Whitney Houston

Whitney Houston

“Ölüm bizi ayırana qədər...”Whitney Houston

…Adi günlərdən biri. Otaqda sakitlikdi. Döşəmədə uzanmış qadının pıçıltısı bu səssizliyi pozur: “Sevincdə və kədərdə, xəstəlikdə və sağlıqda...”.  Dodağından qan damcılayırdı. Dilində qanın acı tamını hiss edirdi. “Ölüm bizi ayırana qədər...” — pıçıldaya-pıçıldaya dizləri üstə qalxdı. Evin açıq qalmış qapısından ərinin maşına necə mindiyini gördü. Çənəsinin dəhşətli ağrısını hələ indi-indi hiss etməyə başlamışdı. Əri yumruqla çənəsinə zərbə endirmişdi. Uitni çətinliklə də olsa ayağa qalxa bildi, üzünə soyuq kompres qoymaq üçün vanna otağına keçdi. Axı sabah konsertdir, elə etmək lazımdır ki, sabaha kimi üzündəki şişkinlik azalsın. Üzünün göyərmiş nahiyələrini isə vizajist qaydasına salar, axı bu, birinci dəfə baş vermirdi».

“Niyə boşanmırsan, Uitni?”, — bu sualı ona rəfiqələri tez-tez verirdilər.
— “Axı o səni döyür”. Bu sualların qarşılığında Hyuston dərindən nəfəs alır, sakit səs tonu ilə həmişə eyni cavabı verirdi: “Ailə qurarkən bir-birimizin gözlərinə baxaraq and içmişik. Kədərdə və sevincdə, xəstələnəndə və sağlığımızda...”.

Medalyonun tərs üzü 
Tarix 1963-cü il avqustun 9-nu göstərəndə Nyu-Cersi ştatının Nevark şəhərində xoşbəxt ailədə dünyaya bir qız gəldi. Atası ailənin dördüncüsü olan qızın adını Elizabet Uitni qoyur. Valideynləri onu çox sevirdi. Qardaşları da həmçinin. Bacısı ilə hər gün müxtəlif oyunlar oynayardılar. Bir dəfə Uitni həyətdə qardaşı ilə oynayırdı. Hər ikisinin əlində asılqan var idi. Qaçırdılar, tullanırdılar… Və birdən Uitni yıxılır. Əlindəki asılqanın dəmiri onun ağzına girərək boğazına ilişir. Onu xəstəxanaya aparırlar. Həkimlər deyir ki, dəmir onun qırtlağını kəsib və əgər kəsilmiş hissə birləşməsə o, heç vaxt danışa bilməyəcək. O zaman həkimlər xəyal etməzdi ki, bir gün bu balaca qızı bütün dünya tanıyacaq. 
Uitninin uşaqlığı ziyalı, mədəni mühitdə keçib: onların ailəsində heç kim bir-birinin üstünə qışqırmazdı, nə isə istəyəndə məlahətli səs tonu ilə xahiş edərdilər. Axşam yeməyini, adətən süfrə başında birlikdə yeyərdilər. Yox, əgər biri evə gec gələrdisə, onu gözləmək evdə adət halını almışdı. Elizabetin ana və atası sadəcə, həyat yoldaşı deyil, eyni zamanda əsl dost idilər. Hər hansı hadisə ilə bağlı bir-birindən məsləhət alar, sonra qərar verərdilər. Uitni və qardaşları isə hesab edirdilər ki, anası ilə atası ideal cütlükdür.  Lakin yanılmışdılar. Con Hyuston sevimlisi, evin kiçik qızının on beş yaşını qeyd edərkən valideynlər boşanacaqlarını bəyan etdilər.  “Ancaq elə bilməyin ki, sizi sevmirik, — Emili gülümsədi, — sadəcə, biz başqa tərzdə yaşamaq istəyirik.  Nə vaxtsa bizi başa düşəcəksiniz”. 
Sonralar  Uitni valideynlərinin o vaxt niyə belə addım atdığını çox gözəl başa düşdü. Beş ildən sonra Uitni təsadüfən bibisindən öyrəndi ki, anası Emili 60-cı illərin ən məşhur müğənnilərindən biri imiş. Anası hər səfərdən qayıdanda yeni titullarla qayıdar, atası isə son on iki ildə qonşu küçədə yaşayan məşuqəsi ilə görüşər, vaxtının çoxunu onunla keçirərmiş. Con və Emili övladları qarşısında əsl dost idilər, əslində, qətiyyən bir-birini sevmirdilər. O zaman Uitni özünə söz verdi: əgər nə vaxtsa onun ailəsi olsa, bu, xəyanətsiz, yalansız, sevgi dolu, mübahisə və göz yaşları olmayan, problemsiz ailə olacaq. 
O illərdə Uitni model məktəbini bitirdi. Bu ixtisası da elə ona həyatının valideynləri ilə bağlı bəlkə də ən böyük sirrini açan bibisi Dayani Uorvik məsləhət gördü. Uitni model məktəbində oxumaqla yanaşı, səsyazma studiyalarına gedir, musiqinin sirlərini öyrənirdi. Həyatı sevməyə başlamışdı və əsl məhəbbət arzu edirdi.

 

Nağıl imiş… Whitney Houston and Bobby
“Mənim həyatım idealdır, — Uitni rəfiqələri ilə kafedə qəhvə içə-içə hisslərini ifadə edirdi, — yeni albom üzərində işləyirəm, “Artist” studiyası ilə sərfəli müqaviləm var. Qardaşlarım da mənə biznesimdə kömək edirlər, həyat yoldaşım Eddi Mörfi ilə münasibətlərimiz isə əladır”. 
— Uitni, — rəfiqələrindən biri dilləndi, — sənin həyat yoldaşınla əlaqələrin valideynlərinizin münasibətlərinə bənzəyir. Gözlərini aç, Uitni, evli olsanız da, siz sadəcə, dostsunuz. Amma sevgi tamam başqa bir şeydir. Sadəcə, sənin xoşuna gələn onun varlı və məşhur olmasıdır. 
Bu fikir Hyustonun ağlına batır. Düşünür ki, bəlkə rəfiqəsinin dedikləri həqiqətdir və evliliklərinin sonu valideynlərinin evliliyi kimi olacaq: böyük ev, üç uşaq, hər həftəsonu şəhərin ən bahalı, elit restoranlarında şam yeməyi, “Bu gün mən səni dəyişdirəcəyəm,  əzizim” — “Hə, hə, əlbəttə, istədiyin kimi et”. Nə isə başqa bir şey olmalıdır:  əsl məhəbbət, fırtınalı ehtiras, səs-küylü mübahisələrdən sonra isti münasibət… 
Bir müddət keçmiş Uitninin  27 yaşı tamam olur. O, reper Bobbi Braunla tanış olur. 
— Mən sizin haqqınızda qəzetlərdən oxumuşam,
  — Uitni zərif dodaqları ilə gülümsəyir,
— Yazırlar ki, siz dözülməz adamsınız. Qalmaqalçı, narkoman, içki düşkünü... 
— Mən də sizin haqqınızda oxumuşam,  Bobbi Uitniyə borclu qalmır, — deyəsən, siz mələksiniz… 
Bir neçə aydan sonra isə Bobbi ilə Uitninin nişanlanması barədə xəbərlər yayılır.
Mən “Cangüdən” filminə çəkilməkdən imtina edəcəyəm, biz gələn ay evlənərik, — təkid edirdi Hyuston. Bobbi ilə münasibətlərinin korlanmasından qorxurdu. Bobbi isə Uitnini müqaviləyə qol çəkməsinə, filmə çəkilməsinə razı salır: 
— Nişanlımın ekranlarda görünməsi məni sevindirəcək. Sonra isə bizim toyumuz olar. İndiyə kimi şahidi olduğun toy mərasimlərinin hamısından təntənəli toy. 
Bir ildən sonra onların həqiqətən də möhtəşəm toy mərasimləri baş tutur. Mərasimə 800-dən çox qonaq dəvət olunmuşdu. Bundan başqa, Bobbi ərazinin bəzədilməsi üçün on mindən çox qızılgüldən istifadə etmişdi, Uitni isə şleyfi (qadın paltarının yerlə sürünən uzun arxa ətəyi — red.) 3 metr uzunluğunda olan gəlinlik tikmişdi.
“Onlar necə də gözəldirlər, bir-birinə yaraşırlar. Sanki nağıllardakı  kimi”, — mərasimə dəvət olunan qonaqlar öz aralarında pıçıldaşırdılar.
 

Ağır zərbə — güclü məhəbbət 
“Nağıl”dan üç gün sonra Uitni həyat yoldaşını evdə gözləyirdi. Bişirdiyi yeməklər çoxdan soyumuşdu, şam yeməyinin vaxtından  xeyli keçirdi, o isə hələ də görünmürdü. Bobbi gecəyarısı ayaqqabıları palçığa batmış halda evə gəlir. Xalçanın üzərində palçıq izləri qoya-qoya vanna otağına keçir.  
— Əzizim, səni çox gözlədim, harada idin? 
— Sənə qalmayıb! — o, çətinliklə parlayan gözlərini Uitniyə tərəf çevirir. 
— Əzizim, axı bizim bal ayımızdır. Sən özünü başqa cür apara bilməzsən? — süzgün-süzgün həyat yoldaşına baxır Uitni. 
— Yox, cəhənnəm ol burdan! — bir neçə gün bundan qabaq mehriban və ehtiraslı Bobbi qışqırır. 
— Mən… — qadın sözə başlayır. Amma aldığı zərbədən sözünü bitirə bilmir. İkinci zərbədən sonra isə Uitni döşəməyə yıxılır. Yoldaşını vurduqdan sonra Bobbi vanna otağına gedir və dişlərini fırçalamağa başlayır, sanki heç nə olmamış kimi. Sonra həyat yoldaşına fikir vermədən çarpayısına uzanıb yuxuya getməyə çalışır. 
Səhəri gün Uitninin gözünün altı göyərir. Körpücük sümüyü və sağ qolu bərk ağrıyırdı. 
“Yaxşı, bağışla məni, — Bobbi dizüstə çökür, — mən səni o qədər çox sevirəm ki, özümü saxlaya bilmədim”. 
Bu cür üzr istəmələr qadınları həmişə tamamilə məmnun edir. O, həyat yoldaşını qucaqlayır, başını sinəsinə sıxır və onu barış dolu isti öpüşlərə qərq edir. 
İki aydan sonra isə Uitni bədənində aldığı zərbələrdən altı göyərmiş yer saydı. Bobbi nəinki içir, hətta narkotikdən də mütəmadi istifadə edirdi. Uitniyə xəyanət edərək başqası ilə də görüşürdü. Özü də bunu heç həyat yoldaşından gizlətmirdi. 
…Birinci hamiləliyində Uitni uşağını salır. Həkimlərin diaqnozuna görə, bu, Uitninin sinir sisteminin pozulması ilə bağlıdır. Ona istirahət etmək və pis fikirlərdən, stresdən uzaq olmaq məsləhət görülür. Bəs, bu mümkün idimi? Uitni heç vaxt Bobbinin harada olduğunu bilmirdi. Hərdən ona polis bölməsindən zəng edirdilər. Deyirdilər ki, yoldaşınız sərxoş halda tutulub və ya üzərində narkotik maddə aşkarlanıb. Hərdən evə gecə yarısı, üst-başında qadın ətrinin qoxusu ilə gəlirdi. Amma bütün bunlara baxmayaraq o, Bobbini sevir və ailəsinin dağılmasını istəmirdi. 
Bir müddət keçdikdən sonra Hyuston yenə hamilə qalır. Hər ikisi də çox xoşbəxt idi. Bütün mübahisələri unudaraq Bobbi və Uitni övladlarına ən yaxşı valideyn olacaqlarına and içirlər. Birinci iki ayı Bobbi həqiqətən də verdiyi sözün üstündə durur — az içir, evə vaxtında gəlir, hətta həyat yoldaşına gözəl gül buketi də alıb gətirirdi. Uitninin bədənində zərbədən göyərmiş nahiyələr isə yavaş-yavaş sağalırdı. Düşünürdü ki, uşaq dünyaya gələndən sonra hər şey mütləq dəyişəcək və hər şey daha yaxşı olacaq. Axı, əbəs yerə Uitni əbədi xoşbəxtlik arzu etmirdi. Lakin Bobbi bir müddət sonra yaxşı ər olmaqdan «yorulur» və yenidən dəyişməyə, evə hər gün sərxoş gəlməyə və mübahisə etməyə başlayır. 
Hamiləliyinin 9-cu ayında isə Hyuston təsadüfən öyrənir ki, ərinin məşuqəsindən qeyri-qanuni 3 uşağı var. Bobbi isə həyat yoldaşına hər şeyi başa salmaq əvəzinə, onun üstünə qışqırır: “Sənə qalmayıb! Get işinlə məşğul ol!”. 
Bir neçə aydan sonra ay parçası Kristina dünyaya gələndə Braun onun məsum üzünə baxır. Bu zaman Uitniyə elə gəlir ki, Bobbinin gözləri dolub və bundan mütəəssir olub: “Mən səni sevirəm, həyatımın mənası. Sən mənə həyatımın ən dəyərli anlarını yaşatdın”. Və Uitni hönkür-hönkür ağlamağa başlayır. 

Qayıtmaq üçün getmişdi 
Whitney Houston and Kristina“Bobbi, yetər artıq. Daha dözə bilmirəm. Aramızda hər şey bitdi”, — həyəcan və qorxu dolu baxışlarla, özündə güc toplayıb Bobbiyə söyləyə bilir bu sözləri. Bobbi üzünü ona tərəf çevirəndə yanağındakı yaradan qan damcıladığını görür. İti əşya ilə üzünü kəsmişdi Uitni. Bobbini dəli kimi sevsə də, bunu etməli idi, özünün və qızının gələcəyi üçün, çətin də olsa, ondan ayrılmalı idi. Həyatının bir epizodu gözlərinin önündən getmirdi: Bobbi Uitnini əlində balaca Kristina ilə avtobus gedə-gedə asfaltın üstünə itələmişdi. Həmin gün ailə Salt Lake City şəhərinə konsertə gedirdi. 

“Sən məni döyürsən, belə getsə, qızımıza da əl qaldıracaqsan. Adamı öldürə bilərsən. Mən səndən qorxuram, Bobbi”, — Uitni Braunu başa salmağa çalışırdı. Onun dəhşətli görünüşü vardı: boğazının damarları şişmişdi, sanki Braunu öldürmək istəyirdi. 
Araya sakitlik çökür. Bobbi heç bir reaksiya vermir. Sadəcə, bir-birinə baxırlar, baxışları toqquşur. Ərinin qəhvəyi gözlərinə baxan Uitni bir an geriyə addım atmaq istəyir, Amma… O, ərinin qeyri-qanuni üç uşağını, özünün birinci uşağını necə itirdiyini xatırladı. Konsertdə səsini də itirmişdi. Həkimlər demişdilər ki, sinir sisteminin gərgin olması, istirahətsizlik, hər gün stress buna səbəb olub. Bobbiyə görə Uitni narkotik də qəbul etməyə başlamışdı. Fikirləşirdi ki, bu, hər ikisi üçün yaxşı olar — hətta bu da işə yaramamışdı. Ancaq bir çıxış yolu qaldı: “Bu da son!” — deyib və yoldaşının əşyalarını toplayıb yola salmaq.

...Böyük bir evdə qızı ilə təkbaşına qalarkən Uitni özünə söz verir ki, yeni həyata başlayacaq: çox işləyəcək, lazer vasitəsilə üzündəki çapıqları yox edəcək, gündə səkkiz saat yatacaq və sevgi haqqında düşünməyəcək. Amma bu, sadəcə, hisslərinin ona əzab verməsinə qədər davam edir. Və həqiqətən səkkiz illik fasilədən sonra Hyustonun albomu işıq üzü görür, o, tez-tez gülümsəyir və həyatından razı görünürdü. 
Və gecələr… Sadəcə, gecələr baxırdı keçmiş həyat yoldaşının portretinə: “Onu düşünmə, düşünmə, düşünmə”, — deyə səssizcə ağlayırdı.

Ayrılıqdan sonra Bobbi başa düşdü ki, o da Uitnini çox sevir. …Ayrılığın birinci günü Bobbi əvvəlkindən də çox içməyə başlayır, hər gün bir fahişə ilə gecəsini keçirir, daha çox narkotik qəbul edir. Daha sonra o, başa düşür ki, bütün bunları Uitnini, onun haqqında hər şeyi unutmaq üçün edir. Bobbi üzr istəmək üçün evinə gəlir. Uitni isə dediyindən dönmür, onu bağışlamır. Braun onu ölümlə hədələyir, Uitni isə qapını onun üzünə çırpır və polisə zəng edir. 
Bundan sonra Braun həyatının önəmli qərarını verir. İçki və narkotikdən asıllığını müalicə etmək üçün xəstəxanada yatır. Gecəsini keçirdiyi bütün qadınlarla görüşməkdən imtina edir. Müalicədən bir müddət sonra Uitniyə zəng edərək “Nevark şəhərinin ən gözəl qadını ilə görüşə bilərəm?» — həyəcanla soruşur. Uitni də həyəcanlanmışdı, Brauna elə gəlir ki, sanki Uitninin ürək döyüntülərini telefonda eşidir.

İki saatdan sonra kinoteatrda görüşürlər. Əlində qızılgüllərdən ibarət böyük bir buket, boynu bükülmüş, nədənsə çəkinirmiş kimi utancaq görünüşlü, ciddi geyinmiş qəhvəyi kostyumlu Bobbi. Filmə baxdıqdan sonra Bobbi Uitnini evə qədər ötürür və ayrılarkən yanağından öpür. 
Hər gün belə davam edən görüşlərdən üç ay sonra Bobbinin paltarları ilə dolu çamadanı artıq Uitninin yataq otağında idi. O, ayrılarkən həyat yoldaşının əlləri ilə yığdığı paltarlarını, indi dolabda asılqandan asırdı. Bobbi isə qızı Kristina ilə həyətdə oynayırdılar. Çamadanda köynəkləri bir-bir götürən Uitni hər köynəyi üzünə sıxır, ərinin doğma qoxusunu ciyərlərinə çəkir və keçmişi xatırlayırdı. “Biz həmişəlik ayrıla bilərdik...”, — deyə pıçıldayır. 
Yarım saatdan sonra evə qayıdan Bobbi həyat yoldaşını paltarları arasında hönkür-hönkür ağlayan görür: “Məni heç vaxt tərk etmə, əzizim, heç vaxt” — göz yaşları içində, ərinin paltarlarını köksünə sıxaraq qırıq-qırıq səslə pıçıldayırdı. Bobbi yaxınlaşır, onun göz yaşı ilə islanmış yanaqlarından öpür — qəribə, qarışıq, heç vaxt hiss etmədiyi hisslər keçirir Bobbi — yoldaşının üzüldüyünə təəssüflənir və asan qələbəsinə görə sevinirdi.

Sevincdə və kədərdə… 
...Üç ildən sonra döşəməyə yıxılmış Uitni göz yaşları içində təkrar edirdi: “Kədərdə və sevincdə, xəstələnəndə və sağlığımızda...”. Nə vaxtsa o özü bu yolu, bu həyat yoldaşını seçmişdi — amma indi bu yoldan geriyə dönmək qeyri-mümkün görünürdü.
Özü seçdiyi yolda sevinci ilə də, kədəri ilə də olsa, Uitninin özü addımladı, özü yaşadı. Bu yolda musiqi karyerasında, bir çox adamın xəyal belə edə bilməyəcəyi bir uğur əldə etdi. Amma uğursuz ailənin çoxlu problemləri onu rahat buraxmırdı. Yenidən spirtli içkilərə və narkotikə meyllənən Uitni səhnələrdən də uzaq qalır. 
Bütün bu hadisələr, keçirdiyi stress Uitnini sıxır, üzürdü. Qəribə taleli bu məşhur xanım cəmi 48 yaşında ömür yolunun sonuna gəlir… 
O, 2012-ci il fevralın 12-də «Mələklər şəhəri»ndə — Los-Ancelesdəki «Beverly Hilton» otelinin dördüncü mərtəbədəki nömrəsində, hamam otağında vannada gözlərini əbədi olaraq yumdu. Həm də yalnız, təkbaşına. 
Onun ölümü haqqında müxtəlif versiyalar irəli sürülür. Bəziləri onun sakitləşdirici həb, bəziləri uyuşdurucu qəbul etdikdən sonra hamam vannasında yuxu tutduğunu və buna görə suda boğulduğunu yazırlar. «The Sun» qəzetinin yazdığına görə, məşhur müğənni 2 gün davam edən bir ziyafətdə olub. Bu ziyafəti fevralın 10-da müğənni Kelli Prays təşkil edibmiş. Şahidlərin ifadəsinə görə, həmin məclisdə Uitni 31 yaşlı sevgilisi müğənni Rey Ceyin digər ifaçı Steysi Frensislə mehiribancasına söhbətləşdiyini görür. Hyuston bərk qəzəblənir və onların üstünə qışqırır. Onlar isə məşhur müğənnini sakitləşdirərək sədəcə söhbət etdiklərini bildirirlər. Bundan sonra dayanmadan spirtli içki qəbul edən Uitni oradan çıxıb qaldığı otelə gəlir. Sakitlərici həb qəbul edib vanna otağına keçir… 
Polis ifaçının bədənində heç bir zorakılıq əlamətlərinə rast gəlinmədiyini bildirir. Masanın üzərindən tapılan dərman preparatlarına gəldikdə isə, yaxınları onun tez-tez sakitləşdirici həblər qəbul etdiyini təsdiqləyirlər. 
Həkimlərin ehtimalına görə, bu dərmanlar spirtli içkiyə qarışan zaman bəzən insanda ciddi süstlüyə səbəb olur. Müğənninin cəsədi tapılan zaman onun başı suyun içində imiş. Amma cəsədin yarılması zamanı ciyərində aşkar edilən su onun boğulması üçün kifayət etməyəcək miqdarda olub. Bu üzdən həkimlər güman edirlər ki, onun başı keçindikdən sonra suyun içərisinə düşüb. Ölümə səbəb isə spirtli içkinin qəbul edilmiş preparatlarla reaksiyaya girməsi, nəticədə Hyustonun nəfəs almasına problem yaranması ola bilər. 
Otel otağında dünyasını dəyişən Uitni Hyuston vaxtsız ölümü ilə heyranlarını, onu sevənləri çox üzdü.  Məşhur «Cangüdən» filmində «I will always love you» (Mən həmişə səni sevəcəyəm!) deyən mügənni milyonların sevimlisi olaraq yaddaşlarda qaldı. 

Həmçinin oxu: Dalidanın həyatı 

Top