(Şiringül Musayevanın “Koroğlunun qocalığı” hekayəsini qəhrəmanlıq eposumuz “Koroğlu” dastanının sonuncu qolu bildim).
Çağdaş dövr nəsrimizdə ünlü imzalardan birinə çevrilməkdə olan Şiringül Musayevanın “Koroğlunun qocalığı” əsərini oxuyub qurtaranda yenə də müdrik insan obrazı ilə üz-üzə gəldim. Yenə niyə deyirəm? İki-üç ay əvvəl onun “Qarımışın monoloqu” hekayəsi ilə tanış olanda düşündüklərimi “Müdrik qarımış” adlandırmışdım.
Qarımışdan fərqli olaraq ikinci müdrik çox məşhur tarixi şəxsiyyət — əfsanəvi qəhrəmanımız Qoç Koroğludur. “Koroğlunun qocalığı”ndakı bu gün bizimlə çiyin-çiyinə ahıl çağlarını yaşayan Koroğlu yenə də haqsızlığa və ədalətsizliyə dözməyən, amma əvvəlkindən kövrək və duyğulu el ağsaqqalıdır.
Elmi kimi şəxsiyyəti də bütöv, ensiklopedik bilikli böyük alimimiz Azad Mirzəcanzadənin “qocalıq ömrün sonu yox, çələngidir” fikrinə söykənərək deyirəm ki, Şiringül xanımın qoca (nə qədər qoca olsa da yüz cavana dəyən), yox ey, Qoç Koroğlusu doğrudan da ömrünün çələngini yaşadığı dövrdə Çənlibeldə tək qalıb.
Tək yox,”xan qızı, xotkar qızı” vəfalı Nigarıyla. Zəmanə yeddi min yeddi yüz yetmiş yeddi ərəni — dəlini Turan ellərinin müxtəlif bölgələrinə pərən-pərən salıb, hərə öz işi, qayğısı ilə məşğuldur — kimi bütöv qalıb əvvəlki kimi, kimi də ağasının buyruğuna əməl edərək xislətini dəyişib — kasıb-kusuba qənim kəsilib, hətta qatilə çevrilib. Doğrudanmı, insanlar dəyişib?!
“Qocalığın çarəsi” olmadığını boynuna alan Koroğlu “görən bu dünyada cəzasını çəkməyən varmı?” sualıyla baş-başa qalıb. Çənlibeli birgə gəzməyə çıxan, “pəjmürdə şəkildə addımlayan” Nigara baxıb acı-acı düşünür: “Nigar da elə bu dəqiqə, bu dəm öz cəzasını çəkir”.
Nədir Qoç Koroğlu ilə xan qızı, xotkar qızı Nigarın günahı ki, ahıl yaşlarında öz cəzalarını çəkirlər? Günahkar zəmanəmi, yoxsa zəmanənin ovqatını dəyişən insanlarmı? Dəmirçioğlunun, Bəlli Əhmədin və digər Çənlibel dəlilərinin evlərinin yanından keçəndə: “zaman eləcə deyildi. Zamanda nə dəyişmişdi ki? Bəlkə bozarmışdı, bəlkə qaralmışdı?” Hələ gəncliyində Koroğlu bu fikirləri özündən uzaqlaşdıra bilməmişdi, nəinki indi: “Dəlilərdən ötrü burnunun ucu göynəyirdi: görən Xan Eyvaz hardadır, öz Təklə-Türkmən elindədirmi, günü-güzəranı xoşmu keçir, yeməyə çörəyi, deyib-gülməyə yar-yoldaşı varmı? Qoca, saç-saqqalı ağarmış — vəfalı dost Dəli Həsən necə? Qoca vaxtında hayına yetəni varmı? Nə deyə buraxdı dəliləri? Görən düzmü etdi, səhvmi etdi?”
Şiringül xanım “biri vardı, biri yoxdu; dünyada gözəllər gözəli, Çənlibel adlı diyar vardı. Çənlibel sanki buludlardan asılmışdı, çox uca bir yerdəydi, burada dumanlar ayaqların altında sürünər, Günəş sağ yanından çıxıb, sol yanında batardı. Sular Çənlibeldə buz kimiydi, bal dadırdı. Burada meyvələr bol, çiçəklər bol, otlar bol, ağaclar ondan da bol idi” deyəndə Çənlibeli Vətənimizin daha bir cənnəti — Qarabağ bildim. Ulu yaradan Çənlibellə Qarabağı əkiz yaradıbmış.
Hekayədə Koroğlu “Aşıq Cünunun sıra ilə əkdiyi qoz ağacları artıq faraş qoz gətirmişdi. Qozun biri də yalan olmasın, alma böyüklükdədir” söyləyəndə azı qırx beş illik dostum — qardaşım Xıdırın işğal altındakı doğma kəndi Aşağı Rəfədinlidən necə yana-yana danışmasını xatırladım. Füzuli rayonunda doğulan Xıdırla söhbətlərimizin əvvəl — axırı mütləq gedib o kəndə çıxardı. Mən əzbər bilirdim ki, Xıdırgilin kəndinin ortasından Qozluçay axır. Çayın hər iki sahilində nəhəng qoz ağacları sıralanıb. Payızda ağaclardan tökülən qozlar çayın sularına qarışaraq axıb gedərdi. Həm də İsa bulağı, Turşsu, Cıdır düzü, musiqi məclisləri, Topxana meşəsi, xarıbülbül, daha hansı cənnət guşələr ovqatımı qarışdırdı.
İndi zəmanə dəyişib, Şiringül xanım, dəlilərin birinin — “Tüpdağıdanın Çənlibeldəki evini külək uçurdur. Bir də ay “xotkar qızı… xan qızı Nigar” nənə,şirin-şəkər nəvələrsiz — Nardansız, Ülkərsiz, Sonasız sənin boğazından qoz ləpəsi keçməz axı, bütün ağbirçək nənələrimiz kimi...
Bir haşiyə çıxım. Həmişə yeni doğulan körpələrə hansı adın qoyulması barədə məndən məsləhət alanlara — “gedin Cəfər Cabbarlının əsərlərini oxuyun” — deyirəm. İndi də Şiringül xanımın əsərlərinə müraciət etməyi məsləhət biləcəyəm. Bu hekayədəki adlara fikir verin: Nardan, Ülkər, Süsən, Sona, Tükəz, Telli, Hürü və s.
Koroğlu kövrəlmişdi, qocalıqdanmı, zəmanədənmi, bu dünyanın işləklərindən daha baş aça bilmirdi: “İndi isə Çənlibel kimsəsizləşib, Çənlibel sərtləşib. Vaxtilə Qoşabulağı səsinə səs, gücünə güc qatdı, ab-havası sağlamlığını artırdı, şimşəkləri düşməni yandırıb kül etdi, buludları, dumanları onu qəfil düşməndən gizlətdi. İndi isə soyuq, sərt havası canını xəstə salıb, əl-ayağını yel tutub, itburnu kolları əlini qanadır, şalvarının balağını cırır”.
Eh, qocalıq, eh, tənhalıq… Bax ona görə də dəlilərin boş qalmış evlərindən “kəsif bir qoxu — kimsəsizlik qoxusu” gəlirdi. Dəli-dolu ərənlərin evlərini “sivilizasiya”, daha doğrusu, “urbanizasiya” (şəhərliləşmə) adlı kabusun boş qoyduğu indiki zamanda bir çox kəndlərin kimsəsiz evlərinə bənzətdim. Ustad Məmməd İsmayılın poeziya dili ilə desək, çürüməkdə olan qapılarını ağacdələnlərin döydüyü kimsəsiz evlərə. Böyük şair şübhə dolu inamla gözəl vurğulayır: “O kim idi? Bəlkə atamın ruhuydu, bəlkə anamın, bəlkə vaxtın, zamanın, ya bəlkə mənim arzularımın barmaqlarıydı, qəfil gəlişimi yetim evimizə xəbər verirdi? ...Orda anamdan ömürlü, məndən vəfalı evimiz hələ də tək-tənha döyüşlərdən geri dönməyən atamı gözləyir. Qapısı bağlı qalan yetim, tənha evimiz”...
İgidlər oylağı Çənlibeldə də ərənlərin, doğmaların ruhu yaşayır, isti nəfəsə, “Misri” əzəmətinə, dağların yamaclarında çiçək yığan qızların xoşbəxt gülüşlərinə tamarzı qalan evlərdə… Şiringül xanımın nisgilli cümlələrini oxuyanda şair Camal Yusifzadənin yaddaşımı çoxdan məşğul edən misralarını pıçıldadım:
Yağış suvağını yuyur bu evin, Külək şüşəsini döyür bu evin, Süküt hay-küyünü qovur bu evin, Zaman taxtasını ovur bu evin, Ay qonşu, bu evin yiyəsi hanı?..
...“Bəlkə buranı yığışdırım? — Nigar dedi. – Hansı birini yığışdıracaqsan, Eyvazın evini, Dəli Həsənin, Bəlli Əhmədin, Tüpdağıdanın — qoy necə var eləcə də qalsın, — Koroğlu dedi. Duyğular şairi Şahmar Əkbərzadənin sözlərinə qüvvət, “dağları dağlarda dağlanan”ların evlərində qulaqbatıran sükut sakindirsə, duyğulanmamaq olmur. Ey gidi dünya!..
Şiringül xanımın nəsrində folklordan uğurla yararlanması “Hərbi Zəngilan” roman — xronikanın, maraqlı mövzulu uğurlu nəsr əsərlərinin müəllifi Əli bəy Azərinin də diqqətini cəlb etmişdir:
“Xanım yazıçı sanki folklorun sıxıb suyunu çıxarıb, tam olaraq mənimsəyib. Elə mənimsəyib ki, sonda yazdığı əsərin özü xalq folkloru kimi səslənir. Onun “Koroğlunun qocalığı” hekayəsi, — xalq dastanının bir qolunu müasir hekayəyə çevirə bilməsi əsl ədəbi inqilab kimi hallandırılmalıdır”.
Nigarın Eyvazı “köynəyindən keçirdiyi gün Eyvazın evində hər ikisinin yadına düşür. “Nigar evin yuxarı başında qoyulmuş bahalı sandığı açır, oradakı ipək paltarları xışıldadaraq qanovuzu köynəyi tapıb çıxarır, üzünə, sinəsinə sıxır, hönkürüb ağlamır, lakin göz yaşları yanaqlarında gilələnir. Koroğlu başını aşağı salır”.
Nənələrin sandığında nələr olur? Yəqin ki, indiki nəsillər bunu çətin anlayar. Nənələrin sandığı da sinədəftər ağbirçəklərin söz boxçası kimi həmişə dolu olub. Sandıq nənələrimizin gəncliyinin, toy gününün ən yaddaqalan atributu kimi Oğuz Türklərinin bəzəkli məişət əşyası səviyyəsindən mənəvi varlıq səviyyəsinə yüksəlmişdir. Belə kövrək nostalgiya ilə qol — boyun olan Qoç Koroğlu gözlərini Çənlibelin sıldırım dağ belinə dikib keçənləri vərəvürd edirdi, sanki kiminləsə haqq — hesab çəkirdi:
“Nahaq buraxdı dəliləri. Buraxmayıb nə edəydi axı?.. Nə vaxta qədər xotkarlarla, paşalarla düşmən olacaqdılar? Dağ belində ömür sürmək elə də asan deyildi, həyatın ölümü — itimi varıydı, qocalığı varıydı, el — obaya qaynayıb qarışmağı varıydı. Coluq — cocuq çoxalırdı. Koroğlu bu dəlilərin ağsaqqalı olduğu üçün bütün bunları fikirləşməli idi və fikirləşdi də. Özü enmədi Çənlibeldən. Enə bilmədi. İstədi ki, yeddi min yeddi yüz yetmiş yeddi dəli arxasında bir Koroğlu olduğunu unutmasın. Qoy dəlilər inamla yaşasın. Elə xotkarlar da, paşalar da Koroğlunun var olduğunu unutmasın”.
Şiringül xanım məncə, Koroğlunun qocalığını təsvir edərkən Dədə Qorquddan sonra ikinci müdrik el ağsaqqalı — Koroğlu obrazını yaratmağa nail olmuşdur. Yazıçının dəliləri,“Misri” qılıncı, sazı, Qıratı ilə yaraqlanıb haqq — ədalət uğrunda mübarizə aparan, “leş bir yana, baş bir yana!” hayqıraraq düşmənə aman verməyən Qoç Koroğlusu indi tədbirli, mərhəmətli, qayğıkeş müdrik ağsaqqaldır. Budur, istedadlı yazıçı təxəyyülünün, sözünün sehri!
Hasan paşadan intiqam alandan sonra məğrur qartal kimi Çənlibeli özünə məskən seçən Koroğlu burada azadlığın dadını tapmışdı, “hərənin öz yolu var bu dünyada, mənimki Çənlibeldən keçdi” fikirləşirdi.
“Nigarın on iki yaşı olanda saraya gələn qaraçının ona dediyi “xotkar qızı Niğar ömrünün ahıl çağını uca dağ belində, elindən — günündən, dəbdəbədən, saraydan uzaqda bir divlə keçirəcəyini demişdi. İndi həmin divlə keçirdiyi günləri yaşayırdı Nigar”.
Koroğlu artıq mülayim müdrikə çevrilmişdi, hətta cələyə düşən keyiki açıb buraxırdı ki, qoy yaşasın. Bu insan ömrünün çələngidir, Azad Mirzəcanzadə demişkən. Bir də Nigarın “Qıratı nahaq buraxdın, yenə yükünü daşıyırdı” fikrinə Koroğlunun “Qırat yük atı deyil, Nigar” cavabında necə incə mətləb gizlənib. Bu yazıçı məharətidir, “at igidin yaraşığıdır” atalar sözünün Şiringül xanımın dilində təsdiqidir.
Ağsaqqal Koroğlunun və ağbirçək Nigarın Qarsa səfərinə nəhəng qəhrəmanlıq dastanı “Koroğlu” motivlərinin davamı kimi baxmaq olar. Buna dastanın conuncu- çağdaş qolu demək olmazmı?
Qars səfərində Koroğlu ilə Nigarın öküzləri otaran kişiyə rast gəlməsi, Koroğlunun tüfəngi görəndə heyrəti, tüfənglə öküzlərdən birinin öldürülməsi, bundan sonra el qəhrəmanının “Misri” qılıncı belindən açıb yerə atması, çobanın Qoç Koroğlunu qaçaq Koroğlu adlandırması, Koroğlunun “qocaldım, Nigar, qocaldım” təəssüfü, Qarsda “rəngi küləkdən bozarmış qocaları heç kimin qəbul etməməsi çox duyğulu, inandırıcı qələmə alınmışdır ki, özündən asılı olmayaraq xəyala dalırsan; əcəba, zəmanə, insanlar bu qədərmi dəyişib? “Koroğlu fikir çəkirdi, dəliləri, zəmanənin fikrini çəkirdi. Görən indi dəlilər nə edirlər? Koroğlunun düşdüyü müşküldən — tüfəngdən xəbərləri varmı? Nə üçün bir dəfə də olsa Koroğluya, Nigara gəlib dəyməyiblər? Görən namərd həyat onları sındırmayıb ki”? Belə ağsaqqal narahatlığını, nigarançılığını hamımız nəslimizin, el — obamızın pirani qocalarında görməmişikmi?
Qoçaqlara, elin arxasında dağ kimi dayanan ərənlərə qaçaq deyilməsi həmişə düşündürüb məni. Dəli deyilməsinə yenə dözmək olar, amma qaçaq yox. Qaçaq sözünün kökündə “qaçmaq” feili durur. Qaçmaq igidə yaraşmır axı.
Dədəsi Alı kişidən oğurluq öyrənməyən, oğurluğu it sənəti hesab edən Koroğluya öküzotaranın qaçaq deməsi təkcə Koroğlunu yox, Vətənin igid oğullarını da yandırır. Görəsən qoç Koroğlu kimin qabağından qaçmışdı?
Toxmaqvuranla, Halaypozanla Koroğlu ilə Nigarın görüşü nə qədər ürəkaçan idisə, Bəlli Əhmədlə görüş onları kədərləndirir. Onların heç ağlına da gəlməzdi ki, dəlilərin içərisində haram süd əmmişlər də varmış — Bəlli Əhməd kimi. “Paşadan, validən insafsız Bəlli Əhmədi qılıncla qətlə yetirən Koroğlu Nigarla birlikdə Çənlibelə qayıdanda bilirdi ki, arxasınca paşanın qoşunları gələcək. Əlaltıları məzlumlara zülm edən Bəlli Əhmədin intiqamını almaq üçün.
Koroğludan ayrılandan sonra paşaya sığınıb kasıb — kusuba qənim kəsilən, ağasının əmri ilə anasının əmcəyini kəsməyə hazır olan Bəlli Əhmədin başını bədənindən ayırmaya bilməzdi Qoç Koroğlu. Onda o, Koroğlu olmazdı...
“Hər dəfə Bəlli Əhmədin ağ otağına girəndə köks ötürən, ağlayan” Nigar Bəlli Əhmədin öldürülməsinə biganə qala bilməzdi. O, Bəlli Əhmədi Eyvazdan ayırmırdı. Ana ürəyi bu dərdə necə dözsün? Amma zalım öz cəzasını almasa dünyada haqq — ədalət bərqərar olmaz. Bunu Nigar yaxşı bilirdi...
Şiringül xanıma bir “irad”ım var. O, Koroğlu ilə Nigari Eyvazla, nəvələri ilə görüşdürsəydi yaxşı olardı...
...Dəlilər yuxu görmüşdü. Koroğlunun başı qalda idi. Eyvaz, Dəmirçioğlu, Dəli Həsən, Aşıq Cünun və digər dəlilər Çənlibelə axışırdılar. Dəlilərlə bərabər “gömgöy şəfəqlərə bürünmüş, Günəş işığında parlayan uzun yalmanlı, heybətli bir atın — Qıratın Çənlibelin zirvəsinə şığıması” səhnəsini Şiringül xanım ilahi sözün qüdrəti ilə həm yazıçı, həm də rəssam kimi elə yaradır ki, damarlarında Türk qanı selə dönən Türk övladları ”haydı, dəlilərim, haydı!” hayqırtısı ilə sanki son döyüşə hazırdırlar. Ona görə də bu hekayəni “Koroğlu” dastanının sonuncu qolu -«Qoç Koroğlunun son döyüşü” adlandırıram...
“Çənlibel daş, qaya olub düşmənin başına yağırdı… Qıratın kişnətisindən qulaq tutulurdu… Döyüş çox çəkmədi. Nigarla Aşıq Cünun özlərinə gələndə paşanın qoşununu yerlə bir gördülər. Bir nəfər də döyüşdən sağ çıxmamışdı”.
Bu döyüş səhnələrini oxuyanda fikrim bədxah və nankor düşmənin əlində əsir qalan Qarabağda, Çənlibel kimi məğrur zirvədəki Şuşada və digər işğal altındakı torpaqlarımızda gəzdi. Xəyanətin qurbanına çevrilib yadlar tapdağında inləyən yurd yerlərimiz çağdaş Qoç Koroğluların və onların dəliqanlı ərənlərinin yolunu gözləmirmi? Bu gün bizim Çənlibelimiz Şuşadır. Orada zəfər gününü nə vaxt bayram edəcəyik?
“Nigar qəribə bir atlının, yaxud at üstündə qoca bir qartalın sanki uçaraq Çənlibelin başındakı qara buluda qovuşduğunu gördü. Çox keçmədi qara bulud ayazıdı, lakin nə at görünürdü, nə də atlı...”
Son döyüşə, ey Vətən oğulları!..
VAQİF OSMANOV. Yanvar, 2019.