Yenə bizi iylənmiş it ölüsü kimi ordan-ora, burdan-bura sürüyürlər. Yenə mən dəmir barmaqlıqları əlimizin kirindən qaralıb parıldayan bu səyyar türmədə yazın ilıq şüaları altında özüm kimiləri ilə yol gedirəm. Bu türmədən o türməyə, o korpusdan bu korpusa daşınmaqdan lap zəhləm tökülüb. Azad insanlara bütün qəlbimlə nifrət etdiyim məqam isə türmə maşının şəhərin ortasıyla yol getməsidir. Günəş insanların, xüsusilə də qadınların bahalı şampunla yuyulmuş saçlarında, bir ildir qoxusuna həsrət qaldığım zərif çəhrayı dərilərində brilyant kimi bərq vurur. Yenə qəfəsə salınmış meymun kimi maşının dəmir barmaqlıqlarından yapışıb şəhərin mərkəzi küçəsi ilə bizi aparan bu səyyar həbsxanadan çöldə nə varsa hamısının hədsiz xoşbəxt olduqları qənaətindəyəm.
Axı səki ilə gödək yubkalı, yekə dalını yelləyə-yelləyə gedən qız, onun az qala ağzına girən, arvad kimi dişlərini durmadan ağardan oğlan azad olmağın təsvirəgəlməz bir şey olduğunu hardan bilsinlər. Onlar bilmirlər ki, bu maşından çöldə, kənarda nə varsa hamısı xoşbəxtin xoşbəxtidir. Axı onlar ayaqyoluna belə icazə ilə getməyin nə olduğunu bilmirlər? Budur, maşın svetoforun qırmızı işığında dayanır, biz bir neçə saniyəlik böyük bir marşrut avtobusunun pəncərələri ilə üzbəüz qalırıq. İri-iri aynalardan baxan iri gözlər bizi görüb daha da iriləşir. Bu gözlər az qala hər biri avtobusun yekə-yekə aynalarına çevrilir.
Hə, nəyə baxırsan, gözəlçə? Yəqin mənə iyrənc bir həşərata baxanda olduğu kimi çimçəşərək göz qoyursan, eləmi? Yəqin bir anda ürəyindən keçir ki, görəsən dəmir barmaqlıqlardan yapışan bu üzütüklü, cavanlığını tük içərisində itib-batmış bir cüt gözündən savayı heç nə xatırlatmayan, bütün orqanları qocalmış bu zavallı kimdir? Bəlkə də mənə yazıq kimi baxmırsan, ürəyində sevinirsən ki, öl öldüyün yerdə, Allah bilir nə qələt qarışdırmısan ki, ora düşmüsən? Nə olsun ki, nə eləmişəm bura düşmüşəm. On üç il kürəyimə döşəyəndən sonra nə təfavütü var ki, məni bura niyə salıblar? Sən nə biləsən ki, mənim ömrümün bundan sonrakı on iki ili bu dəmirlərdən yapışıb, onların soyuqluğunu, ondan da artıq insanların üşüdücü münasibətlərini hiss edərək keçəcək. Həəəə, mən ən müxtəlif cinayətləri törətmiş cani ola bilərəm, necə istəyirsən təsəvvür elə məni.
Axı nə fərqi var bu gündən belə? Həəəə, mən qatiləm. Adam öldürmüşəm, yox,adam yox, adam cildindəki bir anasının əmcəyini kəsəni. Amma bizim ədalətli məhkəməmizin azad hakiminin heç dirsəyinə də olmadı ki, mən o əclafı niyə öldürmüşəm? Onlar üçün əsas o idi ki, gəbərtdiyim yüksək rütbəli məmur idi. Tüpürüm onun məmur çininə. Mənə heç bir qram haqq qazandıran olmadı ki, o piy bağlamış iylənmiş donuzu rüşvət üstə öldürdüm. Və əvəzində mənim cəmdəyimə 13 il döşədilər ki, o istəyən rüşvəti tapıb verə bilməmişəm. Hansı ki, o rüşvəti də adam balası kimi yox, it oğlu it kimi məndən istəmişdi: « Pulun yoxdu, get badımcan ək, gərək idarə işində işləyəsən? Nəiymə gərəkdi ki, universiteti öz biliyinlə bitirmisən. Sənin diplomun mənim tualetimdəki kağızdan daha az qiyəmtlidir mənim üçün». Amma bu sözləri hakimə deyəndə onun üzündə təbəssümdən başqa bir şey görmədim. O təbəssüm üçün məmnuniyyətlə o əclafın ürəyinə sancdığım bıcaqla hakimin irişən ağzını cırıq-cırıq edərdim.
Hə, mən cinayətkarların ən pisiyəm. 23 yaşında cinayətkar bir tələbəyəm fərz elə. İstəsən lap oxuduğum yeri də açıqca deyə bilərəm. Gəncədə Kənd Təsərrüfatı Akademiyasında oxuyurdum. O yekəqarın, üzündən oğraşlıq tökülən müəllimimi öldürdüm. Ciddi rejimli koloniyada «qulluq etməklə» mükafatlandırıblar məni. Amma soruşan olmadı ki, bu «məsum» professoru, bu elm xadimini, özünü əxlaq müdərrisi bilən, həmişə qrupumuzun qızlarının açıq ayaqlarına baxmaq üçün qələmini qəsdən yerə salıb onu götürmək bəhanəsilə əyilib stolun altında azından iyirmi dəqiqə eşələnən bu çopur əclafın başını niyə evindəcə murdar cəmdək kimi kəsmişəm?
Bəlkə onu da deyim, biləsən ki, başını kəsəndə əlimə murdar qanı çilənən bu «müəllim»i imtahanqabağı məni «Nə oxumaq -oxumaq salmısan, gedib kəndinizdə oxuyarsan» deməyinə görə yox, «Pulum yoxdu müəllim, özüm də azdan-çoxdan hazırlaşmışam» sözümə cavab olaraq hırtıldaya-hırtıldaya- «Pulun yoxdu? Bəs anan-bacın necə, var?» sözlərinə görə öldürmüşəm. Küt-küt onda üzünə baxmışdım qrupumuzdakı oğlanların yanında. Hələ sözünün arxasından ağzından hansısa iylənmiş kəlmələri qusacağını gözləmişdim də axmaq-axmaq: «Pulun yoxdu, ana-bacını sat, gətir imtahanın pulunu». Hə, həəə, elə beləcə də dedi. Elə bil imtahanın maya qiyməti vardı, gətirməsəm, ziyana düşəcəkdi..
Axı nə fərqi var ki, səndən ötrü? Mən adam öldürmüşəm, vəssalam. Qonşumuz-cavanlıqda içən, vuran-yıxan, bazlıq eləyən, qocalıqda molla olan kor Abdul yasların birində deyirdi ki, adam öldürən hansı səbəbdən olur- olsun, cənnətə düşə bilməz. Deməli, mən həm diri, həm də ölü olandan sonra cəhənnəm həyatı yaşamalıyam. Amma burdakı hakimlərdən fərqli olaraq cənab Allah da heç soruşmayacaqmı bəndəsini niyə öldürdüyümü? Elə bilirsən özümə haqqa qazandırıram? Əsla yox, amma onu bil ki, mənim on üç il içəridə yatmağım təkcə mənim günahım deyil. Elə sənin də, sənin yanında xəmir kündəsi kimi yayılıb oturan o arvadın da, arxa oturacaqda əyilib telefonunda nəsə qurdalayan saçları parıltılı oğlanın da, əsəbi-əsəbi siqaret sümürən sürücünün də, hamınızın, hamınızın günahıdır.
Çünki sən rüşvət vermisən, o, o birisi, başqa biri rüşvət verə-verə qanuniləşdirmisiniz. Almaq istəməyənə də zorla vermisiniz, şalvarının cibinə, qovluğunun altına, nə bilim harasına dürtüşdürmüsünüz. Sizdən rüşvəti istəyəndə hamınız birləşib eyni cavabı verməmisiniz. Mənim kimi axmağın biri çıxıb «vermirəm» deyəndə də ən azı «demoqoq» damğası alıb, ən çoxu da on üç il. Hamınız susmusunuz. Dalına təpik vurulub zingiltisi kəsilən it kimi səsinizi içinizə salıb quyruğunuzu qısmısınız. İnstitutda kalan-kalan papaların balaları kimi tanınıb gününüzü kraskalı gözəlçələrin dalınca sülənməklə keçirirsiniz, oxumursuz, diplomu da pulla alırsınız, sonra da pul verib işə girirsiz, məni kimi pulu olmayıb oxuyanın da yerinə sahib olursuz. Siz siz olsanız, hər şeyə vicdanla yanaşsanız, birləşib bir dəfə, iki dəfə, beş dəfə etiraz etsəniz, axırda eşidəcəklər də səsinizi ay bədbəxtlər, nədən qorxursunuz? Siz hamınız çəkilirsiniz qınınıza, mənim kimi uşaqlığından başlamış qulağı söz eşidənə, ağzı söz tutana kimi rüşvət istənən bir köpəkoğlu da axırda bütün dünyasından bezib başdan iylənən balıqlardan birini gəbərdir. Amma nə olsun, mən türmədə içində qaralmış kartoflar üzən bu it yalından da pis yemək yeyirəm, təmiz havanı saniyə ilə alıram, türmə nəzarətçisi ilə boğuşuram, siz yenə də çöldə bildiyinizi eləyirsiniz. Mən isə hələ on iki il də bu zülmü çəkməliyəm. On iki il. Axı mənim hələ cəmi iyirmi yeddi yaşım var.
Bu illər ərzində mən evlənə bilərdim, uşaqlarım olardı, məktəbə gedərdi. Mən bu üfünət cəmdəklərindən yalnız birini öldürdüm, bununla iş bitmir axı… Onlar gör neçə mindirlər… öldürməklə onların kökünü kəsməkmi olar? Nə qədər ki, toyuq kimi səsinizi kəsib oturacaqsınız, neçə-neçə mənim kimi «qatil» beləcə dəmir barmaqlıqlardan həsrətlə bir vaxtlara şellənə-şellənə gəzdiyi şəhərin küçələrindən gözlərindən yaş tökülə-tökülə keçəcək. Siz də beləcə rahat avtobuslarda oturub bizə ya rəhmi gəlirmiş kimi, ya da zəhəri ölümcül «qara dul» hörümçəyinə baxan kimi baxacaqsınız. Görüm hamınızı qırılasınız, əclaflar! Mənə dişlərinizi qıcırtdığınız kimi o rüşvət istəyən əclaflara, onların haqsızlıqlarına niyə qıcırtmırsınız? Məndən iyrənincə bu iyrəncliklərdən iyrəndiyinizi niyə demirsiniz, niyə göstərmirsiniz?
Budey, tərpəndi avtobus, hamınız indi gedəcəksiniz gözəl, rahat xaraba qalmışınıza. Arvadınız hansısa qorxaq itoğlunun məcbur qalıb ailəsinin boğazından kəsib sizə verdiyi rüşvətlə aldığınız parıldayan xalatda müftə pulla yeyib yekəltdiyi əndamını burcuda-burcuda çay qoyacaq qabağınıza. Siz də bir çaya baxacaqsınız, bir də ehtiraslı nəzərlərə süzəcəksiniz təzəcə balalamış ana donuz kimi ətlənən arvadınızı. Heç düşünməyəcəksiniz də divarları quzulayıb tökülən, içərisində kərtənkələlər və hörümçəklər yarışan, uçuq gecəqondularda kirayə qalan, ömrünün düz on üç ilini türməyə təyinat alan bir it oğlu it haqqında! Lənətə gələsiniz hamınızı! Öləsi əclaflarsınız hamınız! Rüşvət alanınız da, rüşvət verəniniz də! Hayıf ki, hamınızı öldürə bilmədim, it uşağı! Bundan sonra düz on iki il- 48 fəsil, 4380 gün it kimi iy verə-verə azad olacağım günü gözləyəcəm, çıxıb görsəm ki, yenə həminki əclaflarsız, yenə alıb-verməklə məşğulsuz, elə alıb-verdiyiniz yerdəcə qıracam hamınızı, hamınızı!
Müəllif: Sevinc Mürvətqızı (jurnalist, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü.)