Azərbaycan Xalq Cümhuriyyəti qurulandan bir il sonra, 1919-cu ilin 26 avqust tarixində yazıçı, tənqidçi Seyid Hüseynin (Sadiq) rəhbərliyi ilə 35 nəfər ədib və naşirin iştirakı ilə “Yaşıl qələm” cəmiyyəti təsis olunur. Fəaliyyəti dövründə 80-dən çox qələm sahibini ətrafında birləşdirən birlik dövrün ədəbi prosesini yaxından izləmək, şərh etməklə yanaşı, klassik Azərbaycan və dünya ədəbiyyatının seçkin nümunələrini təbliğ etməyi də qarşıya məqsəd qoymuşdu. Cəmiyyətin üzvlərindən biri də ixtisasca hüquqşünas olan publisist, nasir və dramaturq Mustafa bəy Əlibəyov idi.
Mustafa bəy Cabbar bəy oğlu Əlibəyov 1872-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub. Atası dövrünün tanınmış ziyalısı, Şəki xanları sarayının mirzəsi idi. Mustafa ilk təhsilini mədrəsədə alır, ərəb-fars dillərini öyrənir. Sonra təhsilini şəhərdəki rus-tatar məktəbində davam etdirir. O, Bakıda və Tiflisdə təhsil alır, rus və fransız dillərini də dərindən öyrənir. Bakı Şəhər Məhkəməsində tərcüməçi işinə düzəlir.
Gənc hüquqşünas təkcə hüquqla deyil, ədəbiyyatla da maraqlanır, bədii əsərlər və publisistik məqalələr yazır. “Molla Nəsrəddin” jurnalının 4 avqust 1911-ci il tarixli sayında M.Əlibəyov haqqında yazı dərc edilir. Məqalədə o, “ədəbiyyatımızın görkəmli nümayəndəsi və məşhur vəkil” kimi təqdim olunur: “Mustafa bəy Əlibəyov dəfələrlə Qorki ilə Andreyev arasındakı mübahisələri həll etmiş. Tolstoyun özünə əxlaq haqqında moizə oxumuşdur...”
M.Əlibəyov Azərbaycanın ilk ziyalı xanımlarından olan Xədicə Ələddinqızı ilə ailə qurur. Xədicə xanım Tiflisdə rus Qız gimnaziyasını, sonra şəhərdəki Olqinskaya Mamalıq İnstitutunu bitirmişdi. Araşdırmalarda göstərilir ki, bu ailənin mətbuat tariximizdə böyük xidmətləri olub. Belə ki, o, həyat yoldaşı Xədicə xanımla birlikdə Azərbaycanda ilk dəfə olaraq “İşıq” adlı qadın məcmuəsi nəşr etdirir. Azərbaycan və rus dillərində nəşr olunan məcmuənin Tiflis, Moskva, İrəvan və Kiyevdə də abunəçiləri vardı.
M.Əlibəyov Cümhuriyyət dövründə “Yaşıl qələm” ədəbi cəmiyyətinin tədbirlərində yaxından iştirak edirdi. 1920-ci ilin 28 aprelində Cümhuriyyət süqut etdikdən sonra məcmuənin nəşri də dayandırılır. Mustafa bəy ailəsi ilə birlikdə Şəkiyə köçür. Araşdırıcı Fərrux Ağasıbəyli “Vəkil Mustafa bəy Əlibəyov” adlı monoqrafiyasında ona hörmət qazandıran bir çox əməllərdən söz açır. Yazır ki, o, Şəkidə xalqın ”Yaşıllıq səltənəti” adlandırdığı “Mustafa bəyin bağı” adlı gözəl bir guşə yaradır. Sovetlər dövründə bağın hasarları sökülərək meşələrə qatılsa da, xalq indiyə kimi həmin yerin əsl tarixini unutmayıb.
1920-ci ildən 1937-ci ilədək Şəkidə yaşayan M.Əlibəyov 30-cu illərin qanlı repressiya dalğasından yayına bilməyib. Onun repressiya qurbanları siyahısına düşməsinin başlıca səbəbi vətəninə və millətinə olan dərin sevgisi olub. M.Əlibəyovun Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti milli düşüncəyə qənim kəsilənlərin əlinə fürsət verib və o, saxta ittihamlarla “xalq düşməni” elan edilib. 8 il azadlıqdan məhrum edilən ədib Sibirə sürgün olunub.
Mustafa bəy Əlibəyov 1945-ci ildə, 73 yaşında dünyasını dəyişib. Həyat yoldaşı Xədicə xanım isə uzun illər Şəkidə səhiyyə sahəsində işləyib. Ömrünün son illərində Bakıya köçüb və 1961-ci ildə vəfat edib.
Savalan Fərəcov
«Mədəniyyət» qəzeti