İlyas Əfəndiyev

İlyas Əfəndiyev

Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba əl tutan, xeyirxah və alicənab insanlar olmuşlar.

Yazıçının babası Bayram bəy dövlət idarələrində məmur işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışmışdır. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan keçməmiş, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulmuş, aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən bu işıqlı şəxsiyyət 1934-cü ildə, 50 yaşında ikən dünyasını dəyişmişdir.

İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olmuşdur.

Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi “əla” qiymətlərlə bitirmişdir. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləmişdir. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunmuşdur.

İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı müəllifinə “ədəbiyyat dünyası”na çıxmaq səlahiyyəti vermişdir. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı “Aydınlıq gecələr” isə müəllifin ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir.

O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazmış və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulmuşdur. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıtmış, əsərləri haqqında mətbuatda yazılar dərc olunmuşdur.

İlyas Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri olmuşdur. Həmçinin onun oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə mütaliə etdiyi “Qızıl Araz” adlı rayon qəzeti, işlədiyi mətbuat orqanları, Bakı ədəbi mühiti çox böyük təsir göstərmişdir. Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, “Azərnəşr”də çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda olmuş, həyatı dərindən öyrənmiş, dünyagörüşünü daim artırmışdır.

İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış etmişdir. Yazıçı ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.

XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı”nı yaratmışdır. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olmuşdur. Ədibin pyesləri öz fikir zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara yol açması da bu baxımından qaçılmaz idi. 

Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapmışdır. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilmişdir.

Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaratmış, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim etmişdir. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirmiş, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər pyeslərini tamaşaya qoydurmuş, bir sıra yeni kitablarını nəşr etdirmişdir.



Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmamışdır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilmişdir.

1990-cı ildə İstanbul və Ankara səhnələrində “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” müvəffəqiyyətlə oynanılmış, bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr vermişdir.

Xalqın tarixən qarşılaşdığı taleyüklü hadisələrdə ən mühüm siyasi və mənəvi dəyərlərin, qalibiyyət və faciənin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birində görmək olar. Epik və dramatik növlərin daxili poetik gücünü eyni ustalıqla üzə çıxaran yazıçı oxucunu tarixi dinləməyə, xatırlamağa və düşünməyə vadar edir. Onun “Geriyə baxma, qoca”, “Üçatılan”, “Natəvan”, “Hökmdar və qızı” kimi əsərləri yazıçının tarixi mövzunu işləməkdə əsas bədii-estetik məqsədini bəyan edir: xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tarixinin bədii salnaməsidir.

Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazmış, “Tənha iydə ağacı” pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirmişdir.

Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutmuşdur. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləmiş, əsərlərində Qarabağın qədim tarixini əks etdirmişdir.

Həyat hadisələrini bütün incəliklərinə qədər tərənnüm edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlmişdir.

İlyas Əfəndiyevin əsərlərinin dilinin səlisliyi, süjet xəttinin axıcılığı insanı əsəri bir nəfəsə oxumağa sövq edir. Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə almışdır. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır.

Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. 



portal.azertag.az
Top