Məhəmməd Füzulinin həyatı və yaradıcılığı

Məhəmməd Füzulinin həyatı və yaradıcılığı

Məhəmməd Süleyman oğlu Bağdad yaxınlığındakı Kərbəlada dünyaya göz açmışdır. Qaynaqlarda onun mükəmməl təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi barədə məlumat verilmişdir. Şairin “mövlana” adlandırılması da bununla bağlıdır.

O, yaradıcılığa erkən yaşlarında başlamış, özünə “Füzuli” təxəllüsünü seçmişdir. Füzuli yalnız şairliklə məşğul olmamış, dini ocaqlarda xidmət etmişdir. Bu işinə görə aldığı maaşla sadə, qənaətcil həyat yaşamışdır. İstər Səfəvi dövləti, istərsə də Osmanlı hökmdarları tərəfindən yaxşı tanınan və yüksək dəyərləndirilən şair saraylara üz tutmamış, sadə ömür sürməyə üstünlük vermişdir. O dövrün mühüm mənbələrindən sayılan təzkirələrdə şairin həyatı haqqında ətraflı məlumat əks olunmamışdır. Onu şəxsən tanıyan, onunla həmsöhbət olan Əhdi Bağdadi “Gülşəni-şüəra” adlı təzkirəsində Füzulini bilik və mərifətdə kamil, dərinmənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etmişdir. Təzkirəçi, həmçinin Füzulinin xoşxasiyyət, şirinsöhbət bir insan, böyük hörmət sahibi və alim kimi tanındığını da qeyd etmişdir.

Şairin yeganə övladı Fəzli dərin elmi biliyi ilə seçilən ziyalı olmuşdur. Onun zərif şeirlər yazması barədə mənbələrdə məlumat vardır.

Doğulub-yaşadığı İraqdan heç vaxt ayrılmayan Füzuli 1556-cı ildə Kərbəlada vəfat etmiş və İmam Hüseyn məqbərəsinin astanasında dəfn edilmişdir.

Şairdən bizə qalan zəngin bədii irs aşağıdakılardan ibarətdir: Azərbaycan türkcəsində divan, fars dilində divan, ana dilində, farsca və ərəbcə yazılmış qəsidələrdən ibarət divan — qəsidələr divanı. Azərbaycan dilində yazılmış poemalar: “Leyli və Məcnun”, “Bəngü badə”, “Söhbətül-əsmar”. Fars dilində poema: “Həft cam”. Azərbaycan türkcəsində nəsr əsərləri: “Hədiqətüs-süəda”, nəsrlə məktublar. Fars dilində nəsr əsərləri: “Rindü Zahid”, “Səhhət və Mərəz”. Ərəb dilində elmi-fəlsəfi əsər: “Mətləül-etiqad”. Fars dilindən tərcümə: “Hədisi- ərbəin”.

Daha çox lirik şair kimi tanınan və sevilən Füzuli klassik şeirin qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təxmis, qitə, rübai və s. janrlarına müraciət etmiş və hər birində böyük uğur qazanmışdır.

Şairin yaradıcılığında mühüm yer tutan qəzəllər müxtəlif mövzularda qələmə alınıb. Bunların sırasında məhəbbət mövzusunda yazılanlar, gözəlin və gözəlliyin tərənnümünə həsr edilənlər, dini və ictimai motivdə olanlar önəmli yer tutur.

Füzulinin qəzəllərində təsvir olunan məhəbbətin izahı xüsusi diqqət tələb edir. Onun tərənnüm etdiyi məhəbbət, çox hallarda həm gerçək insani duyğuları, həm də sufizmin həyata, insana fəlsəfi baxışını ifadə edir. Şairin bir çox qəzəllərində bu ikiliyi bir-birindən ayırmaq, yaxud fərqləndirmək mümkün olmur. Lakin bütün hallarda lirik qəhrəman mənəvi saflığı, möhkəm iradəsi, sədaqətli və əzəmətli olması ilə diqqəti çəkir.

Şairin ictimai motivli qəzəllərində zəmanəyə, insanlara, şəxsi həyatına və s. münasibəti əks olunmuşdur.

Füzuli qəsidələrini daha çox ana dilində yazmışdır. Onun bu janrda yazdığı əsərlər islam dininin böyük şəxsiyyətlərinə, zəmanə hökmdarlarına, tarixi hadisələrə həsr edilmişdir.

Şairin poemaları yaradıcılığında xüsusi yer tutur. “Leyli və Məcnun” (1537) çıxılmaqla, qalan üç poema alleqorik səciyyəlidir. Bu üç poema müxtəlif mövzularda yazılsa da, ideyalarında oxşarlıqlar da var. Onlarda təkəbbürlü hökmdarların mənasız müharibələr törətməklə insanları qırğına verməsi (“Bəngü Badə” ), şöhrətpərəstlik, mənəmlik (“Söhbətül-əsmar”), cəmiyyətdə, ictimai quruluşda müşahidə edilən eyiblər (“Həft cam”) kəskin tənqid edilmişdir.

Füzuli klassik nəsrin böyük ustadı sayılır. Onun “Şikayətnamə” adı ilə tanınan məktubu ictimai məzmunu və bədii dəyəri ilə daha qiymətlidir. Ana dilində olan “Hədiqətüs-süəda” (tərcümə olduğunu iddia edənlər də var) əsərində məşhur din xadimlərinin həyatı, fəaliyyəti, məhrumiyyətləri əks olunmuşdur.

Farsca yazılmış “Rindü Zahid”in əsasında insan, həyat haqqında fərqli baxışların qarşılaşması, mübahisəsi dayanır. Fars dilində nəsrlə yazılmış “Səhhət və Mərəz” alleqorik əsərində isə müəllifin elmi, dini-fəlsəfi və sufi-panteist görüşləri vəhdət şəklində ifadəsini tapmışdır.

Füzuli ədəbiyyat tarixində mahir tərcüməçi kimi də tanınmışdır. Tərcümələri arasında “Hədisi-ərbəin” (“Qırx hədis”) önəmli yer tutur. Fars-tacik şairi Əbdürrəhman Caminin eyniadlı əsərini ana dilinə tərcümə etməklə şair türkdilli oxucuların bu məşhur əsərdən faydalanmaları, zövq almaları məqsədini güdmüşdür.

Top