Qafqaz müsəlmanlarına xitab | Seyid Əzim Şirvani

Qafqaz müsəlmanlarına xitab | Seyid Əzim Şirvani

XIX əsrin II yarısından sonra Azərbaycanda qüvvətlənən maarifçilik hərəkatının görkəmli nümayəndələrindən biri kimi tanınan Seyid Əzim Şirvani xalqının xoşbəxt gələcəyi haqqında gözəl arzular bəsləyir və onu dünyanın maariflənmiş, tərəqqi etmiş millətlərindən biri kimi görmək istəyirdi.

Əssəlam, ey əhaliyi Qafqaz,
Ey rəisani-sahibül-ezaz!

Əssəlam, ey güruhi-xeyr-əsər,
Millətin qeyrətin çəkən kəslər!

...Dadü fəryad, ey güruhi-izam,
Oldu zaye bu milləti-islam.

Günü-gündən zəlilü xar oluruq,
Möhnətü qüssəyə düçar oluruq.

Bu qədər dərd kim olur hadis,
Ona bielmlik olur bais.
 Bir bəladır bu dərdi-nadani,Ki, onun elm olubdu dərmani.

Bu təəccübdür, ey güruhi-bəşər,
Bir kişi yatsa, naxoş olsa, əgər,

Axtarır bir təbibi-danadil,
Ta ki səhhət ola ona hasil.

İndi naxoşdu milləti-islam,
Ona lazımdır eyləmək əncam.

Dərdimizdir bu dərdi-nadanlıq
Ki, tutubdur bizi pərişanlıq.

Qeyrilər etdilər tərəqqiyi-tam,
Qaldı zillətdə firqeyi-islam.

Hər vilayətdə var beş-on kəsəbə,
Əlli min seyyidü axund, tələbə.

Əlli dərviş, əlli mərsiyəxan,
Hamının sözləri tamam yalan.

Əlli min suxtə, əlli min sail,
Əlli min hoqqabazi-naqabil.

Hamının fikri xalqı soymaqdır,
Quru yerdə bu xalqı qoymaqdır.

Xalqa bunlar hamı qurublar dam,
Bir bunu anlamır bu qövmi-avam.

Bizə qeyrilər eyləyir töhmət,
Çün tərəqqi edibdir hər millət.

Gərçi var iş qanan kişi tək-tək,
Əksəri-xalq avamdır bişək.

...Bilmirik biz hədis mənasın,
Qanmırıq əhli-şər fitvasın.

Bixəbər olmuşuq şəriətdən,
Başımız çıxmır elmi-hikmətdən.

Kəsb üçün həzrəti-rəsulüllah,
Dedi: “Əlkasibü həbibüllah”.

...Ziynəti-şəxs elmi-ürfandır,
Elmsiz şəxs misli-heyvandır.

...Çünki var idi bizdə nadanlıq,
Bizə üz verdi çox pərişanlıq.

Müəllif: Soltan Əliyev, Bilal Həsənov, Aynur Mustafayeva, Nuriyyə Verdiyeva, Sədaqət Məmmədova
Mənbə: Ədəbiyyat 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Ədəbiyyat fənni üzrə Dərslik
Top