Məni candan usandırdı | Məhəmməd Füzuli

Məni candan usandırdı | Məhəmməd Füzuli

“Məni candan usandırdı...” həm ideya məzmununa, həm də bədii keyfiyyətlərinə görə klassik şeirimizin ən dəyərli nümunələrindən biridir. XVI əsrin məhsulu olan bu əsər dilinin şirinliyi və cəlbedici olması baxımından da müasir oxucunu valeh edir. Ondakı alınma sözlər məzmunun başa düşülməsinə mane olmur.

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazını?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Qəzəlin məzmunu ilə ətraflı tanışlıq onun mövzusunu müəyyənləşdirməyə imkan verir. Lakin onda təsvir olunmuş məhəbbətin izahı ciddi düşüncə, araşdırma tələb edir.

Şeiri oxuduqca saf, dərin məhəbbətlə sevən və sevgisi yolunda sonsuz əzab-əziyyətlərə qatlaşan real aşiq obrazı göz önündə canlanır. Lakin əsərdə ilahi məhəbbətin sədaları da güclüdür.

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Bu misralarda ifadə olunmuş fikri məşuqəyə — sevilən qıza aid etmək mümkün deyildir. Burada sufizm düşüncəsi işığında Allah nəzərdə tutulmuşdur. Qəzəlin əksər beytlərində lirik qəhrəmanın yara, canana münasibətində sufiyanə məhəbbətin əlamətləri duyulur. Bu cəhət şairin məhəbbət mövzusunda yazdığı qəzəllərin əksəriyyətində müşahidə olunur. Hətta bir çox hallarda eyni bir əsərdə dünyəvi və ilahi məhəbbət o dərəcədə çulğaşır ki, onları ayırd etmək çətin olur. Sufizm şairin tərənnüm etdiyi məhəbbəti insandan, dünyadan ayırmır. Bu əsərlərdə real insani duyğuların təsviri çox güclü, bəzən isə aparıcı olur.

Qəzəldə lirik qəhrəmanın — aşiqin parlaq obrazı yaradılmışdır. O, səmimi, sədaqətli və cəfakeşdir. Birinci misradan sona kimi ah-naləsi, şikayətləri kəsilməyən aşiq dərdini, kədərini, həyəcanını elə yanıqlı, təsirli dillə bəyan edir ki, ona inanmamaq mümkün olmur. Məşuqənin cəfasından usansa da, ahının odu fələkləri yandırsa da, gözləri qanlı yaş axıtsa da, o, tutduğu yoldan dönməyi xəyalına da gətirmir.

Aşiq səciyyəvi xüsusiyyətləri ilə diqqəti cəlb edən bitkin obrazdır. Şeirin ətraflı öyrənilməsi, mənbələr üzrə araşdırma onu hərtərəfli anlamağa və qiymətləndirməyə imkan verir.

 

Beytlərin əksəriyyətində işlənmiş daxili qafiyələr şeirdə güclü ahəngin yaranmasına səbəb olmuşdur.

Qəzəldəki obrazlılığın güclənməsində məcazların xüsusi rolu vardır. Bunu aydınlaşdırmaq üçün misraların, beytlərin üzərində düşünmək, lirik qəhrəmanın hiss və düşüncələrinin necə ifadə edildiyini aşkara çıxarmaq vacibdir. Bu işin səmərəliliyinə şairin sənətkarlığı barədə mənbələrdən öyrəndikləriniz əhəmiyyətli təsir edəcəkdir.

Qəzəldə güclü ahəngin yaranmasına onun yazıldığı həzəc bəhrinin təsiri az deyildir.

Top