Tofiq Mahmud

Tofiq Mahmud

Azərbaycan ədəbiyyatı 50-ci illərdə yeni bir imza ilə tanış oldu — Tofiq Mehdiyev. Bu şəxs ədəbiyyata həvəslə, məhəbbətlə, ürəklə qədəm basdı. Onun ilk qələm təcrübələri diqqəti cəlb etdi. Şeirlə yaşayan şair illər ötdükcə nəsr əsərləri də yaradaraq Tofiq Mahmud kimi tanındı.
Tofiq Mahmud Azərbaycan uşaq və gənclər ədəbiyyatının görkəmli nümayəndəsidir. O, uzun müddət «Göyərçin» jurnalının baş redaktoru olmuş, maraqlı yaradacılıq yolu keçmişdir. Şair xarakterinə yaxın tanış mövzulara müraciət edirdi. Onun əsərlərində insanlara, vətənə, təbiətə sevgi, məhəbbət aşılanır. Tofiq Mahmud
Dözə dözə dərdə sərə,
Hər əzaba tablamışam.
Ömrüm boyu zərrə-zərrə,
Ancaq işıq toplamışam.
Bu işıq şairin bütün yazılarının içindən cərəyan kimi axır. Onun mənəvi sərvət kimi bizə qoyub getdiyi nəsr və nəzm əsərlərini gözdən keçirdikdə şairin zərrə-zərrə topladığı o işığı bu əsərlərin ayrı-ayrı gözəl, mənalı, sevgi qığılcımları ilə dolu parçalarında, sətirlərində aydın görmək olar. Şair bu işığı, bu qığılcımı axtara-axtara uşaq aləminin səyyahına çevrilir və özünü «Göyərçin» redaksiyasında tapır. Tofiq Mahmud uşaq və gənclər ədəbiyyatının zənginləşməsi naminə əlindən gələni əsirgəmir. O, böyük həvəslə və məhəbbətlə çalışaraq müxtəlif janrlara müraciət edir: şeir, hekayə, povest və s. Bu janrlar vasitəsilə o, uşaqları, gəncləri, insanları nəcibliyə, yüksəkliyə, xeyirxahlığa səsləyir. Əsasən də uşaqlar üçün yazdığı əsərlərdə yüksək humanist duyğular aşılayır. Belə ki, bu mövzular onun yaradacılığının əsas bünövrəsinə çevrilir. Şairin fikrincə, uşaqların zəngin və mürəkkəb həyatı vardır və ədəbiyyat bu həyatdan kənarda qala bilməz. Onun sevgidən toxunan poeziyası oxucularını düşündürməyə, fikirləşməyə qanadlandırır. Şair həmişə bir cəbhədə dayanır: qəhrəmanlıq, düzgünlük, xeyirxahlıq, insanlıq!
Görkəmli sənətkarın tərcümə sahəsində də xidmətləri böyükdür. O, bir çox xalqların — rus, ukrayna, qazax, özbək və s. dillərindən əsərləri tərcümə edərək balaca oxucuları sevindirirdi. Xarici uşaq ədəbiyyatının ən yaxşı nümunələrini uşaqlara təqdim edirdi. Demək, Tofiq  müəllim öyrədir, müqəddəs və şərəfli bir peşəni — müəllimlik peşəsini ləyaqətlə yerinə yetirirdi.
O, uşaqların nəbzini tutmağı bacarırdı. Onlar üçün yazdığı sətirlərdə solmayan rənglər çəkirdi. Bu sətirləri oxuyan hər bir oxucu şairin ürəyindən keçən yolu görür. Bu yol sevgi havası ilə ətirlənib. Bu yolun ulduzları isə körpələrdir. Budur insani keyfiyyət!
Şairin əməli də, əməyi də xeyirxahlıqdır. O, özü ilə danışarkən belə deyir:
Arzular yuvası ey ürək, gəl sən,
Yeni bir arzuma eylə əməl sən.
Günəşi köksümə alıb qoyum mən,
Daim xeyirxahlıq işığıyla yan,
Sən belə olmasan, ey ürək dayan!
Yalnız sevgi ilə qidalanmış, suvarılmış, münbitləşmiş insan ürəyi belə düşünə bilər!
Məncə, yaxşı insanlar haqqında həmişə məhəbbətlə danışmaq lazımdır. Məhz Tofiq Mahmud da o insanlardandır. O, ömrünü ülvi bir məqsədə- şeirə, ədəbiyyata həsr edib. Həmişə yazıb-yaradıb. Şair ömrünün və yaradıcılığının yetkin dövrünü – 60 yaşını yaşayarkən nədənsə kövrəlir, kədər duyğusuna bürünür və pıçıldayır:
Nə vaxt oldu altmış yaşım,
Bu altmışı mən yaşadım?!
Dadi-bidad, 
Nə sürətlə keçdi həyat!
Tofiq Mahmud 66 yaşında qəfil dünyasını dəyişir. Bu itki hər kəsi sarsıdır, əsasən də uşaqları. Ancaq kədərlənməyə dəyməz. Çünki onun yadigarları — əsərləri yaşadıqca Tofiq Mahmud yaşayacaq!
Məqalənin yazılmasında ARDƏİA-nin 538 nömrəli fondunda mühafizə edilən sənədlərdən istifadə edilmişdir.


Müəllif: Ruhiyyə Nuriyeva S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin aparıcı arxeoqrafı
Top