Nəcəf bəy Vəzirov

Nəcəf bəy Vəzirov

Nəcəf bəy Vəzirov Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Atası xəstə olduğu üçün ailəni dolandırmaq kimi ağır vəzifə anası Mina xanımın öhdəsinə düşmüşdür. Ailədəki çətinliklərə baxmayaraq, fərasətli, zəkalı Nəcəf təhsil almaq fikrindən dönməmiş, yaşadığı cansıxıcı, kədərli mühiti tərk edib oxumaq üçün Bakıya gəlmiş, realnı gimnaziyada təhsil almışdır. Onun dünyagörüşünün inkişafında gimnaziyada dərs deyən Həsən bəy Zərdabinin mühüm rolu olmuşdur. Təhsilini davam etdirmək üçün Sankt-Peterburqa gedib universitetə daxil olsa da, oranın havası səhhətinə düşmədiyi üçün təhsilini Moskvada Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasında davam etdirmişdir. Akademiyadakı inqilabi əhvali-ruhiyyə, məşhur alimlərin dərsləri onda mütərəqqi baxışların formalaşmasına ciddi təsir etmişdir . Akademiyanı bitirdikdən sonra Dilicanda meşəbəyi işləmiş, xalq arasında böyük nüfuz qazanmışdır. Siyasi görüşlərinə görə rəsmi dövlət qulluğundan azad edildikdən sonra Bakıya gəlmiş, sevimli müəllimi H.Zərdabi və digər ziyalılarla birlikdə mədəni-kütləvi tədbirlərin təşkilində, əhalinin maarifləndirilməsində fəallıq göstərmişdir. 1913-cü ildə Bakıda ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilmişdir.

Sovet hakimiyyəti qurulduqdan sonra Torpaq Komissarlığında müfəttiş, texnikumda müəllim kimi fəaliyyət göstərən N.Vəzirov 1926-cı ildə Şamaxının Çuxuryurd yaylağında tələbələrin çöl təcrübəsi zamanı ürək xəstəliyindən vəfat etmişdir.

Bədii yaradıcılığa XIX əsrin 70-ci illərində başlayan N.Vəzirovun realist dramaturgiyanın inkişafında böyük xidmətləri olmuşdur. Demokratik-maarifçi ideyaların gücləndiyi bir vaxtda ədəbiyyata gələn ədib dərindən müşahidə etdiyi həyati hadisələrdən mövzu seçməklə köhnə, vaxtı keçmiş qaydaların tənqidinə, yeni ideyaların təbliğinə xüsusi önəm vermişdir. İlk əsərlərindən olan “Ev tərbiyəsinin bir şəkli” (1875) komediyasında köhnə tərbiyə üsulu tənqid edilmiş, onun dəyişdirilməsinin zəruriliyi ibrətamiz təsvirlərlə diqqətə çatdırılmışdır.

Komediyanın əsas surətlərindən olan Bayraməli bəy övladlarını — Səfdərqulu və Rəsulu hədə və zorakılıqla tərbiyə etməyə çalışsa da, uğur qazanmır. Müəllifə görə, atanın davranış və hərəkətləri ilə oğlanlarına verdiyi nəsihət arasındakı uçurum onun uğursuzluğunun başlıca səbəbidir.

Xeyli fasilədən sonra — 90-cı illərdə dramaturq bir-birinin ardınca maraqlı pyeslər yaradır. “Daldan atılan daş topuğa dəyər” (1890), “Sonrakı peşmançılıq fayda verməz” (1890), “Adı var, özü yox” (1891), “Yağışdan çıxdıq, yağmura düşdük” (1895), “Müsibəti-Fəxrəddin” (1896) ədəbiyyatımızda dəyərli sənət nümunələri kimi qiymətləndirilir. Bu pyeslər obrazlar qalereyası ilə zəngindir. Onlarda mənəviyyatsız mülkədarlar, qudurğan bəyzadələr, acgöz və yalançı tacirlər, saxtakar burjua ziyalıları və b. müəllifin gülüş hədəfinə çevirdiyi mənfi tiplərdir. Bu əsərlər cəmiyyəti düşündürən problemlərlə zəngin olub, konfliktin həyatiliyi ilə diqqəti cəlb edir. Köhnəliklə yeniliyin, zalımlarla məzlumların arasındakı çəkişmə, çarpışma onların hər birində özünü qabarıq göstərir.

“Müsibəti-Fəxrəddin”dən sonra dramaturqun yaradıcılığında dəyişiklik baş verdi; əsərlərinin mövzusunu daha çox mülkədar həyatından götürən ədib indi burjua-kapitalist mühitinə müraciət edir. “Pəhləvanani-zəmanə” (1900), “Ağakərim xan Ərdəbili” (1908), “Vay şələkum-məəlləkum” (1909), “Pul düşkünü Hacı Fərəc lənətullah” (1914) əsərləri ictimai həyatda baş verən dəyişikliyə təcrübəli sənətkarın münasibətini əks etdirirdi.

“Pəhləvanani-zəmanə” ədəbiyyat tariximizdə neft mövzusunda yazılmış ilk əsərlərdəndir. Bu əsərdə ədib yüngül qazanc əldə etmək istəyən ilk kapitalistlərin dələduz əməllərini maraqlı bədii lövhələrlə əks etdirməklə məhdudlaşmır, onları kəskin tənqid və ifşa edir.

XX əsrin əvvəllərində cəmiyyətdə insanlar arasında münasibətlərin dramatizmi də N. Vəzirovun diqqətindən yayınmamış, “Keçmişdə qaçaqlar”, “Təzə əsrin ibtidası” və s. dramlarını yazmışdır.

 

Top