirdir, gəliblər həqiqi dünyada gördüyü işləri və əməlləri barədə onunla sorğu-sual aparmağa. Odur ki, Efendi özünü yığışdırıb onların suallarına cavab verməyə hazırlaşır. Lakin oğrular heç bir sual vermədən Efendinin çalmasını götürürlər. Sonra xalatını, köynəyini, tumanını, başmaqlarını soyundururlar. Oğrunun biri o birinə deyir:
-Başqa meyitlərdən biz dörd arşın pambıq parça çıxartdıq. Buradan isə hazır paltar götürdük!
Efendi burada ayağa qalxıb soyğunçuların üzərinə atılır. Onları söyüb yamanlayır. Paltarlarını aparmağa qoymur. Ancaq oğrular da ağacla Efendini huşunu itirənədək əzişdirirlər. Onu əsil meyit kimi qəbrə uzadıb şeylərini də götürüb gedirlər. Efendi haçandan-haçana özünə gəlir. Ayağa qalxır,, xortlamış lüt meyit kimi evinə qaçır. Efendinin arvadı ərini lüt görüb dəhşətə gəlir.
-Nə olmuşdur?—deyə ondan xəbər alır.
Efendi sakitcə cavab verib deyir:
-heç nə. O dünyadan gəlmişəm.
Sakitləşmiş arvad soruşur:
-O dünyada sən nə görmüsən?
-Qəbrə girib uzandım. Gələn mələklərin suallarına cavab verməyə hazırlaşmışdım. Onlar gəlib məni lütlədilər, o ki var döydülər. Paltarlarımı özləri ilə apardılar. heç bilmirdik, deməginən oğruluq o dünyada da var imiş?!
Körpəni əlüstü yatırdar
Bir dəfə arvadı Ependiyə deyir:
-Ependi, bilmirəm uşaqa nə olub. Mən sakitləşdirməyə çalışıram, o hey ağlayır. Bəlkə bir dua yazıb ona oxuyasan, sakitləşə, yata.
Ependi rəfdən bir kitab çıxarır və arvadına deyir:
— Bu kitabı götür. Arvad xəbər alır:
-Bunun nə xeyri? Ependi deyir:
-hər dəfə, mən onu məsciddə oxuyanda, dinləyicilərimin hamısı xorhaxorla yatırlar. Madam, böyüklərə belə təsir edir, onda bizim körpəni əlüstü yatırdar.
Top