Molla Pənah Vaqifin həyatı və yaradıcılığı

Molla Pənah Vaqifin həyatı və yaradıcılığı

Molla Pənah Vaqif Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Əsl adı Pənahdır. Dövrünün elmli, bilikli adamlarından olduğundan adının əvvəlinə “molla” titulu artırılmışdır. O, mükəmməl mədrəsə təhsili almış, dini və dünyəvi elmləri, ərəb və fars dillərini dərindən öyrənmişdir.

XVIII yüzillik ictimai-siyasi cəhətdən mürəkkəb və ziddiyyətli olsa da, ədəbi-mədəni mühitdə keçən əsrdən başlanan yenilənmə, xəlqiləşmə bu dövrdə davam və inkişaf etmişdir. Yeni, rəngarəng xalq yaradıcılığı nümunələrinin yaranıb, dildə-ağızda dolaşdığı bir zamanda gənc Pənah daha çox bu ədəbiyyatın təsiri altında şeir yazmağa başlayır. “Vaqif” təxəllüsü ilə yaratdığı qəlboxşayan şeirləri onu tezliklə məşhurlaşdırır.

Şuşada məskunlaşan Vaqifin xoş sorağı Qarabağ hökmdarı İbrahim xana da çatır. O, saraya dəvət olunur və eşikağası (xarici işlərə baxan vəzir) təyin edilir. Ağlı, fərasəti ilə xanın böyük etimadını qazanan Vaqif Qarabağ xanlığının idarə olunmasında nüfuzlu siyasi xadim kimi iştirak edir.

Şair ömrünün sonlarında ağır, faciəli günlər yaşamışdır. Tale qoca sənətkarı Ağa Məhəmməd şah Qacarın əlindən alsa da, Qarabağ xanlığını ələ keçirmiş Məhəmməd bəy Cavanşirin zülmünə məruz qoyur.

Vaqif öldürülərkən evinin qarət olunduğu, əlyazmalarının itdiyi güman edilir. Dövrümüzə çatan əsərləri yaddaşlara hopan, hafizələrdə, şeir dəftərlərində hifz olunanlardır.

Şair həm klassik üslubda (qəzəl, müxəmməs və s.), həm də xalq yaradıcılığı üslubunda (qoşma) şeirlər yazmışdır. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur. Lakin şairin məhəbbət mövzusunda yazdığı əsərlərdə qədim və orta əsrlər poeziyasında əksini tapmış ilahi, sufiyanə eşq yox, real, gerçək eşq tərənnüm edilir. Sənətkarın lirik qəhrəmanları gerçək məhəbbət duyğularını yaşayan konkret insanlardır. Onların sevdikləri isə bəzən dəqiq adları göstərilən real gözəllərdir.

Qoşma janrında yazdığı şeirlər şairin yaradıcılığında sayca çoxluq təşkil edir. Təsadüfi deyildir ki, Vaqif öz ədəbi məktəbini sadəlik, xəlqilik, nikbinlik kimi əlamətlərlə ölməzlik qazanan qoşmalarla yaratmışdır.

Məzmunca oxşar olan gözəlləmələrinin — insan gözəlliyinin tərənnümünə həsr edilən əsərlərinin cəlbedici olmasının səbəbi şairin onları tükənməyən ilhamla yeni çalarda, yeni təravətdə qələmə almasıdır. Vaqifin səmimi, ülvi hisləri, qadına humanist münasibəti bu şeirlərin hər birində fərqli şəkildə təzahür edərək oxucunun zövqünü oxşayır. Şair Azərbaycan qadınını geyimi, davranışı, mənəvi aləmi ilə birlikdə təqdim edir. Onu kamalda yetkin, gözəllikdə qüsursuz görməyi arzulayır. Bütün bunlar ədəbiyyatımızın real həyata, insanın gerçək duyğularına yaxınlaşması idi, əsl yenilik idi.

O, həyatının son günlərində qələmə aldığı “Bax”, “Görmədim” kimi əsərlərində zəmanəsinin ictimai-siyasi eyiblərinə kəskin etirazını bildirmiş, nifrətini gizlətməmişdir.

Dostu Molla Vəli Vidadiyə ünvanladığı “Bax” rədifli qəzəlində şair insanları zamanın gərdişindən, baş verən hadisələrdən, Qacarın timsalında zalım, qəddar hökmdarların taleyindən ibrət almağa səsləyir:

Üz çevir Ağa Məhəmməd xandan, ey kəmtər gəda,
Ta həyatın var ikən nə şaha, nə xunxarə bax!

“Görmədim” müxəmməsi təkcə Vaqifin yaradıcılığında deyil, ümumiyyətlə, ədəbiyyatımızda ictimai lirikanın ən yaxşı nümunələrindən sayılır. Zəmanəsində mövcud olan bütün təbəqələrə mənsub insanları bir-bir nəzərdən keçirən şair onların eyiblərini sadalayır, bu vəziyyətə düşmələrinin səbəbini açıqlayır:

Xah sultan, xah dərvişü gəda bilittifaq,
Özlərin qılmış giriftari-qəmü dərdi-fəraq,
Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,
Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayi, bir hekayət görmədim.

Vaqifin poeziyası bədii sənətkarlıq baxımından orijinal və təkrarolunmazdır. Qoşmalarındakı oynaqlıq və aydınlıq, əruz vəznində yazdığı əsərlərdə sadəliyin nisbətən güclü olması təsadüfi deyildir. Bu, şairin ruhən xalqına, xalq ədəbiyyatına bağlı olmasından irəli gəlirdi.

Sevgiliyə müraciətlə yazılan şeirlərdə xəlqilik elə güclüdür ki, onlar canlı söhbət təsiri bağışlayır, oxucunu dərhal cəlb edir.

Ala gözlü, sərv boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax!
Gecə-gündüz fikrim, zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!

Zəngin qafiyələr, bol-bol istifadə edilən orijinal məcazlar, yeni rədiflər, xalqımızın min illərlə işlətdiyi ifadələr, məsəllər… Vaqif şeirinin aparıcı atributlarıdır. Əruz vəznində olan şeirlərində işlənmiş alınma sözlər onun əsərlərinin dil aydınlığına ciddi xələl gətirmir, onlar milli sözlərin əhatəsində anlaşıqlı olur.

Top