Şiringül Musayeva yaradıcılığında "ÜMİDLƏR YAYILSIN SABAHLARINA..." hekayəsi
müasir dastançılığın ən gözəl nümunəsidir
Azərbaycan ədəbiyyatı dünyanın ən zəngin ədəbiyyatıdır. Əhalisinin say tərkibini mükəmməl qələm sahiblərinə nisbətdə müəyyənləşdirməklə bunu isbata ehtiyac olmadan sübuta yetirmək mümkündür.
Ədəbiyyatın zənginliyi şifahi xalq ədəbiyyatı ilə yazılı mənbələrin vəhdətindən yaranır. Dünya şöhrətli dahi Nizami Gəncəvidən üzübəri şifahi xalq ədəbiyyatından, xalq folklorundan bəhrələnmək tendensiyası mövcud olmuş və çox güman ki, hələ neçə qərinələr davam edəcəkdir. Demək olar ki, xalq folkloruna müraciət etməyən qələm sahibi yoxdur. Elə ona görə də söz sahiblərinin əsərlərinin çəkisi çox zaman onun xalq folklorundan necə istifadə etməsindən asılı olur.
Xeyli müddətdir ki, Azərbaycan və Türkiyə ədəbi mühitində paralel olaraq dəyərləndirilən bir imza diqqəti cəlb edir — ŞİRİNGÜL MUSAYEVA imzası.
Şiringül Musayevanın indiki zamanda, xəbər məlumatlarının hər yerdə tüğyan etdiyi bir dövrdə sözə qeyri-adi yanaşması onun xalq folklorundan bütün varlığı ilə maksimum bəhrələnməsindədir. Xanım yazıçı, sanki folklorun sıxıb suyunu çıxarıb, tam olaraq mənimsəyib. Elə mənimsəyib ki, sonda yazdığı əsərin özü xalq folkloru kimi səslənir. Onun «Koroğlunun qocalığı» hekayəsi,- xalq dastanının bir qolunu müasir hekayəyə çevirə bilməsi əsl ədəbi inqilab kimi hallandırılmalıdır.
Yazıçının belə diqqətçəkən əsərlərindən biri də "ÜMİDLƏR YAYILSIN SABAHLARINA..." hekayəsidir. Bu hekayə ilk dəfə Türkiyə ədəbi dərgilərində «UMUTLAR DAĞILSIN YARINLARINA...» adı ilə çap olunaraq yayımlanmışdır.
Hekayə Hikmət Okuyarın həyat hekayəsi üzərində qurulub. Eyni zamanda həm də bu hekayə kənddə, ülvi, pak və saf bir mühitdə doğulub, təmiz təbiətlə həmahəng şəraitdə böyüyüb boya-başa çatmış hər bir gəncin hekayəsidir. Yalnız öz kəndlərinin üfüqləri daxilində dünyanı — ən gözəl sandığı coğrafi məkanı tanıyaraq, sevərək təsvir edən Hikmət hamı kimi uşaqlıq, yeniyetməlik dövrünü elə bu cənnətməkan təbiətin qoynunda yerləşən kəndlərində keçirir.
«Hikmətə elə gəlirdi ki, haça zirvəni aşmaq və mavi səmaya, ağ, pəmbə buludlara toxunmaq olar. Hikmət çox istəyirdi mavi səmaya, ağ, pəmbə buludlara əllə toxunsun...» Bax, belə təsvir olunur Hikmətin təbiətlə bağlı yeniyetməlik düşüncələri.
Hikmət böyüdükcə kəndlərinin yerləşdiyi coğrafi məkan, bütünlükdə öz gözəllikləri, füsunkar və ecazkarlığı ilə onun gözləri qarşısında canlanır və özünü sevdirir Hikmətə, Hikməti də qırılmaz tellərlə bağlayırdı özünə.
Hamı kimi Hikmət də yeniyetməlik dövründə, el dilində necə deyərlər, oğlanlar bulağından su içib özünü dərk etməyə başlayır. Birgül adlı bir qıza vurulur, sevgisini ona etiraf edir.
«Hikmət eşitmişdi… nənəsinin söhbətlərindən, dədəsinin söylədiklərindən eşitmişdi… Eşitmişdi ki, insanların sayı-hesabı yoxdu, milyon illər bundan əvvəl yaranıblar, milyon illər bundan sonra yaranacaqlar. Amma Hikmətin babası birdi, nənəsi birdi, necə ki Koroğlu birdi, elə Hikmət özü də birdi. Çox qəribədir və çox müəmmalıdır...»
Elə Birgül də bir olduğu üçün Hikmət onu sevmişdi, könül bağlamışdı.
Hikmətin kəndinin bir işi də vardı — bu da bütün kəndlərə xas bir iş idi. Yeniyetmələr məktəbi bitirib şəhərlərə axışırdılar, oxumağa, işləməyə gedirdilər və oxuya-oxuya, işləyə-işləyə də uğultulu, izdihamlı yaşayış tərzinə uyğunlaşırdılar, ilişib qalırdılar şəhərlərdə. Saf təbiəti, durna gözlü bulaqları, göz oxşayan çəmənləri, yamyaşıl meşələri, füsunkar dağları, ecazkar sıldırımlı qayalıqları ilə adamı heyran edən kənd yavaş-yavaş yaddan çıxırdı, unudulmaz gözəlliklər unudulurdu və kənddə gözüyaşlı qoyub getdikləri sevgililəri də… keçmiş bir xatirəyə çevrilirdi.
"-Olmaz ki, getməyəsən, elə burada yaşayaq? — Birgül soruşur.
-Burada nə işləyəcəm?
-Çoban!
-Mən çoban ola bilmərəm, Birgül.
-Al! — Birgül qönçə şebingül üzüb ona uzatdı. — Məni xatırlayarsan...
Görəsən, dünyada ona gül uzadan mavi gözlü, teli burma-burma, al yanaqlı, bal dodaqlı qızdan gözəl məxluq varmı? Bəlkə, getməsin..."
"-Məni də apar özünlə...
-Aparacağam, Birgül, sən hələ böyü..."
Getmək istəməsə də getdi Hikmət. Bütün kənd oğlanlarını; kimisini oxumağa, kimisini böyük tikintilərdə işləməyə, kimisini bazarlarda yatıb qalıb alver eləməyə, kimisini bir qarın yeməkdən ötrü küçələrə düşüb bublik (təvərək) satmağa, kimisini hansısa harına qul olmağa aparan yollar Hikməti də apardı. Hamı gedib şəhərdə ilişib qaldığı kimi Hikmət də verdiyi sözü tutmadı, uyğunlaşıb qaldı. Qayıda bilmədi kəndə… Başı elə qarışdı ki, heç gəlib gözü yolda qoyduğu Birgülü də apara bilmədi.
«Böyük şəhərlərdə oxudu. İnsanların gurluğu, maşınların gurluğu, hay-küylü gənclik coşqusu onu öz ağuşuna alıb apardı...»
Sevgisini, nisgilini oxudu, şeirlərə çevirdi Hikmət. Kəndini, nənəsini, dədəsini, o bircə Birgülünü hər gələndən, gedəndən soruşdu, sorğusunu, sevgisinə qatıb şeirlərə çevirdi, oxudu, oxudu… Sonra da adi kənd cocuğu dönüb oldu Bizim Hikmət, Hikmət Okuyar.
Hikmət Okuyar… şeirləri dildən-dilə keçdikcə, ellər-obalar dolaşdıqca məşhurlaşdı. Məşhurluq onu şəhərə elə bağladı ki, bir də baxdı… nə yaşındadır… neçə yaşındadır… İndiyə nə nənə qalar, nə dədə. Bəs Birgül?..
Hikmət Okuyar gec də olsa, geri dönməyə qərar verdi, amma öz kəndlərinə dönə bilmədi, üzü gəlmədi buna. Öz kəndləri ilə qabaq-qənşər bir obaya döndü. Çobanlar çeşməsi adlanırdı ora. Heç olmasa, orada saz çalıb, şeir oxuyur, kəndlərinə baxır və təsəlli tapırdı. İndi də Dağların və Çobanların şairi Bizim Hikmət olmuşdu. Onun ziyarətinə, şeirlərinə, dastanlarına qulaq asmaq üçün hər yerdən axın-axın adamlar gəlirdi.
Gələnlərə-gedənlərə dastan söyləyən Hikmət Okuyarın öz həyatının dastana çevrildiyindən xəbəri yoxdu belə...
Şiringül Musayevanın həyatın dolanbac yollarında ilişib qalmış saf bir kənd oğlunun başına gələnləri hekayə şəklində nəql etməsi, əslində hamıya bir ibrət dərsidir. Amma nə etməli? Oxumaq, işləmək, gələcəyini qurmaq insan oğluna lazım deyilmi? Əlbəttə, lazımdır. Gur şəhər həyatında itib-batanlar, gəldikləri məqsədi unudub yolunu azanlar da az olmur. Amma ən maraqlısı odur ki, bir ucdan doğma kəndlərini tərk edib şəhərə axışsalar da kəndlər heç vaxt boşalmadı. Bu da Tanrının baş açılmaz bir möcüzəsidi — kənd həmişə kənddir, öz yerində, kəndliyində qalır. Bəlkə elə əsərin fəlsəfi mənası da bunun üzərindədir. Çünki yazıçı xalq folklorundan qaynaqlandığı kimi şəhərlər də Hikmətin böyüyüb boya-başa çatdığı minlərlə kəndlərdən qaynaqlanır.
Şiringül Musayevanın dili dastan dilidir, rəvandır — asanlıqla oxunur, axıcıdır — oxucunu yormur, amma aşıq dili deyil, sırf yazıçı dilidir. Onun belə bir əsər ortaya çıxarması təkcə xalq folklorunu mükəmməl bilməsində deyil, həm də ruhən xalq yaradıcılığına bağlı olmasındadır.
"ÜMİDLƏR YAYILSIN SABAHLARINA..." hekayəsi son zamanlar yaranan əsərlər içərisində uğurlu hesab oluna biləcək bir nəsr əsəridir və sanki, xalq folklorunun özüdür.