Mirzəsəfərizm I Kamal Abdulla

Mirzəsəfərizm I Kamal Abdulla

Biz çox tez-tez şəxsiyyət və yaradıcılıq haqda, özü də ağızdolusu danışmağı sevirik. Cidd-cəhdlə sübut eləməyə çalışırıq ki, bu iki məqam bir-birini tamamlayır və hökmən bir-birinin yanında olmalıdır.

Amma bir məsələ dəxi var. Yaradıcılığına şəxsiyyəti bucağından, özü də nakam taleyi ilə bağlı lazım olandan daha yüksək qiymət verdiklərimiz azdılarmı? Əlimizi qoyaq ürəyimizin üstünə və son dərəcə obyektivcəsinə düşünək: Almaz Yıldırım, Əhməd Cavad və neçə-neçə başqaları bir misra, yaxud bircə şeirləmi ədəbiyyatda özlərinə yer eləyə bildilər?! Onların yaradıcılığına bütövlükdə qiymət verərkən talelərinin qaranlıq pərdəsi bizim gözümüzü tutmurmu?!

Şəxsiyyətin yaradıcılıqla heç bir əlaqəsi yoxdur; ən azından bu, belə olmalıdır. Təmiz yaradıcılıq öz-özlüyündə bir missiyadır. Ən ürəkağrıdan məqam isə budur: hətta bu gün belə də parlaq istedad sahiblərindən bəzisinin xoşa gəlmək üçün “alicənablıq” oyunu oynaması, beləliklə, özünə “şəxsiyyətli” adam avtobioqrafiyası düzəltməsi!

***

“Mirzə Səfər” fenomeni Azərbaycan ziyalılığının məhək daşıdır. Gənclik illərindən ölümünə qədər namus və ləyaqətlə yaşadığı həyatı ona başqalarının yanında başını dik tutub gəzmək imtiyazı verdi. Hələ gənclik illərində yazdığı və yazmağa çalışdığı şeirlər… Mən ilk dəfə məhz Mirzə Səfərin təcrübəsində belə bir fikrə gəldim ki, Azərbaycan xalqı heç də “şair xalq” deyil, o, sadəcə, harmoniyaya can atan xalqdır. Və bu həqiqət çox mətləbin üzərinə işıq salır.

Mirzə Səfərin ziyalılığı Əbdürrəhimbəy işığından pay alıb. O, təkcə ədəbi qəhrəman deyil, Mirzə Səfər – prinsipdir. Biz bu prinsipi “Mirzəsəfərizm” də adlandıra bilərik.

Sözündəndönməzlik, sədaqət, dəyanət, nəhayət, heç nə ilə ölçülməyən və uca tutulan ləyaqət bu prinsipin əsas meyarlarıdır.

“Mirzəsəfərizm” Azərbaycan xarakterinin əsl ziyalı damarıdır. Mirzəlik bu gün dəbdə olmasa da onun ideyaları sualtı çaylar kimi yaşamağa davam edir. Mirzəliyin özü ilə gətirdiyi mənəvi komponentlər, əslində, bu gündən daha çox gələcəyə tuşlanmışdır. Mirzəsəfərizmin əsl təntənəsi və qələbəsi hələ irəlidədi.

Ədəbiyyatın həyata verə biləcəyi bundan artıq daha nə ola bilər?!

***

Əbdürrəhimbəy Haqverdiyev, həqiqətən, müqtədir söz ustadıdır. Onun bütün hekayələri addım-addım mənim nəsr haqqında təsəvvürlərimin püxtələşməsinə səbəb olub. Bir çox hekayəsinin təsirilə mən yazılar yazmışam. Onun belə hekayələrindən biri də “Haqq mövcud” adlanır.

Bu, bir qəribə hekayədir. Bütün mətnlərində olduğu kimi, sirli pərdəsi də yox deyil. Sirr hər şeydən əvvəl hekayənin adında özünü göstərir. “Haqq mövcud” öz-özlüyündə xeyli mübhəm bir anlayışdır. Gənclik illərində bu hekayəni oxuyanda ola bilsin ki, bəlkə də bu adın mətn boyu tez-tez, çox zaman avtomatlaşma səviyyəsində təkrar olunmasına görə hansısa məntiqlə mən onu diffuz (birgələşmiş) şəkildə, üzvlənməyən sirli bir ifadə kimi qəbul etmişəm. “Haqq mövcud” mənimçün mənalarına bölünməyən bir anlayış olub. Hekayənin qəhrəmanının bu ifadəni tez-tez işlətməsi və buna görə də ifadənin onun öz adına çevrilməsi ifadəyə daxil olan söz mənalarının ayrı-ayrılıqda qavranmasının qarşısını alıb. “Haqq mövcud” bir növ ad və soyad kimi, ləqəb kimi “zühur edib”. O mənimçün çox-çox sonralar “Haqq mövcuddur” cümləsinə döndü.

Bu biçarə dərviş isə nə deyirdi ki?! Deyirdi ki, ay camaat, haqq vardır, haqq mövcuddur. Buna inanın. Hekayənin gücü və enerjisi sözdən cümləyə keçidin bir ifadə üstündə qurulmasındadır.

***

Ayrıca götürülmüş, digərlərindən təcrid edilmiş cümləni öyrənmək mənə patoloqoanatomun ölünü yarıb öyrənməsini xatırladır. O öz tələbələrinə “bu, böyrəkdir, bu, ciyərdir, bax, bu da öd kisəsidir…” deyə-deyə ölüdə “sağ” yer qoymur. Və ayrıca cümləyə də istər dilçi, istərsə də tənqidçi dediyimiz bəndə münasibət bildirərkən eyni rakursdan – öyrətmə rakursundan çıxış edir.

Cümlə isə kontekstdə yaşayır. Başqa cümlələrlə əlaqədə nəfəs alır, hərəkət edir, dəyişir… Cümlə əhatədən kənarda yoxdur, o, ölüdür. Ona görə də əsl cümləni görmək, ona toxunmaq, onun daxili enerjisini hiss etmək istəyirsinizsə, əvvəlki və sonrakı cümlələri unutmayın.

İnsana da bəlkə, bu yandan baxa bilərik. Ayrıca, hər şeydən təcrid olunmuş insanı təsəvvür eləmək çox çətindir; beləsi ancaq “ölü” ola bilər.

Həyatda “ayrıca” anlayışı yoxdur. Yazıda da yoxdur. Ən amansız düşmənlər də bir-birindən xəbərsiz bir-biri ilə ayrılmaz şəkildə və qırılmaz zəncirlərlə bağlıdılar.

***

Yazarkən hökmən hansısa maneəni dəf eləməlisən. Ən azından, buna çalışmalısan. Bu maneə kiminsə laübalı, kiminsə qısqanc, kiminsə qəzəbli, kiminsə xəbis baxışı ola bilər. Bu baxış sevgi dolu ola bilər. Amma orası var ki, sevgi ilə də adamı öldürmək mümkündür.

Ədəbiyyata belə də demək olar: baxışların dəf edilməsi üsulu. Və yaxud: baxışlarla mübarizə meydanı. *** Füzuli həyatda özünü göstərən stereotipləri şeirinə gətirə bilən müstədir ustaddır.

Pəhləvanlar, badipalər səyridəndə yüz yerə
Tifl həm cövlan edər, amma ağacdan atı var.

Ağacdan at minib cövlan edən o qədər tifillər var ki… Müasir dilə çevirsək, yazdıqlarını internetlərin gözəgörünməyən künc-bucağından toplayanları bilirik və ən azından hiss edirik.

Bu ağac atların və onlara minmiş “ağıl” ədabazlarının cövlanı bir müddət kimisə aldada bilər. Amma bu, bir müddət ola bilər. Andersenin nağılından çıxan oğlan uşağı atın taxtadan olduğunu nə zamansa deyəcək. İnternetdən heç nəyi pozmaq mümkün deyil. O balaca oğlan da internetə girməyi və nəyin haradan götürüldüyünü yaxşı bilir.

***

“Kitabi-Dədə Qorqud” dastanı XIX əsrin əvvəllərində Fon Dits tərəfindən tapılıb Türkiyədən Almaniyaya (o zamankı Prussiyaya) aparılmasaydı nə olacaqdı? Bu barədə düşünmək belə qorxuludu. Təxminən, “okeanın suyu sovulsaydı, yerinə nə qalardı?” sualına bənzədi. Dərin, dərindən dərin dərə, boşluq… İnsanların yaşadığı sahillər dağ başı kimi yerlərə bənzərdilər. Dünyanı bu cür təsəvvür etmək mümkündürmü? Mümkün deyil, amma buna cəhd eləmək lazımdır. Vaxtaşırı bilməliyik ki, nəyimiz var, nəyimiz yoxdur. Nəyimiz də vardan yox ola bilər.

***

Bu essenin adını “Banuçiçəklə Beyrəyin sirri” də adlandırmaq olar.

Beyrək nişanlısının toyuna gəlib çıxır. Nə “illah” edirsə, Banuçiçək onu tanımır – 16 il Beyrəyi xeyli dəyişdirib.

Yunan mifoloji sisteminin parlaq ifadəsi olan “Odisseya” poemasında Odisseyin də iyirmi ildən sonra qayıdıb gəlişi doğma İtaka adasında arvadı Penelopanın toyunun ərəfəsinə təsadüf edir. Penelopa da ərini tanımır; həm illərin ağırlığı özünü göstərir, həm də Odissey özünü tanınmaz bir hala salmışdır.

Öz həqiqi sevgililərinə sözdə inanmayan qızlar onlardan aralarındakı sirri öyrənmək istəyirlər. Penelopa hətta hiylə işlədir. O, xidmətçilərə Odisseyin yataq otağındakı çarpayısının başqa otağa aparılmasını əmr edir. Odissey qımışır və Penelopaya yataq otağının sirrini açır: Bu çarpayını başqa yerə aparmaq mümkün deyil. Çünki çarpayı palıd agacının kökü üzərində qurulmuşdur və əslində, onun kökü torpağın dərininə gedir. Yataq otağı isə həmən ağacın bitdiyi yerdə, ağacın ətrafında tikilmişdir. Penelopada daha heç bir şübhə qalmır ki, qarşısındakı adam məhz Odisseydir. Çünki bu sirri ancaq onlar ikisi bilirdi.

Banuçiçəklə Beyrəyin də sirri var. Onlar ilk görüşləri zamanı at çapıb, ox atıb güləşmişdilər. Və Beyrək güləşdikdən və qıza qalib gəldikdən sonra Dastanda deyildiyi kimi, Banuçiçəyi “üç öpüb bir dişləyir”.

Məhz bu sonuncu məqamı Beyrək Banuçiçəyin yadına salandan sonra qız daha bu adamın Beyrək olduğuna inanır və onlar vüsala çatırlar.

Əslində, hər iki halda sirr sirlikdən çıxır. Həqiqətən də “sirr nə vaxtsa açılacaq sirdisə heç əvvəldən yaranmayıb sir kimi”.

***

Ədəbiyyata həyatını verənlər və ədəbiyyatda həyatını qazananlar, əslində, hansısa bucaqdan baxılarsa eyni taleyin adamlarıdır.

15.10.2018

Edebiyyatqazeti.az
Top