MÜDRİK QARIMIŞ

MÜDRİK QARIMIŞ

Şiringül Musayevanın yaradıcılığına az-çox bələdəm. Yazmaq, çap olunmaq xatirinə yazmayan az söz adamlarından biri də Şiringül xanımdır. Özünəməxsus dəst-xətti ilə digər yazarlardan fərqlənir.
Onun çox orijinal ədəbi priyomla qələmə aldığı «Qarımışın monoloqu» hekayəsi bəzilərinə ictimai və sosial mövzuda yazılmış nəsr əsəri kimi görünə bilər. Amma Şiringül xanım Qarımışın özü ilə ürək söhbətini məişət mövzusundan bəşəri ideyalar və narahatlıqlar səviyyəsinə qaldıra bilmişdir. Məişətlə bəşəriliyin uğurlu sintezi nəticəsində oxunaqlı hekayə yaranmışdır.
O, oxucunu yormur, fikirləri axıcı və səmimidir, folklöru və şifahi xalq ədəbiyyatını dərindən bilir, atalar sözlərinə, zərb-məsəllərə tez-tez müraciət edir. Maraq üçün saydım, yazıçı «Qarımışın monoloqu»nda 22 atalar sözü ilə hekayənin süjet xəttinə, kompozisiyasına aydınlıq gətirmiş, al-əlvan naxışlar vurmuşdur. Şiringül xanımın cümlələrinin məna yükü ağırdır, zəngin informasiya daşıyıcısıdır.


Fikir verin, sanki o, dərin biliklərə yiyələnmiş münəccimdir:
«Bizi-oğlaqları idarə edən Saturn Günəş ətrafında çox ləng fırlanır. Onun üstündə Ay, Yupiter, Mars, Yer öz dövrlərini bir neçə dəfə təkrar edir. Astroloqların fikrincə, oğlaqların ləngliyinin, astagəlliyinin səbəbi də elə bundadır». 
Qarımağın səbəbi astagəllikmi? 
Şiringül xanım bu yığcam hekayəsində görün nə qədər mətləblərə, zamanın acı dərdlərinə toxunub: qarımağın səbəbləri, kişilərin xarakterlərinin dastanlarımızdakı, nağıllarımızdakı obrazların xarakterlərinə uyğun gəlməməsi, anaların qızlarını Keçəl Həmzələrə verməklə fəxr eləməsi, qızların Keçəl Həmzələri əldə etmək üçün dəridən-qabıqdan çıxması, anaların oğullarını Koroğlu yox, Keçəl Həmzə olmasını istəməsi, insanların kiçikləşməsi, kiçikləşməyə çarə axtarılmaması, yazarların riyakarlığı, kitab təqdimatlarının gizi məqamları, siyasətdə Amerikanın şeytanlığı, hegemon dövlətlərin xırda dövlətləri əzməsi, dünyanın özbaşınalıq və xaos meydanına çevrilməsi, xoşbəxt cəmiyyətin qurulmaması, daha nələr, nələr...
Yazıçının Qarımışı haqlı olaraq sualqarışıq yekun qərar verir: «Bəlkə təbiəti Allahın iradəsi, cəmiyyəti isə şeytanın şəri idarə edir?» 
Doğrudanmı belədir?..
Və nəhayət, sonda Qarımışın arzusu: «Hərə ölkəmiz üçün daşı daş üstə qoysun. Hərə özünü təzələsin, özünü tərbiyə etsin»...
Sözün qədrini bilən, bəzən tumarlaya-tumarlaya əzizləyən, bəzən də sərt üzünü göstərib sözü yumşalmağa məcbur edən Şiringül Musayeva bu hekayəsi və digər nəsr əsərləri ilə çağdaş ədəbiyyatımızın tarixinə təməl daşı qoymuşlardandır. Uğurllar, Şiringül xanım! Zəkanız və qələminiz iti olsun həmişə!
VAQİF OSMANOV. 13.11.2018.
Top